ƏR VƏ ARVAD

 

 

 

 

3 PƏRDƏLİ OPERETTA

 

 

İŞTİRAK EDİRLӘR

 

K ә r b ә l a y ı  Q u b a d--40 yaşında.

K ә r b ә l a y ı  Q u b a d ı n  k ә n d d ә k i  q o c a  a r v a d ı.

M ә r c a n  b ә y--cavan.

M i n n ә t  x a n ı m--onun  arvadı.      

G ü l p ә r i--qulluqçu.

S ә f I--nökәr.

Q e y r i  n ö k ә r l ә r, t a r z ә n, x a n ә n d ә, x o r  v ә  q e y r i l ә r i.

 

 

 

 

BİRİNCİ PӘRDӘ

 

 

Vaqe olur M ә r c a n  b ә y i n otağında; otaq Avropa qaydasında düzәlmişdir. Musiqi çalınır. M ә r c a n  b ә y tәk; pәrdә qalxır.

 

M ә r c a n  b ә y--

 

Mәn bir kişiyәm, düşmüşәm arvadın әlinә, (2 dәfә)

Әldәn qoya gәr dolayacaq mәni dilinә, (2 dәfә)

Bәs mәn nә edim kim, qurtarım böylә bәladan;

Tәxlisi-giriban elәyim cövri-cәfadan. (2 dәfә)

 

(M u s i q i)

 

Allah sәni vursun, belә arvad, belә arvad! (2 dәfә)

Kim etdi sәni mәn fәqirә tuş, a bәdzad? (2 dәfә)

Saldı çatını dar boğazıma, mәni boğdu,

Eylәdi mәnim zәhmәtimi on dәfә min qat. (2 dәfә)

 

(M u s i q i)

 

Nәzr eylәmişәm, iş düşә arvadı boşayam, (2 dәfә)

Çünki başqa әlacı yoxdur, boşamasam çatlaram.

Heç bilmirәm, amma, nә kәlәk mәn gәlim ona, (2 dәfә)

Tәrs kimi, kәbin pulu da beş min manat yazılıb.

Bәs mәn nә edim kim, hәmi arvadı boşayım,

Hәm dә kәbin pulu cibimdә qalsın,

Hәm dә yenә bir arvad alım, sözümә baxsın. (2 dәfә)

 

M i n n ә t  x a n ı m (tәlәsik daxil olur)--Bu saat mәnә de gorum, udmusan, yoxsa uduzmusan?... Tez ol!

M ә r c a n  b ә y (özünü itirib)--Udmuşam! Yox.... Belә uduzmuşam! Yox, mәn qumar oynamamışam ki, udam, ya uduzam, әvvәla. İkiminciyә qalan yerdә, çox da udmuşam, ya çox da uduzmuşam, sәnә nә?

M i n n ә t  x a n ı m  (qeyzlә)--Mәnә nә? Mәnә nә?...

M ә r c a n  b ә y   (lap özünü itirir)--Mәsәlәn deyirәm!

M i n n ә t  x a n ı m--Çıxart bu saat cibindәki pulları mәnә ver!

M ә r c a n  b ә y--Әcәb ekspropriatorsan, "ruki verx"!

M i n n ә t  x a n ı m--Tez ol, işim var!

M ә r c a n  b ә y--İşin var, get işinә! Ancaq mәndәn әl götür. Cibimdә beş-altı şahı var, o da özümә lazımdır. Bu gün müsәlman qәzetәsi alıb oxuyacağam. Daha bundan sonra mәn millәtpәrәst olmuşam.

M i n n ә t  x a n ı m--Bura ver pulu! Mәn özüm aldıraram, oxuyarsan.

M ә r c a n  b ә y--Minnәt! Sәnin bu cürә hәrәkәtin çox pis hәrәkәtlәrin birisidir. Heç bilirsәn bu cürә hәrәkәtlәrin adına rusca nә deyirlәr? Bu hәrәkәtlәrә deyirlәr: vmeşatelstvo vo vnutrennie dela, yәni mәnim öz mәxsusi işimә sәn qarışırsan. Qoymursan ki, mәn öz işimi özüm görüm. Canım, mәn sәni aldım ki, mәnә arvad olasan, nәinki üstümdә qәyyum! Mәnә qәyyum lazım deyil. Allaha şükür, hәddi-büluğa çatmışam, ağlım başımdadır. Özüm dә camaat arasında sayılan bir kişiyәm; belә olan surәtdә sәnin nә haqqın var ki, mәnim cibimә girәsәn?

M i n n ә t  x a n ı m--İndi belәmi, Mәrcan?! Belәmi? Çox әcәb! Zәrәr yoxdur. Bir dә sәn mәndәn pul istәsәn, onda özün bil! Xudahafiz!

 

(Tez gedir.)

 

M ә r c a n  b ә y--De görüm, ay camaat! Tutubdur ki, gәrәk ciblәrini soyam. Bu nә kәlәk idi mәn ozumu sald?m, ay camaat!... Bu nә kәlәk idi? Pulun ola, malın ola, amma arvad sәnә göz verә, işıq vermәyә?

 

(M u s i q i)

 

Nәzr eylәmişәm, iş düşә arvadı boşayam, (2 dәfә)

Çünki başqa әlacı yoxdur, boşamasam, çatlaram.

Heç bilmirәm, amma, nә kәlәk mәn gәlim ona, (2 dәfә)

Tәrs kimi, kәbin pulu da beş min manat yazılıb.

Bәs mәn nә edim kim, hәmi arvadı boşayım,

Hәm dә kәbin pulu cibimdә qalsın.

Hәm dә yenә bir arvad alım, sözümә baxsın. (2 dәfә)

 

M u s i q i: tarda şur çalınır, K ә r b ә l a y ı  Q u b a d  daxil olur.

 

K ә r b ә l a y ı  Q u b a d--Sәlamünәleyküm.

M ә r c a n  b ә y--Ay әleykümәssalam.

K ә r b ә l a y ı  Q u b a d--Ağanın kefi-әhvalı necәdir?

M ә r c a n  b ә y--Sağ olasan, Kәrbәlayı, çox yaxşıdır. (Kәnara). Başıma bir yaxşı fikir gәlibdir, görüm mәnim arvadımı bu kişi ala bilәrmi?

 

(M u s i q i)

 

M ә r c a n  b ә y--Kәblә Qubad, gәl bәri!

K ә r b ә l a y ı  Q u b a d--Baş üstә, baş üstә.

M ә r c a n  b ә y--Bir qulaq ver sәn mәnә!

K ә r b ә l a y ı  Q u b a d--Baş üstә, baş üstә.

M ә r c a n  b ә y--Mәn sәnә söz söylәyim.

K ә r b ә l a y ı  Q u b a d--Sәn buyur, sәn buyur.

 

M ә r c a n  b ә y diqqәtlә K ә r b ә l a y ı  Q u b a d ı n üzünә baxır.

 

M ә r c a n  b ә y--Mәnә bir söylә görüm, Kәrbәlayı Qubad, Qubad, neçә dәnә arvadın var, ay neçә dәnә arvadın var? Tez söylә görüm!

K ә r b ә l a y ı  Q u b a d--Bir danә!

M ә r a d a n b ә y--Tәk bircә danә?

K ә r b ә l a y ı  Q u b a d--Bir danә.

 

M ә r c a n  b ә y--

 

Bәs necәsәn, Kablayı, sәn?

Bәs necәsәn, Kablayı, sәn!

İstәyirsәnmi sәnә bir danә arvad alım, ay!

Özü dövlәtli ola!

 

K ә r b ә l a y ı  Q u b a d--Özü  dövlәtli ola?...

M ә r c a n  b ә y--Yaxşı pulu var, dövlәti var!

 

K ә r b ә l a y ı  Q u b a d--

 

Yaxşı pulu var, dövlәti var?

Al, sәnә mәn qurban olum. (2 dәfә)

 

M ә r c a n  b ә y--Kәrbәlayı Qubad! Sәn özün bilirsәn ki, bir arvad ilә kişinin ömrü keçmәyir; ona görә kişiyә heç olmasa iki danә arvad lazımdır. Belәdir, belә deyil?...

