Mən 1925-ci il avqust ayının
16-da Azərbaycanın dağlıq rayonlarından biri, qədim
tarixə malik Şəkidə anadan olmuşam. Şəkinin dörd bir yanındakı dağlar başdan-başa palıd, qarağac, fısdıq və cökə meşəliyidir. Buna görə də rayonun dağlıq hissəsində yaşayan əhali əsasən dağçılıqla
(odunçuluq) məşğul olur, həyətlərində
düzəltdikləri quyularla meşədən gətirdikləri odundan kömür düzəldir, rayon mərkəzində
satmaqla güzəran keçirirlər. Babam, atam və əmilərim
dağçılıqla məşğul olurdular. Uşaqlıqda atam və əmilərimlə meşəyə gedər,
gündə bir neçə dəfə ulaq və
qatırlarla həyətimizə odun daşıyardıq.
Uşaqlığım
qoynu meşəli dağlarda keçsə də, bu günə
qədər dağ və meşə mənim üçün sirr olaraq qalır. Çünki bu meşəli
dağlar nənəmin və anamın
danışdığı nağılların məkanı idi. Babam həyətimizdən görünən,
qış-yaz başı ağ çalmalı dağları
göstərib deyərdi ki, arzumuz o dağın
dalındadır. Uşaqlıq xəyallarımda və
yuxularımda o dağa uçar, orda arzumla görüşərdim. Eşitdiyim nağılların qəhrəmanları da əlinə
əsa alıb, ayağına dəmir çarıq geyib
arzusunu həmin qarlı dağın arxasında axtarardı.
Qardaşım
İsfəndiyar məndən 4 yaş böyük idi. O,
artıq məktəbə gedirdi. 7 yaşım tamam
olmamış mən də onun həvəsinə məktəbə getdim (o zaman uşaqları məktəbə 8 yaşından
götürürdülər).
1934-cü
ildə 3-cü sinfi başa vurdum, həmin il ailəmiz
Bakıya köçdü. Mən 4-cü sinfə getməli idim. Lakin 4-cü sinifdə oxumağı bacarmadım. Çünki rus dilinin tədrisi rayon məktəblərində
4-cü sinifdən, Bakıda isə 3-cü sinifdən
başlanırdı. Rus dilini qətiyyən bilmədiyimə
görə yenidən 3-cü sinifdə oxumalı oldum.
Bakıya, bu şəhərin yoxsul təbiətinə və iqliminə uzun müddət uyuşa bilmirdim. Atam bir müddət ipək
fabrikində fəhlə işləyəndən sonra xəstələndi, işini dəyişdi, uzun müddət Bakı
restoranlarında çayçı və aşpaz işlədi. Anam Gülzar savadsız ev qadını idi. Amma çox
yaxşı yaddaşı və fantaziyası vardı. Məlum
nağılları qəribə əlavələrlə bəzəyər,
bəzən də mənə aşılamaq istədiyi tərbiyəyə uyğun özündən ibrətli nağıllar
uydurardı. Odur ki, anamın danışdığı
nağıllar başqalarının
danışdığı eyni nağıllara bənzəməzdi.
Babam, atam və
əmilərim tamam savadsız idilər. Təkcə
böyük əmim Əliəşrəf bir neçə il
ruhani məktəbində oxuduğundan yazı-pozu bilirdi. Məndən
böyük qardaşım nəslimizin ilk savadlısı
sayılırdı.
1942-ci ildə
orta məktəbi bitirib S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə daxil oldum. İlk
şeirlərimi hələ orta məktəbdə oxuduğum
zamanlar yazmışdım. Əlbəttə, uşaq həvəsindən
doğan bu yazıların heç bir bədii əhəmiyyəti
yox idi. Universitetin nəzdində o zamanın görkəmli
yazıçısı, professor Mir Cəlalın rəhbərliyi
ilə təşkil olunmuş ədəbiyyat dərnəyi sənət
aləmində müəyyən bir cığıra
düşməyimdə böyük rol oynadı.
O zamankı
Azərbaycan şeirində tərənnüm üsulu -obyektə
birbaşa ritorik müraciət əsas idi. Predmetsiz tərənnüm
üsulu ilə yazılan şeirlərə qanadlı sözlər,
konkret bir məzmun ifadə etməyən trafaret deyimlər və
sürtük qafiyələr hakim idi. O zaman ədəbiyyata
yenicə gəlmiş yaşıdlarım A.Babayev, N.Gəncəli,
N.Xəzri, Qabil, H.Hüseynzadə kimi gənc şairlər bu
şablondan uzaqlaşmağa, fikri və hissi konkret detallarla
ifadə etməyə çalışırdılar. Bu təşəbbüsdə
həmin şairlərin yaratdığı - “Mənəm”
(N.Gəncəli), “Gümüş sərv” (N.Xəzri),
“Çinar” (A.Babayev), “Qara şanı” (Qabil) və mənim
“Yaşıl çəmən, ağac altı” - şeirlər
poeziyada yeni bir addım idi. O zaman bu şeirlər S.Vurğunun
və Mehdi Hüseynin diqqətini cəlb etmiş və bu barədə
fikirlərini söyləmişdilər. 1945-ci ildə Azərbaycan
Yazıçılar İttifaqının sədri vəzifəsində
çalışan S.Vurğunun zəmanəti ilə məni
həmin ilin fevral ayında SSRİ Yazıçılar
İttifaqının üzvlüyünə qəbul etdilər.
