ƏSLİ VƏ KƏRƏM

 

 

 

 

4 PӘRDӘLİ 6 ŞӘKİLLİ OPERA

 

 

İŞTİRAK EDİRLӘR

 

İ s f a h a n  p a d ş a h ı--50 yaşında.

K ә r ә m (Әhmәd Mirzә)--onun oğlu, 25 yaşında.

K e ş i ş, p a d ş a h ı n  x ә z i n ә d a r ı--50 yaşında.

Ә s l i (Tara Sultan)--onun qızı, 15 yaşında

S o f i, K ә r ә m i n  y o l d a ş ı--30 yaşında.

5  n ә f ә r  ә y a n.

H ә l ә b  p a ş a s ı--45 yaşında.

2  n ә f ә r  z ә b t i y y ә.

Ş e y x  N u r a n i--ağsaqqal vә ağ geyimli bir şeyx.

S ә f i--bir qoca kişi.

B ә y l ә r, k ü ç ә  a d a m l a r ı, y o l  ö t ә n.

B i r  d ә s t ә  q ı z  v ә  s a i r ә.

 

 

 

 

BİRİNCİ PӘRDӘ

 

 

Z ә n g i d ә, padşahın xәzinәdarı olan keşiş (Arsen) xanın imarәti hәyәtindә vaqe olur. Hәyәt gözәl bir bağçadır ki, içindә cürbәcür ağaclar vә güllәr vardır. Sağ tәrәfdә keşişin evi görünür, içәri daxil olmaq üçün qapısı vardır. Sol tәrәfdә başı qarlı vә dumanlı dağlar görünür. K e ş i ş i n  q ı z ı (Әsli) bağçada bir sәrv ağacının dibindә oturubdur. Әtrafda k e ş i ş ilә bәrabәr

q ı z l a r vә o ğ l a n l a r oynayıb gülmәkdәdirlәr. Keşiş qapısının ağzında әylәşib, bağçaya tamaşa edir.

 

Ә s l i (kürd-şahnaz)--

 

Qәlbimә bir hiss girmişdir, adı bilmәm nәdir,

Gah acıdır, gah şirindir, heç dadı bilmәm nәdir.

Bezmişәm ata-anadan, görmәyir heç şey gözüm,

Bu pәrişan halımın heç illәtin bilmәm özüm.

Görmüşәm mәn bir yuxu, ol yuxuda bir novcavan,

Qәdd-qamәt sәrv tәk, gözlәr qara, qaşlar kaman.

Sarılıb incә belimdәn, bus edәr rüxsarımı,

Söylәyir: sevdim sәni, tapdım nәhayәt yarımı.

 

K e ş i ş, q ı z l a r vә o ğ l a n l a r  Ә s l i y ә tәrәf gәlib oxuyurlar.

 

(M u s i q i: tәsnif)

 

Gülüm, söylә sәn görәk,

Böylә pәrişan neçin?

 

(M u s i q i)

 

Gülüm, söylә sәn görәk,

Böylә pәrişan neçin?

Bizi eylә hali sәn,

Dәrdin nәdir, dәrdin nәdir, dәrdin nәdir?

Hey ... tez söylә, tez söylә, tez söylә sәn!

 

(M u s i q i)

 

Bunca dövlәtdәn mәgәr

Razı deyilsәn, qızım?

 

(M u s i q i)

 

Bunca dövlәtdәn mәgәr

Razı deyilsәn, qızım?

Bizi eylә hali sәn.

Dәrdin nәdir, dәrdin nәdir, dәrdin nәdir?

Hey ... tez söylә, tez söylә, tez söylә sәn!

 

Ә s l i (şahnaz)--

 

Zәrrә qәdri dövlәtin yoxdur gözümdә hörmәti,

Anlamam, billah, nәdir dövlәtlә dünya lәzzәti.

Eşqdir dәrdim mәnim, aşiq olub bir oğlana,

Hazıram qurban edәm öz canımı mәn ol cana.

 

K e ş i ş--

 

Sәn nәsәn, aşiq nәdir?

Heç hәya etmәzmisәn?!

Kimdir ol oğlan belә?

Kim dәli etmiş sәni?

 

(nәvazişlә)

 

Gәl, qızım, söylә görüm:

Kim edib aşiq sәni?

 

Ә s l i (şahnaz)--

 

Görmüşәm mәn bir yuxu, ol yuxuda bir novcavan,

Qәdd-qamәt sәrv tәk, gözlәr qara, qaşlar kaman.

Sarılıb incә belimdәn, bus edәr rüxsarımı,

Söylәyir: sevdim sәni, tapdım nәhayәt yarımı.

 

(M u s i q i)

 

H a m ı (tәsnif)--

 

Yuxunun var insana böylә әsәri mәgәr? (2 dәfә)

Yuxu verir insana zövqü sәfa, cövrü cәfa, zövqü sәfa,

Hey, sәn söylә, sәn söylә, sәn söylә hey!...

 

(bir dә tәkrar)

 

(M u s i q i)

 

Hamı Ә s l i ilә durub içәri daxil olurlar. Sәhnәdә heç kәs qalmır by halda K ә r ә m ilә S o f i o biri tәrәfdәn çıxıb bağçaya gәlirlәr.

 

S o f i (bayatı-Şiraz)--

 

Sal nәzәr, şahzadә, bir bax keşişin bağına,

Hәm gülә, hәm sünbülә, gendәn görünәn dağına.

 

K ә r ә m--Dostum Sofi!

 

Bu qәdәr güllәr vә sünbüllәr mәnә eşq artırır,

Eşq ilә yanmış çirağa yağ olub da yandırır.

