|
2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq,
ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının
Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan
olmasının 90 illiyi tamam olur.
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik
görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən
poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun
qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə
zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram
və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin
mühüm istiqamətlərindən birini təşkil edirdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr
bəxş etmiş xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinin keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
-
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə
həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının
Prezidenti
Bakı
şəhəri, 14 yanvar 2015-ci il
|