E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Şərqin ilk operasının məhz Azərbaycanda yaranması qürur duyulası bir faktdır. Cahanşümul dahi bəstəkar Üzeyir bəy Hacıbəyov tərəfindən XVI əsrin böyük dühası Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılmış «Leyli və Məcnun» operası nəinki Azərbaycanda hətta bütün Şərqdə ilk opera oldu və bu janrın bünövrəsi qoyuldu.

«Leyli və Məcnun» operasının premyerasından düz 95 il keçir. Ötən əsrin əvvəllərində 22 yaşlı Üzeyir bəy elə bir əsər yaratdı ki, onun şəfəqləri bugün də bərq vurmaqdadır. Ilk milli operanın yaranma tarixi çox maraqlıdır.

Məlumdur ki, Üzeyir bəy Hacıbəyovun uşaqlıq və gənclik illəri Azərbaycanımızın tacı, Şərqin konservatoriyası sayılan Şuşa şəhərində keçmişdir. XVIII, XIX əsrlərdə, eləcə də XX əsrin əvvəllərində Şuşanın mədəni – siyasi həyatı olduqca zəngin və rəngarəng idi. O dövrlərdə Azərbaycandan kənarda – Moskvada, Peterburqda, Kiyevdə, Fransada, Almaniyada, Polşada və başqa Avropa ölkələrində şuşalı gənclər ali təhsil alır, müxtəlif ixtisaslara yiyələnirdilər. Yay aylarında isə xaricdə oxuyan bu tələbələr mütləq doğma Şuşaya qayıdır, tətillərini burada keçirir, şəhərin mədəni həyatında yaxından iştirak edir, öz töhfələrini verirdilər.

Belə yay tətillərinin birində, 1898-ci ildə görkəmli yazıçı və dramaturq Əbdurrəhim bəy Haqverdiyev Füzulinin poeması əsasında «Məcnun Leylinin məzarı üstündə» adlı səhnəni tamaşaya hazırlamışdı. Gözəl, təkrarsız səsə malik xanəndə Cabbar Qaryağdıoğlu Məcnun rolunda çıxış etmişdir.
Sonralar Üzeyir bəy Hacıbəyov özünün «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər (1938) adlı məqaləsində ilk operanın yaranma tarixi haqqında yazırdı: «Leyli və Məcnun» necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında, «Məcnun Leylinin məzarı üstündə» səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim».

Böyük bəstəkar daha sonra yazırdı ki, operada «mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi».

«Leyli və Məcnun»un partiturası yox idi. Bunu hadisələrin və vokal nömrələrinin ardıcıllığını göstərən direksion əvəz edirdi. Nota ancaq orkestr musiqisi və xor üçün xalq mahnılarından götürülmüş melodiya materialı salınmışdı. «Leyli və Məc-nun»da əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir».

Üzeyir bəyin kiçik qardaşı, tanınmış tərcüməçi, jurnalist, ictimai xadim Ceyhun bəy Hacıbəyli mühacirətdə olarkən, Fransada yaşadığı zaman bu operanın yaranmasından bəhs edərək vurğulayırdı ki, opera yazmaq ideyası qardaşım Üzeyirə məxsus idi. Sonra Ceyhun bəy yazırdı: «Qeyd etməliyəm ki, bütün bu əziyyətin çox hissəsi qardaşım Üzeyirin üstünə düşürdü. Bəzən o, gecə saat ikiyə- üçə qədər oturub işləyir, mələklərə məxsus hövsələ və inadkarlıqla səhnədə vokal musiqi ifasının harmonik ansamblını yaratmağa çalışırdı. Mən də öz imkanım daxilində ona kömək edirdim».

Qeyd etmək lazımdır ki, Ceyhun bəy operanın ilk tamaşasında Ibn Səlam və Nofəl rollarında oynamışdır.

Birinci milli operamızın ilk tamaşası 1908-ci il, yanvar ayının 12-də, yeni təqvimlə 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında keçirilmişdir. Istedadlı aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluşunda, böyük yazıçı və dramaturq Əbdür-rəhim bəy Haqverdiyevin dirijorluğu ilə hazırlanan ilk tamaşada Üzeyir bəy özü seminariya dostları – Əli Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov, Ismayılov və b. ilə bərabər orkestrdə skripkada çalmışdır. Tarda isə Qurban Pirimov və Şirin Axundov ifaçıları müşayiət etmişdilər.