K ә r b ә l a y ı  Q u b a d--Doğrudan da, mәnim dә ağlım kәsir ki, iki arvad salahdır. Әlbәttә, kişinin hәr bir lәvazimatı iki olsa dәxi yaxşı olar. Buna kimin bir sözü ola bilәr.

M ә r c a n  b ә y--Yox, mәndәn sәnә әmanәt! Arvadını hәmişә iki saxla, kişi olan şәxsin arvadı gәrәk qoşa ola vә "Molla Nәsrәddin" jurnalı әbәs yerә bu barәdә danışmır.

K ә r b ә l a y ı  Q u b a d--Belә görürәm ki, bәy, fәrmayişatın hamısı doğrudur. Mәsәlәn, mәnim, üzüm ayağının altına, eyb olmasın, bir danә arvadım var; özü dә kәnddә; demәli, mәn şәhәrdә lap tәk qalmışam. Әlbәttә, әgәr bir arvadım da şәhәrdә olsa idi, heç halıma tәfavüt eylәmәzdi. Halbuki indi halıma bәrk tәfavüt eylәyir. Bәy, tәvәqqә eylәyirәm ki, bu biәdәb sözlәrimi bağışlayasınız.

M ә r c a n  b ә y--Zәrәr yoxdur, doğru sözdür ki, danışırsan. İndi mәn özüm dә niyyәt eylәmişәm ki, iki danә arvad alam, indi mәn istәyirәm ki, әvvәlcә öz arvadımı boşayam; çünki mәn bu arvadı heç istәmirәm.

K ә r b ә l a y ı  Q u b a d--İstәmirsәn, boşa! Daha nәyә mәәttәlsәn?

M ә r c a n  b ә y--Boşaram. Ancaq iş burasındadır ki, qabaqda axmaqlıq edib, kәbin pulunu beş min manat yazdırmışam.

K ә r b ә l a y ı  Q u b a d--Әcәb sözdür, kәbin pulu nәdir, zad nәdir? Bir-iki dәfә üzünә baxma, inciyib onda özü deyәr ki, kәbinim halal, canım azad.

M ә r c a n  b ә y--Vallah, onun özü mәni o qәdәr incidib ki, az qalmışam özüm deyәm ki, kәbinim halal, canım azad, mәndәn әl çәk.... (Bu әsnada qapıdan sәs gәlir). Dur gedәk o biri otağa, burada bizi pusarlar.

 

Gedirlәr; M i n n ә t  x a n ı m daxil olur.

 

M i n n ә t  x a n ı m--

 

Mәnim adım Minnәtdir;

Yerim burda cәnnәtdir.

Tәzә ayı gördükdә      

Mәnә baxmaq sünnәtdir. (2 dәfә)

Gәl mәni gör, dәrdimdәn öl!

Mәnim adım Minnәtdir;

Gәl mәni gör, dәrdimdәn öl!

Yerim burda cәnnәtdir.

 

(M u s i q i)

 

Sizә doğrusun deyim,

Әrimin  başı  yoxdur.

Ağlı yoxdur axmağın,       

Qәdrimi bilmir, bilmir. (2 dәfә)

Gәl mәni gör, dәrdimdәn öl!

Mәnim adım Minnәtdir;

Gәl mәni gör, dәrdimdәn öl!

Yerim burda cәnnәtdir.

 

(M u s i q i)

 

Belә fikri vardır kim,

Mәni boşasın, özgәsin alsın.

Onu bilmir ki, axmaq, 

Belә fikri müşküldür. (2 dәfә)

Gәl mәni gör, dәrdimdәn öl!

Mәnim adım Minnәtdir;

Gәl mәni gör, dәrdimdәn öl!

Yerim burda cәnnәtdir.

 

(M u s i q i)

 

M ә r c a n  b ә y  tez daxil olur

 

M ә r c a n  b ә y--

 

Bu nә sәs küydür burda?

Qonağım vardır orda.

Sәsin düşüb hәr yana,

Çığırırsan, ay ... arvad!

 

M i n n ә t  x a n ı m  (gedir  o tәrәfә)--

 

Әcәb eylәyirәm mәn,

İstәmirsәn, çıx get sәn.

Qulağına pambıq tut,

Boynuna sal ağ kәfәn. (2 dәfә )

Gәl mәni gör, dәrdimdәn öl!

Mәnim adım Minnәtdir;

Gәl mәni gör, dәrdimdәn öl!

Yerim burda cәnnәtdir.

 

M ә r c a n  b ə y acıqlı-acıqlı çırtıq vurur.

 

M i n n ә t  x a n ı m--İndi buyura bilәrsәn. Buyura bilәrsәn! (Gedә-gedә). Buyur, buyur, buyur!

M ә r c a n  b ә y--Tfu!...

M i n n ә t  x a n ı m--Tfu!...

M ә r c a n  b ә y--Tfu!... (Gedir).

M i n n ә t  x a n ı m--Tfu!... (Gedir.)

S ә f i (daxil olur)--Tfu!... Süpürәk!

M ә r c a n  b ә y (Kәrbәlayı Qubad ilә daxil olurlar)--Tfu!... Balam, gedәk o biri otağa. (Gedirlәr).

S ә f i--Bu canım ölsün ki, bularda bir kәlәk var; gedim görüm nә danışırlar.

 

Gedir dallarınca. M i n n ә t daxil olur vә tez yüyürüb  pәrdәnin dalında  gizlәnir.

 

M ә r c a n  b ә y (daxil olur, dalınca Kәrbәlayı Qubad әvvәlki qәrar ilә)--Balam, orada olmadı, gәl yenә burada danışaq. İndi, Kәrbәlayı, mәn istәyirәm ki, arvadımı boşayam, ona görә dә....

S ә f i (daxil olur)--Bәy, çay gәtirim?

M ә r c a n  b ә y--Allahu Әkbәr! (Çığırır). Gәdә, rәdd ol! Bir dә bu otağa girmә, xәlvәt sözüm var. (Nökәr gedir). Mәnim arvadımın kәbin pulu beş min manat elәyir, әgәr bu beş min manatı....

S ә f i (daxil olur)--Ağa, istәyirsiniz qapıları daldan bağlayım?

M ә r c a n  b ә y--Pa atannan, yeri, gәdә yiyәsi! A gәdә, qoçaq, mәn sәni çağırmayınca sәn bu otağa girmә!

S ә f i--Baş üstә, ağa. (Gedir).

M ә r c a n  b ә y (qapılara qulaq asıb, sonra deyir)--İndi mәn bilmәyirәm ki, arvadımı nә tövr boşayım.

K ә r b ә l a y ı  Q u b a d--Nә qayırım, arvad mәnim olaydı, görәydin ki, nә tövr boşayırdım.

M ә r c a n  b ә y--Bu cürә arvadı sәn dә boşaya bilmәzdin.

K ә r b ә l a y ı  Q u b a d--Xeyr, boşayardım.

M ә r c a n  b ә y--Yaxşı, nә tövr edәrsәn?

K ә r b ә l a y ı  Q u b a d--Onu mәn bilirәm, sәnә demәrәm vә bir dә mәn arvad almağın da yolunu bilirәm, boşamağın da, amma siz oxumuşlar o cürә şeylәri dürüst bilmәzsiniz. Sizin bu cürә sәriştәniz olmaz.

M ә r c a n  b ә y--Yaxşı, sәn heç uxajivat elәmisәn ki, belә danışırsan?

K ә r b ә l a y ı  Q u b a d--Elәmişәm, amma bilmirәm ki, uxajivat nәdir, çünki urusca savadım yoxdur.

M ә r c a n  b ә y--Kәrbәlayı Qubad, indi ki, sәn, belә mahir kişisәn, gәl bir iş eylәyәk.

K ә r b ә l a y ı  Q u b a d--Nә is?...

