Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi (ing.
The Nizami Ganjavi Programme for the study of languages and cultures of
Azerbaijan and the Caucasus) 2013-cü ildə Oksford Universiteti nəzdində
yaradılmışdır[1]. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin
öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə Böyük
Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış ilk
elmi-tədqiqat ocağıdır.
Azərbaycanın beynəlxalq arenada siyasi nüfuzunu nəzərə alaraq, onun
tarixi həqiqətləri və zəngin mədəniyyətini beynəlxalq elmi cəmiyyətə
çatdırılması və tanıtması böyük elmi və siyasi əhəmiyyət kəsb edir. Bu
baxımdan 2013-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz
Paşayevanın Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun, Müqəddəs
Endrüs və Nyu-York Universitetinin professoru Robert Hoylandla birgə
təşəbbüsünün nəticəsi olaraq Qərb dünyasının ən nüfuzlu tədris ocağı
olan Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına
Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması
təqdirəlayiqdir. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin
öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə Böyük
Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış ilk
elmi-tədqiqat ocağıdır.
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin əsas məqsədi mühum
strateji əhəmiyyət kəsb edən və mədəni cəhətdən təkrarolunmaz Qafqazın
qədim və eyni zamanda zəngin tarixinin öyrənilməsindəki boşluğu
doldurmaq və siyasətdən azad obyektiv şəkildə araşdırmaqdır. Programın
xronoloji və coğrafi çərçivələrinə gəldikdə isə qeyd edək ki,
araşdırmanın əsas obyekti müasir Azərbaycan ərazisi və tarixi və
həmçinin əvvəlki dövrlərdə onunla sıx əlaqədə olan qonşu dövlətlərin
1864-cü ilə qədərki tarixi olacaq.
Nizami Gəncəvi Proqramının əsas vəzifələri aşağıdakılardır:
1. Azərbaycan Albaniyasının qədim paytaxtı və Qafqazda ilk müsəlman
qarnizonlarından biri olan Bərdə şəhərində arxeoloji qazıntıların
aparılması;
2. Azərbaycan və Qafqaz tarixinə aid rus və Azərbaycan dillərində
yazılmış mühüm əsərlərin ingilis dilinə tərcüməsi və ictimaiyyətə
tanıtması
3. Oksford Universitetinin və kənardan dəvət olunmuş alimlərin iştirakı
ilə mühazirə və seminarların təşkili;
4. Azərbaycanın və Qafqazın qədim dilləri və mədəniyyətin öyrənilməsinə
yönəlmiş tədqiqatların, seminarların və xüsusi mühazirələrin
nəticələrini işıqlandırmaq və beynəlxalq elmi ictimaiyyətə çatdırmaq
məqsədi güdən saytın yaradılması və işlədilməsi;
5. Şərqşünaslıq, tarix və arxeologiya istiqamətləri üzrə elmi
araşdırmaların maliyyələşdirilməsi.
|