|
|
|
2000 - 28 aprel Bakının Bin əqədi rayonu ərazisində Zərifə Əliyeva adına parkın açılış mərasimi olub.Parkın mərkəzində təxminən üç metr boy atmış yaşıl ağacın dibində bir metal lövhə diqqəti cəlb edir. Orada yazılıb: «Bu ağacı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Heydər Əliyev əkmişdir. 28 aprel, 2000». Ümummilli liderimiz Heydər Əliyevin burada əkdiyi ilk ağacla bu parkın əsası qoyulmuşdur. Sonralar parkın ərazisi genişləndirilmiş, burada yeni yaşıllıqlar və çiçəkliklər salınmışdır. Mərkəzdə, mərmər hovuz və fəvvarənin yanında Zərifə xanım Əliyevanın heykəli qoyulmuşdur. Park Cavad xan küçəsi boyunca uzanır və buradakı məşhur zeytun bağına qovuşur. 4-5 hektarlıq sahəni əhatə edən bu yaşıllıqlar məkanında əhalinin səmərəli istirahəti üçün yaxşı şərait yaradılmışdır. Burada bədii tərtibatla salınmış yaşıllıqlar və gül-çiçəklər diqqəti cəlb edir. Baş- başa vermiş zeytun, çinar, Eldar şamı, küknar, akasiya və başqa ağacların arası ilə salınan daş üzlüklü çığırlar, ətrafdakı ecazkar mənzərə, müasir işıqlandırma sistemi, yaraşıqlı oturacaqlar, quşların cəh-cəhi, saf hava hər gün buraya gələn yüzlərlə insana zövq verir, onlara xoş əhvali- ruhiyyə bəxş edir. |