M ә r c a n  b ә y--Bax, әgәr mәn arvadımı boşasam, onda  gәrәk beş  min  manat kәbin  pulu verәm. Amma  әgәr sәn bir iş görә bilsәn ki, arvadım mәnә deyә kәbinim halal, canım azad vә mәndәn çıxıb gedә, onda sәnә iki  min  manat nәqd pul  verәrәm. Anladınmı  nә deyirәm?

K ә r b ә l a y ı  Q u b a d--Nә üçün, heyvan ki, deyilәm, yaxşı anlayıram.

M ә r c a n  b ә y--Bacararsanmı?

K ә r b ә l a y ı  Q u b a d--Bacararam. Ancaq  bunu  bil ki, iki min manat çox azdır.

M ә r c a n  b ә y--Paho, nә danışırsan? İki min manat iyirmi danә yüzlük elәyir.

K ә r b ә l a y ı  Q u b a d--Bәy, qorxuram zәrәr eylәyim, çünki kәnddәki arvadım çox bәdzat şeydir, sәn gәl beş yüz manat da artır.

M ә r c a n  b ә y--Zәrәr yoxdur, iki min beş yüz manat olsun!

K ә r b ә l a y ı  Q u b a d--Allah sәnә ömr versin, indi, bәy, olmazmı ki, bu işi notarius әli ilә eyliyәk?

M ә r c a n  b ә y--Yaxşı, o da mümkündür. Gedәk notariusun yanına; ancaq de görüm nә tövr edәcәksәn?

K ә r b ә l a y ı  Q u b a d--Sәn bir iş eylә ki, mәn bu otaqda arvad ilә bir dәfә görüşüm, vәssәlam. Ondan sonra sәnin işin yoxdur.

M ә r c a n  b ә y--Elә bu?...

K ә r b ә l a y ı  Q u b a d--Elә bu, vәssәlam.

M ә r c a n  b ә y--Di onda gedәk. (Gedirlәr).

M i n n ә t  x a n ı m (pәrdәnin dalından çıxır)--Bәs belә, Mәrcan, bәs belә; mәni iki min beş yüz manata satmaq istәyirsәn? Ha ... ha ... ha.... Bәs belә, Mәrcan! Mәni iki min beş yüz manata satmaq istәyirsәn? İndi görәk kim bәdzatdır; sәn, yoxsa mәn? (Çağırır). Sәfi! Sәfi!

S ә f i (daxil olur)--Nә buyurursan, xanım?

M i n n ә t  x a n ı m--Gülpәrini tez buraya çağır.

 

N ö k ә r gedir. Musiqi.

 

G ü l p ә r i (daxil olur)--

 

Nәdir dәrdin sәnin, xanım? (2 dәfә)

Sәnә nә olub, sәnә nә olub,

Sәnә nә olub, kefsizsәn?   (2 dәfә)

 

(M u s i q i)

 

M i n n ә t  x a n ı m--

 

Mәnim dәrdim var, Gülpәri!

Sәnә söylәyim dәrdimi;

Ona sәn bir әlac eylә (2 dәfә)

Mәnim dәrdimin dәrmanı

Әrimi aldatmaqlıqdır.

Mәnә nә olub, mәnә nә olub,

Mәnә nә olub, bildinmi? (2 dәfә)

 

Gülpәri, mәnim әrim istәyir ki, mәni iki min beş yüz manata satsın.

 

G ü l p ә r i--Buy, allah o cürә әrin başına bir daş salsın!

M i n n ә t  x a n ı m--Qarğış elәmә. Tәqsir әrimdә deyil.

G ü l p ә r i--Bәs kimdәdir?

M i n n ә t  x a n ı m--Tәqsir әrimin başındadır ki, içindә beyin yoxdur.

G ü l p ә r i--Bәs mәn dә deyirәm ki, başına daş salsın, özünә ki, demirәm.

M i n n ә t  x a n ı m--Bax, Gülpәri, sabah bura bir kişi gәlәcәkdir. Onda sәn üzünü bәrk-bәrk tutub vә burada otur; o kişi başlayacaq sәni tovlamağa vә deyәcәkdir ki, gәl sәni alım, onda sәn dә deginәn yaxşı. Ancaq gәrәk әrimdәn boşanam sonra.... O kişi sәnә hәr nә desә razı ol, bacararsanmı?

G ü l p ә r i--Elә bacararam! Hanı o bәxtәvәr  kişi, gәlsin görәk.

M i n n ә t  x a n ı m--Sabah gәlәcәkdir. Sәn bu saat mәnә bir qәdәr kağız ilә mürәkkәb vә qәlәm gәtir.

G ü l p ә r i--Bu saat. (Gәtirir).

M i n n ә t  x a n ı m--İndi mәn әrimin axmaq başına bir oyun açım ki, özü dә mәәttәl qalsın.

G ü l p ә r i--Buyur. (Kağız, qәlәm verir).

M i n n ә t  x a n ı m--Mәn kağız yazıram. (Yazır). İndi, Gülpәri, sәn get nökәrlәrin, qulluqçuların hamısını buraya çağır, gәlsinlәr.

G ü l p ә r i--Bu saat. (Gedir).

M i n n ә t  x a n ı m--İndi qoy bu kağızı Mәrcan bәy oxusun, onsuz da dәli başı lap dәli olsun.

 

Bu әsnada n ö k ә r l ә r, q u l l u q ç u l a r bir-birini basa-basa daxil olurlar. Yoğun a ş p a z әlindә kәfkir, qolları çirmәkli; m e h t ә r әlindә xәlbir, üzü samanlı; birinin әlindә süpürgә, suçilәyәn vә G ü l p ә r i dә gәlirlәr.

 

M i n n ә t  x a n ı m--Ay uşaqlar, bilirsiniz nә var?

H a m ı--Xeyr, xanım, bilmirik.

M i n n ә t  x a n ı m--Mәnim әrim mәni satmaq istәyir.

H a m ı--Yox, belә iş ola bilmәz; bu nә hәrәkәtdir, bu nә bәdnamçılıqdır.

M i n n ә t  x a n ı m--Amma ... (hamı sakit), mәn bir elә iş görәcәyәm ki, mәni sata bilmәyәcәkdir.

H a m ı (sevinclә)--Ha, bu yaxşıdır.

M i n n ә t  x a n ı m--Amma ... (hamı sakit). Siz gәrәk mәn deyәn sözlәrә, mәn elәdiyim işlәrә dürüst diqqәt edәsiniz. (Onlar dim-dik dururlar). Vә әrimә heç bir söz demәyәsiniz. (Onlar düz dururlar). Әyәr biriniz demiş olsa, vay onun halına! (Hamı tez aşağı oturub qalır). Әyәr mәn deyәnә qulaq assanız hәrәnizә on manat pul bağışlayacağam. (Hamı sevincәk ayağa qalxır).

H a m ı--Sağ ol, xanım, sağ ol!

M i n n ә t  x a n ı m--Gülpәri, bayaqkı sözlәr yadından çıxmasın. Sәfi! Buraya gәl, bu kağızı al, Mәrcan bәy gәlәndә ona verib deyәrsәn ki, bir nәfәr qulluqçu arvad gәtirdi vә başqa heç bir söz demә!

S ә f i--Heç bir söz!

 

(M u s i q i)

 

M i n n ә t  x a n ı m--

 

İnsaf eylәyin, bir baxın mәnә!

Mәrcan eylәyir çox zәbun mәni! (2 dәfә)

 

X o r--

 

Ay xanım, xanım, siz qәm etmәyin,

Peşiman olacaq Mәrcanın sәnin. (2 dәfә)

Ağzı bir çuval, boynu şam piyi,

Başı gәrmәk, burnu yelpәnәk;

Әblәhin biri Kәrbәlayı Qubad

İstәyir gәlә xanıma kәlәk.

Ay xanım, xanım, siz qәm etmәyin,

Peşiman olacaq Mәrcanın sәnin. (2 dәfә)

 

(M u s i q i)

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ  PӘRDӘ

 

 

Vaqe olur hәmin o t a q d a. Pәrdәdәn qabaq musiqi çalınır; sonra pәrdә qalxır. S ә f i tәk.

 

(M u s i q i)

 

S ә f i--

 

Bәdnam oldun, Mәrcan, bala-bala!

