E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


HƏYAT VƏ YARADICILIĞI


Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovet birliyinə daxil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır. Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur. 1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır. Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir. B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur. Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000). O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovyet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir. Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır. BəxtiyarVahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onuın şəxsi mənafeyinə çevrilmişdir. Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzdənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri səviyyəyə qalxır. Milli və beynəlmiləl münasibətlər problemi günümüzün canlı mübahisələrə çevrilən məsələlərindən biridir və bu problem dünya ədəbiyyatında öz mütərəqqiliyini, obrazlılığını, nadir əhatəliyini və məhsuldarlığını bir daha Vahabzadə yaradıcılığında tapır. Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müsirlik qədər yaşada bilir. Keçmişə görə əzab çəkmək, ona bu günün gözüylə baxmaq- Bəxtiyarın mövzu dairəsinin genişliyindən, mürəkkəbliyindən xəbər verir.

Sultanlar milləti qorxuda bildi, Doğru danışanı asdılar dardan. Qızıl saraylarda fərman verildi Tarix gəlib keçdi ac komalardan.

Şeir sənəti barədə mühakimə yürüdərkən, biz tez- tez “poeziyanın sehri”, “poeziyanın sirri”, “poeziyanın musiqisi” ifadələrini işlədir, adətən anlaşılması asan olmayan, predmeti dəqiq müəyyənləşməyən qeyri-adi məhfumları, duyğuları açmağa çalışır.

Bəxtiyar Vahabzdənin “Bir gəminin yolçusuyuq” kitabında toplanan əsərlərinin demək olar ki, hamısında qüdrət, aydınlıq və müdriklik görünür. Şairin təlatümü, inkar və təsdiqi söz oyununda deyil, ali ehtirasından, “əks- sədalıqdan”, qəlb inamından doğur. Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən- dərin düşündürür; xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi, bir sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə qaldırmaq ehtirası Bəxtiyarın fitrətindəndir. Mütəfəkkir sənətkarın, ustad şairin başlıca qayəsi, uğuru da bundadır. Qadın- kişi ünsiyyətindən doğan əbədi mövzu onun qələmində təzələnir, sevgilisində küsənin niskili, qəribəlikləri və bunun əksinə, misralarda yaşayan mərdanə dözüm və vəfalılıq bizi gözlərimiz yaşarıncaya qədər kövrəldir, çünki şair hamıya doğma olan bu əzablı- işıqlı münasibətlərdə sözə sığışmayan ilahi duyğuları sehrlə “ovlaya” bilir.

Bəxtiyar Vahabzadə hamımıza xas olan bu ehtiraslardan birbaşa zaman, məkan və fəzanın mücərrəd aləminə, bizim günlərin həyacanlarına – dünyanın nüvə təhlükəsinə körpü- fikirlər, körpü – obrazlar atır, yenidən hər birimizə, bütün nəsillərə, yenidən insana, öz qonşusuna, onun od- ocağına və bundan sonra bütün kainata üz tutur. Yaradıcılığının çiçəklənmə və müdriklik dövrünə qədəm qoyan böyük şairin ölçüsüz istedadı bar verir, beləcə inkişaf edir. Zənnimcə, oxucuların çoxu bu gün özünü, öz dünyasını, öz hiss və həyəcanlarını Bəxtiyar poeziyasında tapa bilər.

Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək- tənha qalanda, bir neçə kəlmə ilə “Həyat nədir?” sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və nəfəsdən yoğrulmuş həqəiqi şairlər sənin yaşamaq eşqinə, düşüncələrinə qol- qanad verir. Müsirimiz Bəxtiyar Vahabzdə də belə şairlərdən idi.

“Yaradıbdır inam məni, mən inamın öladıyam...” Məncə, bu misralar şairin yaradıcılığı üçün cox rəmzi və xarakterikdir. Bəxtiyar Vahabzadə öz möhtəşəm poeziya məbədini ucaltmaqdadır. O qüdrətlidir. Bu məbədi ucaldan əllər mahir və qadir əllərdir. Bu əllərin qoyduğu özül möhkəm və gözəldir. Oxucu bu məhəbbəti tez- tez ziyarət etməlidir.



<< Geri