1949-cu ildə
“Mənim dostlarım” adlı ilk kitabım, 1950-ci ildə isə
“Bahar” adlı ikinci kitabım nəşr olundu.
1947-ci ildə
universiteti qurtarıb aspiranturaya qəbul olundum. Mən hələ
uşaqlıqdan S.Vurğunun şeirlərini sevmiş və
yaradıcılığa da böyük ustadın təsiri ilə
başlamışam. Bu sevgi məni həm bir şair kimi, həm
də tədqiqatçı kimi ömürlük S.Vurğuna,
onun əvəzsiz yaradıcılığına
bağladı. Belə ki, 1951-ci ildə “S.Vurğunun
lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə
“S.Vurğunun yaradıcılıq yolu” mövzusunda doktorluq
dissertasiyalarını müdafiə etdim.
1950-ci ildən
bu günə kimi Azərbaycan Dövlət Universitetində
müəllim, dosent və professor vəzifələrində
çalışıram.
Oxucularımla
görüşlərimdə tez-tez məndən soruşurlar:
“Müəllimlik yaradıcılığınıza mane
olurmu?” “Yox” cavabını verirəm. Ona görə ki, əvvəla,
gənclərlə bir yerdə olmaq, onların istək və
arzularını bilmək və bu arzularla yaşamaq, gənclik
duyğuları ilə nəfəs almaq məni həyata
bağlayır, ilhamımı hər gün təzələyir.
Gənclik həyatı tükənməz ilham
qaynağıdır. İkinci tərəfdən,
yazıçılıqla bərabər, müəllimliyin də
ilkin vəzifəsi insanlarda gözəl duyğular oyatmaq,
onları böyük fikirlərin arxasınca qanadlandırmaq
deyilmi? Beləliklə, mənim şairliyimlə müəllimliyim
bir nöqtədə birləşir, eyni hədəfə
yönəlir, eyni məqsədə xidmət edir. Bunlardan
başqa, Çexovun “Həkimlik arvadım,
yazıçılıqsa sevgilimdir” müddəasını
da bura əlavə etsək, mənim sənətimlə vəzifəmin
hansı mənada bir yerə sığdığı
aydınlaşar. Mən tələbələrin həyatından
bəhs etdiyim “Qiymət” poemamın proloqunda bu məsələyə
münasibətimi belə bildirmişəm:
Yarıya
bölünür günüm, saatım,
Vaxt mənim
sərvətim, mənim varımdır.
Müəllimlik
- mənim günüm, həyatım,
Şairlik - ən
uca duyğularımdır.
Ədəbiyyatımızın
bu və ya digər məsələlərinə, problemlərinə,
həmçinin yeni yaranan şeir və nəsr əsərlərinə
dair məqalələrimdə əsasən öz
yaradıcılıq laboratoriyama istinad edərək ədəbiyyat
və sənət haqqında fikir və düşüncələrimi
əks etdirməyə çalışıram.
Haqqımda
yazan tədqiqatçılar məni, ümumiyyətlə, ənənəyə
bağlı bir şair hesab edirlər. Eyni rəngli inkubator
cücələrindən başqa dünyada ənənəsiz
heç nə yoxdur. Eyni rəng isə sənətin
düşmənidir. Sənət və ədəbiyyat əlvanlıq,
müxtəliflik sevir. Yeni rənglər, çalarlar
axtarır. İndiki Sovet ədəbiyyatında yazıb-yaradan
yüzlərlə şair əgər eyni rəng və eyni
intonasiyada yazsaydı, bu qədər şairə ehtiyac
olardımı? Bununla yanaşı, ənənə heç
vaxt yalnız bir rəngin, bir səsin müdafiəsi demək
deyil. Ənənə kökə sədaqətdir.
Ağacın varlığı üçün kök nə
qədər vacibdirsə, sənət üçün də ənənə
bir o qədər gərəklidir. Bəs onda novatorluq nədir?
Mən novatorluğu kökə bağlanıb, torpaqdan
qidalanıb yeni, təkrarsız şaxələr, budaqlar
atmaqda görürəm. Novatorluğu fikrin, hissin təzəliyində,
müasirliyində axtarmaq lazımdır. Əgər fikir, hiss
yenidirsə, yəni bu günün havasından, iqlimindən
doğubsa, həmin yeni hiss, yeni fikir özü ilə yeni
forma gətirəcək. Bunun üçün baş
sındırıb yeni formalar axtarmaq lazım deyil. Belə
forma axtarışı qış vaxtı elektrik peçinin
istisilə yetişdirilən parnik tərəvəzinə bənzər.
Zahirən hər şey öz yerindədir, amma parnik tərəvəzinin
dadı al günəşin istisilə yetişən təbii
tərəvəzin dadını verərmi?
