Bəşəriyyət tarixində elə sənətkarlar və
şəxsiyyətlər var ki, “...onlar özləri üçün anadan olmayıblar,
bəlkə bütün xalqa və hətta ümum insaniyyətə xeyir gətirmək
və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar
nəinki sağlığında, ... öləndən sonra da camaata mənfəət
veriblər” (Ü.Hacıbəyli. “Həqiqət” qəzeti, 1910. 14 aprel. №
82). Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dediyi
bu sözləri ilk növbədə bəstəkarın özünə aid etmək olar.
Yaradıcılığına XX əsrin əvvəllərində başlamış, həyatını isə
onun ortalarında tamamlamış Üzeyir Hacıbəylinin musiqisi və
bütövlükdə yaradıcılığı biz musiqiçilər üçün və ümumən
Azərbaycan xalqı üçün nə deməkdir? Bu gün tam qətiyyətlə deyə bilərik ki, artıq bir əsrdən çox vaxt ərzində çalınan,
səslənən Ü.Hacıbəyli musiqisi Azərbaycan xalqının canına,
qanına sirayət edərək onun bədii mədəniyyətinin ayrılmaz
hissəsinə çevrilmişdir. Necə ki, Üzeyir bəy xalq musiqimiz
haqqında deyirdi ki, ona həmişə “ruh yüksəkliyi və aydınlıq
ehtizazı, sabahkı qalibiyyətə möhkəm inam, mənəvi büllurluq,
alicənablıq, şücaət və qəhrəmanlığı tərənnüm etmək xas
olmuşdur”, eləcə də Hacıbəylinin musiqisi üçün də bu
cəhətlərlə bərabər, günəş kimi parlaqlıq, əlvanlıq xas
olmuşdur. Bütün bu xüsusiyyətlər onun musiqisinin
mahiyyətini təşkil etmişdir.
Sənətdə, musiqi mədəniyyətində millilik və beynəlmiləlçilik
anlayışını Ü.Hacıbəyli daha qlobal, Qərb və Şərqin, dünya və
milli mədəniyyətlərinin nailiyyətlərinin üzvü sintezi kimi
başa düşürdü və həll edirdi.
Azərbaycan musiqisinin gələcək yolu da məhz Ü.Hacıbəylinin
irəli sürdüyü, əsasını qoyub apardığı yol oldu. Bu gün
Azərbaycan musiqisinin beynəlmiləl əhəmiyyət kəsb etməsində
Ü.Hacıbəyli yaradıcılığının və şəxsiyyətinin böyük rolu
vardır.
Ü.Hacıbəyli dahi bəstəkar, Azərbaycanın, eləcə də Şərq opera
sənətinin
banisi, “Leyli və Məcnun”, “Koroğlu” kimi təkrarsız
operaların müəllifi, böyük musiqişünas - alim, bütöv
musiqi-estetik konsepsiya yaratmış nəzəriyyəçi, “Azərbaycan
xalq musiqisinin əsasları” adlı elmi-nəzəri risalənin
müəllifi, görkəmli dramaturq, “Ər və arvad”, “O olmasın, bu
olsun”, “Arşın mal alan” operettalarının əlvan, günəşli
musiqisi ilə bərabər, həm də bu əsərlərin librettolarının
müəllifi, alovlu publisist, jurnalist, saysız-hesabsız
dəyərli məqalələrin müəllifi, gözəl pedaqoq, Azərbaycan
bəstəkarları və musiqişünaslarının istedadlı nəslinin
müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər
Akademiyasının elmi- tədqiqat İncəsənət İnstitutunun rəhbəri,
Akademiyanın musiqi üzrə ilk həqiqi üzvü, yorulmaz ictimai
xadim, Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçısı,
onun rektoru və professoru, ilk çoxsəsli xorun, ilk notlu
xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin, musiqi
texnikumunun yaradıcısı idi. O, Azərbaycan Dövlət
himnlərinin müəllifi olmuş, Azərbaycan SSR-nin Xalq artisti,
Dövlət mükafatları
laureatı idi.
Bütün bunlar bizə haqq verir deyək ki, XX əsrin xalqımıza
bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan
biri Üzeyir Hacıbəylidir. Ona Şərq və Qərb musiqi
mədəniyyətləri arasında keçilməz səddi aradan götürmək,
Azərbaycan musiqisinin gələcək inkişaf yolunu və estetik
prinsiplərini müəyyənləşdirmək nəsib olmuşdur. Yer kürəsinin
milyonlarla insanları Hacıbəyli musiqisinə qulaq asaraq,
bütün kökləri ilə öz xalqının folkloru ilə bağlı olan və
dünya musiqi mədəniyyətinin nailiyyətlərini mənimsəyən
sənətkarın yaradıcılığına bələd olurlar. Bu yaradıcılıqda
Şərqin və Qərbin musiqi ənənələrinin vəhdəti parlaq bədii
obrazlarla əks olunmuş, yüksək humanizm idealları,
xeyirxahlıq, xalqlar dostluğu tərənnüm edilmişdir.
Biz XXI əsrdən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin
yaradıcılıq yoluna nəzər salsaq, onun təkrarsız, parlaq
yaradıcılığının əsas sütunları və mərhələləri kimi, xüsusən
“Leyli və Məcnun” operasını, “Arşın mal alan” operettasını,
“Koroğlu” operasını və “Azərbaycan xalq musiqisinin əsasları”
elmi əsərini göstərə bilərik. Məhz bu əsərlərin yalnız onun
yaradıcılığı üçün deyil, bütün Azərbaycan musiqisi üçün
önəmli mərhələ əsərləri olduğunu qeyd etməliyik. Şübhəsiz,
biz bəstəkarın digər əsərlərinin - “Əsli və Kərəm” və başqa
muğam operalarının, “Məşədi İbad” operettasının, “Şur” və
“Çahargah” fantaziyalarının, “Aşıq sayağı” triosunun,
kantatalarının, “Sənsiz” və “Sevgili canan” musiqi
qəzəllərinin və digər vokal və instrumental əsərlərinin, hər
iki himninin və sadalamadığımız bir çox əsərlərinin böyük
dəyərini və rolunu inkar etmək fikrində deyilik. Amma “Leyli
və Məcnun”un Azərbaycanda və eləcə də Şərqdə opera sənətinin
əsasını qoyduğunu, “Arşm mal alan”ın lirik-komik
operettasının zirvəsi olduğunu və dünya şöhrəti qazandığını,
“Koroğlu”nun klassik epik-qəhrəmanı operasının ənənələrini
davam etdirən şah əsəri olduğunu, “Azərbaycan xalq
musiqisinin əsasları” elmi əsərinin Azərbaycanın ənənəvi
şifahi musiqisini araşdıran və onun haqqında yazılan ilk
elmi əsər olduğunu bir daha vurğulayaraq, dediyimiz kimi,
məhz bu əsərlərin bəstəkarın yaradıcılığı üçün və həm də
Azərbaycan musiqisi üçün çox önəmli mərhələ və dönüş
əsərləri olduğunu bir daha qeyd etmək istərdik. Təsadüfi
deyil ki, bu il, yəni 2008-ci ildə 100 yaşlı “Leyli və
Məcnun”un yubileyi YUNESKO xətti ilə bütün dünyada bayram
edilir.
* * *
Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Qarabağın
Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseynin ailəsində
doğulmuşdur. Tezliklə Üzeyirin ailəsi Şuşa şəhərinə köçür.
Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa qədimdən
bəri özünün musiqi və ədəbi ənənələri ilə məşhur idi.
