TӘHSİL

 

 

 

 

Mәn mәktәbdә oxuyanda bizim mәktәbә tәzә bir molla tәyin elәmişdilәr. Yәni bu molla ekzamen tutmuşdu vә o ekzamendә heç bir kәs onunla bәrabәr ola bilmәmişdi.

 

Camaat belә deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilmәmiş olsun. Bu sözlәri axund özü dә tәsdiq elәyib deyәrdi ki:

 

-- Mәn bütün ülum vә fünuna darayam.

 

 Kişi "dara" olmaya bilmәzdi, çünki sәkkiz il mәktәbdә oxuyub, bircә dәfә dә fәlәqqәyә düşmәmişdi. Sonra ikmali-tәhsil üçün İrana gedib sәkkiz il dә Tәbrizdә oxumuşdu vә bәdә Tәbrizdәn Tehrana yollanıb dörd ilә dә orada vә ondan sonra beş il Mәşhәddә vә bunlardan başqa dörd il dә İranın bir şәhәrindә tәhsil etmişdi ki, onun adı yadımda qalmayıbdır.

 

Dәrs vaxtında bu axund bәzi vaxt bizimlә dostanә söhbәtlәr edәrdi, böyük sәfәrlәrindәn nağıl edәrdi, çox şirin söhbәt elәrdi.

  

Bir dәfә ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya?

 

D e d i:

 

 -- Әgәr İranın bu başından düşәsәn vә gecә-gündüz yol gedәsәn vә hәr bir saatda yetmiş ağac yol elәyәsәn vә yetmiş il sәfәr elәyәsәn, hәlә gәlib İranın yarısına çatmazsan.

 

D e d i k:

 

-- Axund, bәs, ruslar yazırlar ki, İran Rusiyadan iyirmi dәfә balacadır.

 

Axund buna şerlә cavab verdi:

 

Key nik-bәxt, an nә şekle-mәn әst

Vәlakin, qәlәm dәr kәfe-doşmәn әst.

 

Bir gün uşaqlardan biri dedi:

 

-- Axund, heç dәryanın dibini bilmәk olar?

 

Axund deyir:

 

-- Budur mәn iyirmi beş il oxumuşam vә iyirmi beş il sümük sındırıb, bütün ülum vә fünunә dara olmuşam, amma indiyә qәdәr bir kitabda görmәmişәm ki, dәryanın dibini bilәn olsun.

 

Yoldaşlarımızdan biri dedi:

 

-- Axund, bәs ruslar yazırlar ki, dәryanın lap dәrini sәkkiz verstdir.

 

Axund güldü vә bunu nağıl etdi:

 

-- "Zәrәfşan" kitabında oxumuşam ki, İskәndәr-Zülqәrneyn dünyanın üzünü alandan sonra, istәdi ki, dәryaların dibini dә alsın, ona görә dәryanın içinә cumub yetmiş il yol getdi. Nagah burada bir adama rast gәldi ki, axtarır. Sual etdi ki, sәn nә axtarırsan? Dedi ki, yetmiş il bundan әvvәl mәnim әlimdәn bu dәryaya bir balta düşüb, dәryanın dibinә gedibdir. İndi mәn gәrәk bundan sonra yetmiş il yol gedәm ki, bәlkә dәryanın dibinә çatam. İskәndәr-Zülqәrneyin bu әhvalatı eşidib sәfәrdәn әl çәkdi.

 

Yoldaşlarımızın içindә bir dәlәduzu vardı, dedi:

 

-- Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal?

 

D e d i:

 

-- Haramdır.

 

D e d i:

 

-- Bәs bu elm necә ki, mәsәlәn, mәn istәyirәm bilәm, cibimә nә qәdәr pul qoyum ki, putu altı manatdan iki kәllә qәnd vә girvәnkәsi iki manatdan beş girvәnkә çay alıb, üstünә nәqd on beş manat pul qoyub bir axunda göndәrim.

 

Axund dedi:

 

-- O cürә elmi oxumaq nә haramdır, nә halal, ancaq savabdır.

  

Bu әhvalatdan sonra, gördük ki, fәzilәti-axund mәlum şüd.

 

İştә iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il bir әsrin dörddәn biridir.