 

S o f i--

 

Söylә sәn, şahzadә, kimdir aşiqin bir dәm mәnә,

Bәlkә mәn bu yolda göstәrrәm ola xidmәt sәnә.

 

K ә r ә m--

 

Bir yuxu gördüm, әzizim, bir nәfәr nazlı sәnәm,

Bus edәr hәrdәn mәni, söylәr mәnә yarın mәnәm.

Qaş qara, gözlәr qara, baldan şirindir lәblәri,

Qәdd-qamәt sәrv tәk, xumardır şux gözlәri.

Qönçә tәk açmış dәhanın, dişlәri dür danәsi,

Olmuşam, Sofi, o gündәn ol qızın divanәsi.

 

K e ş i ş çıxıb baş әyir.

 

K e ş i ş (söz ilә)--Ey şahzadә, sәn bizә çox xoş gәlibsәn, sәfa gәtiribsәn! Buyurun bizim xanәmizә!

K ә r ә m--Çox sağ ol, keşiş, çox razıyıq.

 

H a m ı s ı bәrabәr içәri girirlәr.

 

(M u s i q i)

 

Bir qәdәr sonra Ә s l i pәrişan bir halda evdәn çıxır.

 

Ә s l i (söz ilә)--Odur ... özüdür ... yuxumda gördüyüm oğlandır!

 

Bayatı-kürd

 

Yandırıb yaxmaqdadır eşğ atәşi әndamımı,

Düşmüşәm bir dәrdә kim, bilmәm özüm әncamımı.

Bar ilahi, tez yetir gәlsin mәnim cananımı,

Ya diriltsin bәndәni, ya kim, tez alsın canımı.

 

Kәnarda bir sandaliya üzәrinә yıxılıb qalır.

 

(M u s i q i)

 

K ә r ә m dәxi içәridәn çıxır, bu da  pәrişan haldır.

 

K ә r ә m (söz ilә)--

 

O kim idi? ... o qız kim idi?...

Yoxsa mәn yenә yuxu gördüm ... yuxu....

 

(M u s i q i: şikәsteyi-fars)

 

Yenә gördüm surәtin ol mәhvәşin odlanmışam,

Tazadan eşqә düşüb, suzi-cigәrlә yanmışam.

Gәl, gәl, ey dilbәr, mәni bu şübhәdәn eylә xilas,          

Gördüyüm sәnsәnmi, yoxsa yuxuya aldanmışam?

 

O tәrәfdәn Ә s l i ayağa durub getmәk istәrkәn bunlar bir-birini görürlәr vә bir qәdәr mәәttәl qalıb qucaqlaşırlar, bәәdә Ә s l i kәnara çәkilir.

 

Ә s l i (söz ilә)--

 

Ah!... Oğlan, kәrәm eylә, bizi görәrlәr.

 

K ә r ә m--

 

Әsli nәdir, ey dilbәr? (Buraxmayır).

 

Ә s l i (dartınır)--

 

Ah!... Kәrәm eylә, keşiş babam gәlir.

 

K ә r ә m--

  

Әsli nәdir, gözәlim!

 

Ә s l i--

  

Ah!... Kәrәm eylә, qorxuram.

 

K ә r ә m--

  

Әsli nәdir, qorxma!

 

Ә s l i--

  

Yox, oğlan, kәrәm eylә, kәrәm eylә.

 

K ә r ә m--

 

Ey nazlı dilbәr, qoy sәnin adın Әsli olsun, mәnim adım Kәrәm.

 

Ә s l i--

 

Qoy olsun, ancaq qorxuram, keşiş babam çıxıb bizi görәr.

 

K ә r ә m--

 

Canım Әsli, bir lәhzә mәnim ilә otur, sәni tapmışam vә sәndәn ayrıla bilmirәm.

                    

(M u s i q i)

 

Ә s l i (şikәstә)--

 

Nә gәzәrsәn mәlul-mәlul bu yerdә,

Aman Kәrәm, mәni rüsvay eylәmә!

Mәni sәnә qismәt eylәmiş yәzdan,

Aman Kәrәm, mәni rüsvay eylәmә!

 

K ә r ә m--

 

Doymadım dadlı-dadlı dilindәn,

Aman Әslim, elә sözlәr söylәmә!

Gözümü qan bürüdü, qorxuram ölümdәn,

Aman Әslim, elә sözlәr söylәmә!

                      

(M u s i q i)

 

Ә s l i--

 

Heç olurmu buralarda elә iş,

Keşiş babam duyar, eylәyәr tәftiş,

Duymamışkәn tez olgilәn qalx, siviş,

Aman Kәrәm, mәni rüsvay eylәmә!

 

(M u s i q i)

 

K ә r ә m--

 

Sarılaram incә miyan belindәn,

Doymamışam dadlı-dadlı dilindәn.

Qorxuram ki, ayrılasan sәn mәndәn,

Aman Әslim, elә sözlәr söylәmә.

 

(M u s i q i)

 

Ә s l i (durur ayağa)--

 

Ağam Kәrәm, paşam Kәrәm, xan Kәrәm,

Atış Kәrәm, tutuş Kәrәm, yan Kәrәm.

Әsli olsun sәnә qurban, can Kәrәm,

Aman Kәrәm, elә sözlәr söylәmә!

 

K e ş i ş i n sәsi gәlir. Ә s l i K ә r ә m ә baxa-baxa hәsrәtlә getmәyә mәcbur olur.

 

K ә r ә m (segah)--

 

Gәrcәk oldu bu yuxum, tapdım mәgәr xan Әslimi,

Vermәsә, billah, keşiş öllәm әgәr xan Әslimi.

Ağlımı aldı başımdan sәndәki sevdayi-eşq,

Kor olmuş gözlәrim tәkcә görәr xan Әslimi.

