2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış
məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə
məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu,
aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış
kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq
Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi
istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni
rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə
cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə
yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə
tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola
bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş
tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan
əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni
könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər
yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri
bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat
qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal
istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış
məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl
rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə
yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi.
Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam
tədbirləri həyata keçirildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan
məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi
qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən
artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə
yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl
istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri
münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin
rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də
Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar
keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin
möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması,
ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə
edildi.
Əslində, Ermənistanın hər dəfə cəbhədə təxribata əl atmasının səbəbi heç kimə
sirr deyil: cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar
ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirir və bununla da öz xalqının
fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa cəhd
edir. Düşmənlə müqayisədə Azərbaycan isə münaqişənin dinc yolla həllinə
tərəfdardır və bu istiqamətdə səylərini əsirgəmir.
Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan
da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan
əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi
əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə
həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil,
bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki,
işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına
dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad
etmək iqtidarındadır.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini,
ədalətin bərpa olunacağını göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl
şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə
qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır.
Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar
bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil
həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev həmişə bəyan edir ki, Ermənistanın müstəqil bir ölkə kimi
fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini
Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır.
"Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son
illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, -
dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri
zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu,
bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi
bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan
əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi,
biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda
hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və
beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə
vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat
keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar
sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim
uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir.
Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal
olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və
özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir
versin və bizim səbrimizlə oynamasın".
Prezident İlham Əliyev bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan
torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə
verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın
tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".
Ramil ABBASOV,
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi
|