Kiçik Üzeyir üçün də Şuşanın musiqi və poeziya hopmuş
ab-havası
yaradıcılıq beşiyi olmuşdur. Burada Vaqif, Xurşudbanu
Natəvan, Zakir,
Ə.Haqverdiyev, N.Vəzirov, Y.Çəmənzəminli, F.Köçərli kimi
şair və yazıçılar, məşhur alim, şair, musiqişünas, rəssam
Mir Möhsün Nəvvab, gözəl tarzən və bu aləti təkmilşədirən
Sadıqcan, məşhur xanəndə və tarzənlər Məşədi İsi, Hacı Hüsü,
Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məmməd Fərzəliyev,
Məcid Behbudov, İslam Abdullayev, Seyid Şuşinski və bir
çoxları yaşayıb yaradırdılar.
Xurşidbanu Natəvan, Həsənbəy Zərdabi, Cabbar Qaryağdıoğlu -
Azərbaycan mədəniyyətinin üç korifeyi, Üzeyirin yaşlı
müasirləri idi. Bu üç böyuk xadimin üçü də sanki Üzeyir
ömrünün ilkin dövrünə işıq saçmışlar. Cabbarın Məcnunu
gözəlliyə həssas olan uşağın qəlbinə ilk sənət toxumları
səpmişdir. Az sonra Natəvan onun təhsilinə xeyir-dua vermiş,
on ildən sonra isə Həsənbəy Zərdabi istedadlı gəncin opera
yaratmaq arzusuna havadar çıxmışdır.
Üzeyir Hacıbəylinin ilk sənət uğurlarını qeyd edənlər
arasında xalqımızın böyük oğlu Nəriman Nərimanov da var idi.
Xalqımızın iftixarı olan başqa böyük - şəxsiyyəti ədib Mirzə
Cəlil Məmmədquluzadə də “Molla Nəsrəddin” jurnalının
səhifələrində özünəməxsus bir üslubda “Arşm mal alan”ın
geniş şöhrətindən ürək dolusu söz açırdı. Üzeyir Hacıbəylini
Mirzə Cəlillə, Sabirlə, Haqverdiyevlə, ümumən “Molla
Nəsrəddin” ədəbi məktəbi ilə bağlayan mənəvi yaxınlıq, əqidə
birliyi onların şəxsi dostluq münasibətlərini də
möhkəmləndirdi.
Üzeyirin atası Əbdülhüseyn Hacıbəyli və anası Şirin xanım
Əliverdibəyova öz uşaqlarını musiqi və poeziyaya məhəbbət
ruhunda tərbiyə edirdilər. Bu məhəbbət ailənin məşhur şairə
Xurşudbanu Natəvanla əlaqəsi nəticəsində daha da
möhkəmlənmişdir.
İlk təhsilini Üzeyir Şuşanın ikisinifli rus-Azərbaycan
məktəbində almışdı. Üzeyirin ilk musiqi müəllimi onun dayısı,
Azərbaycan musiqisinin böyük bilicisi Ağalarbəy
Əliverdibəyov olmuşdur. Üzeyirin yaxşı səsi var idi və o,
xalq mahnılarını və muğamları gözəl ifa edirdi. Onun səsi
hətta fonoqrafa yazılmışdı. 13 yaşlı Üzeyir “Məcnun Leylinin
məzarı üzərində” səhnəsini müşayiət edən oğlanların xorunda
iştirak etmişdi. Səhnəni məşhur xanəndə Cabbar
Qaryağdıoğlunun iştirakı ilə dramaturq Ə.Haqverdiyev
qoymuşdu. Bu səhnə kiçik Üzeyiri elə həyəcanlandırmışdı ki,
bəstəkarın özünün etirafına görə, bir neçə ildən sonra, ilk
musiqi səhnə əsərinin – “Leyli və Məcnun” operasının
yaranması üçün əsas təkan olmuşdur.
1896-cı ildə Üzeyir özünün böyük qardaşı Zülfüqar və əmisi
Hacıbəy Hacıbəyli ilə birlikdə şairə Xurşudbanu Natəvanla
görüşmüşlər. Bu görüş haqda Natəvanın arxivində saxlanılan
sənəd xəbər verir. Bu sənədi Zülfüqar Hacıbəyli yazmış,
Üzeyir Hacıbəyli isə onun doğruluğunu təsdiq etmişdir.
Zülfüqar Hacıbəyli bu sənəddə belə yazır:
“Keçmişdə verdiyim qeydə əlavə olaraq təsdiq edirəm ki,
1896-cı ildə qardaşım Üzeyir Hacıbəyli ilə bərabər... Qori
şəhərinin müəllimlər məktəbinə imtahan vermək üçün Tbilisi
şəhərinə yola düşərkən əmim Hacıbəy Hacıbəylinin
vasitəsi və müşayiəti ilə o vaxt xan qızı Xurşudbanı bəyimin
(Natəvanın) yanına gəldik ki, bizə xeyir-dua versin” (Natəvanın
arxivi. Azərb.MEA-nın Əlyazmalar fondu).
Bu sənəd Üzeyir Hacıbəylinin tərcümeyi-halı üçün, gələcək
bəstəkarın məşhur şairə Xurşudbanı Natəvanla görüşü faktının
təsdiqi üçün vacibdir.
(Lakin qeyd edək ki, Üzeyir Qori seminariyasına həmin il yox,
üç ildən sonra, artıq Natəvanın ölümündən sonra 1899-cu ildə
daxil olmuşdur).
1899-cu ildən 1904-cü ilə qədər Üzeyir Hacıbəyli Qori
müəllimlər seminariyasında oxumuşdur. Burada o, dünya
mədəniyyəti ilə tanış olur, rus və Qərbi Avropa
klassiklərinin dahi əsərlərini mənimsəyir.
O, seminariyada skripka və baritonda çalmağı öyrənir, xalq
mahnılarının nümunələrini nota yazır. Üzeyir Hacıbəylinin
dünyagörüşünün formalaşmasında seminariya illəri böyük rol
oynamışdır. Burada onun humanist ideyalarının və
inqilabi-demokratik görüşlərinin əsası qoyulmuşdur.
Seminariyanı bitirdikdən sonra Üzeyir bir neçə vaxt Hadrut
kəndində müəllim işləyir. 1905-ci ildə inqilab ərəfəsində o,
Bakıya gəlir, Bibiheybət neft rayonunda fəhlələrin
uşaqlarına dərs deyir. Onun ictimai-siyasi və maarifçi
fəaliyyəti başlanır.
Müəllimlik fəaliyyətinə yaradıcı yanaşan Hacıbəyli hesabdan
Azərbaycan dilində dərslik tərtib edir, N.V.Qoqolun “Şinel”
əsərini doğma dilinə tərcümə edir, bir sıra hekayə və
miniatürlər yazır, 1907-ci ildə “Siyasi, hüquqi, iqtisadi və
hərbi sözlərin türkü-rusi və rusi-türkü” lüğətini yazır (Lüğət
Bakıda 1907-ci ildə Orucov qardaşlarının mətbəəsində çap
olunmuşdur). Lüğət ictimai-siyasi, fəlsəfi terminlərin
tərtibində, eləcə də demokratik ideyalarının təbliğində
əhəmiyyətli rol oynamışdı. Lüğətdə sosializm,
internasionalizm, revolyusiya, demokratiya və s. kimi
sözlərin mənası aydınlaşdırılır.
Ü.Hacıbəyli öz fəaliyyətinə maarifçi-demokrat cəbhəsinin
fəal nümayəndələrindən biri kimi başlamışdır. “İrşad”, “Həqiqət”,
“Tərəqqi”, “Yeni iqbal”, “Kaspi”, “Molla Nəsrəddin” kimi
jurnal və qəzetlərin səhifələrində dərc
olunmuş məqalə və felyetonlarında Hacıbəyli dövrün aktual
məsələlərinə - xalqın
maarifi uğrunda mübarizə, milli dil problemi, rus
mədəniyyətinə münasibət və s. kimi problemlərə toxunmuşdur.