 

S o f i (çıxıb Kәrәmi axtarır vә tapır)--Ey şahzadә, keşiş sәndәn nigarandır, harada qaldın gәlmәdin.

 

K ә r ә m (segah)--

 

Tapmışam cananımı, Sofi, mәnә rәhm eylә sәn,

Noldun, ey birәhm, sәn söylә, ona rәhm eylә sәn.

Gördüyüm röyadakı dilbәr keşişin qızıdır,

Söylәmәm, bil kim, bu sirri tәk sәnә rәhm eylәsәn.

 

S o f i (söz ilә)--Yuxuda gördüyün, keşişin qızı imiş?

K ә r ә m--Odur ... özüdür.

S o f i--Daha bundan asan bir iş yoxdur. Şah baban әmr edәr, keşiş qızını sәnә verәr. Özü dә bu işә çox şükürlәr edәr, çünki şahzadәdәn artıq kimә qız vermәk olar.

K ә r ә m--Yox, Sofi, qardaş, mәn keşişdәn çox qorxuram. O, qızı mәnә vermәk istәmәyәcәkdir.

K e ş i ş (çıxır)--Ey şahzadә, səndәn nigaran oldum (kәnara). Şahzadә çox pәrişanhaldır, burada bir hikmәt vardır. (Onlara). Buyurun eyş-işrәtә mәşğul olaq.

S o f i--Çox razıyıq. Lakin şahzadә bir qәdәr kefsizdir. İsfahana getmәyimiz lazımdır.

 

Q ı z l a r vә o ğ l a n l a r hamısı buraya çıxırlar. Ә s l i isә qapının ağzında dayanır.

 

K e ş i ş--Buna heç bir sözüm ola bilmәz. Әmr sizindir. (Kәnara). Çıxıb getsәlәr yaxşıdır....

K ә r ә m  v ә  S o f i--Xudahafiz, sәlamәt qalasınız. (Hamı baş әyir.)

                   

(M u s i q i)

 

H a m ı (tәsnif)--

 

Xoş gәldin, xoş gәldin,

Xoş gәldin, şahzadә! (2 dәfә)

Yaşasın şahzadә, ömrü onun çox olsun! (2 dәfә)

 

K ә r ә m  v ә  S o f i gedirlәr, Ә s l i özünü saxlaya bilmәyib, birdәn hönkür-hönkür  ağlayır, h a m ı mat qalır.

 

Ә s l i (segah)--

 

Sәn mәni tәnha qoyub getdin, mәnim canım Kәrәm,

Rәhm qıl, qoyma mәni hicr oduna yanım, Kәrәm!

Bilmirәm ata nәdir, ana nәdir, әqvam nәdir,

Sәn mәnә oldun belә candan әziz, xanım Kәrәm!

 

K e ş i ş (acıqla)--Qızım, qızım, bu nә işdir görürsәn.

 

Tәsnif, musiqi ilә bir yerdә.

 

Yoxsa, qızım, şahzadәyә aşiqsәn?

Yoxsa qızım, şahzadәyә aşiqsәn?

Bәs elә imiş, bәs elә imiş,

Onda gör sәni mәn necә edәrәm.

 

Ә s l i--Bәli, mәn şahzadәyә aşiqәm. (Hamıda hәrәkәt.)

 

K e ş i ş--

 

Get gözümdәn tez! (2 dәfә)

Rәdd ol burdan, rәdd ol!

Mәn sәni sevmәm,

Get gözümdәn tez,

Get közümdәn tez,

Sәn dәlisәn, sәn dәlisәn.

Sәn dәlisәn, get!...

 

(M u s i q i)

Get, get, get!...

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ PӘRDӘ

 

 

BİRİNCİ ŞӘKİL

 

İsfahan şәhәrindә p a d ş a h ı n  s a r a y ı n d a vaqe olur. Saray mümkün mәrtәbәdә şәşәәli döşәnmişdir. P a d ş a h taxtda әylәşibdir, ә y a n l a r dәxi yanına düzülübdürlar, K ә r ә m dәxi padşahın hüzurunda ortada dayanıbdır.

 

P a d ş a h (rast)--

 

Söylә görüm, oğlum, bu qәdәr ahә sәbәb nә?

Gündüz, gecәlәr ahu fәğan, nalә sәbәb nә?

Derlәr sәni tәrsa qızına aşiq olubsan,

Söylә görüm a ... bundakı dәsgahә sәbәb nә?

 

K ә r ә m (söz ilә)--Şah baba, izn ver ki, mәn öz eşq bәlamı sizә dil ilә deyil, tel ilә qandırım. Sofi, ver mәnim sazımı. (Sofi saz gәtirir).

P a d ş a h--Söylә qulaq asaq!

K ә r ә m (sazı әlinә alıb çalır)--

 

(M u s i q i)

 

K ә r ә m--

 

Keşiş bağçasında bir gözәl gördüm.

Әqlimi başımdan aldı, nә çarә?

Daramış zülfünü, tökmüş üzünә,

Sәrimi sevdayә saldı, nә çarә?

 

(M u s i q i)

 

Mәn dә bildim bir keşişin qızıdır,

Sәhәrdәn çıxmış dan ulduzudur,

Yuxuda gördüyüm ol özüdür,

O, halımı bilmәz isә nә çarә?

 

(M u s i q i)

 

Dәrdli Kәrәm deyir firqәtim qәti,

Kәskindir qılıncı, yürükdür atı.

Ol İsәvi, mәn Mәhәmmәd hümmәti,

Hәqq dininә dönmәz isә nә çarә?

 

(M u s i q i)

 

P a d ş a h (rast)--Sәn xәzinәdarım keşişin qızına aşiqsәn; burada heç bir ahü-nәva etmәli iş yoxdur. Sәn sәbr elә, mәn onun qızını alıb sәnә verәrәm.

