Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq
Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi
münaqişədir.
Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri
Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi
ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli
rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ
keçiriblər.Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz
istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu
həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan
çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və
möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və
500-dən artıq döyüşçüsü yaralanıb.
Haqqında
İlk döyüşlər
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il
aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan
mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü
artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb,
10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin
təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin
komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində
təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və
möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi
qulluqçusu ölüb və yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin isə 12 hərbi
qulluqçusu şəhid olub. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə
təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan
məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni
təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş
ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə"
adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi.
2 aprel 2016-cı ildə beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan
dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı
Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və
cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq
barədə qərar qəbul edir. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə
edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə
cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına
cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli
itki verib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin
uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə
xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə
yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad
olundu.
Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində
birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini
dayandırdığıni elan edib. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri
Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Əməliyyatların dayandırılmasından sonra başlanılan döyüşlər
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab
tədbirlərinin dayandırılmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti
gərginləşdirməkdə davam edib. Düşmən tərəfi itirilmiş mövqelərinin geri
qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli
istiqamətlərində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış
məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 3 və 4-nə keçən gecə ərzində
aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı
itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 3
hərbi qulluqçusu şəhid olub.
Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə
boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və
Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün
Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə
tutmaqda davam edib. Bu istiqamətdə düşmənin strateji baxımdan əhəmiyyətli
Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 4-də axşam saatlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə
atəş gücü vasitəsilə məhv edilib, cəbhənin Xocavənd-Füzuli istiqamətində isə
Ermənistanın 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli
texnikasını sıradan çıxarıblar. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin
5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri
nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb,
20-dək hərbi texnikası tam sıradan çıxarılıb. Aprelin 5-ə olan məlumata görə
bütün cəbhə boyu son iki gün ərzində döyüşlərdə vuruşan Azərbaycan Silahlı
Qüvvələrinin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aprelin 19–unda yayımladığı
məlumata əsasən cəbhə bölgəsində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar
həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55"
tipli pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən
məhv edilib. Növbəti gün, aprelin 20–sində yayımlanmış məlumatlarda isə qeyd
edilir ki, yenə Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə
cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI
PHANTOM" pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri
tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.
Atəşkəs
5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində
tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında
əldə edilib. Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin bölmələri azad edilmiş
torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində
Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar
Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri
Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki
mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.
Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən
bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu
istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri
nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu
dağıdılıb.
Ermənistan ordusunun bölmələri tərəfindən həmçinin aprelin 6-da Goranboy
rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı Azərbaycan ordusunun
mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə
tutub. Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri
Dördgünlük müharibədə uğursuzluğa görə işdən qovulmuşdur.
İtkilər
Azərbaycan tərəfi
Hərbi
Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə məxsus 14 ədəd
tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv
edilib, o cümlədən 100-dən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
İlk döyüşlərdə Azərbaycanın 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə
aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri
Ermənistan tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan
çıxıb.
Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Azərbaycan
Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Cavab olaraq
Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. Əks
hücum zamanı Ermənistan Silahlı Qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu
məhv edilib. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin vurduğu dəqiq cavab
atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. Azərbaycan Silahlı
Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayıb. Həmçinin,
ermənilərin işğal olunmuş ərazilərdə ki, komanda-qərargah məntəqəsi darmadağın
edilib.
Azərbaycanın kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlara əsasən
Azərbaycan 86 şəhidini dəfn edib. |