|
Ömrü dastana çevrilmiş insan
haqqında həyat hekayəti
Bir neçə il qabaq dünya şöhrətli “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli
adamların həyatı” seriyasından Hüseynbala Mirələmovun Moskvada çapdan çıxmış
“Zərifə Əliyeva” kitabını oxuyarkən öz–özümə sual vermişdim: “Bu kitab niyə
əvvəlcə Bakıda çıxmayıb?” Tezcə də beynimdən başqa fikir keçdi: “Bəlkə də
müəllif özü bilə–bilə belə edib ki, “Molodaya qvardiya”nın şöhrəti, auditoriyası
çox böyük, rusdilli oxucuların əhatə dairəsi daha genişdir”.
Açığı, o zaman düşünmürdüm ki, bu nəşrin Azərbaycan variantını da oxuyacaq,
sonra da onu redaktə etməli olacağam. Bunu da deyək ki, əvvəllər müəllif
“Molodaya qvardiya” nəşriyyatında Heydər Əliyev və İlham Əliyevə həsr edilmiş
kitablarını nəşr etdirmişdi. “Zərifə Əliyeva” hörmətli ədəbiyyatşünaslardan
birinin təbiri ilə desək, “Əliyevnamə” trilogiyasının üçüncü kitabıdır.
Əsər geniş, əhatəli, oxunaqlıdır. Ələ götürəndə, yerə qoya bilmirsən. “Zərifə
Əliyeva” adlı bədii–publisistik, sənədli romanın Azərbaycan dilində nəşrə
hazırlanan variantını yenidən vərəqləyirəm. Bir–birilə əl verib görüşən,
körpülənən, bir–birini tamamlayan poetik fəsillərin sayı on altıya çatır.
Əsərin öncəsi — “Dastanın əvvəli” fəsli belə bir cümlə ilə başlayır: “Zərifə
xanım ilk dəfə dövlət təhlükəsizliyi zabiti Heydər Əliyevlə görüşəndə iyirmi beş
yaşı var idi”. Səhifələr bir–birini əvəz edir. Biz hadisələrin burulğanına düşür,
xəyalən Zərifə Əliyevanın bəlkə də romanlara belə sığmayan enişli–yoxuşlu,
zəhmətlə yoğrulmuş romantik həyatının aylarından, illərindən keçir, çox–çox
insanların bu nəcib şəxsiyyət haqqında ürəkdən gələn hərarətli sözlərini, bizi
kövrəldən, düşüncələrə daldıran həzin xatirələrini oxuyur, ondan ayrıla bilmirik. …Ədəbi–mədəni həyatımızın axarını izləyəndə aydın görürük ki, müəllifin
imzası heç vədə gözdən yayınmayıb, həmişə diqqət mərkəzində olub.
Həmkarları hərdən qibtə hissi ilə deyirlər: “Qələm həmişə əlindədir, gecə–gündüz
yazıb–yaradır”. Qəzet, jurnal səhifələrində, teatr afişalarında, kitab mağazalarında,
sərgilərdə adının tez–tez görünməsi, onun gərgin yaradıcılıq yolunun
genişliyindən, janr rəngarəngliyindən xəbər verir. O, nəsr, dramaturgiya və publisistikada qələmini uğurla sınayır,
vaxtaşırı oxucuların, tamaşaçıların görüşünə yeni–yeni əsərlərlə gəlir.
Bəlkə də onun sözə, qələmə sevgisi, yazmaq eşqi oxucunu heyrətləndirir.
O, daim həyatın qoynunda, insanların arasında, yaşadığımız günlərin
burulğanındadır. Bu da onu yazı stolundan aralanmağa qoymur.
Hekayələr, pyeslər, povestlər, romanlar… bir–birinə qovuşur, yazıçının ədəbi
taleyində işıq yandırır, onu gələcək illərə səsləyir. Söhbət yazıçı–dramaturq Hüseynbala Mirələmovun çoxşaxəli yaradıcılığından
gedir. O, tarixə baş vurur, əsrlərin
dolaylarında, dolanbaclarında nəsillərə nümunə
ola biləcək hadisələri silkələyir, keçmişdən bu günə
körpü salır, oxucunu heyrət dalğasına bürüyür, sehrləyir.
