E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


“ŞƏHİDLƏR UNUDULMUR” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 72 NÖMRƏLİ MƏKTƏB-LİSEYİN SİNİF OTAQLARINA APREL ŞƏHİDLƏRİNİN ADLARI VERİLİB


“Şəhidlər unudulmur” layihəsi çərçivəsində 72 nömrəli məktəb-liseyin sinif otaqlarına Aprel şəhidlərinin adları verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub.

Azərbaycan Ordusunun zabiti mayor Anar Rzayev şagirdlərlə görüşdə bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Bu siniflərdə yaradılacaq guşələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları barədə davamlı və genişmiqyaslı iş aparılacaq. Bildirilib ki, layihə çərçivəsində 72 nömrəli məktəb-liseyin də dörd sinif otağına şəhidlərimizin adları verilib.

Sonra Aprel döyüşlərinin iştirakçıları və məktəbin əlaçı şagirdləri 7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələrini sinif otaqlarının qapıları üzərinə həkk ediblər.


<< Geri