Camaatın içindә.  (2 dәfә)

Ha, ha! Ha, ha! Ha, ha!...       

Bәdnam oldun, Mәrcan, bala-bala 

Camaatın içindә. (2 dәfә)

 

X o r--

 

Ha, ha! Ha, ha! Ha, ha, ha!... 

Bәdnam oldun, Mәrcan, bala-bala.

Camaatın içindә. (2dәfә)

 

S ә f i--

 

Qıldı  nәfsin  tuğyan,  bala-bala,

Arvad ilә savaşdın.

Bir tövr qıllı şeytan, bala-bala,

Başdan dibә dolaşdın.

Ha, ha, ha!... Ha, ha, ha!...

Bәdnam oldun, Mәrcan, bala-bala

Camaatın içindә.

 

Qapı döyülür.  H a m ı  qaçır, tәk bir S ә f i qalıb, qapını açır, әlindә supürgә. M ә r c a n  b ә y daxil olur, dalınca K ә r b ә l a y ı  Q u b a d.

 

M ә r c a n  b ә y--Kәrbәlayı, sәn  hәlә qapıda gözlә; sonra mәn sәni çağıranda gәlәrsәn.

S ә f i--Ağa, sәnә bir kağız var, buyurun!

M ә r c a n  b ә y--Nә kağızdır, kim verdi?

S ә f i--Dünәn bir qulluqçu qız bunu gәtirdi.

M ә r c a n  b ә y--Kimin qulluqçusu idi?

S ә f i--Bilmirәm. (Gedir).

M ә r c a n  b ә y kağızı oxuyur)--"Ey mәnim ruhi-rәvanım Mәrcan bәy. Bir dәfә sәni gördüm, aşiq oldum. İkinci dәfә gördüm, dәli oldum. Üçüncü dәfә gördüm, tab gәtirә bilmәdim vә bu kağızı sәnә yazdım. Әyәr sәk mәnә iltifat edib mәni almasan vә mәni özünә arvad etmәsәn dәli-divanә olub, çöllәrә düşәcәyәm. Ah-nalәm sәni tutacaq.... Mәn iyirmi üç yaşında bir nazәninәm ki, dәrdimdәn ölәnlәr çoxdur; amma mәn dә sәnin dәrdindәn ölürәm. Әgәr mәni alsan, iki yüz min manatlıq malımı da sanә qurban edәrәm. Mәni görmәk istәsәn, sabah saat altıda gәlib, qapınızı tәqqülbab edәrәm.... Sәnә aşiq bir nazәnin". (Mәbhut). Görәsәn bu yuxudur, yoxsa gerçәkdir? Yox-yox, bu, yuxudur.... Mәn yuxu görürәm.... Sәfi! Sәfi!  (Çağırır).

S ә f i (daxil olur)--Nә buyurursan, ağa?

M ә r c a n bәy--Sәfi! Mәn yatmışam, yoxsa oyağam?

S ә f i--Allaha şükür, oyaqsan.

M ә r c a n  b ә y--Bәrәkallah, Sәfi! Bu kağızı  sәnә kim verdi?

S ә f i--Bir qulluqçu.

M ә r c a n  b ә y--Kimin qulluqçusu idi?

S ә f i--Bilmirәm.

M ә r c a n  b ә y--Nә dedi?

S ә f i--Dedi bu kağızı Mәrcan bәyә ver.

M ә r c a n  b ә y--Yaxşı, get. (Sәfi gedir. Mәrcan kağızı öpüb, qoyur gözlәrinin üstünә). Oxxay! A bu kağızı yazan әllәr, a bu kağızı yazan әllәrin sahibi! Sәn ki, mәnim dәrdimdәn dәlisәn, mәn dә sәnin dәrdindәn dәli olacağam. (Ağlamsınır). Ox, aşiq oldum, dәli oldum. Yox-yox, bu eşq mәni öldürәr. Mәnim eşq bәlasına bir o qәdәr tabım yoxdur. Doğrudan da ki: mәhәbbәt bir bәla şeydir, giriftar  olmayan  bilmәz.  Ey iyirmi üç yaşında nazәnin! Sәn iki yüz min manatını mәnә qurban edirsәnsә, mәn dә әlli  min  manatı-sәnә qurban edirәm vә bir canımı da üstündә verirәm. (Bәrkdәn). Yox-yox, rәdd olsun Minnәt! Mәn gәrәk onu bu gün boşayam, mәn aşiqәm, aşiq!

 

Qәzayi-eşqi ta kördüm, sәlahi-әqldәn durәm.

Mәni rüsva görüb, eyb etmә, ey naseh ki, mәzurәm.

 

Kәrbәlayı Qubad! Kәrbәlayı Qubad! (Kәrbәlayı Qubad daxil olur). Başına dönüm, axı mәn aşiq olmuşam. Sәn allah, bu işi bu gün qurtar. Mәni Minnәtin üzündәn xilas eylә, allah atana rәhmәt eylәsin. Zәrәr yoxdur, sәnә iki min beş yüz әvәzinә, üç, min manat verәrәm. Mәn aşiq olmuşam.... Mәnә aşiq.... Mәnә aşiq olublar.... Mәn dә aşiqәm.... Eşq vurub başıma. Oy, ürәyim xarab olur.... Nә şirin şeydir bu eşq.... Oy, bitab oldum. (Yıxılır sәndәlin üstә, ürәyi bitab olan tәk olur).

 

K ә r b ә l a y ı  Q u b a d--Ağa, ağa Mәrcan bәy! Ağa Mәrcan bәy, ay ağa!

M ә r c a n  b ә y (gözünü açır)--Hә!...

K ә r b ә l a y ı  Q u b a d--Ağa! Olmazmı o beş yüz manatı bu saat mәnә verәsәn! Çünki o, notariusda yazılmayıbdır. Әgәr arvadı bu gün tovladım, tovladım; tovlamadım, onda beş yüz manatı gәtirib verәrәm özünә.

M ә r c a n  b ә y--Yaxşı, bir hovur verərәm. Ürәyim xarab oldu, aşiq olmuşam. Ey iyirmi üç yaşında nazәnin! (Bitab olur. Sonra birdәn ayağa durub kağızı cibindәn çıxardır). Ay kişi, kağızda da yazıbdır ki, sabah saat altıda gәlәcәyәm.... Kağız dünәn yazılıbdır, demәli, bu gün gәlәcәkdir. Hurra!... Bu gün gәlәcәkdir. İndi saat neçәdir? (Saata baxır). Saat ikidir, hәlә dörd saat var. De bircә, Kәrbәlayı, sәn tez ol, işini gör.

Kә r b ә l a y ı Q u b a d--Mәn hazıram, ancaq arvad gәlsә başlarıq.

M ә r c a n  b ә y--Aha, çox yaxşı, sәn get qapıda dur, sonra çağırram. (Qubad gedir). Sәfi! Sәfi! (Sәfi daxil olur). Get, Minnәt xanımı buraya çağır. (Sәfi gedir). Yox, bu kağız mәnә cürәt verdi. Mәn ona açıq-açığına deyәcәyәm ki, sәni boşayıram, daha sәninlә bir yerdә ola bilmәrәm.

M i n n ә t  x a n ı m (daxil olur)--Buyurun! Nә deyirsәn! (Gülümsünür)....

M ә r c a n  b ә y--Minnәt.... (Kәnara). Cürәtim gәlmәyir, gözümü bәrk qorxuzub. (Ona). Minnәt.... Ey! (Kәnara). Lap arvada dönmüşәm. (Ona). Ağız, Minnәt!... Çörәk yeyibsәn?

M i n n ә t  x a n ı m--Yemişәm! Nә eylәyirsәn?

M ә r c a n  b ә y--Sözün doğrusu, daha bundan sonra mәn sәninlә bir yerdә ... çörәk yeyәcәyәm. (Kәnara). Tfu mәnim üzümә; görün mәn nә deyirәm, ay camaat!...

M i n n ә t  x a n ı m--Daha niyә acıqlanırsan?

