E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


BƏXTİYAR VAHABZADƏNİN GÜNDƏLİYİNDƏN


Bu yaxınlarda qırx ildən artıq bir müddətdə yazdığım gündəliyi vərəqləməyə başladım və belə qərara gəldim ki, bunalrı səliqəyə salıb çap elətdirdim. Ona görə ki, mənim gündəliyim yaradıcılıq həyatımla yanaşı görkəmli şəxsiyyətlərimiz haqqında da maraqlı məlumatlarla zəngindir. Gündəlikdən bəzi səhifələri oxuculara çatdırmağı özümə borc bilirəm:


Süleyman Rəhimlinin bir yazıçı kimi özünəməxsusluğu nədədir? – deyə məndən soruşsalar, deyərdim, - xalq həyatını, xalq ruhunu psixologiyasını, dilimizin imkanlarını, əlvanlığını dərindən bilməsi və bu əngin dəryaya cəsarətlə baş vurub milli psixologiyamıza güzgü tutması bir yazıçı, əvəzsiz sənətkar kimi Süleyman Rəhimli yarıdıcılığının ana xətti, əsas xüsusiyyətdir. Süleyman müəllimin zəhmətsevərliyinə, gecələrini gündüzlərinə qatıb yazıb-yaratmasına, sözün yaxşı mənasında həsəd aparmamaq olmur.


Mir Cəlal yaradıcılığının ən üstün cəhədlərindən biri də onun təmiz, şaqraq və büllur dilidir. Onun dili, xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və təbii dildir. Buna görə də o, istər elmi, istərsə də bədii əsərlərə ilk növbədə dilin təmizliyi, qüsursuzluğu, ən ümdəsi xəlqiliyi baxımından yanaşır, bu vacib şərtləri hamıdan tələb edir.


O, 16 ildir ki, İranda öz vəsaiti ilə“Varlıq” dərgisini buraxır. Onun təkcə bu fəaliyyətinin dəyərini bu gün heç bir ölçü vahidi ilə ölçmək olmaz. Ona görə ki, ana dilinin hər yerdən qovulduğu bir ölkədə xalqıyla onun öz dilində danışmaq o xalqın varlığını qorumaq, onun yaşaması üçün əlindən gələn hər fədəkarlığı əsirgəməmək hansı meyarla qiymətləndirilə bilər?

 Mən onun çap olunan bütün kitablarını böyük həvəslə oxumuş və bu kitablardan öyrənmişəm. Onun Azərbaycan tarixinə dair kitabı demək olar ki, masaüstü kitabımdır. Son illərə qədər bizim tariximizi başqa millətlərin alimləri yazmış, ən pis halda da onu başdan-ayağa qədər saxtalaşdırıb soykökümüzü kimnisə quyruğuna calamışlar. Cavad Heyətin kitabı mənim üçün bir də ona görə qiymətlidir ki, bu kitab türk ürəyi və türk düşüncəsi ilə yazıldığından orda mənim milli varlığım olduğu kimi görünməkdədir.


Hikmət Ziya və onunla bir qrupda oxuyan ömür-gün yoldaşı Gülxanım universitetdə mənim tələbəm olmuşlar. Himət uşaq kimi sadə, mələk kimi xeyirxah idi. O, tələbəlik illərində necə idisə, ömrünün sonuna qədər elə də qaldı.

Bu da təsadüfi deyil. Ot kökü üstə bitər, deyərlər. Hikmət Şəkidə xeyirxahlığı və ailəcənablığı ilə seçilən həqiqi ziyalı ailəsində doğulmuşdu...

Şairliyinə gəlincə, yazdığı təmsillər onun ağlının itiliyini, dünya görüşünün kamilliyini, arzu və idealının böyüklüyünü göstərirdi. Belə ki, onun təmsilləri, içərisində yaşadığımız rejimin qüsurlarını, eybəcərliyini göstərən və ifşa edən tutarlı bədii parçalardır. Onun təmsillərinin qəhrəmanları ya əşyalardır, ya da heyvanlar. Buna görə də “Əşyalar, heyvanlar olmasa insana aid olan təmsilin sonuna nöqtə qoymaram” – deyə onu düzgün başa düşmək üçün özü oxucunun əlinə açar verir.


Ədəbiyyata gəldiyi gündən keçdiyi yolları izlədiyim, şəxsiyyətindəki bütövlüyə dərin hörmət bəslədiyim, əqidə yoldaşım Sabir Rüstəmxanlı bizdən sonra ədəbiyyata gələn nəslin seçilən öncüllərindəndir. O, 50 illik ömrünü elə-belə yaşamamış, mərhum şairimizin – Xəlil Rzanın dediyi kimi “kişi ömrü” yaşamışdır.

Cəsarətlə və bütün məsuliyyətimlə deyə bilərəm ki, onun ömür yollarında, bu keşməkeşli yolların bütün dolaylarında atdığı addımlar ayaqlarınnı deyil, əqidəsinin addımlarıdır. Bir sözlə, Sabir amal vəəqidəsinin övladı olduğuna görəəqidə atasının buyuruğu iləədəbiyyata gəlmişdir. Onun şairliyi əqidə sahibi etməyib, əksinə, əqidəsi onu şair edib.


Qələm yoldaşımız Qarayev Yaşarın ədəbiyyatımızın müxtəlif dövrləri, ədəbi məktəblərdə, yetişən ayrı-ayrı sənətkarları, bu sənətkarların fikir tariximizə gətirdiyi istiqamə haqqında onlarla məqalələrini və kitablarını oxumuş, onun düşüncə və yazı tərzinin başqa ədəbiyyatşünaslardan tamamilə seçildiyini görmüşük.

