E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

BƏXTİYAR VAHABZADƏ SİMPOZİUMU


Qafqaz Universitetində I Beynəlxalq
Bəxtiyar Vahabzadə simpoziumu keçirilir

Dekabrın 13-də Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu öz işinə başladı. Simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini hörmətlə yad edib məzarı üzərinə əklil qoydular. Xalq şairi Bəxtiyar Vahabzadənin məzarı da ziyarət edildi, ruhuna dualar oxundu.

Təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Qafqaz Universiteti, "Qayə" fondu, Yunus Əmrə İnstitutu, Şəki İcra Hakimiyyəti və "Dialoq Avrasiya" təşkilatı olan simpoziumun açılış mərasimində öncə Bəxtiyar Vahabzadənin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu. Sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç giriş sözü söylədi. Rektor bildirdi ki, XX əsrin sonları - XXI əsrin əvvəllərində yaşanan ictimai dəyişmə və yeniliklərə həyatı ilə şahidlik etmiş, şahidi olduğu hadisələri əsərlərində əks etdirmiş mütəfəkkirlərdən biri olan Bəxtiyar Vahabzadə ədəbiyyatçı, millət vəkili, pedaqoq, xüsusən də xalq şairi kimi ictimai məhsuldarlığı və təsir gücü öz çağını açmış, düşüncələri Türk dünyasına yayılmış və geniş coğrafiyada hüsn-rəğbət doğurmuş bir türk ziyalısıdır.
Simpoziumda çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanın milli mənəvi dəyərlərinə söykənən ziyalıların fəaliyyətini işıqlandırmaq və xalqa daha yaxından tanıtmaq sahəsində ənənəvi tədbirləri davam etdirdiyinə, növbəti belə bir tədbirin xalq şairi Bəxtiyar Vahabzadəyə, onun yaradıcılığına həsr etdiyinə görə Qafqaz Universitetinə təşəkkür etdi. Nazir müavini B.Vahabzadə yaradıcılığının xeyli tədqiqatçısı, araşdırıcısı yığılmış simpoziuma bir şairin, ədəbiyyatçının yaradıcılığının araşdırılması tədbiri kimi deyil, Azərbaycanın dəyərlərinin keşiyində dayanan, onu təbliğ edən və bu dəyərlərə təhlükə yarandığını görəndə öz haqq səsini ucaldan bir Azərbaycan ziyalısının xatirəsinin yad olunması tədbiri kimi baxdığını söylədi. Bildirdi ki, ziyalıları sadə vətəndaşlardan fərqləndirən cəhət onların xalqın dəyərlərinə, gələcəyinə, tarixinə, ənənələrinə yaranan təhlükəni hamıdan əvvəl görməsi və səslərini qaldırmasıdır. Şairləri, yazıçıları, qələm əhlini isə ziyalılardan fərqləndirən cəhət onların haqqı sıravi vətəndaşlara çatdırmaq yollarını bilmələri və buna nail olmalarıdır.
Q.Novruzov B.Vahabzadənin yaradıcılığının məhz bu baxımdan xüsusi önəm daşıdığını qeyd etdi və B.Vahabzadəni zaman keçdikcə daha böyük dəyər verilən dahi insanlardan biri kimi səciyyələndirdi.
Plenar iclasda habelə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun, TİKA-nın Orta Asiya və Qafqaz regionu üzrə sədri Ali Özgün Öztürk, Milli Məclisin deputatı, professor Nizami Cəfərov və başqaları çıxış edərək B.Vahabzadənin ədəbiyyatımıza verdiyi töhfələrdən, müəllim, alim, ictimai xadim kimi xidmətlərindən söz açdılar.
Qeyd edək ki, simpoziumda türk dünyasının görkəmli intellektual yazıçılarından biri olan Bəxtiyar Vahabzadənin əsərlərini və fikirlərini müzakirə etmək üçün 6 ölkədən 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı və tədqiqatçı iştirak edir. Üç gün davam edəcək simpoziumun bölmələrində "Vahabzadə əsərlərində dil xüsusiyyətləri və sənətkarlıq", "Vahabzadə və milli mübarizə", "Vahabzadənin dram əsərləri", "Vahabzadə və Türk dünyası", "Vahabzadənin əsərlərində tərbiyə və mənəvi dəyərlər" mövzularında müzakirələr aparılacaq.

Yusif ƏLİYEV

Azərbaycan müəllimi.- 2012.- 14 dekabr.- S.3.

 



<< Geri