Şair
özünü, fikrini, hissini təzələməyi,
günün havasında çimdirməyi, yəni müasirlərini
fikir və duyğuları ilə yaşatmağı bacararsa,
şeirlərinin müasir və yeni olacağı, oxucunun qəlbinə
yol tapacağı labüddür. Bir sözlə,
novatorluğu qarşısına məqsəd qoyan şairin
novator olacağına inanmıram. Sənət aləmində
yenilik şüarı ilə meydana çıxanlar əksərən
yeniliyi kənarda axtarır, öz milli ənənəsini bəyənmir,
kökünə, şirə çəkdiyi torpağa dodaq
büzür. Qəribə burasıdır ki, belələri
yeniliyi özgəni yamsılamaqda görür. Bu barədə
mən “Nənəmin xalçası” adlı bir hekayə də
yazmışdım:
Azərbaycanlı
bir rəssam sənətdə yenilik eləməyə
çox çalışır, lakin bir şey
çıxmır. Bir gün onun əlinə fransız rəssamının
bir şəkli keçir. Şəkil çox xoşuna gəlir.
Rəssam fransız rəssamının təsiri ilə yeni əsərlər
yaradır. Bu əsərlər çox bəyənilir. Təqdirdən
sonra rəssam vicdan əzabı çəkir və nəhayət,
fransız rəssamına məktub yazır, ona ondan öyrəndiyini
bildirir. Fransız rəssamı isə cavabında bizim rəssama
yazır ki, Azərbaycanın filan kəndində toxunan
xalçalar onu çox maraqlandırır və onun sənəti
Azərbaycan xalçaçılığı üzərində
qurulmuşdur. Demək, azərbaycanlı rəssam nənəsinin
toxuduğu xalçalara biganə qalmış,
orijinallığı, novatorluğu onun xalqının sənətindən
öyrənən fransızdan öyrənməli olmuşdur.
Biz bəzən
yeniliyi özümüzdən öyrənmək əvəzinə,
bizdən öyrənən özgədən əxz edirik.
Yaz ilham deyəni,
ürək deyəni,
Yol
özü dolanıb tapacaq səni.
Qəlbini,
beynini nahaq yorma sən,
Amandır,
özündən yol uydurma sən.
Yenilik xətrinə
yazmaqdan saqın,
İlhamdır
yaradan sənəti, şeiri.
Yağmaq
xatirinə yağan yağışın
Nə
bağa xeyri var, nə dağa xeyri,
Qəlbinə,
hissinə daim arxalan.
Bir də... əlvan
səsli illərimizə
Köhnə
söz deməmiş ilham heç zaman,
Hər qəlbin
öz sözü təzədir bizə,
Nəsənsə
özün ol,
təzəsən
onda,
Sən
köhnə olursan yamsılayanda.
Məqsəd
günün duyğuları ilə yaşamaq, müasirlərin
fikir və duyğularını əks etdirmək
olmalıdır. Bu duyğuların ifadə forması isə məqsəd
deyil, vasitədir. Daha doğrusu, sənətdə ifadə
forması - daşıma vasitəsidir, yəni nəqliyyatdır.
Eyni yükü yola görə gedən (relslə) qatarla da daşıya
bilərsən, yolu kəsə gedən təyyarə ilə də.
Yükə görə nəqliyyat vasitəsi seçildiyi
kimi, məzmuna görə də forma - ifadə vasitəsi
seçilir. Forma məzmunu deyil, məzmun formanı
yaradır.
Yaradıcılığım
boyu mən əvvəlcədən heç vaxt forma barədə
ayrıca düşünüb-daşınmamışam, məni
yerimdən tərpədən fikir və duyğuların
özləri müəyyən bir axar yaratdıqdan sonra qələmə
sarılmışam. Forma fikrimə dar gəlməyib, fikrin, məzmunun
havası elə bir axar yaradıb ki, forma öz-özünə
məzmunun boyuna biçilib, mən forma qəlibində istədiyimi
deyə bilmişəm. Lakin mənim istədiyimin oxucunun istədiyinə
nə dərəcədə çevrildiyini isə deyə
bilmərəm. Ancaq forma nə qədər məhdud olsa,
şair ifadəni o qədər yığcam və lakonik deməyə
məcbur olur, artıq söz işlənmir. Götürək
qoşmaları. Aşıq qoşmanın məhdud forma qəlibi
içərisində fikri son dərəcə dəqiq və
yığcam deyir. Qoşmada sözlər bir-birinin içinə
şəbəkə taxtaları kimi geydirilir. Bir sözü
belə yerindən dəbərtmək olmur.
Ayrılıqmı
çəkmiş, boynu əyridir,
Heç yerdə
görmədim düz bənövşəni.
Bu beytdə,
söz bir yana qalsın, vergülü, intonasiyanı da dəyişdirmək,
başqa yerə keçirmək mümkün deyildir.
Bu müddət
ərzində ana dilində qırxdan artıq, rus dilində
12, erməni dilində 2, özbək dilində 2, türk
dilində 3, alman dilində I kitabım çap olunmuşdur.
1965-ci ildən
bu günə qədər Azərbaycan Dövlət Akademik
Dram Teatrında “Vicdan”, “İkinci səs”, “Yağışdan
sonra”, “Yollara iz düşür”, “Fəryad” adlı mənzum
və mənsur pyeslərim oynanmışdır. Həmin pyeslərdən
bəziləri erməni, türkmən və özbək dillərində
də tamaşaya qoyulmuşdur.
1960-cı ildən
bu günə qədər həm turist, həm də nümayəndə
kimi müxtəlif vaxtlarda İraq, Mərakeş,
Yunanıstan, İtaliya, Türkiyə, Qərbi Almaniya,
İngiltərə, Portuqaliya, Livan, Misir və sair ölkələrdə
olmuş, bu ölkələrdəki müşahidələrim
əsasında məqalə və şeir silsilələri
yazmışam.