O, ən aktual siyasi mövzulara: Rusiyada 1905-ci il inqilabı,
İran inqilabı və s. haqda yazırdı. Onun felyetonları
“Ordan-burdan” ümumi başlıq və “Filankəs”, “Üzeyir”,
“Bəhmənkəs” və s. müxtəlif təxəllüslərlə dərc olunurdu.
Onun “Qədirşünaslıq”, “Biz hamımız qafqazlı balalarıyıq”
məqalələri, “Ordan-burdan”, “Filankəs” imzası ilə çıxan
yazıları, 1917-ci ildə “Kaspi” qəzetinin səhifələrində dərc
olunmuş musiqi teatrı haqqında silsilə məqalələri (“Səhnənin
tərbiyəvi əhəmiyyəti haqqında”, “Opera və dramın tərbiyəvi
əhəmiyyəti haqqında”), “Azərbaycan” qəzetində çıxan bir sıra
yazıları bu dövrün qiymətli məhsuludur. Ü.Hacıbəylinin
inqilabdan əvvəl yazdığı publisistik əsərləri və
operettaları onun
Azərbaycan mədəniyyətində M.F.Axundovun inqilabçı-mütərəqqi
ənənələrini davam etdirdiyini, C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ə.Haqverdiyev kimi demokrat yazıçıların məslək dostu
olduğunu, rus inqilabçı demokratların təsiri altında yazıb
yaratdığını göstərir. Ü.Hacıbəyli yazılarında dəfələrlə bu
görkəmli şəxsiyyətlərin əsərlərinə müraciət etmişdir.
Ü.Hacıbəyli publisistikasının əsas pafosu xalqın gücünə
böyük inamdan ibarət idi. Publisist Hacıbəylinin ehtiraslı
qələmi çox illər bu ideyalara sadiq qulluq edirdi.
* * *
Ü.Hacıbəylinin ilk musiqi əsəri unikal “Leyli və Məcnun”
operasıdır. Unikal ona görədir ki, bu əsər Şərqdə, eləcə də
Azərbaycanda opera sənətinin əsasını qoymuşdur, unikal ona
görədir ki, bu əsərdə Azərbaycan professional bəstəkarlıq
məktəbinin bünövrəsi qoyulmuşdur, unikal həm də ona görədir
ki, muğamlara əsaslanaraq, “Leyli və Məcnun” musiqimizdə
muğam operasının təməlini qoydu. Bu operadan sonra
Ü.Hacıbəylinin “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Şah Abbas və
Xurşudbanu”, “Harun və Leyla”, M. Maqomayevin “Şah İsmayıl”,
Z.Hacıbəylinin “Aşıq Qərib” muğam operaları yarandı. Lakin
bu operaların arasında “Leyli və “Məcnun”un Azərbaycan
musiqisi tarixində oynadığı rol, xalqımızın qəlbində tutduğu
yer xüsusidir.
Bir əsrdən artıqdır ki, bu opera səhnədən düşmür, yeni-yeni
ifaçılar – Leylilər, Məcnunlar nəsli yetişir. 22 yaşlı gənc
Üzeyir Hacıbəylinin yaratdığı “Leyli və Məcnun” operasının
100 il ərzində daimi, stabil uğurunun sirri, səbəbi nədədir?
Qədim muğamlarımızın gözəlliyində, təkrarsızlığında, yoxsa
dahi Füzulinin eyni adlı poemasında, qəzəllərində, ya da
gənc Üzeyirin operaya yazdığı musiqi parçalarında, bəlkə o
vaxtlar Hüseynqulu Sarabskinin yaratdığı təkrarsız Məcnun
rolunda? Daha
doğrusu, bunların ayrı-ayrılıqda heç birində, eyni zamanda
hamısında, onların
vəhdətində. Üzeyir bəyin istedadı bunların hamısının
vəhdətini, sintezini yarada bilmişdir.
İlk Azərbaycan operasının əsas və xarakter xüsusiyyəti həm
də ondan ibarət idi ki, bu əsərdə Ü.Hacıbəylinin özünün
bəstələdiyi musiqi ilə xalq musiqisini bir- birindən ayıran
səddi tapmaq mümkün deyildi. “Leyli və Məcnun” operasının bu
xüsusiyyətini qeyd edən Ü.Hacıbəyli yaradıcılığının ilk
tədqiqatçılarından olan V.Vinoqradov yazırdı: “Folklorun
bəstəkarlıq yaradıcılığına keçməsinə musiqi tarixində bundan
bariz nümunə tapmaq çətindir” (В.Виноградов. Узеир
Гаджибеков и азербайджанская музыка. М. Музгиз 1938, с. 14).
“Leyli və Məcnun”da Ü.Hacıbəylinin özünün bəstələdiyi musiqi
fraqmentləri əsasən orkestr üçün yazılmış epizodlar,
muğamların girişi və sonluqları, III və IV pərdələrə
yazılmış giriş musiqisi və s. idi. Bu hissələr o qədər xalq
musiqi ruhuyla aşılanmış və onun nümunələriylə üzvü vəhdət
təşkil etmişdir ki, onları klassik
muğam və təsniflərdən ayırmaq çətin idi. Bu da bəstəkarın
artıq ilk əsərində xalq musiqisinin üslub xüsusiyyətlərinin,
onun lad-intonasiya əsasına sərbəst yiyələnməsini sübut
edirdi.
“Leyli və Məcnun”un premyerası 1908-ci ildə Bakıda
H.Z.Tağıyevin teatrında olmuşdur.
XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin
poemasının süjeti əsasında yaranmış bu opera, orta əsrin
feodal cəmiyyətinin ehkamlarına qarşı yüksək humanist
idealları, əsl insani hisslərin gözəlliyini tərənnüm edirdi.
Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasının musiqisində
Füzuli poemasının lirik və romantik ruhunu, ümumi
tonallığını böyük ilhamla verə bilmişdir.
“Leyli və Məcnun” operasında musiqi poeziyanı rövnəqləndirir,
poeziya isə musiqini yüksəldir. Elə bil müxtəlif əsrlərdə
yaşamış iki böyük sənətkar bir-birinə yaxınlaşmış, əbədi
məhəbbəti tərənnüm edən bir əsərdə qovuşmuşlar.
Opera janrının xüsusiyyətilə əlaqədar Hacıbəyli əsərin
librettosunu yazarkən Füzuli poemasının mətnini xeyli
ixtisar etmişdi. O, başqa dövrün sənətkarı kimi XVI əsrin
poemasına müraciət edərkən bu orta əsr əsərinə münasibətini
bildirmişdi.
“Leyli və Məcnun”un ilk tamaşasının maraqlı tarixi vardır.
Professional ifaçı qüvvələrinin yoxluğundan qəribə vəziyyət
alınırdı. Dirijor pultunun arxasında məşhur dramaturq
Əbdürrəhimbəy Haqverdiyev dayanmışdı. Əsərin müəllifı Üzeyir
Hacıbəyli orkestrdə skripka çalırdı. Hacıbəylinin Qori
seminariyasındakı yoldaşlarından bir çoxu, maarif və
mədəniyyət xadimləri, müəllimlər orkestrdə çalır, xorda
oxuyurdular. Bunlardan Ə.Terequlovu, A.Qasımovu, F.Ağayevi
və başqalarını göstərmək olar.
İlk tamaşanın rejissoru H.Ərəblinski, Məcnun rolunun ifaçısı
Hüseynqulu Sarabski idi. H.Sarabski uzun illər boyu bu rolun
gözəl və əvəzsiz ifaçısı olmuşdur. Tamaşanın təşkilatçıları
böyük çətinliklərlə rastlaşmışdılar. Bu çətinliklərdən biri
də Leyli roluna ifaçı tapmaq məsələsi idi. Axı müsəlman
qayda-qanunlarına görə qadınlar səhnəyə buraxılmırdı. Uzun
axtarışlardan sonra tamaşanın təşkilatçıları Əbdürrəhim
Fərəcov adlı gözəl səsə malik bir aşpaz şagirdinə rast
gəldilər, o da Leyli rolunu yalnız premyerada ifa etdi.