 

Bəs tamaşanın rəssamı kim idi? Bu suala uzun illər cavab tapa bilməmişdik. Nəhayət, bir neçə il bundan əvvəl operanın tərtibatçı rəssamının kimliyi bizə məlum oldu. Məcnunun ifaçısı Hüseynqulu Sarabski sağlığında tanınmış alim, Ü.Hacıbəyovun publisistikasının tədqiqatçısı Mirabbas Aslanova demişdir ki, ilk tamaşanın rəssamı türk dünyasının tanınmış simalarından biri, publisist, rassam, ictimai xadim, «türkləşmək, islamlaşmaq, müasirləşmək» ideyasının müəllifi Əli bəy Hüseynzadə olmuşdur. «Bir gün Əli bəy teatra gəldi. Tamaşanın məşqləri gedirdi. Məcnunun səhra həyatını məşq edirdik. Əli bəy baxan kimi dedi ki, səhrada, kol-kosun arasında yaşayan Məcnun belə səliqəli geyimdə ola bilərmi? Mənə qayçı verin! Əli bəy qayçını götürüb, Məcnunun paltarının aşağısını bir neçə yerdən kəsdi və dedi ki, indi oldu səhrada yaşayan Məcnun. Beləliklə, tamaşanın uğurlu olmasında tərtibatçı rəssam kimi Əli bəy Hüseynzadənin də xüsusi xidməti qeyd olunmalıdır.

«Leyli və Məcnun» operasının ilk ifaçıları bunlar olmuşlar: Məcnun (Qeys) – H.Sarabski, Ümmülqeys (Məcnunun anası) – Kazımovski, Əbülqeys (Məcnunun atası) – Mirzə Muxtar, Leyli – 12 yaşlı çayçı şagirdi – Ə.Fərəcov, Ümmülleyli (Leylinin anası) – C.Vəzirov, Leylinin atası – I.Qasımov, Ibn Səlam – C.Dağıstani, Nofəl - ……, Zeyd – I.Qasımov, 7 ərəb rolunda – Məmmədov, Səfərov, Vəzirov və b.



Sonrakı tamaşalarda Üzeyir bəyin böyük qardaşı Zülfüqar bəy Hacıbəyov – Məcnunun atası və Zeyd rollarında, 1920-ci ilə qədər isə Əhməd bəy Ağdamski (Bədəlbəyov) – Leyli rolunda çıxış etmişlər.

Bütün Şərqdə ilk opera olan «Leyli və Məcnun»un premyerası böyük müvəffəqiyyətlə keçmişdir. Azərbaycanın hər yerindən, eləcə də müxtəlif şəhərlərdən əsərə baxmağa tamaşaçılar axışıb gəlirdilər. Bütün tamaşalar anşlaqla keçirdi.

1908-ci ildən bu günə qədər «Leyli və Məcnun» operası Azərbaycan səhnəsində oynanılır. Əsərin milliliyi başqa xalqların da diqqətindən yayınmamış, onların rəğbətini qazanmışdır. Bu barədə 1926-cı il, mart ayının 1-də Bakıda keçirilən I Türkoloji qurultayın nümayəndələrindən biri - başqırd Şaqirot «Leyli və Məcnun» operasına baxdıqdan sonra demişdir: «Heyrət ediləcək bir şeydir. Mən indi bildim ki, milli musiqi nə deməkdir. Leninqradda, Moskvada mən çox gözəl Avropa operası dinlədim, fəqət onları anlamırdım, onlar mənə zövq vermirdi. Bunu isə anladığıma görə böyük bir zövqlə dinlədiyimdən məmnun qaldım. O bizim başqırd havalarına oxşamasa da, onun qohum olduğunu duyuram».


Şərqdə ilk Azərbaycan Xalq cümhuriyyətinin banisi, görkəmli ictimai – siyasi xadim M.Ə.Rəsulzadə 6 noyabr 1941-ci ildə «Iki Leyli və Məcnun» məqaləsində yazırdı: «Türk klassizminin çiçəkləndiyi dövrdə ədəbi Azəri mühitindən doğan böyük türk şairi Füzulinin yaradıcılığı ilə bu dastan başda azərilər olmaqla, ədəbiyyat maraqlısı bütün türk arifləri arasında məşhur olmuşdur. Çağdaş Azərbaycan bəstəkarı Hacıbəyli Üzeyirin hümmətiylə də 1908-ci ildə opera şəklinə salınmasıyla bu hekayə Azərbaycanda geniş xalq təbəqəsi tərəfindən daha da mənimsənilmişdir. Beləliklə, bugünkü halıyla «Leyli və Məcnun» bir ərəb hekayəti olmaqdan artıq bir Azərbaycan operası kimi tanınmaqdadır».