M ә r c a n  b ә y--Çünki (kağıza baxır). Acığımı sәn tutdurursan, sәn! Bütün tәqsir sәndәdir. Ona görә bir dә mәn sәninlә dolana bilmәrәm, gәrәk sәni boşayam. (Kәnara). Allah, sәnә şükür, dedim.

M i n n ә t  x a n ı m--Aha! Demәli, çörәk bәhanә imiş! Sәn mәni boşamaq istәyirsәn! Çox әcәb! Mәn dә namәrd qızıyam, әgәr bir dәqiqә sәnin evindә qalsam. Boşa mәni!

M ә r c a n  b ә y (kәnara)--Nә yaxşı razı oldu! (Ona), Әlbәttә boşayacağam, tәvәqqә edirәm ki, bu gün mәnim evimdәn çıxasan.

 

M ә r c a n  b ә y gedir. M i n n ә t  x a n ı m tez gedib G ü l p ә r i n i  çağırıb evdә oturdur, özü dә pәrdәnin dalına girir.

 

M i n n ә t  x a n ı m--Gülpәri, dünәn dediyim sözlәri unutma, mәn deyәn kimi әmәl eylә! (Gizlәnir).

G ü l p ә r i--Arxayın ol! (Üzün bәrk tutub oturur).

K ә r b ә l a y ı  Q u b a d (daxil olur)--Oho!... Oho!... (Öskürür, sükut).  Bu gün hava çox istidir.  (Sükut). Görәsәn bu  evlәrin hamısı Mәrcan bәyindir?  (Bir  qәdәr  çırtıq vurur).

 

(M u s i q i)

 

Ay xanım, xanım, dәrdin alım,

Bәs mәni neylәrsәn, vәsmәni neylәrsәn?...

 

(M u s i q i)

 

Qaşın qara, gözün qara,

Bәs mәni neylәrsәn, vәsmәni neylәrsәn?

 

G ü l p ә r i--Buy, a kişi, dәli deyilsәn ki, allah, aman, kişi elә bil ki, qızıbdır.

K ә r b ә l a y ı  Q u b a d--Xanım, bir de görüm, sәni görәn adam da qızmazmı? Vallah, bu saat sәnin dәrdindәn qızmış dәvәyә dönmüşәm, inanmırsan: lok, lok, lok, lok, (Arvadın yanından keçәndә xoruz kimi qanad sallayır).

G ü l p ә r i--Ay kişi, xoruz deyilsәn  ki, mәnә qanad sallayırsan!

K ә r b ә l a y ı  Q u b a d--Vallah, sәnin  dәrdindәn bu saat xoruz olmuşam, inanmırsan: quqqulu qu....

G ü l p ә r i--Mәnim әrim var, vallah, bilsә sәni öldürәr.

K ә r b ә l a y ı  Q u b a d (kәnara)--Yazıq, daha bunu bilmir ki, әri mәnә әli ilә üç min manat pul verir.

G ü l p ә r i--Nә deyirsәn?...

K ә r b ә l a y ı  Q u b a d--Sәnә Kәrbәlayı qurban! Deyirәm ki, әrindәn boşan, gәl mәn sәni alım, gül kimi saxlayım, bülbül kimi saxlayım.

G ü l p ә r i--Bәlkә әrim razı olmadı?!

K ә r b ә l a y ı  Q u b a d--Neçün razı olmur? De ki, kәbinim halal, canım azad. Onda hansı әr olsa razı olar.

G ü l p ә r i--Doğrusu, mәn özüm dә әrimdәn incimişәm.

K ә r b ә l a y ı  Q u b a d--Axı sәnin әrin nә adamdır ki, sәnin qәdrini bilsin. Sәnin qәdrini bu qara lәlәşin bilәr! Vallah, sәni mәn tükcә incitmәrәm! Razısanmı? Nәnәm sәnә qurban! (Sükut). Razısanmı? Canım sәnә qurban! (Sükut). Aha! Fars deyәr ki: "Sükut әlamәti-rizast". Görünür ki, razısan. Elә deyilmi? Gözümün ağı gözünün qarasına qurban!

G ü l p ә r i--Razıyam.

K ә r b ә l a y ı  Q u b a d--Vәssәlam. Bax, sәn bu güncә talağını әrindәn al; sonra bir üç ay on gün gözlә iddәn çıxsın; ondan sonra gedәk evimizә.

G ü l p ә r i--Yaxşı, sәn get, mәn bu gün kağızlarımı alaram. Sәlamәt qal. (Gülpәri gedir).

K ә r b ә l a y ı  Q u b a d--Sәlamәt qal, canım sәnә qurban! Sәlamәt qal. (Papağını çıxarır). Paho! Lap tәrlәdim. Amma, vallah, bәrәkallah mәnә. Sözün doğrusu, indi mәn arvad alış-verişindә yaxşıca dәllal ola bilәrәm. Mәn heç özümü belә bilmirdim.

M ә r c a n  b ә y (daxil olur)--Nә tövr oldu?

K ә r b ә l a y ı  Q u b a d--Coxdan!...

M ә r c a n  b ә y--Nә çoxdan?

K ә r b ә l a y ı  Q u b a d--Coxdan!...

M ә r c a n  b ә y--Ay kişi, tez de görüm nә oldu?

K ә r b ә l a y ı  Q u b a d--Nә olacaq? Razı oldu, qurtardı getdi.

M ә r c a n  b ә y--Ә kişi, nә deyirsәn? Razı oldu?

K ә r b ә l a y ı  Q u b a d--Әlbәttә oldu, oynaya-oynaya oldu.

M ә r c a n  b ә y--Ә kişi, qәribә sәn hünәrlisәn!

K ә r b ә l a y ı  Q u b a d--Rәhmәtlik oğlu, dәvә kimi nәrildәmişәm, xoruz kimi banlamışam, qoç kimi mәlәmişәm, zarafat deyildir!

M ə r c a n b ә y--Yәni dedi әrimdәn boşanıb gәlәrәm?

K ә r b ә l a y ı  Q u b a d--Bәli, bu gün sәndәn talağ alacaqdır.

M ә r c a n  b ә y--Ay bivәfa arvad!... Hәr halda, balam, allah sәndәn razı olsun, mәn ki, sәndәn razıyam.

K ә r b ә l a y ı  Q u b a d--Bәs pulu nә vaxt vercәksәn?

M ә r c a n  b ә y--Elә ki, arvad sәnin evinә gәldi, haman dәm yüyür gәl pulunu al!

K ә r b ә l a y ı  Q u b a d--Çox gözәl.

M ә r c a n b ə y--Yәni lap razı oldu?

K ә r b ә l a y ı  Q u b a d--Sәni aldatmıram ki, indi bir hovur arvad sәndәn talaqını istәyәndә görәrsәn. İndi mәn gedirәm, sabah işi lap tәmizlәyәrik. İndi  tәlәsiyirәm.

M ә r c a n  b ә y--Niyә tәlәsiyirsәn?

K ә r b ә l a y ı  Q u b a d--Gedirәm Sijimqulu bәyin yanına. Deyәsәn, o da arvadından narazıdır, boşamaq istәyir.

M ә r c a n  b ә y--Çox әcәb! (Kәrbәlayı Qubadı yola salır).

M i n n ә t  x a n ı m (pәrdәnin dalından çıxır)--Qoçaq Gülpәri oyun oynadı, indi qaldım mәn özüm.  (Mәrcan daxil olur. Acıqlı o yan-bu yana gәzir). Bu saat mәnim talağımı ver!

M ә r c a n  b ә y (kәnara)--Kişi doğru deyirmiş. (Ona). Hә!... Özgә әrә getmәk istәyirsәn?...

M i n n ә t  x a n ı m--O sәnin borcun deyil, bu saat mәnim talağımı ver!

M ә r c a n  b ә y--Baş üstә, hazır olum gedәk talağa. (Gedir).

 

G ü l p ә r i daxil olur.