Sonrakı tamaşalarda bu rolu müvəffəqiyyətlə ifa edən
Ə.Ağdamski oldu.
“Leyli və Məcnun”da muğamlar, ariyalar, ariozo, reçitativlər,
ansamblları əvəz edərək, demək olar ki, bütün iştirakçıların
partiyasında vardır. Ü.Hacıbəyli bu operada muğamlara və
onların şöbələrinə müraciət edərkən, onlardan kor-koranə
istifadə etməmiş, zəngin muğam xəzinəsindən yalnız o
muğamları seçmişdir ki, onlar müəyyən səhnələrin ümumi
əhvali-ruhiyyəsinə və personajların xasiyyətinə uyğun gəlsin.
Əgər əvvəllər xanəndələr tərəfindən oxunan bu muğamlar
konsert ifasında mücərrəd bir halı, əhvali-ruhiyyəni,
məsələn, məhəbbəti, sevinci, kədəri ifadə edirdilərsə, bu
operada həmin muğamlar əsərin ümumi məzmununa tabe olaraq
ilk
dəfə səhnədəki hərəkətlə, aktyor oyunu ilə birləşərək,
operanın məzmununun açılmasına, onun əhvali-ruhiyyəsinin əks
edilməsinə kömək edən musiqi vasitəsi olmuşdu. Bu da “Leyli
və Məcnun”un əsas müvəffəqiyyətlərindən biri sayıla bilər.
Üzeyir Hacıbəyli ilk dəfə operaya vacib, dramaturji
əhəmiyyəti olan xorları daxil edir.
Ü.Hacıbəyli “Leyli və Məcnun”da opera janrının və musiqinin
digər formalarının möhkəm təməlini qoymaqla bərabər, həm də
Azərbaycan milli harmoniyasının və polifoniyasının əsasını
da yaratmışdır. Ü.Hacıbəyli ilk dəfə bu operada
çoxsəsliliyin sadə formalarını Azərbaycan xalq musiqisinin
təksəsli quruluşu ilə uyğunlaşdırmış və bununla da bəstəkar
Azərbaycan ladlarını major və minor sistemiylə birləşməsinə
nail olmuşdu. Şərq və Qərb lad sistemlərinin vəhdətinin
həyata keçirilməsi, sonrakı illərdə həm Ü.Hacıbəylinin özü
üçün, həm də digər Azərbaycan bəstəkarlarının yaradıcılığı
üçün xarakter oldu.
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının əhəmiyyəti
Azərbaycan musiqi tarixində oynadığı misilsiz rolu ilə
məhdudlaşmır. Onun bir sıra Şərq xalqlarının müasir
professional musiqi mədəniyyətinin yaranmasında da mühüm
rolu olmuşdur. Hələ inqilabdan əvvəl Azərbaycan artistləri
bu operanı Zaqafqaziyada, Orta Asiyada və İranda
göstərmişlər. Hər yerdə bu opera böyük hərarətlə
qarşılanmışdı.
“Özbək musiqisinin inkişaf yolları” kitabının müəllifi
S.Ginzburq yazırdı ki, “Xalq ənənəsi ilə rus mədəniyyəti
nailiyyətlərinin, vəhdəti nəticəsində ilk milli opera “Leyli
və Məcnun”u yaratmış Azərbaycan teatrının qabaqcıl
xadimlərinin təcrübəsi özbək ziyalılarına böyük təsir
göstərmiş və onlarda eyni səpkili özbək əsərləri görməyə
canlı həvəs oyatmışdır” (С.Гинзбург. Пути развития узбекской
музыки. М-Л., «Искусство», 1946, с. 22).
Məhz bu operadan sonra Özbəkistanda da R.Qliyer və Q.Sadıxov
tərəfindən həmin əfsanə əsasında “Leyli və Məcnun” operası
yaranmışdı. Bu operanın
musiqisini də xalq yaradıcılığının nümunələri və makomlar
təşkil edirdi.
“Leyli və Məcnun” operasının müvəffəqiyyətindən ruhlanan
Ü.Hacıbəyli
1909-cu ildən 1915-ci ilə qədər beş muğam operası – 1909-cu
ildə “Şeyx Sənan”,
1910-cu ildə “Rüstəm və Söhrab”, 1912-də “Şah Abbas və
Xurşudbanu” və həmin ildə “Əsli və Kərəm”, 1915-də “Harun və
Leyla”nı yazdı. Bu operaların librettosunu o, xalq
dastanları əsasında, “Rüstəm və Söhrab” operasını isə
Firdovsinin “Şahnamə”si əsasında yazmışdır.
Dünya musiqi sənətində nadir hadisə olan “Muğam operaları”,
yalnız Ü.Hacıbəylinin yaradıcılıq yolunda deyil, bütün
Azərbaycan musiqi sənətinin inkişafında böyük rol oynamışdır.
Bu gün biz “muğam operası”nı köhnəlmiş və şifahi xalq
yaradıcılığından bəstəkarlığa keçid dövrü kimi deyil, milli
opera janrının müstəqil inkişaf yolu kimi qiymətləndiririk.
Azərbaycan simfonik muğamı kimi, bu janr da, müasir şəraitdə,
müasir tələblərə uyğun olaraq davam etdirilə bilər.
* * *
Üzeyir Hacıbəylinin yaradıcılığında və Azərbaycan musiqi
sənətinin inkişafında bəstəkarın inqilabdan əvvəl yazdığı
“Ər və arvad” (premyerası 1910-cu il
10 may), “O olmasın, bu olsun” (premyerası 1911-ci il 25
aprel), “Arşın mal alan” (premyerası 1913-cü il 25 oktyabr)
operettaları xüsusi yer tutur. Operetta janrına müraciət
etmənin səbəbini Hacıbəylidən soruşduqda o, belə cavab
vermişdir: “Musiqinin qüvvəsinə inam və musiqi vasitələri
ilə ictimai-məişət eyblərini qamçılamaq həvəsi, musiqidə
Azərbaycan ziyalılarının proqressiv qüvvələrinin ətalət və
mədəniyyətsizliyə qarşı mübarizəsini əks etdirmək səyi məni
komik musiqi janrı - operettanı yaratmağa sövq etdi (X.Ağayeva.
Üzeyir Hacıbəyov. Bakı, 1955, s. 68).
Ü.Hacıbəylinin operettalarını Qərbi Avropa operasının
musiqili səhnə janrları, İtaliyada - opera-buff, Fransada -
opera-komik, Almaniyada - zinqşpil, Rusiyada - komik opera
janrları ilə müqayisə etmək olar. Lakin bu operettaların
əhəmiyyətini Azərbaycan mədəniyyətinin tarixində
M.F.Axundovun komediyaları ilə, “Molla Nəsrəddin” jurnalının
felyetonları ilə, Ə.Əzimzadə karikaturaları ilə, M.Ə.Sabirin
poeziyası ilə müqaysiə etmək daha doğru olar.
Azərbaycan artistlərinin Türkiyədə qastrolu vaxtı, “O
olmasın, bu olsun” və “Arşın mal alan”ı görən məhşur türk
yazıçısı Rəşad Nuri Güntəkin öz məqaləsində Hacıbəyli
operettalarının yumorunu böyük fransız komediyanəvisi
Molyerin əsərləri ilə müqayisə edirdi (Rəşad Nuri Güntəkin.
Azərbaycan teatrı. “Türk sənət jurnalı, Böyük məcmuə”.
İstanbul, 1919, № 1).