Nədir bu seçkinlik? Onun təhlil üsullarındakı özünəməxsusluq? Əlbəttə bunu bir-iki cümlə ilə demək çox çətindir. Mən yalnız öz müşahidəmi və mülahizəmi demək istəyirəm.

Yaşar təhlilə cəlb etdiyi ədəbi məktəbi, yaxud həmin məktəbin nümayəndəsini, yaxud həmin nümayəndənin bir əsərini zamanın fonunda götürməklə, zamanın gözü ilə ona baxmağı və buna görə də qol-budağa deyil, məhz mahiyyətə varmağı bacaran filosof təhlilçidir.


Hüseyin Abbaszadə ilə təxminən 60 il bundan əvvəl başlanan və bu günə qədər davam edən dostluğumuzun bünövrə daşı heç şübhəsiz, bizim fikir vəəqidə  birliyimizdir. Bu fikir, əqidə onun həm yaradıcılığından, həm də şəxsiyyətindən keçir. Hüseyn ən adi məişət məsələlərindən tutmuş, ən ali, müqəddəs duyğulara və fikirlərə qədər həyatda nədirsə, əsərlərində də odur. Mən onu həmişə elə görmüş, elə də tanımışam. Çünki onu idarə edən əməllərinə yön verən gündəlik qayğılar deyil, əqidəsidir, amalıdır.


Nizami “Xəmsəsi”nin tədqiqatı, təhlil və kommentariyası, Azərbaycan və rus dillərinə doğru, düzgün filoloji tərcüməsi işində Rüstəmin fəaliyyəti son dərəcədə əhəmiyyətlidir. Belə ki, fars dilini tədqiqatçılıq səviyyəsində bilməyən alimlərimiz üçün onun tərcümə və izahları, nöqsansız qaynaq ola bilər. Əlbəttə, bir azərbaycan türkü olmaq etibarilə hər bir azərbaycanlı üçün öz böyük şairini dərindən bilmək, tanımaq baxımından da Rüstəmin elədikləri əvəzsiz xidmətdir. Şəxsən mən Nizaminin böyüklüyünü, onun Azərbyacan milli təfəkkürünə hansı böyük fikirləri gətirdiyini Süleyman Rüstəmin filoloji tərcümələrindən və onlara yazdığı izahatrdan öyrənmişəm.


Emin Sabitoğlunu bir bəstəkar kimi xalqa sevdirən mahnılarının özəyindəki melodiyadır. Yalnız mahnı janrında deyil, ümumiyyətlə, musiqinin canı, cövhəri melodiya olmalıdır.

Emnin demək oalr ki, bütün mahnılarında romans janrının əlamətlərini görürük. Belə ki, bu mahnılarda olmuş bir əhvalat nəql olunur. Burda təəssüf qarışıq bir giley, intizar qarışıq bir peşmançılığın fəryadını eşidirik bununla yanaşı bu mahnılarda da vurğu əsasən nəqəratın üstünə düşür, hiss, həyəcan nəqəratda sərgilənir və biz uzun müddət mahnısının təsirindən çıxa bilmirik.

Emin yaradıcılığının ikinci üstün cəhəti seçilən mətnin şair qədər duylmasındadır. O, seçdiyi mətni köynək kimi qəlbinə geyir, onun istisinə isinir. Onu öz duyğusuna çevirib, sonra piano arxasına keçir.


Bəkir Nəbiyev müasir ədəbiyyatımızın tədqiqatçısıdır. O, bütün ömrüboyu zərgər dəqiqliyi ilə gözlərinin qarşısında boy atan, yüksələn ədəbi prosesi izləmiş, onun keçdiyi yolları dəyərləndirmiş, yönümünü müəyyənləşdirmişdir.

Bu, çox çətin məsələdir. Ona görə ki, klassiklərimizi tədqiq edən alim, müəyyənləşmiş prosesi izləyirsə, bugünkü ədəbuyyatı öyrənən alim, hara gedib çıxacağı məlum olmayan, tamamlanmamış, hələ yolda olan ədəbi prosei tədqiq edir və yaxşısını-pisini göstərməklə ona yön verməyə çalışır. Olanı göstərmək, tədqiq etmək bu mənada asandır, hələ yolda olan yolçunun mənzil başına qədər hansı cığırlardan keçib ana yola çıxmasına kömək rtmək kimi çətin iş tənqidçi alimin boynuna düşür.


Altmışıncı illərdəədəbiyyatımıza gələn yeni nəslin içərisində Anarın ayrıca dəst-xətti, ayrıca yeri var. Mən demək olar ki, onun bütün əsərlərini oxumuşam. Anarı bir yazıçı kimi mənə sevdirən əsas cəhət onun əsərlərindəki psixologizimdir. Belə ki, o, yaratdığı obrazların hərəkətlərinə, əməllərinə oxucunu inandıra bilir. Ona görə ki, yaratdığı obrazlar onun yazıçı duyumundan süzülüb obrazlaşır. Buns görə də mən bu obrazların çölünü (sifətini) deyil, iç dünyasını, qəlbindəki təlatümləri, həyəcanları görür, mənfi və müsbətliyindən asılı olmayaraq bu xarakterin məhz bu cür hərəkət edəcəyinə inanıram. Bu isə yazıçılıqda son dərəcə əsas məsələdir.



<< Geri