PRİSTAV AĞA

 

 

 

 

M ... kәndindә bir qәribә halәtdir. Әhali bir-bir komalarından dişarı çıxıb, guya xof vә vahimәdәn nәşәt edәn bir iztirab ilә o tәrәfә bu tәrәfә baxaraq, kәndin gen bir küçәsinә doğru gedirlәr vә burada toplaşıb dururlar. "Allah özü sovuşdursun" -- deyirlәr. Hәr kәsin üzündә bir nişanәyi-xof, hәrәkәtindә bir cürәtsizlik, danışığında bir ehtiyat müşahidә olunur. Bunlar insanı bilaixtiyar titrәmәyә mәcbur edәcәk mәrtәbәdә müdhiş bir hadisә vüquuna vә yaxud mütәqәddim bir şәxsin çüruduna müntәzir idilәr. Vaqiәn belә idi: M ... kәndinin әhalisi (allah göstәrmәsin) pristav ağanın tәşrifini gözlәyirdilәr. Dünәn İran sәrbazına müşabihәti olan bir stracnik "bәy" kәndә gәlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyәndәn sonra, "sabah pristav ağa gәlәcәk"--dedi vә gecә, döydüyü ağsaqqalların birinin evindә qalıb, sәhәr atına minib, geri qayıtdı.

  

Şayani-diqqәt burasıdır ki, stracnik bәyin kәndә gәlәndә cibindә beş-altı qәpik pulu var idi. Lakin gedәndә bu beş-altı qәpik bir gecәnin içindә beş-altı manata "istihalә" etmişdi. Bu "möcüzәnin" sirri vә sahibi ilә cib sahibinә mәlum idi.

  

Strajnik bәy kәnddәn müfariqәt edәr-etmәz, qonşular ev sahibi Kәrbәlayi Bünyadәlinin yanına yüyürüb, "pristav nә sәbәb gәlәcәk"--deyib sordular. Kәrbәlayi Bünyadәli ilә, stracnik bәy evindә mehman olduğunu ehsas münasibәtilә, böyük bir şәrәfә nail olmuş kimi, qeyrilәrinә nisbәtәn ali bir can sahibi olduğunu hiss etdirmәk üçün kәmali-kibr vә qürur ilә "әşi, mәn nә bilim? Pristav ağanın işi kәndlәri gәzib adam döydürmәkdir, dayna!" -- deyib xalqdan üz çöndәrdi vә onların atәşi-mәraqini söndürmәdi.... Pristav çox gec gәldi. Әhali kәsbü karından әl çәkib, bu günü pristav ağanı gözlәmәyә sәrf etdilәr. Hәr kәs, pristav nә üçün gәlәcәk?" -- deyә öz-özünә fikir edirdi. Ağanın bu qәsdini hәr kәs bir bәhanә ilә özünә andırırdı. Mәsәlәn, Cәnnәtqulu belә güman edirdi ki, pristav, Әliqulunun oğurluğunu eşidib gәlir. Әliqulu isә deyirdi: ha! Pristav ağa Cәnnәtqulunun Mәmmәdcәfәrlә savaşdığını eşidib gәlir vә s.... Lakin "Pristav gәlir" bu ikisinin dә hәrdәm titrәmәyinә sәbәb olurdu.

  

Әlqissә, axşamçağı pristav gәldi. Müvasilәtindәn bir az müqәddәm kәndlidәn birisi qışqıra-qışqıra, dili dolaşa-dolaşa: p, p, p, pristav ağa g, g, gәlir! -- deyә cәmaәtin vahimәsini son mәrtәbәyә yetirdi. İtlәr hürdü, uşaqlar ağladı, arvadlar "allah, sәn saxla"--deyib, ora-bura qaçdılar. Kişilәr dә sap-sarı saralıb itlәri, uşaqları, arvadları sakit etmәyә başlayıb, özlәri onlardan betәr qışqırırdılar....

  

Pristav ağa bir tәmtәraq, bir tәntәnә, bir dәbdәbә ilә on nәfәr cәlladmәcaz stracniklәrdәn mütәşәkkil müini ilә belә çaparaq kәndә daxil oldular. Kәndlilәr kәmali-inqiyad vә itaәt ilә cәnab pristavı istiqbal etdilәr vә "sәn bizim başımızın sahibisәn" -- deyib, әsnayi namazda rüku edәn kimi, baş deyil, bәdәn әydilәr. Lakin cәnab pristav әhalinin belә izhari-tәbәiyyәti-sadiqanәsindәn әqmazieyi edib, keçәn gün cibindә "möcüzә" görünmüş sәrbaz simalı stracniki tәqib edәrәk, atını Kәrbәlayi Bünyadın evi hәyәtinә sürdü.

  

Kәrbәlayi, 70 sinni altında bükülmüş vücudunu 15 yaşına yetmiş cavana mәnsub bir cünbüş vә hәrәkәtә gәtirib sıçradı vә pristav ağanın "cismi-әzizi"ni atın üstündәn yerә düşürdü. Stracniklәr dә kәndlilәrin kömәyi ilә atlarından yerә süqut edib, metad qaidәyә rәayәt edәrәk topalanmış kәndlilәri qamçı ilә şaparlamağa başladılar. Vә atlarını otarmaq ilә özlәri üçün dә bir "yaxşı" yer hazırlamağı әmr etdilәr.

 

O gecә M ... kәndindә bir neçә qoyun dәxi qurban edildi.

 

Sabahı günü Kәrbәlayi Bünyadın hәyәtindә şayani-tәmaşa bir drama vaqe oldu. Cәnab pristav başıaçıq vә әllәri ciblәrindә "özünü dartmış turac kimi" qapının ağzında durub, keçmiş padşahlara mәnsub bir hökumәt ilә cәrgә ilә düzülmüş kәndlilәri bir-bir vә hәrәsini bir növ ilә döydürürdü. Birisini libasdan xali edib, lüt әndamına qamçı vurdururdu, digәrini saqqalından tutudurub üzünә, başına sillәlәr çәkdirirdi, bir qeyrisini әlibağlı ora-bura çapdırırdı. Bәzisini yerә yıxıb, tәpik altına saldırdı vә sairә....

 

Döyüşә mübtәla olanlar hәrdәm: "Bizim taqsırımız nәdir, ağa, başuva dönüm" -- dedikdә, cәnab pristav vә sonra da stracnik bәy tәrәfindәn bir neçә kәlmә föhşdәn mütәşәkkil cavabi -- "şafi" alırdılar....

 

Bu drama sәhәrdәn günortayadәk imtidad çәkdi ki, ondan sonra pristav ağa, bu qәdәr zәhmәtdәn artıq yorulub, girdi otağa vә kәnd mollası ... nın evindә şәrәfinә kәşidә edilmiş ziyafәtdә (bu ziyafәtdә pristavdan savay bir dә Kәrbәlayi Bünyadәli var idi) mükәmmәl surәtdә bir nahar edib, istirahәt üçün bir-iki saat şirin yuxuya müstәqrәq oldu.... Bidar olduqdan sonra, Kәrbәlayi Bünyad tәrәfindәn "Әbidanә" әta olunmuş kәhәr ata rakib olub vә kәndçilәr tәrәfindәn "mübarәk qәdәmi" münasibәtilә hәdiyyә edilmiş quzuları (yağ, qatıq, pendir vә s. mәlum işdir) müininә tapşırıb, öz paytaxtına mütәvәccihәn rәvanә oldu.

  

Ağa gedәndәn sonra kәndçilәr onun sahibi tәhәkküm bir zat olduğunu tosif vә әrifә başladılar.