Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı muzeyi — 1945-ci ildə təşkil olunmuşdur. Azərbaycan şairi Nizami
Gəncəvinin adınadır. AMEA-nın tərkibindədir. Bakıdadır. Muzey 1959 və 1967-ci
illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur[2]. Azərbaycan
ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi
fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul
olur.
Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi
Ev-muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1
noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun
açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Sonradan Nizami muzeyi
Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.
Muzeyin yaradılması
Muzeyin yaradılması XX əsrin 40-cı
illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli
söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman - 1941-ci ildə Nizami
Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən - o vaxtkı blokadada
olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi. [3]
Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən
müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər,
əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi
mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir.
Ədəbiyyat tarixi muzeyində 23 zal, 6 əsas şöbə, elmi fond, konfrans zalı və s.
vardır. Ekspozisiya zallarında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli,
İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım
bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir,
Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid, Salman Mümtaz,
Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal kimi tanınmış şair və
yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm
əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanmışdır. Muzey
mütəmadi olaraq müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet və bələdçilər nəşr
etdirir.
Nizami muzeyində ardıcıl olaraq Nizami lektoriyaları,
elmi seminarlar, mühazirələr, tanınmış ictimai, elm və mədəniyyət xadimləri ilə
görüşlər təşkil edilir.
Muzeyin direktoru, AMEA-nın müxbir üzvü Rafael
Hüseynovdur.
|