Ә y a n l a r (tәsnif)--

 

Әlbәttә, şah buyursa, әgәr buyursa, әgәr әmr etsә,

 

(M u s i q i)

 

Әlbәttә, şah buyursa, әgәr buyursa, әgәr әmr etsә,

Keşişin sözü olmaz. (2 dәfә)

 

N ö k ә r (daxil olur)--Padşah sağ olsun, xәzinәdar keşiş hüzurunuza izn istәyir.

Ş a h--Söylә gәlsin.

 

K ә r ә m keşişin adını eşitcәk müztәrib hal olur vә ağlayır.

 

Ş a h--Oğlum, nә oldu sәnә, nә üçün ağlayırsan?                      

 

(M u s i q i)

 

K ә r ә m--

 

Aşardı qarlı dağın ardına,

Xan Әslim ağlıma düşdü, ağlaram.

Hey ağalar, dayanamam dәrdinә,

Xan Әslim ağlıma düşdü, ağlaram,

 

(M u s i q i)

 

Eşidib keşişin adını,

Xan Әslim ağlıma düşdü, ağlaram.

Duymuşam mәhәbbәtin dadını,

Sevdiyim xәtrimә düşdü, ağlaram.

 

(M u s i q i)

 

Ş a h--Oğlum, sәnin bәxtindәn keşiş özü hüzuruma gәlibdir. Mәn bu gün ondan nişan alaram.

 

K e ş i ş daxil olur, baş әyir, әlindә bir  dәstә açarlar.

 

Şah--Söylә görüm, xәzinәdar, mәtlәbin nәdir?

K e ş i ş--Padşah sağ olsun, tamam otuz ildir ki, sәnin çörәyini yeyib, sәnә xidmәt etmişәm, indi çörәyini mәnә halal elә vә mәni qulluğumdan azad elә.

Ş a h--Keşiş, nә olubdur? Yoxsa mәndәn vә ya mәnim adamlarımdan incimisәn?

K e ş i ş--Әstәgfurulla!... Ancaq mәn çox qocalmışam, qorxuram ki, xidmәtimdә qüsur göstәrәm.

 

Ә y a n l a r bir-birlәrinә işarә edirlәr.

 

Ş a h--İndi ki, azadlıq sәnin öz xahişindir, mәnim dә sözüm yoxdur. Lakin onu bil ki, bu otuz illik xidmәtindәn mәn çox razıyam, mәhşәrәcәn hümmәtim üstündә baqi qalacaqdır. Ancaq, keşiş, sәn dә gәrәk mәnim әmrimi yerinә yetirәsәn.

K e ş i ş--Buyur, padşah, can vә baş ilә yetirәrәm. (Kәnara). Ax, qorxuram ki, qızımı istәyә.

Ş a h--Keşiş, mәnim oğlum Әhmәd Mirzә sәnin qızına aşiq olubdur (keşişdә hәrәkәt), sәn gәrәk qızını mәnim oğluma verәsәn.

K e ş i ş (pәrişan-hal)--Padşah sağ olsun, necә ola bilәr, dinimiz ayrı, adәtimiz ayrı....

Ş a h--Mәn sәnin qızını müsәlman edәrәm.

K e ş i ş (daha da bәdhal olub)--Padşah sağ olsun, hәr nә ağır tәklifin varsa mәnә әmr et, lakin bu tәklifdәn vaz keç (әyanlarda işarәlәr).

Ş a h--Yox, keşiş, heç vaxt keçmәrәm, gәrәk qızını mәnim oğluma verәsәn.

K e ş i ş (yalvarır)--Padşah sağ olsun, buyur boynumu vursunlar, amma qızımı әlimdәn alma.

Ş a h--Keşiş, gözümün ağı-qarası bir nәfәr oğlum var, mәn onun әza vә cәfasına razı ola bilmәrәm, әmr edirәm ki, qızını ona verәsәn.

K e s i s--Padsah!...

Ş a h (qәzәblә)--Xamus!... Artıq söz lazım deyildir.

K e ş i ş--Padşah sağ olsun, indi ki, sәnin әmrindir, razıyam. Ancaq mәnә beş ay möhlәt ver ki, toy tәdarükü görüm.

Ş a h--Razıyam möhlәtә (Kәrәmә); oğlum, daha sәnin ahü-nәvan әbәsdir, get, arxayın ol! (Kәrәm ağlayır).

Ş a h (tәәccüblә)--Oğlum, daha niyә ağlayırsan?

 

(M u s i q i)

 

K ә r ә m--

 

İnanmıram qara keşiş sözünә,

Yox etibarım onun özünә;

Salacaqdır mәni çölün düzünә,

Xan Әslim ağlıma düşdü, ağlaram.

 

(M u s i q i)

 

Uca dağ başında ötüşür quşlar,

Tәrlanım uçdu kimlәr görmüşlәr,

Dәrdimi anlamaz bunda keşişlәr;

Xan Әslim ağlıma düşdü, ağlaram.

 

(M u s i q i)

 

Dәrdli Kәrәm deyir: bu dәrdim bitmәz,

Yarımın sevdası sәrimdәn getmәz,

Yüz min öyüd ver, biri kar etmәz,

Xan Әslim ağlıma düşdü, ağlaram.

 

(M u s i q i)

 

Ş a h (ayağa durur, getmәk üçün oğlunun qolundan tutur)--Oğlum!  Keşiş mәnә söz verәndәn sonra sözündәn çıxa bilmәz. Beş ay dözәrsәn, inşaallah, sonra yarın sәnә yetişәr. İndi gәl gedәk sәni şikara aparım. (Hamısı gedirlәr, keşiş onları bir qәdәr ötürüb sonra qayıdır).