Dünya və
SSRİ xalqları poeziyasının xoşuma gələn, məni
bir şair kimi həyəcanlandıran nümunələrini
dilimizə çevirmişəm. Bu tərcümələrimi
1982-ci ildə “Hər çiçəkdən bir ləçək”
adı altında kitab halında çap etdirmişəm.
Sənət
yollarındakı çoxsaylı gör-götürümə
söykənib deyə bilərəm ki, bir insan kimi duyub həyəcanlandığım
mövzularda yazarkən uğur qazanmışam, duymadan
uydurduğum mövzulara üz tutarkən dilim topuq
çalıb, şeirim kəsərsiz olub, doğulduğu
gün qocalıb.
O
yazılarımı ki sevgim və ya nifrətim
yazdırıb, onlar ürəklərə yol tapıb, bir
könülün odunu min könülə daşıyıb.
Nədir sevgi? Nədir nifrət? Qəlbin təlatümü,
hisslərin tufanı, ağlın üsyanı!.. Sevmədən
sevgidən necə yazmaq olar? Son 30 il ərzində mənim
silsilə təşkil edən məhəbbət lirikam həm
də həyat və zaman haqqında fəlsəfi
düşüncələrim, daxili iztirablarımdır. Mən
bu şeirlərdə daha çox özüməm.
Çünki burda daha çox səmimiyəm. Səmimiyyət
isə ədəbiyyatın və sənətin çarpan
ürəyi, şah damarıdır.
Bu şeirlər
mənim qəlbimin tərcümeyi-halıdır. Mənim
sevgim sevmək ehtiyacından yarandığına görə
bu ehtiyacın ömrümün sonuna qədər məni
yandırıb yaşadacağına inanıram. Çünki
bu sevgi fitrətdən gəlir. Əgər hədəfin
özü də sevgiyə layiq olursa, sevgi aradakı maneə
qədər tutar qazanır. Gənclik dövrümdən bu
günə qədər yazdığım sevgi şeirlərinin
hədəfi eynidir. Şeirlərdəki konkret vəziyyətlərin
və halların təsvirindən aydın olur ki, bunların hər
biri bir sarsıntının, bir etirazın, bir təlatümün,
yaxud bir üsyanın ifadəsidir. Onlarda heç bir uydurma
yoxdur. Bu şeirlər hamısı duyğularımdan
süzülmüşdür. Şair insan kimi duymalı,
şair kimi yazmalıdır. İnsan nə zaman həyatı
və dünyanı duymağa başlayır? İztirab odundan
keçəndən sonra...
Oxşadı
gözümü hələ uşaqkən
Ocağın
al-əlvan alovu, közü.
Dünyaya gələli,
bilmirəm nədən
Nəyə
vurulduqsa, yandırdı bizi.
Mən oddan
qorxmadım yanana qədər,
Mən qorxu
bilmədim qanana qədər.
Elə ki
yandım,
Odla oynamaqdan
qorxdum,
dayandım.
Başlandı
qorxu,
Başlandı
ehtiyat -
Başlandı
həyat.
Həyatı
idrak iztirabdan, yanmaqdan keçir. Bu iztirab, bu yanğı nifrətə
çevriləndə hisslər daha geniş miqyas alır, fərdi
hisslər ictimailəşir, vətəndaşlıq
duyğuları baş qaldırır.
Yazıçının
bioqrafiyası onun əsərlərinin bioqrafiyasıdır.
Filan ildə doğuldum, filan ildə filan məktəbi
bitirdim, filan ölkələrdə oldum, filan əsərləri
yazdım və filan mükafata layiq görüldüm - deyə
olan hadisələri səliqə-sahmanla cərgəyə
düzmək yazıçı bioqrafiyasının
gözqamaşdırıcı paltarıdır. Bu paltarın
altında döyünən ürək isə
yazıçının yaratdığı və yaranan əsərlərinin
xalq qəlbindəki əks-sədasıdır. Klassiklərdən
biri çox gözəl demişdir: “Mən əsərlərimi
deyil, əsərlərim məni yaratmışdır”. Həqiqətən
belədir. Yazıçı yaratdıqlarında həm də
özünü yaradır. Yazıçının valideynindən
aldığı ad və familiya sənətkar
istedadının qüdrətilə yeni məzmun qazanır,
simvollaşır. Aleksandr adı və Puşkin familiyası
şair Puşkinə qədər Rusiyada adi ad və familiya
idi. Şair Puşkin isə bu adi adları öz sənəti
ilə parlatdı, simvollaşdırdı. İndi biz bu ad və
familiyanı şair Puşkinlə tanıyırıq.
Bəzi
hallarda şairlər valideyn adı ilə kifayətlənmir,
özləri özlərinə ləqəb seçir və
şair tarixdə bu adla yaşayır. Füzuliyə atası
Məhəmməd adı vermişdi. Bu ad bütün Şərqdə
ən çox işlənən adi adlardan biridir. Məhəmmədin
özünə verdiyi Füzuli ləqəbi isə
bütün dünyada yeganə addır. Füzulidən sonra
atalar şairin təxəllüsünü övladlarına
ad verir. Beləliklə, böyük qüdrət sahibləri
öz əməlləri ilə həm özlərini yenidən
yaradır, həm də məlum adlara yeni məzmun və yeni
həyat verir, onu parladırlar.