Ü.Hacıbəyli ilk iki operettasını yazdıqdan sonra 1911-ci
ildə musiqi təhsilini davam etdirmək üçün Moskvaya gedir və
filarmoniya nəzdində pullu kurslarda solfeciodan
N.M.Laduxinlə, harmoniyadan isə N.N.Sokolovski ilə məşğul
olur.
Lakin çox tez ağır maddi şərait üzündən o təhsilini
dayandırıb Bakıya qayıtmağa
məcbur olur. 1913-cü ildə o, yenidən oxumağa, bu dəfə
Peterburq
Konservatoriyasına gedir.
Hacıbəylinin konservatoriyada harmoniya üzrə müəllimi böyük
rus bəstəkarı N.A.Rimski-Korsakovun tələbəsi V.P.Kalafatti
idi. Fortepiano və orqan üzrə dərslərini isə Hacıbəyli
konservatoriyanın görkəmli müəllimləri V.V.Şerbakov və
Y.Y.Qandşindən alırdı. Hacıbəyli Peterburq
konservatoriyasında təəsüf ki, çox az müddət, cəmi altı ay
oxumuşdur. Lakin bu kiçik müddət də ona çox şey vermişdir.
Bu vaxt Hacıbəyli üçün əldə edilən başqa biliklər ilə yanaşı,
həm də “eşitmə təəssüratlarının zənginliyi” mənadan dolğun
idi.
Hacıbəyli Peterburqda geniş, beynəlxaq şöhrət qazanan üçüncü
operettası
“Arşın mal alan”ı yazır. Hacıbəylinin yazdığı, operettaların
ədəbi mətnində gənc,
sevgililərin surətləri məişət planında, parlaq nikbin
çalarlarla verilmişdir. Əgər “Leyli və Məcnun”da, “Əsli və
Kərəm”də Hacıbəyli cəmiyyəti taqsırlandıraraq öz
qəhrəmanlarının faciəvi taleyini göstərirsə, operettalarda
o, cəmiyyətə şən, həm də acı (xüsusilə “O olmasın, bu
olsun”da) gülüşlə gülür.
Muğam operalarından fərqli olaraq Ü.Hacıbəyli operetta
janrında, demək olar ki, xalq musiqisindən sitat gətirmir,
lakin bu əsərlər folklor intonasiyaları, döngələri, üsulları
ilə zəngindir. Bəstəkar xalq musiqisinin ruhunu, özü də
peşəkar səviyyədə, xüsusilə “Arşın mal alan”da yaradır.
Ü.Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan”
operettaları dünyanın bir çox dillərinə tərcümə edilmiş və
dəfələrlə ekranlaşdırılmışdır. “Arşın mal alan” 50-dən artıq
ölkənin 120-dən çox səhnəsində qoyulmuşdur, 70-dən artıq
dildə Ü.Hacıbəylinin təkrarsız musiqisi səslənmişdir “Arşın
mal alan”ın librettosu ingilis, rus, ukrayna, belarus, gürcü,
erməni, türk, fars, çin, polyak, bolqar, hətta udin və s.
dillərə tərcümə edilmişdir. “Arşın mal alan” Nyu-York,
Çikaqo, Boston, Filadelfiya, Paris, London, Berlin, Ankara,
Tehran, Qahirə, Varşava, Sofiya, Pekin və s. şəhərlərdə
tamaşaya qoyulmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 2006-cı
ilin payızında Vyana şəhərinin səhnəsində “Arşın mal alan”ın
yeni tamaşası göstərilmiş və həmçinin Vyananın gozəl
guşələrinin birində bəstəkarın büstu qoyulmuşdur.
“Arşın mal alan”ın ekran həyatı da çox maraqlı olmuşdur. Bu
operetta əsasında ilk bədii film 1916-cı ildə Q.Belyakov,
1917-ci ildə B.Svetlov tərəfindən çəkilmişdir. ABŞ-da erməni
rejissoru R.Mamulyan tərəfindən ekranlaşdırıldı. 1937- ci
ildə “Arşın mal alan” ABŞ-ın bir sıra şəhərlərində ermənilər
S.Vartyan və S.Maqalyan “Arşın mal alan”ın erməni dilində
tamaşalarını qoymuş və böyük qazanc əldə etmişlər. “Arşm mal
alan” “erməni operettalarının kraliçası” adlandırılmışdır,
afişalarda və titrlərdə operettanın müəllifi Ü.Hacıbəylinin
adı isə göstərilməmişdir.
1945-ci ildə Bakı kinostudiyasında (indiki Azərbay-canfilm)
çəkilmiş ağ-qara “Arşın mal alan” musiqili filmi dünyada
geniş şöhrət qazandı. Ssenari müəllifi S.Rəhman, quruluşçu
rejissorlar R.Təhmasib və N.Leşenko, operatorlar
Ə.Atakişiyev və M.Dadaşov, musiqi redaktoru Niyazi idi. Baş
rollarda R.Behbudov (Əsgər), L.Cavanşirova (Gülçöhrə),
Ə.Hüseynzadə (Soltan bəy), M.Kələntərli (Cahan xala),
L.Abdullayev (Vəli), İ.Əfəndiyev (Süleyman bəy),
F.Mehrəliyeva (Telli) və b. çəkilmişlər. “Arşın mal alan”
filminə görə (1945) onun yaradıcı qrupu və bəstəkarı
Ü.Hacıbəyli SSRİ mükafatına layiq görülmüşlər.
Bu filmin bütün dünyada şöhrət qazanmasında şübhəsiz ki,
Üzeyir bəyin gözəl musiqisi ilə bərabər uğurlu aktyor
tərkibinin rolu böyükdür və ilk növbədə SSRİ-nin Xalq
artisti R.Behbudov Əsgər rolunun təkrarsız ifaçısı kimi qeyd
olunmalıdır.
1960-ci ildə “Arşın mal alan” operettası Bakıda yenidən
ekranlaşdırılmışdır. Rejissor T.Tağızadə tərəfindən çəkilmiş
bu film (ssenari müəllifləri M.Dadaşov və T.Tağızadə) rəngli
idi. Filmin musiqi redaktoru F.Əmirov, baş rolları
H.Məmmədov
(Əsgər), L.Şıxlinskaya (Gülçöhrə), M.Q.Yegiazarov (Süleyman),
A.Qurbanov
(Soltan bəy), N.Məlikova (Cahan xala), S.İbrahimova (Telli)
və b. ifa etmişlər.
Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettası isə 1919-cu
ildə Yaltada, ikinci dəfə 1956-cı ildə “Azərbaycanfilm”
kinostudiyasında ekranlaşdırılmışdır.
Üzeyir Hacıbəylinin mütərəqqi ictimai xadim kimi, həm də
bəstəkar kimi yetişməsində həyatının Moskva və Peterburq
dövrünün müstəsna rolu olmuşdur. Moskvada musiqi kurslarında
oxuduğu qısa müddət, Peterburqda, görkəmli rus bəstəkarı
Qlazunovun rəhbərlik etdiyi konservatoriyada təhsil dövrü -
Hacıbəylinin bəstəkar kimi püxtələşməsində böyük əhəmiyyətə
malikdir.
Hacıbəyli klassik rus və Avropa bəstəkarlarının sənətini
yüksək dəyərləndirdiyi kimi, onun öz sənəti də ən mötəbər
musiqiçilər tərəfındən layiqincə qiymətləndirilmişdir.
Şostakoviç, Qliyer, Şaporin, Xrennikov kimi görkəmli
bəstəkarlar, Belyayev, Vinoqradov, Ginzburq, Keldış, Korev,
Xubov, Rıjkin kimi ciddi musiqişünaslar, Moskvin, Kaçalov,
Paşennaya, Leonidov, Reyzen kimi müqtədir aktyorlar, Vesnin
kimi məşhur memar, “Lyubov Yarovaya” pyesinin müəllifi
Trenyov kimi məşhur dramaturq və neçə-neçə başqa şöhrətli
sənət xadimi Üzeyir Hacıbəyli yaradıcılığı haqqında səmimi
sözlər söyləmiş, onun musiqisinə məhəbbət və rəğbətlərini
bildirmişlər.