Bu yaxınlarda akademik Bəkir Nəbiyevin sanballı ön sözü ilə nəşr olunmuş
“Sonuncu fateh” trilogiyası çoxillik zəhmətin, inamlı, inadlı yaradıcılıq
axtarışlarının səsi, müjdəsidir. “Sonuncu fateh” yazıçının ədəbi taleyində,yüksəlişində
uğurlu bir mərhələdir. Əlbəttə, bizim söhbətimiz bu fundamental əsər haqqında deyil, başqa bir
nəşrdən—”Zərifə Əliyeva” sənədli–publisistik romanından gedəcək. Kitabın
səhifələrini çevirdikcə ondan ayrıla bilmir, fəsildən–fəslə keçir, hadisələrin
cazibəsinə düşürsən.
Gözlərin qarşısında Əziz Əliyevn övladları içərisində öz ağlı, biliyi, istedadı
ilə seçilən, illər keçdikcə mübarizləşən Zərifə xanımın zəngin hadisələrlə dolu
qaynar ömrünün ayrı–ayrı çağlarını, yüksəliş yolunun mərhələlərini öyrənirsən,
xəyalında bu cazibədar Azərbaycan qadınının dolğun obrazı canlanır. Əziz oxucu, bəlkə də sən onun üzünü görüb, qayğıkeş səsini eşitməmisən. Ancaq bu kitab elə bil səni onunla görüşdürür, onunla
ülfət bağlayır, doğmalaşırsan. Ailənin nəsil şəcərəsi qədim İrəvanla bağlı olsa da, Zərifənin ömür yolu
Naxçıvanın Şahtaxtı kəndindən başlayıb. Ailə İrəvandan qaçqın düşüb Şahtaxtıya pənah gətirsə
də, burada çox duruş gətirməyib, Arazın o tayına keçib, Cənubi Azərbaycanın
Ərəblər kəndində sığınacaq tapıb. Hamının fikri–xəyalı
isə Azərbaycanda idi. Valideynlər də, uşaqlar da Bakı arzusu ilə yaşayırdılar.
Günlərin birində bu arzuya qovuşdular. Rusiyada Hərbi
Tibb Akademiyasında təhsili yarımçıq qalmış Əziz Əliyev Azərbaycan Dövlət
Universitetinin tibb fakültəsinə daxil olur.
Necə romantik, unudulmaz günlər idi! Tələbəlik illəri başa çatır. Əziz Əliyev
həyatın qoynuna atılır. Gecə–gündüz ömrünü insanların
taleyi, sağlamlığı ilə bağlayır. Və illərin qanadında yüksəlidikdcə
yüksəlir… Tibb İnstitutunda müxtəlif vəzifələr, Bakı şəhər Səhiyyə Şöbəsinin
müdiri, xalq komissarının müavini, xalq komissarı, Tibb İnstitutunun, Azərbaycan
Dövlət Universitetinin rektoru… Əziz Əliyev səhiyyənin
yorulmaz mücahidi kimi tanınır, gündən–günə şöhrətlənirdi.
Zərifə xanımın atası, görkəmli həkim, alim, partiya və dövlət xadimi kimi
şərəfli həyat yolu keçmiş Əziz Əliyev! O, Stalinin tapşırığı ilə müharibə
illərində və sonrakı dövrdə, düz 8 il
Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmişdir.