Ulu
dastanımız “Dədə Qorqud”da doğulan uşağa dərhal
ad vermirlər. Uşaq böyüyüb bir işin qulpundan
yapışandan sonra ona əməlinə, hal-hərəkətinə
uyğun ad verirlər. Bu adət, insanın özünü
yaratması fikrinin gözəl təsdiqi deyilmi?
Mən
yaşamağı - yanıb ərimək kimi başa
düşürəm. Mənə görə yaşamaq - nəyin
naminəsə yanmaq, ömrü nəyin yolundasa əritmək
deməkdir.
Yaşamaq
yanmaqdır, yanasan gərək,
Həyatın
mənası yalnız ondadır.
Şam əgər
yanmırsa, yaşamır demək,
Onun
yaşamağı yanmağındadır.
Oxucularımla
görüşlərimin birində mənə belə bir sual
verdilər: “Sizi bədii yaradıcılığa sövq edən
səbəb nədir?”
Doğrusu, mən
bu barədə heç düşünməmişdim. Lakin elə
oradaca “Şeirim - imanım mənim” adlı şeirim
yadıma düşdü. Mən həmin şeiri oxumaqla suala
cavab verdim. Həqiqətən, bu şeir mənim
yaradıcılıq məramnaməmdir. Çünki yaranan,
yaradanın həqiqətən imanıdır, dinidir, əqidəsidir.
Buradan çıxıb deyə bilərəm ki,
yaratdığım şeirlər hissimin, fikrimin, əqidəmin
ifadəsi olmaqla mənim imanımdır, dinimdir, həyat qayəmdir.
Beləliklə də şairin bioqrafiyasını cansız rəqəmlərdə
deyil, onun yaratdıqlarında axtarmaq lazımdır.
Hər
insanın bioqrafiyası olduğu kimi, yaranan hər şeirin də
öz yaranma səbəbi və öz bioqrafiyası var. “Şeirim
- imanım mənim” şerinin yaranmasına səbəb
çox sevdiyim böyük türk şairi Behcət Kamal
Çağların “İstiyorum” şeirindəki “Bir iman
istiyorum uğrunda baş qoyacaq” misrası oldu.
Bütövlükdə
çox böyük təsirə malik olan bu şeirin misal gətirdiyim
misrası ilə razılaşa bilmədim: Necə yəni
iman istəyirəm? Bəs hələ bu vaxta qədər
imanını tapmamısansa, hələ onu axtarırsansa, sən
necə şair ola bilmisən? Məncə, əvvəlcə
iman, sonra o imanın, o əqidənin ifadəsi olan şeir gəlir.
İmansız şeir, şeir ola bilməz.
Demək, mənim
üçün şeir, ürəkdə
aşıb-daşan, çarpazlaşan duyğuların,
beynimi gəmirən fikirlərin ifadə vasitəsidir. Bir
sözlə, Vətənin və xalqın
ağrı-acılarını şəxsi
ağrı-acılar kimi öz qəlbində yaşadan bir vətəndaş
olmadan Vətənin şairi olmaq mümkün deyil. Bu mənada
Sabiri ən böyük ustadım hesab edirəm:
Mənim
sevincim belə ürəyimdə gizlənən
Dərdə,
qəmə borcludur.
Şeirim,
şairliyim də
Özümü
özləşdirən əqidəmə borcludur.
Şeirim -
namusum mənim,
Şeirim -
vicdanım mənim,
Şeirim -
imanım mənim.
Buna görə
də dünyada baş verən irili-xırdalı
bütün hadisələrə qəlbimin qapıları
açıqdır. O hadisələr qəlbimdən
keçib duyğuya, duyğudan keçib şeirə çevrilir.
Yalnız bunu demək kifayətdir ki, onlarca şeirim
(“Baş”, “Dan yeri”, “Elm-əxlaq”, “Təbəssüm ordeni”,
“Qurbanlıq quzu”, “Sülh mükafatı”, “Neytron bombası”,
“Göz, ya qulaq”, “A.Liliyentalın Karterə məktubu”,
“Şairləri öldürürlər”, “Tarixin qanunu” və
s.) və bir neçə poemam (“Təzadlar”, “Amerika gözəli”,
“Yollar-oğullar”, “Bağışlayın, səhv olub” və
s.) adi qəzet xəbərləri əsasında
yazılmışdır. Söhbət bu əsərlərin bədii
dəyərindən deyil, dünyanın ictimai dərdləri
ilə yüklənməkdən və ona səs verməkdən
gedir. Bu ümumbəşəri ictimai dərdlər
fırtınasında mənim Vətənimin gəmisi də
gələcəyə yol gedir. Bütün bu
duyğuların, həyəcan və iztirabların nəticəsində
“Bir gəmidə səfərdəyik” kitabım yarandı. Beləliklə,
öz zəmanəsinin və öz Vətəninin oğlu
olan bir vətəndaş eyni zamanda dünyanı
düşünən bir vətəndaşa çevrilir. Burda
ən vacib şərtlərdən biri də vaxtı öz nəbzində
döyündürməyi bacarmaqdır:
Öz
kökümə güvənməklə
Öz
yurdumun, torpağımın övladıyam,
Budaq-budaq
qollarımla,
Çalın-çarpaz
yollarımla
Atamdan
çox,
öz
çağımın övladıyam.