 

(M u s i q i)

 

K e ş i ş--

 

Qaçmaq, qaçmaq, (2 dәfә)

Qaçmaqdan başqa әlacı yoxdur. (2 dәfә)

Getmәk, getmәk,

Getmәsәm әgәr әngәlim çoxdur.

(Fikir ilә) Olsam razı.... Yox!...

Qaçmaq, qaçmaq, (2 dәfә)

Qaçmaqdan başqa әlacı yoxdur. (2 dәfә)

Qaçmaq, qaçmaq, qaçmaq,

Qacmaq!... (Qaçır gedir).

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ ŞƏKİL

 

 

Zәngidә k e ş i ş i n  b a ğ ç a s ı n d a vaqe olur. Ancaq bu sәfәr bağçadakı güllәr sınıb, solub, ağacların bәzilәri qırılıbdır. Sandalyalar alt-üst olubdur. Yenә sol tәrәfdә dağlıq vә ortada sәrv ağacı. Zәngi әhlindәn S ә f i adlı qoca mәyus vә kasıb bir bucaqda yumrulub yatıbdır. Musiqi çalınırkәn sәhnә açıq durur. Sonra ә y a n l a r, q o ş u n, K ә r ә m  ilә  p a d ş a h  kamal-dәbdәbә ilә daxil olurlar.

 

Ş a h (söz ilә)--Bu necә işdir, keşiş bizim qabağımıza çıxmadı? Sәslәyin keşişi!

Ә y a n l a r d a n  b i r i--Hey, hey!... Kesis, hey, hey!... (Gedir içәri baxır vә çıxır); şah sağ olsun, heç kәs yoxdur.

Ş a h--Bu necә olan işdir?! Yoxsa keşiş mәni aldatdı, bu saat onun başını bәdәnindәn cida etdirәrәm.

Ә y a n l a r d a n  b i r i (axtararkәn Sәfini görür)--Şah sağ olsun, burada bir şәxs yatıbdır.

Ş a h--Durğuzun ondan soruşaq.

Ә y a n (Sәfini oyadır)--Hey, hey, dur ayağa! (Sәfi güç ilә qalxır, gözlәrini ovur). Dur, padşah gәlibdir. (Sәfi üzü üstә yıxılır vә sәcdә edir.)

Ş a h--Ey adam, söylә, keşiş haradadır?

S ә f i--Atam-anam sәnә qurban olsun, padşah! Keşiş budur üç aydır evli-eşikli bu vilayәtdәn qaçıbdır.

Ş a h--Ax, mәlun!... (fikrә gedir).

 

(M u s i q i)

 

K ә r ә m (birdәn başlayır, üzünü dağlara tutub oxuyur)--

 

Xan Әslim Zәngidәn fәrar eylәmiş,

Yol vermәyin, başı dumanlı dağlar!

Belә getmiş atasilә anası,

Yol vermәyin, başı dumanlı dağlar!

 

(M u s i q i)

 

İsfahan bәylәri qalxdılar toya,

Zәnginin xalqı qaçdılar Xoya,

Aşiq gәldi mәşuqundan doya,

Yol vermәyin, başı dumanlı dağlar!

 

(M u s i q i)

 

Dәrdli Kәrәm bu eşq ilә bişmişdir,

Sövda üçün bu sәrindәn keçmişdir.

Әsli, keşiş qaçıb burdan getmişdir,

Yol vermәyin, başı dumanlı dağlar!

 

(M u s i q i)

 

H a m ı (tәsnif)--

 

Qara keşiş, qara keşiş

Fәrar etmiş Zәngidәn, Zәngidәn.

Ax, üç ay edәr keşiş burdan sәn gedәn. (2 dәfә)

 

K ә r ә m--

 

Haqdan mәnә, haqdan mәnә

Tәqdirdir: aşiqәm, aşiqәm.

Gәrәkdir olsun mәndә ahü dәrdü qәm.  (2 dәfә)

 

H a m ı--

 

Yolun sәnin, yolun sәnin

Yumrulsun a, ay keşiş, ay keşiş!

Sәn necә qıydın şaha, gördün belә iş. (2 dәfә)

 

K ә r ә m (sәrv ağacına tәrәf gedib oxuyur; segah)--

 

Dur, sәrv ağacı, xәbәr ver, sorayım,

Sәrv ağacı, sәnin maralın hanı?

Eşit gәl, eşit ver mәnim cavabım,

Sәrv ağacı, sәnin maralın hanı?

 

Doğru söylәmәzsәn qәddin әyilsin,

Dilәrәm mövladan belin bükülsün,

Çürüsün yarpağın, şaxın qurusun,

Sәrv ağacı, sәnin maralın hanı?

 

Dәrdli Kәrәm deyir: yanıb tutәrәm,

Yarımın yanına bu gün yetәrәm;

Viran bağda bülbül olub ötәrәm,

Sәrv ağacı, sәnin maralın hanı?

 

(M u s i q i)

 

Ş a h (şur)--Bәsdir, oğlum, bu qәdәr ah-nәva bәsdir. Mәn bu saat hәr yerә adam göndәrib keşişi tapdıraram.

 

K ә r ә m (hicaz)--

 

Yeni bir sevdadır gәldi başıma,

Gәlin halallaşaq, mәn gedәr oldum.

Gәlib, ya gәlmәyib sizi tapmaram,

Gәlin halallaşaq, mәn gedәr oldum.

 

(M u s i q i)

 

Ürәyimdә yanar bunca atәşlәr,

Yar әlindәn yenә yaralar işlәr.

Gülüb oynadığım qızlar, qardaşlar,

Gәlin halallaşaq, mәn gedәr oldum.