Dağlar diyarında çoxmillətli xalqlarla doğmalaşıb, onlarla bir
nəfəs alıb və ürəklərdə özünə əbədi heykəl ucaltmışdı. Müəllif bütün sovetlər ölkəsində məşhur olan Həmzətovlar ailəsinin—
Dağıstan poeziyasının klassiki Həmzət Sadasanın, xalq şairi Rəsul Həmzətovun,
görkəmli elm xadimi Hacı Həmzətovun dediklərini kitaba iri hərflərlə daxil
etmişdir. Xalq şairi Həmzət Sadasa xatırlayırdı ki, mən
indiyəcən Əziz Məmmədkərim oğlunun yüksək mədəniyyətinə, xeyirxahlığına və
alicənablığına kölgə sala biləcək heç bir söz və eyham eşitməmişəm. O,
həqiqətən çox gözəl insan idi! Rəsul Həmzətov isə onu “Mənim Dağıstanımın və mənim Azərbaycanımın böyük
oğlu” adlandırmışdır. Kitabı oxuduqca sənə elə gəlir ki, kövrək xatirələr çələnginin çeşid–çeşid
güllərini, çiçəklərini dərirsən. Zərifə xanımın ürəkdən, candan sevdiyi, bağlandığı doğma qardaşlarının
öz bacıları haqqında xatirələri ürəkləri titrədir, oxucunu düşüncələrə daldırır…
“Zərifə Əliyeva” kitabının “Əvəzolunmaz insan” fəslində müəllif qəhrəmanın
doğulub boya–başa çatdığı ailə, nəsil–nəcabət, xüsusilə də onun atası — görkəmli
həkim, alim və dövlət xadimi Əziz Əliyev haqqında çox zəngin, tutarlı faktlara,
epizodlara, xatirələrə üz tutur… “Zərifə və Heydər” fəslində isə yazıçı bu iki ölməz insanın ülvi
məhəbbətindən, ailə sevinclərindən bəhs edən unudulmaz epizodlar canlandırır. Onlar tanış olduqları ilk gündən ömrün qürubuna
qədər bir nəfəs almış, ürəkləri bir döyünmüş, bir–birinə arxa–dayaq olmuş və iki
övlad böyüdüb boya–başa çatdırmışlar.
Zərifə xanım bir qadın, ana, həkim, alim, ictimai xadim, birinci xanım olaraq
əfsanəvi taleyə malik olmuş, insanların ümumi axınına nə qədər də təbii bir
şəkildə qoşulmuşdu! O, özündən çox ailəsi, əri, balaları, hələ o zaman tək olan
nəvəsi Zərifə haqqında düşünürdü. Son nəfəsində Heydər Əliyevə yazdığı bu məktub
insanı sarsıdır: “Məndən ötrü narahat olma, uşaqlara yaxşı bax. Unutma ki, mən
səni sevirəm… Unutma ki, mən səni sevirəm!..”
Heydər Əliyev ömrü xatirəyə dönmüş Zərifə Əziz qızını belə kövrək duyğularla
xatırlayırdı: “Bilirsiniz ki, həyatım gənclik illərimdən dövlət xidməti ilə
bağlı olub. Bütün həyatımı buna həsr etmişəm və indi də bu
sahə ilə məşğul oluram. Hesab edirəm ki, mənim
müvəffəqiyyətli xidmətimdə ailəm böyük rol oynamışdır. Mən ona görə xoşbəxt idim ki, mənim Zərifə xanım kimi həyat yoldaşım
vardı və o, mənim ailəmdə çox gözəl mənəvi mühit yaratmışdı”. Ailənin övladları—Sevil və İlham Əliyevlərin öz anaları haqqında
dediklərini oxuyanda istər–istəməz riqqətlənirsən, qəlbin işıqla dolur. Budur, övladların ana ürəyi, ana
əzəməti haqqında düşüncələri… Sevil Əliyeva: “Anam sadəcə olaraq, özünü tamamilə
atama, bizə həsr eləmişdi. Bununla belə, elmi fəaliyyətlə,
ictimai işlərlə məşğul olmaqdan da heç vaxt ayrılmayıb”.
İlham Əliyev: “O, həmişə qəlbimdədir”. Kitabda Zərifə xanımın gəlini Mehriban Əliyevanın və nəvəsi Leyla
Əliyevanın da müsahibələrinə, ürək sözlərinə yer verilmişdir. Dahi sənətkar, SSRİ xalq artisti Müslüm Maqomayev Əliyevlər ailəsinin
sevimlisi idi. Konsertlərdə,
görüşlərdə, ad günlərində vaxtaşırı görüşürdülər.
Sevil Əliyevanın bəstəkarlığı da onun bu ailə ilə bağlılığını bir
az
da möhkəmlətmişdi. O, Sevil xanımın anasına həsr etdiyi məşhur “Qayıt, əzizim”
mahnısını televiziyada ilk dəfə ifa etmiş, bəstəkarın şöhrətini ellərdən–ellərə
yaymışdı. Müslüm Maqomayev xatirələrində gah xoş məqamlardan söz açır, gah da
oxucuları riqqətə gətirir, gözlərdə yaş gilələnir. “İlk dəfə Heydər Əlirza oğlunu Zərifə xanımla vida mərasimində gözü yaşlı
gördüm.
Mən onu güclü, vüqarlı, dözümlü insan kimi tanıyırdım.