Hər bir
insan özünü inkar edə-edə yaşayır və bu
inkarlarda böyüyür. Ömrün pillələrinə
baxaq: uşaqlıq, cavanlıq, ahıllıq və
qocalıq. Bu bölgü təbiətin fəsilləri ilə
nə qədər uyğun gəlir: yaz, yay, payız,
qış! Təbiətin fəsilləri də ömrün fəsilləri
kimi bir-birinə ziddir. Lakin bəzən təbiətdə
yazda yayın, yayda payızın, payızda qışın əlamətlərini
gördüyümüz kimi, insan ömründə də
uşaqlıqda gəncliyini, ahıllıqda
qocalığını, yaxud da tərsinə - qocalıqda
cavanlığını yaşamaq istəyənlər
tapılır. Təbiətdə bu, bizə qeyri-adi
göründüyü kimi, insan ömründə də
qeyri-adi görünür, xüsusən əksini götürəndə,
yəni qocalığında gəncliyini yaşamaq arzusu ətrafındakılarda
ikrah hissi oyadır. Bu, məsələnin bir tərəfidir.
Mənim demək istədiyim tərəfi insanın
bioqrafiyasında öz-özünü inkarlardakı tamlıq
məsələsidir. Təbiət gecə-gündüzü,
ağ-qarası, qış-yayı ilə tam olduğu kimi,
insan da inkarı-təsdiqi, yaxşısı-pisi,
enişi-yoxuşu, qalxması-enməsi ilə tamdır. Kim
öz gəncliyində elədiyi hərəkətə
qocalığında gülmür?
Gəncliyimdə
bilməməzlik bəlasından
Vallah, elə
bilirdim ki,
Bu
dünyanı bilirəm mən.
Onda hökm
verərdim ki,
Bu
yaxşıdır, bu yamandır,
Bu
doğrudur, bu yalandır.
...İndi
çalar çalasında
Mən ehtiyat
məktəbini bitirmişəm.
Zidd qütblər
arasında sərhəd olan
hüdudları
itirmişəm.
Yaxşıyla
pis,
haqla nahaq,
Qarayla ağ
arasında
dayanmışam.
İnsan
kamillik dövründə qarada ağı, ağda qaranı,
pisdə yaxşını, yaxşıda pisi görməyə
başlayır. “Net xudo bez dobra” atalar sözü də bu
müdrikliyin ifadəsidir. Buna görə də
yaradıcılığım boyu insanın daxilində
baş qaldıran ikiliyi, daxili çəkişmələri və
ziddiyyətləri göstərməyə daha çox meyil
göstərmişəm. Mən xüsusən poema və dram əsərlərimdə
qəhrəmanın kiminləsə mübarizəsini deyil,
onun öz içində baş qaldıran duyğu və
fikirlərin toqquşmasını göstərməyi vacib
sayıram. Mənə görə Otello da, Yaqo da insanın
öz içindədir.
Orta məktəbdən
mütaliəni vərdiş etmişəm. Bircə gün
oxumasam, özümü narahat hiss edirəm. Elə bil nəsə
çatmır. Daha doğrusu, yeməyinin vaxtı keçən
adamın aclıq hissini keçirirəm. İnformasiya
aclığı! Beyin də daim qida istəyir. Bu, bəlkə
XX əsr adamının xüsusiyyətidir. Klassik rus,
dünya və Azərbaycan ədəbiyyatından vaxtilə nəyi
oxumuşamsa oxumuşam, indi onları mütaliə məqsədilə
oxumağa vaxt yoxdur. Yalnız işimlə - yazmaqda olduğum əsərlə
və yaxud məqalə ilə bir bağlılıq olanda
klassikləri yenidən vərəqləyirəm. Məsələn,
“Fəryad” pyesini yazmaq üçün mən Nəsiminin
söykəndiyi hürufiliyi, onunla bağlı sufiliyi bilməli
idim. Bunun üçün, birinci növbədə, türk
qaynaqlarını araşdırmalı oldum. Çünki Nəsimi
və onunla bağlı hürufilik bizim ədəbiyyatşünaslığımızda
yaxşı öyrənilməmişdir. Mən, ilk növbədə,
Cəlaləddin Ruminin “Məsnəvi”sini və bu barədə
Türkiyədə kifayət qədər yazılmış
elmi kitabları, Şəms Təbrizinin haqqında
yazılmış elmi əsərləri, eyni zamanda Yunis
İmrə ilə bağlı qaynaqları diqqətlə
araşdırdım. Yalnız bundan sonra Nəsimi və onun
özünü idrak fəlsəfəsi mənim
üçün aydın oldu.
Eləcə
də “Muğam” poemasını yazmamışdan əvvəl
muğamların təhlilini, köklərini araşdıran
bir sıra Şərq qaynaqları ilə tanış oldum.
İlk
növbədə gündəlik qəzetləri və
aylıq jurnalları oxuyuram (“Kommunist” qəzetindən
“Pravda”ya, “Azərbaycan” jurnalından “İnostrannaya literatura”ya
qədər).
Müasir adam
üçün bunlar kifayətdirmi? Əlbəttə, yox! Həyatımda
iki dostumun mənə güclü təsiri olmuşdur.
