E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Hər bir xalqın musiqi tarixində simfonik musiqinin xüsusi yeri var. Təməli XX əsrdə qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbi və simfonik ifaçılıq bir-biri ilə daim əlaqədə olmuş, biri digərinin inkişafını şərtləndirmişdir. Bu mənada ölkəmizin baş orkestri - Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri müasir ifaçılıq sənətimizin öndə gedən parlaq təmsilçilərindən biridir. Tarixi vərəqləyərkən orkestrin taleyində mühüm rol oynamış mərhələlər göz önündə canlanır.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri 1920-ci ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorskinin, Rimski- Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, professionallıqla ifa etməyə başlayıb. O zaman Dövlət orkestri dahi alman bəstəkarı Bethovenin 150 illiyi münasibəti ilə Bakıda təşkil olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etdi. Bu konsertlərdə Bethovenin, I, III, IX simfoniyaları, fortepiano və orkestr üçün V konserti, “Leonora III” uvertürası səsləndi. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə dirijorlardan M.Çernyaxovski, U.Qoldşteyn, A.Stolerman və başqaları işləmişlər.

Simfonik orkestrin fəaliyyət miqyası, genişliyi, intensivliyi haqda təəssürat yaratmaq üçün onun yalnız bir - 1922-23-cü il mövsümünün konsert proqramlarına nəzər salmaq kifayətdir: Çaykovskinin Altıncı simfoniyası, “Françeska da Rimini” uvertürası, skripka və fortepiano üçün konsertləri, violonçel və orkestr üçün “Rokoko mövzusuna variasiyalar”, “Italyan kapriççosu”, Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası, Borodinin “Bahadır” simfoniyası, Şubertın “Tamamlanmamış simfoniya”sı, Bethovenin VII simfoniyası və s.

Orkestrin formalaşmasında dirijorlardan R.Baton (Fransa), O.Klemperer (Almaniya), F.Ştidri (Avstriya), N.Qolovanov (Rusiya) yaxından iştirak ediblər. Keçmiş Sovetlər Birliyində ilk orkestrlərdən biri olan Azərbaycan Dövlət Simfonik Orkestri fəaliyyətə başladığı vaxtdan professional musiqiÿmədəniyyətinin təbliğində mühüm rol oynayıb. Simfonik Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1938-ci ildən Simfonik Orkestrə görkəmli dirijor Niyazi başçılıq edib. Azərbaycan bəstəkarlarının ilk iri həcmli, dünyaşöhrətli simfonik əsərləri Niyazinin rəhbərliyi dirijorluğu ilə həyata vəsiqə alıb.

Orkestrin yarandığı dövrdə Niyazi onun bədii rəhbəri, N.P.Anosov isə baş dirijoru idi. N.P.Anosov orkestrlə cəmi 2 ilk işlədi. 1945-1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır. Qərbi Avropa və rus musiqisindən ibarət klassik repertuarın hazırlanmasında onun böyük əməyi olmuşdur. 1948-ci ildən isə həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri Niyazi olmuşdur.

Maestro Niyazi ilə keçən qızıl dövr

Beləliklə, Azərbaycan Dövlət Simfonik orkestrinin yaradıcılarından biri olmuş maestro Niyazinin yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, necə-necə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir. Niyazinin adı milli musiqi sənətində “qızıl mərhələ”nin simvoluna çevrilmişdir.

1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikaları-nın musiqi dekadası ərəfəsində 1940-ci ildə buraxılmış simfonik orkestr Ü.Hacıbəyovun təşəbbüsü ilə yenidən formalaşdırılır. Elə ilk məşqdəcə orkestr ifaçıları kollektivə Üzeyir Hacibəyovun adının verilməsi ideyasını irəli sürürlər. Sənət tarixində belə unikal hadisələr o qədər də çox deyil. Elə o vaxtdan Azərbaycan musiqi sənətinin flaqmanı Dövlət Simfonik Orkestri dahi Üzeyir Hacibəyovun adını daşıyır.

1946-ci ildə Niyazi Leninqradda diricorların Ümumittifaq baxışında iştirak edir. D.Şostakovi-çin başçılıq etdiyi münsiflər heyətinin qərarı ilə o, müsabiqənin laureatı adını qazanır. Münsiflər heyətinin rəyinə görə “fitri istedadı və böyük təcrübəsi Niyazinin Azərbaycan Dövlət Simfonik orkestrinin baş dirijoru və bədii rəhbəri vəsifəsində çalışmasını təsdiq edir”...

Tezliklə müsabiqədən sonra simfonik orkestr Niyazinin başçılığı altında yeni yaradıcılıq planları üzərində işə başlayır. Konsertlərdə Leyaskovkinin “Slavyan rapsodiyası”, Prokofyevin “Romeo və Cülyetta” baletindən süita, Knipperin VIII sinfoniyası, Berliozun, Veberin, Listin əsərləri səslənir.

1947-ci il centyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında orkestr uğurla Azərbaycan bəstəkarlarının yeni əsərlərindən ibarət böyük konsert proqramı təqdim edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə yazılmış Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, F.Əmirovun “Nizami” simli simfoniyası bütövlüklə Azərbaycan simfonik musiqisinin kamillik mərhələsini açır. Orkestr hər çıxışı ilə get-gedə artan, cilalanan peşəkarlığı, həmahəngliyi, məharəti ilə musiqisevərləri sevindirirdi. O, Azərbaycan bəstəkarlarının ən yaxın “məsləkdaşına” çevrilir, onların yaradıcılıq təşəbbüslərinə təkan verir, reallaşdırırdı. Niyazinin rəhbərliyi ilə bu kollektiv Azərbaycan simfonik musiqisinin əsl-yaradıcılıq laboratoriyasına, təbliğatçısına çevrilir. “Leyli və Məcnun” simfonik poemasından sonra Niyazi və simfonik orkestr Qara Qarayevin demək olar ki, bütün simfonik əsərlərinin mahir təfsirçisi və ilk ifaçısı olmuşdur. 1947-ci ildə orkestr maraqlı proqramla çıxış edir. Bu dəfə də kollektiv təqdim etdiyi əsərlərə - C.Haciyevin III simfoniyası, M. Əhmədovun “Simfoniyettası”, Ə.Abbasovun fortepiano və orkestr üçün konserti, F.Əmirovun “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarına uğurlu ifa həyatı bəxş edir.


<< Geri