 

M i n n ә t  x a n ı m--Ay Gülpәri, bәrәkallah, çox yaxşı iş gördün. İndi mәnim işim qalıbdır. Mәn bu saat gedәcәyәm atam evinә, ancaq bir hovur buraya gәlib, sonra yenә gedәcәyәm. Sәn sabah mәnim çarşabımı geyәrsәn vә qapının ağzında gözlәrsәn, mәn әrimdәn talağ kağızımı alıb sәnә verәcәyәm. Onu da yanında saxlarsan, sonra hәr nә lazımdır mәn sәnә deyәrәm.

G ü l p ә r i--Baş üstә, xanım.

M i n n ә t  x a n ı m--İndi get, әrim sәni burada görmәsin.

 

G ü l p ә r i gedir.

 

M ә r c a n  b ә y (daxil olur)--Gedәk talağa.

M i n n ә t  x a n ı m--Bu saat. (Gedir).

M ә r c a n  b ә y (fikirli)--Ay bivәfa arvad! Gör, sәn allah, mәni qoyub Kәrbәlayı Qubada gedir. Mәni, mәni ki, iyirmi üç yaşında bir nazәnin dәrdimdәn ölür. (Tәlәsik). Aha, saat neçәdir, o vaxta bir saat qalıbdır, zәrәr yoxdur, qurtardım Minnәtin üzündәn, qurtardım! Bir saatdan sonra bir nazәnin sәnәm gәlәcәkdir. O mәnә aşiq, mәn ona aşiq. Әlbәttә, insan gәrәk arvada әvvәlcә aşiq ola, sonra ala, yoxsa görmәz-bilmәz alırıq, sonra da peşiman olub qovuruq. (Çağırır). Sәfi! Sәfi! (Sәfi gәlir). Xanım hazırdırmı?

S ә f i--Bәli, hazırdır!

M ә r c a n  b ә y--Çox yaxşı. İndi sәn bu otağı tәmizcә süpür, bir saata qәdәr qurtar vә sonra qapı döyülәn kimi, gәl mәnә xәbәr ver. Mәn dә bu saat gәlirәm. (Gedir).

S ә f i--Baş üstә!

 

(M u s i q i)

 

Elә ki, әr axmaqdır,

Onun payı toxmaqdır.

Dәyirman öz işindә,     

Baş ağrıdan çax-çaxdır. (2 dәfә)

Ay Mәrcan, vay Mәrcan, gәl görüm nә gündәsәn?!

 

(M u s i q i)

 

Millәtpәrәst olmaqlıq,

Xalqın evin yıxmaqlıq--

İkisi dә bir işdir,      

O da, bu da--axmaqlıq!  (2 dәfә)

Ay Mәrcan, vay Mәrcan, gәl görüm nә gündәsәn?!

 

M ә r c a n  b ә y  gәlib keçir öz otağına. Qapı döyülür,  S ә f i  qapını açır,  M i n n ә t  x a n ı m yaxşı libasda daxil olur.

 

S ә  f i--Buy xanım, heç sizi tanımadım!

M i n n ә t  x a n ı m--Sus!... (Üzünü açır). Sәfi! Get  Mәrcan bәyә söylә ki, bir nәfәr arvad gәlib onu görmәk istәyir. Ancaq mәn olduğumu demә ha! Anlayırsan nә deyirәm?

S ә f i--Arxayın ol, xanım, yaxşı anlayıram. (Gedir).

M i n n ә t  x a n ı m--Bu libasda o mәni tanımaz, gәrәk bir qәdәr ehtiyatlı olam.

 

Sәs gәlir, M i n n ә t  x a n ı m bәrk-bәrk gizlәnir.

 

M ә r c a n  b ә y (titrәyә-titrәyә daxil olur)--A ... a.... Nazәnin sәnәm! Mәnә kağız yazan sәnsәnmi?

M i n n ә t  x a n ı m--Bәli, mәnәm!

M ә r c a n  b ә y (ağlamsınır)--Mәn sәnә aşiq olmuşam, dәrdindәn ölürәm, ya mәni öldür, ya dirilt!

M i n n ә t  x a n ı m--Xeyr, әvvәl mәn sәnә aşiq olmuşam. Mәn sәni әvvәl ibtidadә gördükdә qәlbimin içinә bir zәrrәyi-eşq daxil olub, bәәdә o zәrrә mürur-zaman ilә tövsi edib, bir atәşi suznak oldu vә fikrimi etraf-binnar etdi.

M ә r c a n  b ә y (kәnara)--Paho! Görünür, bu da qәzet oxuyanlardandır.

M i n n ә t  x a n ı m--İndi gәlmişәm ki, görüm sәn dә mәni sevirsәnmi? Çünki sәn mәni görübsәn.

M ә r c a n  b ә y--Ey nazәnin sәnәm! Mәn sәni görmәmişdәn sәnә aşiqәm, ancaq urus demişkәn: interesno znat: mәn sәni nәrәdә görmüşәm?

M i n n ә t  x a n ı m--Bir gün sәn at ilә gәlirdin, mәn dә balkonda oturmuşdum, gilas yeyirdim; sәn ötәn zaman mәn sәnin başına bir danә gilas atdım, sәn başını yuxarı qaldırıb mәni gördün.

M ә r c a n  b ә y (şadlığından bilmir nә qayırsın)--Vay, dәdәm vay! Sәn o nazәninsәn? Yәni mәn bu qәdәr xoşbәxt olmusam! Yox, yox!... Mәn bu qәdәr xoşbәxtliyә davam gәtirә bilmәrәm! Yox, yox!... Mәn dәli olaram, özümü itirmişәm! Hanı mәnim başım? Mәn haradayam? Bura haradır? (Ora-bura yüyürüb, divardan bir şey tutur). Elә bildim taxtabitidir. Bax, eşq vurub mәni dәli edibdir! Ey nazәnin sәnәm! Bir lәhzә üzünü açıb mәnә göstәr.

M i n n ә t  x a n ı m--Yox, bu sәfәr әlimә bax! Hәlә üzümü görmәzsәn, ancaq o vaxt ki, mәnim kәbinimi kәsdirәrsәn. Mәn buraya gәldikdә bütün qonaqların içindә üzümü açıb sәnә göstәrәrәm ki, xalq sәnin taleyinә hәsәd aparsın!

M ә r c a n  b ә y (kәnara)--Vaxsey, anam qurban! (Ona) Ey  nazәnin sәnәm!  Bәs nә vaxt kәbinimizi kәsdirәk?

M i n n ә t  x a n ı m--Üç aydan sonra.

M ә r c a n  b ә y--Vay, dәdәm vay!... Üç aydan sonra! Yox, bu xoşbәxtlik mәni dәli edәcәkdir!

M i n n ә t  x a n ı m--Üç aydan sonra mәnim kәbinimi kәsdir, mәnim tәrәfimdәn hәr kәsi istәsәn vәkil elә, mәnim adım Bәdigülcamaldır. Üç aydan sonra qonaqların hazır olsun, mәn öz adamlarım ilә gәlәcәyәm. Hәlә ki, xudahafiz!... (Tez çıxıb gedir).

M ә r c a n  b ә y--Yox, getmә, sәn getsәn mәnim canım gedәr. Uc aydan sonra ... uc ay, uc ay!... Ey fәlәk!... Mәn sәnә nә etdim ki, sәn mәni bu qәdәr xoşbәxt elәdin? Yoxsa mәnә satasırsan? Yox, yox! Satasma!... Bәli, getdi, getdi.... (Oxuyur)

 

Getsәn o qәdәr ağlaram, alәm olu dәrya,

Axırda olursan qәrq o dәryayә, yavaş get!

 

(Çağırır) Sәfi! Sәfi!

 

S ә f i (daxil olur)--Bәy, nә buyurursan?  

M ә r c a n  b ә y--Get, hamını buraya çağır. (Sәfi gedir). Bәxtim qudurubdur, amma qorxuram içindәn bir xәta çıxa.... Xeyr, nә xәtası vardır?! Bir göyçәk arvaddır rastıma çıxıbdır, alıram. (Nökәrlәr daxil olurlar). Ay uşaqlar, heç dünyada xoşbәxt adam görübsünüz?

