MӘŞӘDİ KABİLİN TӘBRİZ SӘFӘRİ

 

 

 

 

Mәşәdi Kabilin başı çox qarışıq idi, cürbәcür vajnı işlәri var idi ki, bunların hamısını bir-bir düzәltmәk lazım idi. Bir işi o idi ki, gәrәk oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün vә bunlar hamısı keçәndәn sonra Tәbrizә gedib mal gәtirsin vә dükanını olduğu yerdәn ayrı bir yerә köçürsün vә bundan başqa o qәdәr xırda işlәri var idi ki, bәzi vaxt heç başını qaşımağa da macalı olmurdu.

 

Mәşәdi Kabilә mәslәhәt gördülәr ki, әvvәlcә Tәbrizә gedib dükan işlәrini düzәltsin, sonra o biri işlәrinә şüru etsin.

 

-- Elә yaxşıdır, әvvәlcә işlәrini bir qurtar, sonra, allah qoysa, qayıdarsan, can sağlığı olsun, o biri işlәrini dә düzәldәrsәn! -- deyib arvadı da Mәşәdi Kabilә bunu mәslәhәt gördü.

 

Mәşәdi razı oldu vә başladı Tәbrizә sәfәrә hazırlaşmağa....

 

Söylәyirlәr ki, London ingilislәri bazardan evlәrinә bir parça kağız yazıb göndәrirlәr ki, "mәni nahra gözlәmәyin, Hindistana gedәcәyәm". Vә arvad-uşağı ilә görüşmәyi qayıdan başa qoyub, parxoda minib gedirlәr. Amma bizim müsәlmanlar, nәdәnsә, qürbәtdәn çox qorxurlar.

 

Odur, mәsәlәn, Bakıdan Bilәcәriyә vә ya Şuşa qalasından Ağdama getmәk lazım olanda çox bikef olurlar, arvad-uşaq da bikeflәnir vә yola düşәndә dә az qalırlar ki, ağlaşma qursunlar.

 

İndi Mәşәdi Kabil dә Tәbrizә gedәcәyini yadına salıb, bir az bikef olmuşdu, arvad-uşaqlar da bikef idi. Ancaq bircә? Kәrbәlayı Sәfinin vecinә deyildi. Pәncәrәnin ağzında oturub sәfәrә hazırlaşan Mәşәdi Kabili gözlәyirdi vә uşaqlara tәsәlli vermәk üçün deyirdi:

 

-- Allah qoysa atanız bu gün çıxar, bir-iki gündәn sonra olar Tәbrizdә, amma görün sizә nәlәr gәtirәcәk! Tәbriz yemişi. Bax, kişmişlәri bu boyda olur. Badamları qoz boyda. Çoxlu xurma gәtirәcәkdir ki, biri yumruq böyüklükdә.

  

İşin bu mәqamı balaca uşaqların bir qәdәr kefini açdı. Balaca Sәmәd isә tәk bir yemişlәrә kifayәt etmәyib, bir Tәbriz xoruzu da istәdi.

 

-- Bәs, Tәbriz xoruzu da gәtirәr, -- deyib Kәrbәlayi Sәfi onu arxayın etdi.

 

İki saatdan sonra min cürә dualarla, daldan su atmaqla, qapıya Quran çıxartmaqla Mәşәdi Kabili yola saldılar....

 

Bir saatdan sonra bazara xәbәr düşdü ki, Mәşәdi Kabili paraxod qabağında öldürdülәr.