Birincisi, geologiya və mineralogiya elmləri doktoru Xudu Məmmədov,
ikincisi, tibb elmləri doktoru Nurəddin Rzayev! Bu iki nəfərin
məlumat və maraq dairəsi çox genişdir.
Onlar ədəbiyyatı,
sənəti, tarixi və fəlsəfəni dərindən
bilməklə yanaşı, dünyada elə bir elm sahəsi
yoxdur ki, onunla maraqlanmasınlar, xüsusilə təbiət
elmləri ilə. Onların hər ikisi rus dilindən
başqa, ingilis dilini də bilir, dünyanın bir sıra
jurnallarını oxuyur, elm aləmində baş verən
bütün yeniliklərdən dərhal xəbər tuturlar. Mən
Azərbaycan, rus və türk dillərində oxuya bilirəm.
Hər üçümüzdə bir xasiyyət var:
Oxuduğumuz kitabın kənarına qeydlərimizi etmədən
keçinə bilmirik. Eyni kitabı oxuyan üçün bu
qeydlər çox maraqlı olur. Həftədə ən
azı bir dəfə görüşür,
oxuduqlarımız haqda bir-birimizə məlumat verir, həmin
xəbərləri təhlil edirik. Mən onların vasitəsilə
dünyadakı yeni elmi kəşflərdən, elmi kitablardan
xəbər tutur, rus dilində olanları onlardan alıb
oxuyuram. Bəzən aramızda mübahisə başlanır.
Bu çəkişmələrdə birimiz digərimizə təslim
olduğumuz hallar da olur, hər kəsin öz fikrində
qaldığı məqamlar da.
Eləcə
də üçlükdə baxdığımız
tamaşalar, filmlər birlikdə də müzakirə olunur. Mənim
hər yeni yazdığım əsərin ilk oxucusu
dostlarımdır. Bəzən mənim yeni əsərimi bəyənmir
və onu amansızcasına tənqid edirlər. Mən bu barədə
çox düşünməli olur, çox
götür-qoydan sonra yenidən həmin əsərə
qayıdıram. Onların əsərim haqqında dedikləri
proqnoz əksərən düz olur. Çox nadir hallarda
yanılırlar.
Mən bir
insan kimi özümü dərk edəndən, daxili çəkişmələr
içərisində böyümüşəm. Məndə
özümə nəzarət çox erkən
başlanmışdır. Orta məktəbdə oxuduğum
zaman humanitar elmlərdən yüksək qiymətlər alsam
da, dəqiq elmləri, xüsusən riyaziyyatı heç
cür başa düşməz, orta qiymətdən yuxarı
ala bilməzdim. Valideynlərim bunun səbəbini soruşanda,
riyaziyyat müəlliminin mənimlə
düşünüşdüyünü deyər, bununla da
canımı qurtarardım. Bu yalanı o qədər
demişdim ki, uydurmama özüm də inanmışdım.
Bir gün riyaziyyat müəllimim kömək niyyəti ilə,
məni evinə çağırdı. O, evində mənimlə
bir müddət məşğul oldu. Yavaş-yavaş
riyaziyyatı dərk etməyə başladım. Müəllimin
böyük qayğısı, yəni həqiqət və mənim
valideynlərə dediyim yalan qəlbimdə
qarşı-qarşıya gəldi. İçimdə
döyüş başladı. Müəllimim qayğı
göstərdikcə, mən onun gözlərinin içinə
baxa bilmir, utanırdım. Beləliklə, müəllimin
qayğısı və yaxşılığı məni tərk-silah
etdi. Xeyirxahlığı ilə mənə həqiqəti dərk
etdirən müəllimim könlümə şübhə
toxumunu salmaqla mənə yalnız riyaziyyatı deyil,
özünə kənardan baxmaq dərsini də öyrətdi.
Buradan da mən
ikiləşməyə - özünü təhlilə,
özünü nəzarətə başladım. Bu daxili
çəkişmədə insan özünü dərk edir,
bu dərketmə yollarında yetkinləşir.
Bir atalar
sözündə deyilir: “Ən güclü pəhləvan
öz-özünü yıxmağı bacarandır”. “Kimdir mənim
düşmənim” şeirimdə deyirəm ki, mənim
nöqsanlarımı görənlərin gözlərini
öz gözlərimə taxıb özümü kənardan
görə bilsəydim, mən mən olardım. Mənim
fikrimcə, insan özü barədə nə qədər
böyük fikirdədirsə, o, bir o qədər kiçik
adamdır. Həm bədii yaradıcılığımda, həm
də pedaqoji fəaliyyətimdə həm özümə, həm
də başqalarına özünə kənardan baxa bilmək
hissini aşılamağa çalışmışam.
İnsan bir işi tutmazdan əvvəl bu işin törədəcəyi
bədbəxtliyi dərk etmək üçün
özünü həmin adamın yerində görə bilərsə,
dünyada heç bir əyər-əskik qalmaz.
Mənim
az-çox qazandığım nailiyyətlərə səbəb
vaxt və onun nisbiliyini dərk etməyim olmuşdur. Vaxtı
ölçülərə bölən saatı insanlar
uydurmuşdur. Əslində vaxt yoxdur. Vaxt
ölçüsü nisbidir. Bayatıda deyilir: “İl var, bir
günə dəyməz, - Gün var, min aya dəyər”.
İnsan yaratdığı zaman vaxt onun gözünə
görünmür, intizar dəqiqələrində isə bir
saat bir il qədər uzanır. Ç.Aytmatov demişkən:
“İ den dlitsa dolşe veka”.