* * *
Ü.Hacıbəyli 1918-1920-ci illərdə Azərbaycan Demokratik
hakimiyyəti dövründə “Azərbaycan” qəzetində fəal çalışır. Bu
qəzetin ilk redaktoru Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy
idi. Hacıbəylinin özü isə bir ildən artıq bu qəzetin müdiri
olmuşdur. Həmin qəzetdə Ü.Hacıbəylinin “İstiqlaliyyət”, “Partiyalarımız”,
“Azərbaycan parlamanı”, “Andronik məsələsi”, “Vəzifəmiz
nədir?”, “Lənkəran faciəsi”, “Qarabağ haqqında”, “Naxçıvan
və Qarabağ”, “Milliləşmək”, “Rusiya
əhvalı”, “İçimizdəki denikinlər” və s. mühüm məqalələr dərc
edilmişdir.
Ü.Hacıbəylinin l919-cu ildə Azərbaycan Cümhuriyyətinin bir
ili münasibətilə “İstiqlal” məcmuəsində dərc etdiyi
“Azərbaycan türklərinin musiqisi haqqında” əsəri musiqi elmi
üçün də xüsusi önəm daşıyır (Üzeyir Hacıbəyov. Azərbaycan
türklərinin musiqisi haqqında. Bakı, 2005).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra milli
musiqinin inkişaf məsələləri hökumətin və cəmiyyətin
bütünlüklə işi olmuş, bu inkişafın planları və etapları isə
ciddi müzakirələrə səbəb olmuşdu. Yeni hökumətin
mədəniyyətin inkişaf problemlərinə belə münasibətilə
ruhlanan Hacıbəyli böyük həvəslə özünü sevimli işə həsr edir.
Sovet dövründə yazdığı elə birinci məqalədə Hacıbəyli milli
musiqi qarşısında dayanan məsələləri dəqiq sistemləşdirir və
müəyyənləşdirir.
Milli musiqinin inkişaf məsələlərini Hacıbəyli əvvəlki kimi
beynəlmiləl musiqi əlaqələrindən və təsirlərindən təcrid
etmir. Bu iki məsələni o, vəhdətdə həll edir. Azərbaycan
türkləri ümumi musiqinin elm və sənətimizdə
öyrənilməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss etməyib,
yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş? Digər
ibarə ilə biz Azərbaycan türklərinə “Ala franğa, yaxud
bizlərdə “Yevropeyski” deyilən musiqini də öyrənmək
lazımdırmı?”. Hacıbəyli bu suala belə cavab verir: “Bəli,
lazım və vacibdir; yəni o qədər vacibdir ki, bizim öz
musiqimizin tərəqqisi bundan asılıdır.
...Azərbaycanda türk əhalisi arasında musiqi təhsilini
yaymaq istərkən: Bax, Motsart, Bethoven kimi musiqi
dahilərinin əsərlərini ondan gizlətsək, biz məqsədə nail
olmarıq” (Ü.Hacıbəyov. Vəzifeyi-musiqiyyəmizə aid məsələlər.
Əsərləri. II c., Bakı, 1965, s. 200).
Azərbaycan musiqi tarixinə 20-ci illər “təşkilatçılıq”
illəri kimi daxil olmuşdur və bu təşkilat işlərinin başında
Üzeyir Hacıbəyli özü dayanmışdır.
Hacıbəyli 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının
əvvəl prorektoru, sonra rektoru olmuş, həmin ildə
konservatoriya nəzdində xor kollektivi yaratmışdı, lakin o
çox tez dağılmışdı. Hacıbəyli yalnız 10 ildən sonra 1936-cı
ildə respublikada filarmoniyanın nəzdində xor sənətinin
möhkəm təməlini yaradır. Hacıbəyli xor mədəniyyətinin böyük
əhəmiyyətini başa düşür və inkişafı üçün hər bir şərait
yaratmağa çalışırdı. Hələ inqilabdan əvvəlki operalara o,
təksəsli xorları daxil edirdi. O vaxt bəstəkar kollektiv
oxuma üçün başqa vasitə görmürdü. O dövrdə çoxsəsli xorun
təşkili işində Hacıbəylinin qarşısında bir sıra ciddi
çətinliklər dayan- mışdı, bu da ilk növbədə repertuar
məsələsi idi. Repertuara daxil olunacaq xalq mahnıları
təksəsli idilər. Onların çoxsəsli xor üçün harmonizə etmək
lazım idi. Təbii ki, belə melodiyaların mexaniki harmonizəsi
xalq mahnısının üslubunun təhrif olunmasına, bəzən isə
melodik xəttin pozulmasına gətirib çıxara bilərdi.
Hacıbəyli belə hesab edirdi ki, “çoxsəsli xor sənətinin
inkişafını milli əsas üzərində qurmaq lazımdır. Yəni
Azərbaycan xalq musiqisinin əsasında çoxsəsli formanın
elementlərini tapmaq lazımdır. Hər mahnının ritmik, melodik
və digər
xüsusiyyətlərinin öyrənilməsi və şərti harmoniyasiyanın
tətbiq edilməsi xor ifasında
da Azərbaycan melosunun bütün xüsusiliyini, bütün koloritini
dinləyiciyə çatdırmaq imkanı verir”( Ü.Hacıbəyov. İlk
Azərbaycan xalq xoru. Əsərləri, II c., Bakı, 1965, s. 271).
1927-ci ildə Ü.Hacıbəyli M.Maqomayevlə birlikdə “Azərbaycan
xalq mahnıları” məcmuəsini nəşr etdirir.
1931-ci ildə o, radio komitəsinin nəzdində birinci notlu
Xalq Çalğı Alətləri Orkestri yaradır. Hacıbəyli bu orkestri
yaratmaqdan əvvəl milli alətlərin xüsusiyyətlərini dərindən
öyrənmişdüir. Bu illərdə o, tarın pərdələrinin dəyişilməsi
planı üzərində işləyir, tar üçün qanon tipli texniki
məşğələlər və s. yazır. Bu məşğələlər ilə o, Avropa not
sisteminin milli Azərbaycan alətlərinə tətbiq etmə
imkanlarını isbat edirdi. Hacıbəyli 1926-cı ildə yazdığı
“Şərq musiqisi və Qərb musiqi aləti” məqaləsində Azərbaycan
musiqisinin Qərb musiqi alətləri ilə qarşılıqlı
əlaqələrini geniş işıqlandırır. O, əsaslı dəlillərlə Qərb
aləti ilə Azərbaycan xalq musiqisi və onun alətləri arasında
olan səddi aradan götürür.
Hacıbəylinin təşkil etdiyi “not” orkestri Qlinkanın,
Motsartın, Şubertin, Bizenin və digər bəstəkarların
əsərlərini müvəffəqiyyətlə ifa edirdi. İlk illərdə orkestrə
Ü.Hacıbəyli özü dirijorluq edirdi.
O, 1931-ci ildə bu orkestr üçün iki fantaziya yazır.
Bunlarda o, milli alətlərin birgə çoxsəsli ansamblda
səslənmə imkanlarını nümayiş etdirir. Hacıbəyli birinci
fantaziyada “Cahargah” muğamının, ikincidə isə “Şur”
muğamının lad-intonasiya əsasını işlədir. Hacıbəylinin
simfonik musiqinin ilk nümunələri olan “Çahargah” və “Şur”
fantaziyaları, özünün üslubu, musiqinin xarakterinə görə
“Koroğlu” operasının simfonik epizodlarını hazırlamışdır.
