MӘCLİSİN DUZU

 

 

 

 

Mәn çox mәclislәrdә olmuşam vә çox nitqlәr eşitmişәm vә çox fikirlәr etmişәm vә fikrimin axırı bir yana çıxmayıb vә mәәttәl qalmışam.

 

Mәsәlәn, mәclis ümumi bir mәclisdir. Burada hәr cürә adamlar vardır. Stol hazır olur. Zakuska ortalığa qoyulub, butılkalar saldat kimi düzülür. Әhli-mәclis yığılır stolun başına. Yemәkdәn qabaq әvvәlcә bir tamada seçilir. Hәәnd tamada seçilmәyin özü dә böyük bir mәsәlәdir, amma mәn onu müxtәsәr keçirәm.

 

Bәli, tamada әmr edir ki, fincanlar şәrabla dolsun. Әhli-mәclis kamali-diqqәtlә qulaq assın, çünki Sәdi buyurubdur ki, müstәme sahibsüxәn ra bәr sәrekar avәrәd.

 

Tamada başlayır:

 

-- Hәzәrat, mәn bir neçә kәlmә söz ilә....

 

-- Xeyir a, tamadanın sözlәrini yazsaq, qәzetdә yer qalmaz, Qoy müxtәsәrini әrz elәyim: Tamadanın nitqindәn bu çıxır Danışanı dinlәyici ruhlandırar. ki, dünyada Rüstәm Zal kimi pәhlivan ola bilmәzdi. Bәs mәclisimizә zinәt verәn Mәşәdi Mәrdan dәxi bizim әsrimizin Rüstәm pәhlivanıdır, yәni qoçudur, içәk onun sağlığına.

 

Bu halda әhli-mәclisdәn bir nәfәr "ata sәә" yerindәn cәld qalxıb çığırır ki, "Camaat, dayanın. Tamada izn verir, bir-iki kәlmә dә mәn artırım".

 

Tamada izn verir vә "ata sәә" deyir:

 

-- Camaat, hәmin Mәşәdi Mәrdan cәnablarını bәlkә sizdәn tanımayan ola. Mәn bunu sizә bildirirәm ki, bu cәnabın igidlikdә vә qoçuluqda misli yoxdur. Onun әllidәn yuxarı düşmәni var idi, hamısını öldürdü. Mәşhur Mәşәdi Qurban qardaşlarını bazarda öldürәn dә hәmin bu cәnabdır. Odur ki, bu istәkanı onun sağlığına içib, dibini öpürәm. "Ata sәә" dediyini elәyib, sonra aram olur.

 

Әvvәldә mәn fikir edirdim ki, yaxşı, hәrgah bu tәrif olunan cәnab adam öldürәn vә başkәsәndirsә, onda bunun yeri Sibirdir vә ya dar ağacıdır. Bәs necә olur ki, hәlә onun sağlığına şәrab da içilir?

 

Tamada gözlәrini bir nöqtәyә dirәyib, fikrә mәşğuldur. Görünür ki, ikinci nitqi hazırlayır. Filvaqe tamada bir dә stәkanları doldurub, bu sәfәr bir bәy haqqında danışır vә tәklif edir ki, onun sağlığına içilsin. Hal belә ikәn ikinci "ata sәә" cәld yerindәn qalxıb, ba izni-tamada deyir:

 

-- Hәzәrat, hәmin bu bәy cәnabları cәmicümlәtanı ikicә il qorodskoy işkullada dәrs alıbdır Amma bainhәmә bu gün advokat, pirkurur, sudya vә bunun kimi böyüklәr mәclisindә o qәdәr oturubdur ki, bu saat urusun zakonunu әzbәr bilir. Odur ki, bu gün götürüb bizim birimizdәn bir әrizә yazıb içәriyә göndәrsә, sizi inandırıram ki, günü bu gün hәmin adamı samsim Sibirә göndәrәrlәr. İçirәm bu badәni bәyimizin sağlığına. Oxay....

 

İndi mәn yenә fikir edirәm. Hәrgah bu bәy doğrudan da, danos yazıb, xalqı Sibirә göndәrirsә, heç yaxşı adam olmaz. Bәs necә olur ki, bunun sağlığına şәrab da içilir?

 

Tamadaya göz yetirib görürәm ki, üçüncü nitqi daha da hündürdәn hazırlayıbdır, çünki tәsiri-şәrab dәxi kömәk etmәkdәdir. Bәli, әmr gәlir, boşalmış stәkanlar tәzәdәn dolur. Tamada әhli-mәclisdәn bir taciri tәrif edir. Nitq tamam olan kimi, üçüncü "ata sәә" yerindәn qalxıb, tamadanın nitqinin dalısını uzadır. "Ata sәә" deyir:

 

-- Hәzәrat, haman bu tacir bu gün küçә vә bazarda arşın malı satanlardan degil, ha! Bu cәnab optum satan adamlardandır vә özünün dә bu gün Mәsko şәhәrindә o qәdәr etibarı var ki, günü bu gün gedib Morozova vә ya bir qeyri fabrikanta deyә ki, Vasiliy Fyodoroviç, mәsәlәn, Kәrbәlayı Cәfәrin işi pis keçir, ona mal buraxma. Bir dә görürsәn ki, Kәrbәlayı Cәfәrin krediti bağlandı. Yalan deyirәmsә atam o dünyaya it sifәtindә gәlsün. Ona binaәn, içirәm çaxırı tacirimizin sağlığına vә kәsrәti-mәhәbbәtdәn gәrәk, sәn ölәsәn, sәnin üzündәn öpәm, Mәşәdi Bağır",-- deyib, qonşusunu qucaqlayır. Qonşusu deyir ki, "Balam, daha mәni nә üçün öpürsәn, get, taciri öp!"

 

Mәn dә fikir edirәm ki, yaxşı, hәrgah bu tacir, xalqın kreditini bağlayandırsa, yaman adamların birisidir, daha bunun sağlığına içmәk nә üçün?

 

Sonra gәlәn nitqlәrә qulaq asıb görürәm ki, mәclisdә daha elә qabili-ehtiram adam yox imiş vә "ata sәrçә"lәr dәxi cik-cik elәmirlәr. Bәs axırda mәlum olur ki, bizim mәclisimizin duzu üç nәfәrdir: biri başkәsәn, biri danos yazan vә biri dә mәrdümәzar oğlu mәrdümәzar.