Gecələr
işləyirəm. Çünki gecələr özümlə,
öz qəlbimin çırpıntıları ilə
baş-başa verir, özümlə ürək söhbəti
eləyə bilirəm. Təsadüfi deyil ki, kitablarımdan
birinin adı “Özümlə söhbət”dir. Mən dincəlməyi,
ilin ayrıca ayını və günün ayrıca
saatını istirahətə ayırmağı bacarmıram.
Mən işləyəndə dincəlirəm. Yaza bilməyəndə,
vaxtımı xırda qayğılara sərf edəndə
özümü pis hiss edir, özümdən
acığım gəlir. İlhama könüllü qul olub
işgüzar ovqata köklənəndə
gümrahlaşıram, cəmi ağrı-acılar
canımdan çıxıb gedir.
İşləmək,
özümüzü yandıraraq yaşamaq, boşalaraq
dolmaq! Budur yaradıcının həyatı! İnsan həmişə
müəyyən vaxt ərzində müəyyən işi
görmək istəyir. Bu zaman o, vaxtla yarışır. Bu
yarışda sürətə pənah gətirir. Bəzən
sürət də vaxtı qabaqlaya bilmir. “Gözəllik
önündə” şeirimdə yazıram ki, maşınla
getdiyim zaman gözəl bir dağ mənzərəsi ilə
qarşılaşıram. Şoferdən xahiş edirəm ki,
maşını saxlasın. Bir neçə dəqiqə
dağ mənzərəsinin gözəlliyinə dalandan sonra
şoferə deyirəm:
İndi
sür, yüzlə yox, minlə də sürsən,
Vaxtı
qabaqlaya bilməyəcəksən.
Ancaq o anda, -
Gözəllik
önündə fikrə dalanda
Vaxtı bir
anlığa biz qabaqladıq,
Onda
maşını yox, vaxtı saxladıq.
Ölçüyə
gələn vaxt maddidir. Vaxt ölçüdən
çıxanda o, mənəviyyata, ruha, gözəlliyə
çevrilir. Çünki burada vaxt da insan kimi donur, heykəlləşir.
Klassiklərin də yaratdıqları ona görə
ölümsüzdür ki, sənətin qeyri-adiliyi onlara sərf
olunan vaxtı əbədiləşdirmişdir.
Ömrüm
boyu vaxtdan qiymətli və ona tay olan bir şey
tanımamışam. Çünki gəncliyimdən məqsədyönlü
olmuş, vaxtın qədrini bilmişəm. Yaddaşım o qədər
də yaxşı deyil. Buna görə də gəncliyimdən
görəcəyim işlərin siyahısını tutmaq,
onları vaxtın çərçivəsində həyata
keçirmək adətimdir. Verdiyim sözə dəqiq
olduğum kimi, başqalarından da eyni dəqiqliyi tələb
etmişəm.
Azərbaycan
SSR Ali Sovetinin deputatı kimi tez-tez seçicilərimlə
görüşür, onların
tapşırıqlarını yerinə yetirməyə
çalışıram. Hər gün onlarca məktub
alıram. Bu məktubların bir qismində mənə
şair kimi deyil, deputat kimi üz tutulur, istək və arzular
bildirilir. Əlbəttə, bu məktubları cavabsız
qoymaq mümkün deyil. Vaxtımın müəyyən hissəsi
də buna gedir.
1981-ci ildə
SSRİ yazıçılarının VII qurultayında
SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin,
həmçinin Azərbaycan Yazıçılar
İttifaqı İdarə heyətinin üzvü, Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan
KP Bakı şəhər Komitəsinin üzvü, X və XI
çağırışlarda Azərbaycan SSR Ali Sovetinin
deputatı seçilmişəm.
Azərbaycan
SSR-in əməkdar incəsənət xadimi, Azərbaycanın
xalq şairi, 1976-cı ildə “Leninlə söhbət” və
“Muğam” poemalarına görə respublika, 1984-cü ildə
isə “Bir gəminin yolçusuyuq” şeirlər kitabıma
görə SSRİ Dövlət mükafatlarına layiq
görülmüş, “Oktyabr İnqilabı” və
“Qırmızı Əmək Bayrağı” ordenləri ilə
təltif olunmuşam.
Bu adlar, bu
titullar doğrudanmı yüksəlişin göstəricisidir?
Enməyin bir növü də qalxmaq deyilmi? Bəzən
böyük şöhrət sahibləri şöhrətin
kölgəsində xumarlanıb yatmamışlarmı? Bu,
çox təhlükəli yuxudur. Sənətkar
özünü bu razılıq yuxusundan ayıltmağı
bacarmalıdır.
İnsan
qarşısına qoyduğu məqsədə və
bütün arzularına tam nail ola bilməz. Bir şeirimdə
yazıram ki:
Ürəkdəki
arzular əməllərdən əzəldir,
Eləmək
istədiyim mənim elədiyimdən
Həm
çox, həm də gözəldir.
Eləysə...
nekroloqa ömür tam olsun deyə
Əməllərlə
bərabər ən gözəl arzular da
Niyə
yazılmır, niyə?
Bəxtiyar VAHABZADƏ
Ədəbiyyat qəzeti.- 2011.- 19 avqust.- S.1-2-3.