Ü.Hacıbəylinin skripka, violonçel və fortepiano üçün 1931-ci
ildə yazdığı “Aşıqsayağı” triosu Azərbaycan musiqisində ilk
ansambl pyeslərindən biridir. Hacıbəyli milli musiqi üçün
yeni olan bu janrda aşıq üslubunun bəstəkarlıq texnikasının
müxtəlif xüsusiyyətləri ilə vəhdətini yaradır.
“Aşıqsayağı”nın Motsartın musiqisi kimi işıqlı musiqisi,
polifonik səslərlə zərif, incə hörülməsinə baxmayaraq,
fakturanın aydınlığını, şəffaflığını saxlayır. Aşıq musiqisi
üçün xarakter olan “Şur” ladının intonasiyaları gah major,
gah ga minora boyanaraq, gözəl səslənmələr yaradır. Ənənəvi
“Sonatın alleqro” forması burada rondo və variasialılığın
xüsusiyyətləri ilə qəribə uyğunlaşır.
60-cı illərdə Ü.Hacıbəylinin tələbəsi Qara Qarayev bu əsərin
kamera orkestri üçün maraqlı transkripsiyasını yaratmışdır.
Üzeyir Hacıbəyli dövrün, zamanın nəbzini həssaslıqla duya
bilən, xalqın daxili tələblərini hiss edə bilən və bu
tələblərə musiqidə uyğun janrlar, formalar tapa bilən böyük
sənətkar olmuşdur.
Ü.Hacıbəyli sovet dövründə özünün bəstəkarlıq fəaliyyətinə
mahnı janrı ilə başlamışdır. Bu illərdə o, “Komsomolçu qız”,
“Süvari”, “Pilotlar” və s. mahnılar yazır. Bu mahnılar
intonasiya xüsusiyyətlərinə görə sovet kütləvi mahnılarına
yaxın idi.
İnstrumental müşayiəti ilə xor üçün yazılmış əsərlər
arasında xüsusi yeri onun kantataları tutur. Bu janra o,
dəfələrlə müraciət edir. 1934-cü ildə o, Firdovsinin 1000
illiyinə həsr edilmiş kantatanı, 1938-ci ildə M.F.Axundovun
anadan olmasının 125 illiyi ilə əlaqədar “Ölməz sənətkar”
kantatasını, 1942-ci ildə isə “Vətən və cəbhə” və s.
kantatalarını yazır.
Böyük Vətən müharibəsi illərində Ü.Hacıbəyli yenidən mahnı
janrına müraciət edir və vətənpərvərlik mahnıları – “Çağırış”,
“Yaxşı yol”, “Ananın oğluna nəsihəti”, “Şəfqət bacısı”,
“Döyüşçülər marşı”nı və simfonik orkestr üçün “Cəngi”
qəhrəmanlıq pyesini yazır.
Ü.Hacıbəyli Moskvada Azərbaycan incəsənəti dekadası
ərəfəsində “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər”
məqaləsində yazırdı: “Bu il Azərbaycan operasının otuz
illiyi tamam olmuşdur. Həm ilk, həm də hələlik axırıncı
Azərbaycan operasının
“Koroğlu”ya qədər” keçən yol təkcə Azərbaycan operasının
otuz illik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq
yolumdur” (Ü.Hacibəyov. “Leyli Məcnun” dan “Koroğlu”ya qədər.
Əsərləri, II s., Bakı, 1965, s. 274).
Azərbaycan epik qəhrəmanlıq operasının şah əsəri olan
“Koroğlu” Bakıda M.F.Axundov adına Opera və Balet Teatrında
30 aprel 1937-ci ildə göstərilmişdir. Operanın librettosunu
xalq qəhrəmanlıq dastanı əsasında M.S.Ordubadi yazmışdır.
Operanın quruluşunu İ.Hidayətzadə vermiş, bədii tərtibat
R.Mustafayevindir. Koroğlunun obrazını bu rolun klassik
ifaçısı Bülbül yaratmışdır. Nigar G.İsgəndərova,
primabalerina Q.Almaszadə idi. Tamaşanın dirijorluğunu
Hacıbəyli özü edirdi. Gələcəkdə operanın gözəl təfsirçisi
dirijor Niyazi olmuşdu.
Əgər “Leyli və Məcnun” operasının qəhrəmanları tək-tənha və
faciəvi qiyamçılar idilərsə, “Koroğlu” operasının,
Hacıbəylinin özünün dediyi kimi, “əsas iştirakçıları xalq və
onun nümayəndələridir”. Bu cəhətdən o, böyük rus
bəstəkarları Qlinkanm, Borodinin, Musorqskinin operalarına
yaxındır. Xalqın obrazının təcəssümünü biz operanın birinci
pərdəsindəki xorlarda, III pərdədən Koroğlunun ariozosunda
və fınal apofeozunda görürük. Xalqın parlaq obrazını
Hacıbəyli məşhur “Çənlibel” xorunda yaratmışdır. Bu xor həm
də polifonik üslubun yüksək nümunəsidir. Bu xor üçün
bəstəkar elə mövzu seçmişdir ki, artıq öz-özlüyündə milli
səslənmə ilə polifonik inkişaf üçün böyük imkanlar yaradır.
Mövzunun əsas dayaq səslərini aşıq musiqisinə xas olan
kvarta-kvinta səslənmələri təşkil edir.
Koroğlunun özünün obrazı xalq həyatının geniş fonunda
verilmiş, barelyefə bənzər ön planda, qabarıq şəkildə irəli
çəkilmişdir. Koroğlu xalq qəhrəmanı və aşıqdır, ona görə
onun surəti aşıq musiqisinin üslub xüsusiyyətləri və
formaları ilə səciyyələnir, məsələn, Qırata həsr edilmiş
mahnı aşıq janrı “Gözəlləmə”də yazılmışdır.
Operanm lirik səhifələri Koroğlunun sevgilisi, mərd, xalqın
içərisindən çıxmış Nigarın obrazı ilə bağlıdır. Hacıbəyli
onun partiyasında geniş leytmotiv
sistemindən istifadə etmişdir ki, o da qəhrəman qızın gözəl,
bütöv surətini qavramağa kömək edir.
“Koroğlu”da Hacıbəyli klassik opera formasına riayət edərək
bitmiş ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar,
balet nömrələri, reçitativlər yaradır.
“Koroğlu” operasının simfonik dili də çox maraqlıdır.
Hacıbəyli simfonik orkestrin tərkibinə xalq alətləri - tarı,
balabanı, zurnanı daxil edərək bütün partituranın
səslənməsini zənginləşdirir. Hacıbəylinin bu əlverişli
yeniliyi çox səmərəli və perspektivli olmuşdur. “Koroğlu”da
Hacıbəyli milli və Qərb alətlərinin səslənmələrinin dərin
vəhdətinə nail olur. Məsələn, uvertürada skripkalar və
qaboyla birlikdə milli nəfəs aləti balaban, qaboy və
klarnetlə bərabər tar səslənir, III pərdədə rəqsdə fleyta
pikkolayla, nəfəsli alət zurna, “Xanəndə qız”ın partiyasında
kamançaların solosu və s. çalınır.
Gələcəkdə belə səslənmələrə Azərbaycanın digər bəstəkarları
da müraciət etmişlər, sonralar isə tar və simfonik orkestr
üçün hətta konsertlər də yaranmışdı.
Azərbaycan musqisinin inkişafında “Koroğlu” operasının
əhəmiyyəti çox böyükdür. Bu, yalnız opera janrı ilə
məhdudlaşmır, həm də simfonik və balet janrlarını da əhatə
edir. “Koroğlu” keçmiş SSRİ-nin bir çox şəhərlərinin
səhnəsində tamaşaya qoyulmuşdur. 1941-ci ildə “Koroğlu”
operasına görə Hacıbəyli ikinci dəfə SSRİ Dövlət mükafatına
layiq görülmüşdü.