H a m ı--Xeyr, ağa!

M ә r c a n  b ә y--Di görün! O xoşbәxt adam mәnәm!

H a m ı s ı--Allah sәni hәmişә xoşbәxt eylәsin!

M ә r c a n  b ә y--Bu yavuqda mәnim toyumdur. Taza arvad alıram, ona görә sizin hәrәnizә bir abbası pul bağışlayacağam.

H a m ı--İltifatın artıq olsun! (Onlardan biri gülmәyini saxlaya bilmәyib pıqqıldayır).

M ә r c a n  b ә y--Ha? Nә oldu? Nә üçün gülürsәn? Mәnә sataşırsan?

N ö k ә r--Xeyr, ağa, sәni xoşbәxt görüb şadlığımdan gülürәm.

M ә r c a n  b ә y--Qoçaq, sәnә iki abbası verәcәyәm. (Hamı gülür). Siz nә ucun guldunuz?...

H a m ı--Ağası xoşbәxt olan adamlar әlbәttә gülәrlәr.

M ә r c a n  b ә y--Qoçaqlar, sizin dә hәrәnizә iki abbası verәcәyәm. İndi hәrәniz hәr nә bilirsinizsә  oxuyun, mәn dә qulaq asım. (Nökәrlәr sәs verib hәrә bir şey oxuyur). Yox! Bu olmadı! Heyvan deyilsiz ki, uluyursunuz? Tәk-tәk oxuyun.

B i r n ö k ә r--Ağa, istәyirsәn mәn sәnә bir türk havası oxuyum.

M ә r c a n  b ә y--Oxu!

 

(M u s i q i)  

 

N ö k ә r--Mәn bir türkәm, dinim, cinsim uludur. (Oxuyub qurtarır).

Q e y r i n ö k ә r--Ağa, istәyirsәn mәn sәnә bir fars havası oxuyum.

M ә r c a n  b ә y--Oxu!

 

(M u s i q i)

 

N ö k ә r--Eşqin, eşqәt  pәnceyi darәd  ahәni. (Oxuyub qurtarır).

A y r ı n ö k ә r--Ağa, istәyirsәn mәn sәnә bir ermәni havası oxuyum.

M ә r c a n  b ә y--Oxu!

 

(M u s i q i)

 

N ö k ә r (oxuyur)....

S ə f i--Ara, istәyirsәn mәn sәnә bir urus havası oxuyum.

M ә r c a n  b ә y--Oxu görәk!

 

(M u s i q i)

 

S ә f i (oxuyur)--Poy, lastoçka, poy! (Oxuyub qurtarır).

B i r n ö k ә r d ә--Ağa, istәyirsәn mәn sәnә bir gürcü havası oxuyum.

M ә r c a n  b ә y--Oxu! oxu!

 

(M u s i q i)

 

N ö k ә r (oxuyur)--

 

Qurban olum sәni doğan anaya,

Sәni doğdu, mәni saldı bәlaya....

 

M ә r c a n  b ә y--Bunlar hamısı çox gözәl, indi bizim öz Qafqaz havamızdan bir şey oxuyun!

 

(M u s i q i)

 

X o r--

 

Eşitmişik xanımı yola salmısan, (2 dәfә)

Xanım getcәk, kim, sәn tәnha qalmısan.

Ay Mәrcan bәy, ay Mәrcan bәy, ay Mәrcan bәy!

 

(M u s i q i)

 

Biz sәnin üçün çalıb, gülüb, oxuruq, (2 dәfә)

Heç fikr etmә kim, sәn tәnha qalmısan.

Ay Mәrcan bәy, ay Mәrcan bәy, ay Mәrcan bәy!

 

PӘRDӘ

 

 

 

 

ÜÇÜNCÜ PӘRDӘ

 

 

Hәmin o t a q d a. Bu dәfә otaq bәzәnib. Çox qonaqlar vardır. Bir tәrәfdә tarzәn vә xanәndә oturub, musiqi çalınır. Pәrdә qalxdıqda M ә r c a n  b ә y fәxir libas geyinmiş daxil olur. Onu görcәk oxuyurlar.

 

(M u s i q i)

 

Q o n a q l a r--

 

Söylә bir görәk, Mәrcan,

Bu nә toy, bu nә xәrcdir? (2dәfә)

Bәs sәnin әvvәldәncә

Arvadın yoxdurmu? (3 dәfә)

Ey.... Minnәt xanımı sәn neylәdin bәs? (2 dәfә)

İndi tazadan arvad

Alırsan Mәrcan?!   (2dәfә)

                    

(M u s i q i)

 

M ә r c a n  b ә y--

 

Allahın bәndәlәri,      

Minnәti boşadım mәn.   (2dәfә)

Kәbinin verdim onun,

Özgәyә әrә getdi. (3 dәfә)

Ey.... Kәrbәlayı Qubad aldı Minnәti, (2 dәfә)

Mәn dә alıram indi bir özgә arvad. (2 dәfә)

 

B i r  q o n a q--Nә var, pullu adamsan, sәn gündә üç arvad alıb, üçün dә boşaya bilәrsәn.

M ә r c a n  b ә y--A kişi, bu siz ölәsiz, iş pulda deyildir, iş ürәkdәdir.

Q o n a q l a r--Doğrudur, doğrudur.

M ә r c a n  b ә y--İndi, әziz dostlarım, axır o gün olubdur ki, (ağlamsınır)  mәn öz ürәyim istәyәni tapmışam, mәn öz muradıma çatmışam. Allah sizi dә öz muradınıza çatdırsın. (Gözlәrini silir). Mәnim taza arvadım hәlә üzün mәnә göstәrmәyibdir vә söz veribdir ki, qonaqların içindә üzünü mәnә göstәrsin. Tәvәqqә edirәm ki, gәlin gәlәnә qәdәr buradan bir yana tәrpәnmәyin. Oturun burada, yeyin, için, kef çәkin; bu gün şadlıq günüdür, gәrәk şad olasınız.

Q o n a q l a r--Yaşasın Mәrcan bәy!...

 

(M u s i q i.  Oxuyurlar)

 

Şadlıqdan başqa ola bilmәz işimiz,  (2 dәfә)

Şükür allaha kim, daha yoxdur qәmimiz. (2 dәfә)

Arvad almaqda müzәffәr olmuş Mәrcan, (2 dәfә)

Olmamış düşmәn ona heç qalib hәrgiz, (2 dәfә)

Şadlıqdan başqa ola bilmәz işimiz, (2 dәfә)

Şükür allaha kim, daha yoxdur qәmimiz. (2 dәfә)

 

M ә r c a n  b ә y--Sağ olun, qardaşlar, sağ olun! Mәn gedirәm özümü bir qәdәr düzәldim, siz öz işinizә mәşğul olun.

Q o n a q l a r--Buyur! Buyur! (Mәrcan gedir).

B i r  q o n a q--Hanı xanәndә? Hanı sazәndә? A gәdә, bizim üçün bir  bayatı-kürd çal, xanәndә oxusun.

 

T a r z ә n bayatı-gürd çalır,  xanәndә oxuyur, meyxana deyirlәr,  qumar oynayırlar.

 

(M u s i q i)

 

X o r--

 

Aqil qardaşım, ayıl, bәsdir xәbidәn, (2 dәfә)

Yatma, dur gör nәdir sәni hamıdan baz edәn, (2 dәfә)

Aman, aman allah, aman, aman allah, allah amandır,

İbrәt eylә qeyrәt eylә, gör nә zamandır. (2 dәfә)

 

(M u s i q i)

 

Bәsirәt gözün açıb, bax bir cahanә! (2 dәfә)

Әhli-elmә bax, gör necә dolub zәmanә! (2 dәfә)

Aman, aman allah, aman, aman allah, allah amandır, (2 dәfә)

İbrәt eylә, qeyrәt, eylә, gör nә zamandır. (2 dәfә)

 

Musiqi rәngi çalınır. R ә q q a s  rәqs edir. Rәqs qurtardıqda qapıdan mәşәllәrin işığı görünür vә zurna sәsi eşidilir.

