2013-cı ildə akademik Zərifə.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunun 67 yaşı tamam olur. Bu şanlı tarix, institutun milli
oftalmologiya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin
ixtisaslaşdırılmış oftalmoloji xidmət ilə təmin edilməsinə yönəldilmiş çoxillik
fəaliyyətinin bir sıra cəhətlərinin nəzərdən keçirilməsi və onlara qiymət
verilməsi üçün münasib bir məqamdır.
21.01.2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik
Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini,
Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və
dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi
haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin
Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik
Zərifə Əziz qızı Əliyevanın adı verilmişdir.
4 avqust 2009-cu il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini
nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 115 saylı qərarına
əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva
adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzi" adlandırılmışdır.
Milli oftalmologiya sahəsində aparıcı rolunu, bütün şöbələrində göz
xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşmaların və üsulların,
yeni texnologiyaların tətbiqinin genişlənməsini nəzərə alaraq, institutun
strukturu yeniləşdirilib, şöbələrin əhəmiyyəti yüksəldilib və onlara mərkəz
statusu verilib. Beləliklə, hal-hazırda institutda qlaukoma mərkəzi, tor qişanın
və görmə sinirinin patologiyası mərkəzi, refraksiyanın patologiya və
oftalmoerqonomika mərkəzi, gözün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi
mərkəzi, uşaqlarda gözün patologiyası mərkəzi, gözün infeksiya xəstəlikləri və
buynuz qişanın cərrahiyyəsi mərkəzi, büllurun patologiyası mərkəzi, refraksiya
cərrahiyyəsi mərkəzi, gözün lazer cərrahiyyəsi və elmi-tədris mərkəzi, göz
xəstəliklərinin funksional və laborator diaqnostikası mərkəzi və b. fəaliyyət
göstərir.
Mərkəz üçün yüksək keyfiyyətli, dünya səviyyəli cərrahi mikroskoplar (videokamera
və monitor ilə təchiz olunmuş LEİKA-2, ZEİSS və TERA-21 cərrahi mikroskoplar),
kataraktanın müasir səviyyədə ekstraksiyası və arxa vitrektomiya üçün ABŞ-nın
Bauch-Lomb firmasının «Millenium» fakoemulsifikasiya aparatı, yeni, müxtəlif
növlü lazer qurğuları, kompyuter perimetri, «Reichert AT-555» kontaktsız
tonometr, ACCUREF-K «SHİN-NİPPON–900» avtokeratorefraktometr, tor qişanın və
görmə sinirinin xəstəliklərinin diaqnostikasının dəqiqliyini artıran
respublikada yeganə olan optik koherent tomoqraf, müasir steriləedici avadanlıq
alınıb və işə salınıb. Burada, oftalmologiya sahəsində bütün texniki
yeniliklərin tətbiqi nəticəsində elmi tədqiqatların və müalicə prosesin dünya
oftalmologiyasında qəbul olunmuş səviyyəsinə yüksəldilməsi məsələsinin həll
edilməsi üçün hər bir şərait yaradılıb. Kompleksin istifadəyə verilməsi ilə
Azərbaycanda oftalmoloji xidmət inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını
tətbiq etməklə keyfəyyətcə yeni bir mərhələyə qədəm qoydu. Həmvətənlərimizə
yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə belə ehtiyac
olmayacaq.
Səhiyyə
Nazirliyi tərəfindən dəstəklənmiş Mərkəzin rəhbərliyinin səyi nəticəsində Milli
Oftalmologiya Mərkəzində Cənubi Qafqaz regionunda yeganə olan cərrahi təlim
mərkəzi – VETLAB yaradılıb və Alkon firmasının tərəfindən ən müasir avadanlıqla
təchiz olunub. Burada oftalmomikrocərrahiyyənin müasir üsullarına, o cümlədən
kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası cərrahi metoduna
yiyələnmək üçün hər bir yüksək səviyyəli şərait təşkil edilib. Öz ixtisasını
yüksəltməyə çalışan bütün cərrahlar üçün VETLABın qapısı açıqdır. İnstitutun bir
neçə cərrahı burada hazırlıq keçib, kataraktanın fakoemulsifikasiyası üsuluna
yiyələnib, hazırda bu cərrahi əməliyyatı həmin üsulla aparırlar.