Böyük şair Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə
əlaqədar Hacıbəyli onun şeirlərinə iki romans-qəzəl-
“Sənsiz”i (1941) və “Sevgili canan”ı (1943) yazır. Bu zərif
lirik romans-qəzəllər qüvvətli təsir bağışlayırlar.
Hacıbəyli orta əsr ədəbi formasına müraciət edərək bu
qəzəllərdə melodik xəttin hərəkətini muğamın inkişafı ilə
uyğunlaşdırır. Hər iki musiqi qəzəlində ümumi cəhətlər
çoxdur, görünür, Hacıbəyli bu ədəbi janrı musiqidə məhz bu
cür təsəvvür edirmiş.
1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının musiqi
ongünlüyü keçirildi. Ü.Hacıbəyli bu ongünlüyün ən fəal
təşkilatçılarından biri idi. O, bütün respublikalarda
musiqinin inikşafını diqqətlə və maraqla izləyərək, öz
əqidəsini “Bir- birimizdən öyrənək” qanadlı ifadə ilə
formalaşdırmışdır.
Əgər inqilabdan əvvəl Hacıbəyli öz istedadlı qələmini əsasən
publisist- satiraçı kimi işlədirdisə, sovet dövründə o,
musiqi haqda məqalələr yazır, böyük tədqiqat işi aparır. Bu
işlərin nəticəsi 1945-ci ildə bitirdiyi “Azərbaycan xalq
musiqisinin əsasları” fundamental tədqiqatı oldu.
Hacıbəyli bu haqda belə yazırdı: “Azərbaycan xalq
musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir
bəstəkar olaraq, mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən
“Koroğlu” operasını yazdım” (Ü.Hacıbəyov. Azərbaycan xalq
musiqisinin əsasları. Bakı, 1950, s. 10).
Hacıbəyli üçün doğma xalqının musiqisi ölü kapital deyil,
canlı bütöv sistemdir ki, xalq öz “musiqi barigahını” onun
əsasında qurur.
Hacıbəylinin tədqiqatı iki hissədən ibarətdir. Onun birinci
hissəsi milli
musiqinin səs sistemi, tetraxordların birləşmə üsulları,
Azərbaycan ladları səsqatarlarının qurulma qaydaları,
Azərbaycan ladlarının əmələ gəlmə qaydaları kimi əsas
müddəaları irəli sürür. İkinci hissə xalq üslubunda
Azərbaycan ladlarında musiqi bəstələmək qaydalarından
ibarətdir.
Məşhur rus bəstəkarı R.M.Qliyer Hacıbəylinin tədqiqatını
yüksək qiymətləndirərək yazırdı: “Mən əminəm ki, Sizin
tədqiqat (“Azərbaycan xalq musiqisinin əsasları” - Z.S.)
Azərbaycan musiqi sənətinin, həm də bütün Sovet və dünya
musiqi sənətinin, inkişafında xüsusi əhəmiyyətə malik olacaq”
(К.Касимов. «Узеир Гаджибеков» Баку, 1945, с. 70).
Üzeyir Hacıbəylinin son əsəri Firuzənin (eyni adlı bitməmiş
operasından)
ariyası oldu.
23 noyabr 1948-ci ildə böyük sənətkarın qəlbi dayandı.
Məşhur əfsanədə Anteyin qeyri-adi qüdrətini onun torpaqla
bağlılığında görürlər. Üzeyir Hacıbəyli özü də bu müqayisəni
sevirdi və bəstəkarın gücünü- qüvvəsini onun xalq həyatına,
xalq sənətinə bağlılığında görürdü. Ü.Hacıbəylinin tələbəsi
Fikrət Əmirov özünün “Üzeyir məktəbi” məqaləsində bu
müqayisəni gətirərək, Azərbaycan bəstəkarlarını “Üzeyir
yaradıcılığının bu Antey qüdrətinin sirrlərini öyrənməyə
çağırırdı” (F.Əmirov. Üzeyir məktəbi. Musiqi səhifələri.
Bakı, 1978, s. 79).
“Sənətkar üçün ümumxalq rəğbəti və məhəbbəti qazanmaq
çətindir Xalq öz qəlbini ancaq əsl böyük insanlara, böyük
qəlbli sənətkarlara, tamamilə özünü xalqa bəxş edənlərə açır
və əgər o, xalq məhəbbətini qazanırsa, bu məhəbbət
insanların ürəklərində əsrlərlə yaşayır və heç vaxt sönmür”
(Q.Qarayev. Ü.Hacıbəyovun ölümü münasibətilə çıxışı «Ученые
записик» AГК им. У.Гаджибекова, 1965, № 1). Bu da bəstəkarın
digər tələbəsi Qara Qaryevin sözləridir.
Xalq sənətkarı Üzeyir Hacıbəyli məhz belə məhəbbət
qazanmışdır. Bu məhəbbət onun ölməz musiqisi kimi yaşayacaq
və nəsildən nəslə keçəcək.
“Mən Azərbaycan bəstəkarlarına Üzeyir Hacıbəylinin böyük
ənənələrini müqəddəscəsinə qorumağı və inkişaf etdirməyi
arzu etmək istərdim”. Bu sözlər zəmanəmizin böyük bəstəkarı
Dmitri Şostakoviçindir. Bu gün Azərbaycanda bu ənənələr
müqəddəscəsinə qorunur və inkişaf etdirilir, bəstəkarın
xatirəsi əziz tutulur.
Bəstəkarın ölümündən sonra Bakı Dövlət Konservatoriyası,
Azərbaycan Dövlət Simfonik Orkestri, Bakıda küçə dahi
bəstəkarın adını daşıdı. Bakıda onun abidəsi ucaldıldı. Şuşa
və Bakıda bəstəkarın ev-muzeyləri açıldı, iki seriyalı bədii
televiziya fılmi çəkildi. “Uzun ömrün akkordları” (ssenari
müəllifi və rejissoru – Anar), Azərbaycan MEA onun musiqi
əsərlərinin akademik nəşrinin beş kitabdan ibarət üç cildini
çapdan buraxdı (redaktorlar - N.Əliverdibəyov və
R.Abdullayev, ön söz və şərhlərin müəllifı - Z.Səfərova).
Beləliklə, Üzeyir Hacıbəylinin həyatına və ümumən
yaradıcılığına nəzər salanda görürük ki, onun yaradıcılıq
yolu Azərbaycan musiqi mədəniyyətinin
yaranma və inkişaf tarixinin mühüm dövrünü əks
etdirir.Təsadüfi deyil ki, dahi
bəstəkarın anadan olduğu gün - 18 sentyabr hər il ulu öndər
Heydər Əliyevin sərəncamı ilə Musiqi günü kimi, Azərbaycan
Musiqisinin bayramı kimi qeyd edilir.
Builki bayrama xüsusi rövnəq verən, musiqiçiləri və
Üzeyirsevənləri çox razı salan və sevindirən Prezident İlham
Əliyevin Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəylinin
adının qaytarılması, bərpası haqqında sərəncam oldu.
Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları
Fondu tərəfindən “Üzeyir dünyası” layihəsinin həyata
keçirilməsinin, nəşrinin musiqi mədəniyyətimizin həyatında
böyük əhəmiyyətini və rolunu xüsusi qeyd etmək istərdik.
Gün o gün olsun ki, Üzeyir Hacıbəylinin doğum günü-18
sentyabr bəstəkarın Vətənində Qarabağda, musiqimizin beşiyi
Şuşada bayram edilsin!
Zemfira Səfərova,
sənətşünaslıq doktoru, professor,
Azərbaycanın Əməkdar incəsənət xadimi,
Əməkdar elm xadimi,
AMEA-ın müxbir üzvü