Görkəmli qazax bəstəkarı K.Kujamyarov isə belə yazırdı: «Üzeyir Hacıbəyov haqqında danışarkən nəinki Azərbaycanda, həm də bütün Şərqdə professional musiqinin ilk başlanğıcını xatırlayıram. Onun yaradıcılığı professional elementlərlə milli musiqinin vəhdətini yaratmaq yolunda bizim hamımıza nümunədir.

Elə buna görə də Üzeyir musiqisini bütün sənətsevərlər dərin məhəbbət və rəğbətlə qarşılayırlar. Azərbaycan xalqının sevimli sənətkarı Ü.Hacıbəyovun böyüklüyü də məhz bundadır».

«Leyli və Məcnun» operası Türkiyədə, Iranda, Özbəkistanda, Türkmənistan-da, Gürcüstanda və s. ölkələrdə müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

Şərqin ilk operasında neçə-neçə aktyor və ifaçı nəsli yetişdi.95 ildir ki, Azərbaycan səhnəsi Leylilərlə, Məcnunlarla nəfəs alır, yaşayır. Bu dövr ərzində Leyli rolunda Əbdürrəhim Fərəcov, Əhməd bəy Ağdamski (Bədəlbəyov), Əhməd Qəmərlinski, Hüseynağa Hacıbababəyov, Göyərçin (Gövhər) Əliyeva, Həqiqət Rzayeva, Sona Hacıyeva, Məhbubə Paşayeva, Sürəyyə Qacar,Yavər Kələntərli, Rəsmiyyə Sadıqova, Sima Haşımova, Gülxar Həsənova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Flora Kərimova, Raziyyə Şirinova, Nəzakət Məmmədova, Yaqut Abdullayeva, Səkinə Ismayılova, Qəndab Quliyeva, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Aygün Bayramova və b., Məcnun rolunda isə Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əbülfət Əliyev, Qulu Əsgərov, Bakir Haşımov, Arif Babayev, Canəli Əkbərov, Baba Mirzəyev, Səfa Qəhrəmanov, Alim Qasımov, Mənsum Ibrahimov, Səbuhi Ibayev və başqaları ustalıqla, özlərinəməxsus məharətlə çıxış etmişdilər. Hələ bundan sonra da bu operada çox-çox Leylilər, Məcnunlar yetişəcəkdir.

Fəxarətdir ki, Üzeyir bəy Hacıbəyovun «Leyli və Məcnun» operasının şöhrəti Avropanı da dolaşmaqdadır. 95 ildən sonra «Leyli və Məcnun» Fransaya ayaq açacaq. Orada əsər fransız dilində tamaşaya qoyulacaqdır.

«Leyli və Məcnun» operasında iki nakam məhəbbətli gəncin faciəli taleyindən bəhs edilsə də, onun sənətdəki qisməti çox uğurlu olmuşdur. Ilk tamaşadan müvəffəqiyyət qazanan opera bugünə qədər də şedevr olaraq qalmaqdadır.

Illər, əsrlər, qərinələr ötəcək, Üzeyir bəy Hacıbəyov dühasının parlaq şəfəqləri müstəqil, azad Azərbaycanın üfüqlərindən Türk aləminə və Dünyaya yayılmaqda davam edəcək, bütün xalqları Üzeyir bəy sənəti qarşısında heyrətə gətirəcəkdir.
MaKu
08.08.2008, 18:59
XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurlaşdı. Böyük bəstəkarın fədakar əməyi sayəsində 1908-ci il milli opera sənətimizin tarixinə qızıl hərflərlə yazıldı. Həmin ildə "Leyli və Məcnun" operası tamaşaya qoyuldu. Beləliklə də Azərbaycan Şərqin ilk opera məkanı oldu. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatr binasında olmuşdur. Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yaradılmışdır. Ötən 98 il ərzində "Leyli və Məcnun" repertuardan düşməmiş, həmişə maraqla tamaşa edilmişdir və qoca Şərqin opera tarixinin məhz Azərbaycandan start götürdüyünü qürur hissi ilə xatırlayırıq. Sevinirik ki, bu şərəfli salnamədə öz adını pozulmaz hərflərlə nəqş etdirən dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun o zaman 22 yaşı var idi.

<< Geri