 

Q o n a q l a r--Gәlin gәldi. (Gedirlәr  qapıya).

M ә r c a n  b ә y (tәlәsik daxil olur, yaxşı geyinmişdir)--Oy! (Üzünü yellәyir). Yox, deyәsәn mәn bu gecә tab gәtirә bilmәyәcәyәm. Vallah, arvadın vәhmi mәni basıbdır. Puf! Nә istidir!

 

Qapılar açılır, sәs-küy ilә gәlini gәtirirlәr. M i n n ә t  x a n ı m  üzü rübәndli gәlib ortada durur. M ә r c a n  b ә y  onun o tәrәf bu tәrәfinә keçir.

 

M i n n ә t  x a n ı m--Mәn әhd elәmişdim ki, qonaqların içindә üzümü sәnә göstәrim, indi әhdimә vәfa edirәm.

 

Q o n a q l a r  xanımın әtrafına yığılırlar vә diqqәtlә tamaşa edirlәr. Hamı  M i n n ә t ә  sakit baxır. Minnәt xanım әvvәlcә çarşabını açır. Sonra başındakı yaylığını. Hәr dәfә M ә r c a n  b ә y  tәlәsdiyini bildirir. Ayaqlarının birini götürüb o birini qoyur. Axırda Minnәt xanım rübәndini açıb Mәrcanın üzünә baxır.

 

M ә r c a n  b ә y--Minnәt!

M i n n ә t  x a n ı m--Bәli!

M ә r c a n  b ә y--Sәnsәn?

M i n n ә t  x a n ı m--Bәli, mәnәm, ... Mәrcan!

M ә r c a n  b ә y--Bәli!

M i n n ә t  x a n ı m--Sәnsәn?

M ә r c a n  b ә y--Bәli, mәnәm! Vay, dәdәm vay!... Bu mәnim öz әvvәlki arvadımdır. Ay camaat, bu Minnәtdir! Yox, yox, belә şey olmaz! Mәnә sataşırlar. (Hamı mat, mәbhut durur). Yox, mәnә sataşmaq olmaz! Mәnim kimi adamı aldatmaq olmaz! Kimdir, bu saat desin, bu oyunu mәnim başıma gәtirәn, kimdir?

 

Camaatı yara-yara K ә r b ә l a y ı  Q u b a d daxil olur.

 

K ә r b ә l a y ı  Q u b a d--Mәrcan bәy, dur üç min manatı bu saat ver, arvadı aparım evә. Bircә tez ol, başına dönüm, istәyirәm bu gun bir dükan yeri alım.

M ә r c a n  b ә y (bәrkdәn)--Ay zalım balası zalım! Mәni sәn aldatdın. Mәnim evimi yıxdın, hәlә bir gәlib mәndәn pul da istәyirsәn?! Ay camaat, mәni tutmayın, bu kişini öldürәcәyәm. Buraxın, mәni tutmayın, bu saat mәn bu kişini qanına bulaşdırım, bu mәnim namusuma toxunan işdir. Tutmayın mәni, hanı mәnim afserskim? Hanı, hanı?...

K ә r b ә l a y ı  Q u b a d--Bu nә danışır, әdә, dәli olubsan nәdir? Mәnә kәlәk istәyir kәlsin.... Bu saat pulu ver, yoxsa kedib bu saat notariusu gәtirrәm, evini yazdıraram. Zәhmәt çәkib arvadını almışam!

M ә r c a n  b ә y--Ay evin yıxılsın kişi, arvad buradadır, budur arvad, burda!

K ә r b ә l a y ı  Q u b a d--Vay, dәdәm vay!... Bәs mәn aldığım arvad kimdir?

M ә r c a n  b ә y--Mәn nә bilirәm kimdir!

K ә r b ә l a y ı  Q u b a d--Qoy gedim bir arvadı gәtirim bura.

 

Gedir, c a m a a t qarnını tutub gülüşür.

 

M ә r c a n  b ә y--Niyә gülürsünüz? Mәnә gülürsünüz? Mәnә sataşırsınız? Namәrdlәr, siz hamınız bәdzatsınız! (Gülüşmә). Juliksiniz, moşenniksiniz! Yox, yox, bu dәrd mәni öldürәr. (Yıxılır stolun üstә.)

K ә r b ә l a y ı  Q u b a d (daxil olur, yanında Gülpәri)--Bәs bu kimdir, sәnin arvadın deyildirmi?

M ә r c a n  b ә y--Bu Gülpәridir, ay evini allah yıxsın! Sәn arvadı dәyişik salmısan.

K ә r b ә l a y ı  Q u b a d--Vay, evim yıxıldı!... Allah sәnin evini yıxsın, Mәrcan bәy! Bu nә kәlәk idi mәnim başıma açdın! Ay camaat, mәn öz arvadımı kәnddә qoyub, şәhәrә qaçdım. Burada da bir arvad boğazıma keçdi. İki yüz manat da kәbin pulu yazdırmışam. Bәs mәn dükan yeri alacaqdım.

M ә r c a n  b ә y--Vay, sәnin evin yıxılsın Kәrbәlayı Qubad!... A kişi, bәs sәn mәnim arvadımı alırdın?

 

Bir a r v a d әlindә ağac, pәrdә dalında qışqırıq sala-sala daxil olub, ucadan çığırır.

 

A r v a d--Hanı o başı batmış Kәrbәlayı Qubad? A kişi, mәnim üstümә arvad alırsan? A sәnin saqqalın tökülsün! (Ağac ilә vurur Kәrbәlayı Qubadı vә bir-iki ağac da Mәrcan bәyә dәyir. Arvad gedә-gedә deyir). Görәk, Kәrbәlayı Qubad, hәrgah sәnin saqqalında bir tük qoysam sağ, onda bu lәçәk mәnә haram olsun. (Qonaqlar tutub, qoymayırlar vursun vә arvadı yola salırlar). Mәn gedirәm, sonra görüşәrik, allah qoysa.

 

A r v a d gedir. K ә r b ә l a y ı  Q u b a d vә M ә r c a n  b ә y hәrәsi bir tәrәfdә oturub ağlayırlar.

 

M i n n ә t  x a n ı m--Mәrcan! Kefin necәdir? Canın-başın sağdırmı? Mәni satmaq istәyirdin, ay namәrd! Mәni! Di get, al payını. (Qubada). Sәn saqqalından utanmadın, xalqın arvadını satın almaq istәdin? Daha bir ayrı alış-veriş tapmırdın?! De al payını!...

 

(M u s i q i)

 

Q o n a q l a r--

 

Mübarәk olsun toyun  

Sәnin, Mәrcan, ay Mәrcan! (2 dәfә)

A kişi, bәs utanmadın?

Belә bәdnam oldun sәn!   (2 dәfә)

 

M ә r c a n  b ә y--

 

Nә bilim mәn çarşabın....

 

K ә r b ә l a y ı  Q u b a d--

 

Nә bilim mәn çarşabın....

 

M ә r c a n  b ә y--

 

İçinә kim girmişdir.

 

K ә r b ә l a y ı  Q u b a d--

 

İçinә kim girmişdir.

 

X o r--

 

Nә bilim mәn çarşabın İçinә kim girmişdir.

Mәrcan, Mәrcan, Kәblә Qubad, hey!...

 

(M u s i q i)

 

X o r--

 

Mübarәk olsun toyun  

Sәnin,  Mәrcan,  ay  Mәrcan! (2 dәfә)

A kişi, bәs utanmadın?

Belә bәdnam oldun sәn!  (2 dәfә)

 

M ә r c a n  b ә y--

         

Nә bilim mәn çadranın....

 

K ә r b ә l a y ı  Q u b a d--

 

Nә bilim mәn çarşabın....

 

M ә r c a n  b ә y--

 

İçinә kim girmişdir.

 

K ә r b ә l a y ı  Q u b a d--

 

İçinә kim girmişdir.

 

X o r--

 

Nә bilim mәn çarşabın

İçinә kim girmişdir.

Mәrcan, Mәrcan,

Kәblә Qubad, hey....

 

PӘRDӘ