Burada isə…
Biz ona yaxınlaşanda, tamamilə başqa şey gördük— elə bil o,
atılmış böyük uşaq idi. Bu mənzərə adamın ürəyini
sıxırdı. O, ayağa qalxdı, bizi öpdü, dedi: “Siz təsəvvür edə bilməzsiniz
ki, o, sizi necə sevirdi. Öz uşaqları kimi”.
Zərifə xanımın həyatdan getməsinin bir ili
keçiriləndə onun qəbri üstünə getdik. Heydər Əlirza oğlu məndən oxumağı xahiş etdi.
Mən Zərifə xanımın çox sevdiyi, Üzeyir Hacıbəyovun “Sənsiz”ini astadan oxudum.
Biz onunla bir daha vidalaşdıq. Sonralar Heydər Əlirza
oğlu onun cənazəsini Azərbaycana gətirdi, burada dəfn elədi”.
O, ağlar–sızlar dəfn günlərində sanki bütün Azərbaycan Əliyevlər ailəsinin
yanında idi. Hamı Heydər Əliyevə, onun doğmalarına ürək–dirək
verirdi. Onların arasında söz ustaları da var idi.
Xalq şairi Bəxtiyar Vahabzadənin qəlbində dərin kədərlə təzəcə yazdığı “Mərsiyə–rekviyem”in
misraları ağlayırdı:
Axır qəbristana el axın–axın, Başlarda çətirlər yaşıl, qırmızı.
Qəbrin nurla dolsun!
Mənim xalqımın
Novodeviçyedə yatan tək qızı!
Sən hörmət qazandın ləyaqətinlə,
Hörmət qazanılmaz qəzəblə, kinlə,
Hər şeyi dərk edir; insan büt deyil,
İçində yatdığın o tabut deyil,
Ləyaqət taxtıdır, ləyaqət taxtı!
Hüseynbala Mirələmov kitab üzərində işləyərkən Zərifə Əliyevanın uşaqlıq,
gənclik illərini, dostlarını, onun bacı və qardaşlarını, bir yerdə işlədiyi
həkimləri, alimləri, Moskva, Sankt–Peterburq oftalmoloqlarını, tanınmış elm
adamlarını dindirmiş, onların ürək sözlərini, xatirələrini qələmə almışdır. Bu
cərgədə Mirvarid Dilbazi, Püstəxanım Əzizbəyova, Alimə Əliyeva, Zəhra Quliyeva,
Əlfəddin Abdullayev, Rəfiqə Axundova, Paşa Qəlbinur,.. jurnalistlərdən Aydın
Vəlixanov, Nəriman Həsənəli, Telman Qafar, Zərifə Bəşirşızı, Svetlana Nəcəfova,
Elmira Axundova və onlarca başqalarının dediklərini oxuyanda adam Zərifə xanımın
necə mehriban, işıqlı bir insan, loğman–filosof olduğuna ürəkdən inanır, onun
obrazını təsəvvüründə canlandırır, ürəyinin dərinliyində ona dönə–dönə rəhmət
diləyir. Klinikada işləyən bir süpürgəçinin, sadə bir Dağıstan
kəndlisinin Zərifə xanım haqqında kövrək söhbətləri adamın qəlbini titrədir.
Hörmətli həkim–akademikin 90 illiyinəcən işıq üzü görəcək bu kitab “Zərifə
Əliyeva” adlansa da, onun Əziz Əliyevə və Heydər Əliyevə həsr olunmuş oxunaqlı,
zəngin fəsilləri qəhrəmanın obrazını tamamlayır. Və adama elə
gəlir ki, bu fəsillərin hər biri kitab içində ayrıca bir kitabdır.
“Zərifə Əliyeva” publisistik–sənədli romanı ömrü əfsanəyə çevrilmiş həkim–loğman,
sədaqətli ömür–gün dostu, istedadlı insan və dünyaşöhrətli alim haqqında böyük
hörmətlə, ehtiramla yazılmış və sevilə–sevilə oxunan həyat hekayətidir.
İnanırıq ki, oxucular bu yeni nəşri — Azərbaycan variantını da sevəcək,
alqışlayacaq, müəllifə sağ ol deyəcək.
Mübarəkdir! Nahid HACIZADƏ. Ədalət.-2013.-10 noyabr.-S.5. |