 

(M u s i q i)

 

Duz-çörәk yediyim qohum-qardaşlar,

Nәdir bu fәlәyin etdiyi işlәr,

Gözümdәn axıtdı qan ilә yaşlar;

Gәlin halallaşaq, mәn gedәr oldum.

 

Ş a h (şur)--

 

Oğlum, bu nә sözdür danışırsan, danışırsan?

Eşq oduna bunca alışırsan,  alışırsan?

Tәrsa qızına aşiq olub bunca uyursan,

Mәn tәk qocanı didәsi giryan qoyursan.

Ölsәm, oğlum, bu hökumәt kimә qalsın?

Kim şahlıq edib dövlәtin әhvalına yansın?

 

K ә r ә m (şur)--

 

Mәndәn, ata, padşahlıq uyma, uyma,

Mәn aşiqi gәl gözü yaşlı qoyma.

Haqq aşiqi olmuşam, yәqin bil,

Qoy yarımı axtarım tapım, bil.

 

(M u s i q i)

 

H a m ı (tәsnif)--

 

İzn verin getsin, şahım, bu Kәrәm (2 dәfә)

Getsin yarın tapsın, alsın o mәram. (2 dәfә)

Sәnin oğlun, şahım,

Hәqdәn aşiqdir, aşiqdir, aşiqdir.

Eşqә düşmәk, şahım, ona layiqdir,Layiqdir, layiqdir.

             

(M u s i q i)

 

P a d ş a h üzünü dәsmal ilә tutub ağlayır.

                        

(M u s i q i)

 

K ә r ә m--

 

Qәm-qәsavәt bu gün başa düzüldü,

Ağla, atam, ayrılığın günüdür.

Bizә qismәt qürbәt eldә verildi,

Ağla, atam, ayrılığın günüdür.

 

(M u s i q i)

 

Mәni kül eylәdi elin dillәri,

Bundan belә gözlәmәyin yolları.

Varayım, gәzәyim qürbәt ellәri,

Ağla, atam, ayrılığın günüdür.

 

(M u s i q i)

 

Mәni, ata, halal elә gedirәm,

Bir tәnbehdir öz-özümә edirәm.

Әslidәn başqa özgәni nedirәm?

Ağla, atam, ayrılığın günüdür, hey!... (Gedir).

 

PӘRDӘ

 

 

 

 

ÜÇÜNCÜ PӘRDӘ

 

 

Bir ç ö l d ә vaqe olur, çöldә ora-bura yollar vardır. Sol tәrәfdә meşәdir, sağ tәrәf dağlıqdır.  Sәhnәdә K ә r ә m  ilә  S o f i dayanıbdır. Musiqi çalır.

 

K ә r ә m (üzünü yollara tutub deyir)--

 

Әyri-üyrü gedәn yollar,

Yollar, xan Әslimi gördünmü?

Düşmüşәm yarın izinә,

İzlәr, xan Әslimi gördünmü?

 

Әyninә geyibdir saya,

Yanında var cüftә taya,

Sәnә deyirәm, sarı qaya!

Qaya, xan Әslimi gördünmü?

 

Bir dәstә yol ötәn gәlib keçirkәn bunları görüb dayanır.

 

K ә r ә m--

 

Düşmüşәm yarın izinә,

Qurban olum onun qara gözünә;

Çıxmışam mәn çöllәrin düzünә,

Düzlәr, xan Әslimi gördünmü?

 

Y o l  ö t ә n l ә r (tәsnif--tar)--

 

Nә gәzirsәn burada,       

Nәdir, nәdir, nәdirsiz? (2 dәfә)

Nәrәyәdir sәfәriz,

Gedir, gedir, gedirsiz?

Gedir, gedir, gedirsiz?

Sәbәb nәdir bu ahә,  (2 dәfә)

Edir, edir, edirsiz?

Nәrәyәdir sәfәriz,

Gedir, gedir, gedirsiz?

Gedir, gedir, gedirsiz?

  

S o f i--Ay qardaşlar, bu oğlan haqq aşiqi Kәrәmdir. Neçә zamandır keşiş qızı Әsli xana aşiqdir, amma keşiş öz qızını götürüb qaçıbdır, indi bu da yarın axtara-axtara neçә-neçә vilayәtlәr

keçib gәlib bu yerә çatıbdır. Hәrgah siz dә keşişin qaçmağını bilirsinizsә, bizә xәbәr veriniz gedәk.

Y o l  ö t ә n l ә r d ә n  b i r i--Ey aşiq! Sәnin yarının haraya qaçdığını bilirik. Hәrgah bizim üçün bir türkü oxusan xәbәr verәrik.

 

K ә r ә m sazını әlinә alır vә yol ötәnlәr oturub qulaq asırlar.

 

(M u s i q i)

 

K ә r ә m--

 

Hey ... ağalar, yarımı qaçırdım,

Bәylәr, xan Әslimi gördünmü?

Bülbülü şaxdan uçurdum,

Bәylәr, xan Әslimi gördünmü?

 

(M u s i q i)

 

Әsli huridir bilәnә,

Qoynu cәnnәtdir girәnә.

Ceyrana bәnzәr ceyrana.

Bәylәr, xan Әslimi gördünmü?

 

(M u s i q i)

 

Obaları oymaq-oymaq,

Olmaz imiş yardan doymaq.

Ağzı sud, dodağı qaymaq,

Bәylәr, xan Әslimi gördünmü?

 

(M u s i q i)

 

Mәn Kәrәmәm, düşüb çölә gәzәrәm,

Yarımı tapsam, üst-başını bәzәrәm,

Min cür cәfa etsә, mininә dözәrәm,

Bәylәr, xan Әslimi gordunmu, hey?!...

