E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

   
 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR NİZAMİ GƏNCƏVİ HAQQINDA

REMARKABLE PEOPLE'S THOUGHTS ABOUT NIZAMI GANJAVI

Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır.

Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri


Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri  dünya mədəniyyətinin qızıl fondunun ən parlaq nümunələrini təşkil edir  və  bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur.

* * *

Dünya  şöhrətli  ölməz  “Xəmsə”nin  müəllifi  olan  Nizami humanizm, insan şəxsiyyətinin azadlığı ideologiyası, onun iradəsinin  taleyin  qaçılmaz  iradəsindən  və  təbiətin  fövqündə  duran qüvvələrin hökmündən asılı  olmaması kimi böyük fəlsəfi təlimlərin banilərindən biridir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Nizami humanizmi insanın uca duyğularını öldürən, alçaldan, nəcib hisslərdən məhrum edən hər şeyi pisləyir, onu mənəvi cəhətdən yüksəldir,  insanı əhatə edən mühiti, onun daxili aləminin dəyişməsini zərurət kimi irəli sürür.

Mirzə İbrahimov,
Xalq yazıçısı, akademik


Dahi sənətkar Nizaminin yaşayıb-yaratdığı dövr Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının qızıl dövrü idi. XII əsrdə Azərbaycan ədəbiyyatı son dərəcə yüksəlmişdi. Bu dövrdə Əbül-Üla, Xaqani, Fələki Məhsəti, Qivami-Mütərrizi, Mücirəddin Beyləqani kimi böyük şairlər, bu dövrki ədəbiyyatımızın ən yüksək abidəsini yaradan Nizami kimi dahi sənətkarlar yetişmişdir.

Həmid Araslı,
akademik


Öz əksini bizim əsərlərdə (fransız ədəbiyyatında) tapan bir neçə macəra Nizaminin “Yeddi gözəl”, “Xosrov və Şirin” əsərlərindən götürülmüşdür.

Bartelemi D'Erblo,
fransız şərqşünası


Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir.

İran ədəbiyyatşünasları


O, Gəncə torpağında yatan müqəddəs insan,
Şeir xəzinələri yaratdı kəlamından.
Qiymətli incilərlə bəzədi bu aləmi,
Yoxdur o incilərin sayı ulduzlar kimi…
Nizami, bu dünyada kimi tay tutsam sənə
Şeirinin qüdrətinə bərabər olmaz yenə.

Əlişir Nəvai,
şair, filosof


Söz xəzinəsinə, mülkünə hakim,
Gəncə hünərvəri, o böyük alim.
Qızıl rəngli meyi əlinə aldı,
O, içdi səfanı, xılt bizə qaldı.

* * *

Nizami hər sözü demiş birinci, Qoymamış cilasız qalsın bir inci.

 Əmir Xosrov Dəhləvi,
Hindistan şair və musiqiçisi


Yüksək şair dühasına malik olan Nizami ən incə məhəbbət tellərinin ən incə xətlərini öz əsərləri üçün material seçmişdir. Nizaminin poemaları heyrətamiz dərəcədə gözəl,  müxtəlif və rəngarəngdir.

Höte,
alman şair-dramaturqu


Hakimi-mənəvi  Şeyx  Nizami  Gəncəvinin  böyüklüyünü  və fəzilətlərini  söyləməkdə  dil  acizdir.  Zərifliyi,  söz  və  söhbətilə məclis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır.

A.Bakıxanov,
şair, maarifçi


Bəşəriyyət  tarixində  və  bütün  dünyada  hələ  indiyə  qədər Nizamiyə bərabər başqa bir şair yaranmamışdır.

N.Y.Marr,
şərqşünas, dilçi


Nizami təkcə böyük söz ustası olaraq qalmamışdır.  O, xoşbəxt gələcək döyüşçüsü olmuşdur.

Sözün tam mənasında o, dahi insan, böyük humanist və həqiqi xalq şairi idi.

Y.E. Bertels,
rus şərqşünası


Nizaminin idealı kamil insan şəxsiyyəti, azad insan şəxsiyyətisosial cəhətdən daha yüksək, ülvi şəxsiyyət idi.

Nizami dühası Azərbaycanın poeziya səmasında doğan günəş kimi öz şüaları ilə dünyamızı bu gün də nurlandırır.

İ.S. Brakinski,
şərqşünas


Billah ki, nə xoş demiş Nizami,
Bu babdə xətm edib kəlami…
Bir iş ki, qılır şikayət ustad,
Şagirdə olur rücui bidad.

Məhəmməd Füzuli,
Azərbaycan şairi və mütəfəkkiri


Çox zamanlar təbim quşu söz bağında qanad açdı,
Qafiyəli nəğmələrim yeddi evə inci saçdı
“Yeddi gözəl” əsəri tək o gəncəli xəzinədarın
Yüz xəzinə qiyməti var şerindəki mənaların

Əbdürrəhman Cami,
tacik şairi


Sənsən əbədiyyət dediyim sevgili dildar,

Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.


Aydanmı, günəşdənmi yarandın, de, nədən sən?

Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən

Səməd Vurğun,
Azərbaycanın Xalq şairi


Gəncəsinə baxdı məhəbbətlə Nizami,
Baş əydi əziz xalqına hörmətlə Nizami.
Hər kəlməsi, hər cümləsi bir canlı xəzinə,
Təkdir bütün aləmdə bu sərvətlə Nizami.

Süleyman Rüstəm,
Azərbaycanın Xalq şairi


Şairin beşzolaqlı, nur saçan, işıqlı tacını bəzəyən ən qiymətli və gözəl cəvahirat, onun “Xosrov və Şirin” əsəridir.

Nizaminin şeirləri canlı xəyalın və təbiəti şairanə bir surətdə duymağın məhsuludur. Bu şeirlərdə Nizami məharətinin böyük izi xüsusi görünür. Hər yerdə şair sehrli şeirlə saf qızıl yaradır.

İohann Hammer


Nizami Əbu Məhəmməd İlyas ibni Yusif ibni Müəyyəddin tərifi həddindən artıqdır… O, gənc yaşlarından tutmuş ömrünün axırına  qədər,  başqa  şairlər  kimi,  öz  nəfs  və  iştahasına  görə şahların və böyüklərin qulluğunda olmamış, bəlkə onun astanası yüksək rütbəli padşahların pənahgahı olmuşdur. Həzm bazarının kisələri boş olan müflisləri öz ürək və gözlərini, cib və ətəklərini bu xəzinələrin cəvahirləri ilə doldurmuş və doldurmaqdadırlar.

Lütfibəyli Azər


Nizaminin fəzl və kamalda böyüklüyü o dərəcədədir ki, təhrirdən  qələm  və  təqrirdən  dil  acizdir.  Onun  sözündə  şirinlik, məlahət və gözəllik vardır. Odur ki, kamal sahibləri onu sevirlər.

Dövlətşah Səmərqəndi,
XV əsr təzkirəçisi


Lakin İsa nəfəs böyük Nizami, Şeiri xətm etmişdir şirin kəlamı. Məsnəvi tərzində o böyük ustad, Hikmətlər yaradıb qoymuş gözəl ad.

Əssar Təbrizi,
XIV əsr şairi


Elmdir göylərə qaldıran səni, Ağılla doldurdun öz xəzinəni. Elmin sarayına gəlməmiş, inan, Sənin tək zəkalı, hünərli insan. Bu ağıl, bu bilik şahlığı ki, var, Nizami haqqıyla zirvədə durar!

Əsirəddin Əxsitəki


<< Geri