 

O n l a r--Doğrudan da ki, sәn haqq aşiqi imişsәn. Ey aşiq, sәnin yarın atası ilә bәrabәr buradan keçib, Hәlәb şәhәrinә qaçıbdır. Onu orada taparsan, amma, ey aşiq, sәn gәl burax Әslini,

qal bizim ellәrdә.

O  b i r i--Ol  bizim әhlimizdәn.

D i g ә r i--Bizdә Әslidәn gözәl qızlar  vardır.

B i r  a y r ı s ı--O qızlardan birini al.

H a m ı s ı--Gәl, gәl aşiq, bizdә qal.

K ә r ә m (baş bulayır)--Ay qardaşlar! Mәn İsfahan padşahının oğluyam, hәrgah bir yerdә qalıb rahat ola bilsә idim, padşah sarayında qalıb, şahlıq edәrdim. Mәn haqq aşiqiyәm, yarımdan

әl çәkә bilmәrәm.

 

Bu halda bir dәstә q ı z gәlir, qızlardan biri oynayıb qalanları oxuyurlar.

 

(M u s i q i)

           

Q ı z l a r--

 

Güli-sünbüllәr açılıb bağda,

Açılıb bağda güli-sünbüllәr.

Hamı bülbüllәr oxuyur tarda,

Oxuyur tağda hamı bülbüllәr. (2 dәfә)

 

(O y u n, m u s i q i).

 

Düzülün, qızlar, әl-әlә verin,

Әl-әlә verin, düzülün, qızlar!

Görәsiz, qızlar, neçә bayramlar,

Neçә bayramlar görәsiz, qızlar! (2 dәfә)

 

O ğ l a n l a r  v ә  q ı z l a r--

 

Yığışın, qızlar, hәmi oğlanlar,

Gülüşüb danışaq,

Görüşәk danışaq.

Gülә bәnzәrsiz hәrәniz, qızlar,

Sizә aşiqdir hamı oğlanlar! (2 dәfә)

 

(O y u n, m u s i q i)

 

K ә r ә m--

 

Xuraman-xuraman gәlin-qızlar,

Xan Әslimi sizdәn görәn oldumu?

Küsmüşәm atadan, anadan, eldәn,

Mәni salıb Әsli xanım dildәn;

Bir dayanın, sorayım sizdәn,

Xan Әslimi sizdәn görәn oldumu?

 

(M u s i q i)

 

Mәnim yurdum dağlar ilә daş olub,

Mәhәbbәt sirri hәr kәsә faş olub,

Ağlamaqdan yerim-yurdum yaş olub,

Xan Әslimi sizdәn görәn oldumu?

 

(M u s i q i)

 

Ah edәyim, könül, sәnin әlindәn,

Qaldıq bir әcayib zarın içindә.

Nәyә ağlayım, nәyә gülәyim?

Qönçә gülüm qaldı xarın içindә.

 

(M u s i q i)

 

Dәrdli Kәrәm deyir: vәtәnim yox mәnim,

Heç kimsә yoxdur sora әhvalım.

Yardan ayrılalı büküldü belim,

Qaldıq namus ilә arın içindә.

 

(M u s i q i)

 

H a m ı (tәsnif)--

 

Dәrdli Kәrәm, sәn  itirdin   Әslini; (2 dәfә)

Get, tap, get, tap yarın, itirdin Әslini. (2 dәfә)

Haqdan aşiqsәn, çәk eşqin әzabın; (2 dәfә)

Get, tap, get, tap yarın, itirdin Әslini. (2 dәfә).

 

Q ı z l a r və o ğ l a n l a r gedirlәr.

 

K ә r ә m (yollara sarı)--

 

Әrzurumdan çıxdımı, üç oldu yolum,

Mәn bu yolun hangısına gedәyim?

Çagırdım gecә-gündüz mövlamı,

Mәn bu yolun hankısına gedәyim?

 

(M u s i q i)

 

Sofi qardaş, necә olur halımız?

İsfahan şәhridir bizim elimiz.

Bülbül getdi, mәhzun qaldı gülümüz,

Mәn bu yolun hankısına gedәyim?

 

(M u s i q i)

 

Kәrәm deyir yetmәdim muradıma,

Әslim getdi, qonamadım yurduna.

Hey ağalar, bir dilbәrin dәrdinә,

Mәn bu yolun hankısına gedәyim?

 

(M u s i q i)

 

Bu halda Ş e y x-N u r a n i vaqe olur vә üzünü K ә r әm g i l ә tutub oxuyur.

 

Ş e y x-N u r a n i (humayun)--

 

Eşqә giriftar olan

Zarü pәrişan gördüm.

 

(M u s i q i)

 

(tәkrar o sözlәr)

 

Cәnk edib can alanı

Qanını qәltan gördüm.

 

(M u s i q i)

 

(tәkrar o sözlәr)

Atәşi-eşqә düşәni

Çaki-giriban gördüm.

 

(M u s i q i)

 

(tәkrar o sözlәr)

 

Hicr oduna yananın

Qәlbini büryan gördüm.

 

 (M u s i q i)

 

(tәkrar)

 

Ş e y x (söz ilә)--Ey qәrib, sizlәr haraya getmәk istәyirsiniz?

S o f i--Ey şeyx, biz Hәlәb şәhәrinә getmәk istәyirik.

Ş e y x--Siz bilirsinizmi ki, buradan Hәlәbә altı aylıq yol var?

S o f i--Xeyr, bilmirik.

Ş e y x--Yumun gözlәrinizi.

 

K ә r ә m vә S o f i gözlәrini yumurlar, haman dәm hәr yer qaranlıq olur, bu halda  sәhnәnin dal pәrdәsi qalxıb, Hәlәb  şәhәri  görünür.

 

Ş e y x--Açın gözlәrinizi.

 

Bunlar gözlәrini açırlar, hәr yer işıqlanır. K ә r ә m vә S o f i  Hәlәbin mәnzәrәsini görüb şad olurlar.

 

Ş e y x--Bax, siz Hәlәb şәhrinә yetişdiniz (deyib tez çıxıb gedir).

 

(M u s i q i)

 

K ә r ә m--

 

Şükr eylә, Sofi, xudaya, (2 dәfә)

Hәlәb şәhri, Hәlәb şәhri!

Hәlәb şәhrinә gәldik.

 

(M u s i q i)

 

Qalxız әlini duaya, (2 dәfә)

Hәlәb, Hәlәb şәhri!

Hәlәb şәhrinә gәldik.

                        

(M u s i q i)

 

K ә r ә m v ә S o f i--

 

Yetirdi mövlam bizi tez, (2 dәfә)

Hәlәb şәhri, Hәlәb şәhri!

Hәlәb şәhrinә gәldik (2 dәfә)

Hey....

 

(M u s i q i)

 

PӘRDӘ

 

 

 

 

DÖRDÜNCÜ PӘRDӘ

 

 

BİRİNCİ ŞӘKİL

 

H ә l ә b şәhәrinin bazarında vaqe olur. Axşam çağıdır,  sağ tәrәfdә sair  evlәr  var.  Sol  tәrәfdә  K e ş i ş    Ә s l i olan ikimәrtәbә vә balkonlu ev vardır. Ortada çeşmә qurulub, altı nәfәr qız su doldurmaqla mәşğuldurlar, evlәrin içindәn işıq gәlir. Qızlar su doldururlar vә oxuyurlar.

 

(M u s i q i)

 

Qızlar--

 

Axşam oldu hey ... şamlar yandı, (2 dәfә)

Tez ol, tez ol, qızlar, qaranlıq damdı. (2 dәfә)

Hәr kim istәr kim, dәrdi az olsun, (2 dәfә)

Getmәsin әrә, evdә qız qalsın. (2 dәfә)

 

(M u s i q i)

 

Axşam oldu hey ... obalar yatdı, (2 dәfә)

Qaranlıq çökdü, ay da hәm batdı; (2 dәfә)

Arvad olanın dәrdi çoxdur, (2 dәfә)

Amma qızların heç dәrdi yoxdur. (2 dәfә)

Amma qızların heç dәrdi yoxdur. (2 dәfә)

 

Bu halda K ә r ә m ilә S o f i sağ tәrәfdәn nümayan olurlar, qızlar onları görüb qorxan kimi olurlar.

 

(M u s i q i)

 

K ә r ә m--

 

Ey Hәlәbin gözәllәri,

Altı qızlar, altı qızlar!

Bulaqdan su süzәnlәri,

Altı qızlar, altı qızlar!

 

(M u s i q i)

 

Keşiş bunda gəlib durar,

Xan Әslimi deyәr, vurar,

Dәrdli Kәrәm sizdәn sorar,

Altı qızlar, altı qızlar!

 

Q ı z la r d a n  b i r i--Siz kimsiniz vә bizlәrdәn nә istәyirsiniz?

S o f I--Ey gözәl qızlar, sizin bu şәhәrә bir keşiş gәlib, öz qızı ilә olur, söylәyin bizә, allah eşqinә, o keşiş harada olur?

Q ı z l a r d a n  b i r i--Bildim hansı keşişdir, bax, o keşiş bu evdə olur, bu evdə. (Qızlar gedirlər).

 

(M u s i q i)

 

K ә r ә m (sevinib)--

 

Gәzib-gәzib şәhәrlәri, kәndlәri,

Axır gәlib sәnә yetişdim, Әsli!

Unutmuşam cәfaları, dәrdlәri,

Axır gәlib sәnә yetişdim, Әsli!

 

(M u s i q i)

 

Haqq aşiqi söylәdilәr adıma,

Yetişmәdi bir kәs mәnim dadıma.

Keçәn günlәr düşdü mәnim yadıma,

Axır gәlib sәnә yetişdim, Әsli!

 

(M u s i q i)

 

Şah oğluyam, dönmüşәm mәn gәdayә,

Çıx gәl bәri, verәk sәda-sәdayә,

Dәrdli Kәrәm desin şükür xudayә,

Axır gәlib sәnә yetişdim, Әsli!

 

Bu halda balkona  açılan qapılar taybatay açılıb, Ә s l i hövlnak bir surәtdә  balkona  çıxır vә aşağı  baxıb  deyir:

 

Ә s l i--Kәrәm!!!

K ә r ә m--Can Әsli!

 

Ә s l i bihuş kimi olur.

 

(M u s i q i)

 

K ә r ә m--

 

Gәzib-gәzib şәhәrlәri, kәndlәri,

Axır gәlib sәnә yetişdim, Әsli!

Unutmuşam cәfaları, dәrdlәri,

Axır gәlib sәnә yetişdim, Әsli!

 

(M u s i q i)

 

Ә s l i--

 

Dustaq kimi gәlib qalıb bu evdә,

Söylәr idim: Kәrәm, Kәrәm, Kәrәm, gәl!

Bilmәz idim çarә nәdir bu dәrdә,

Söylәr idim: Kәrәm, Kәrәm, Kәrәm, gәl!

 

(M u s i q i)

 

K ә r ә m--

 

Ağlar qoyub ata ilә ananı,

İncitmişәm hәr bir canı yananı.

Ötürmüşәm Mәcnunu vә Sәnanı,

Axır gәlib sәnә yetişdim, Әsli!

 

(M u s i q i)

 

Ә s l i--

 

Keşiş babam mәni döyüb söyәndә,

Qaçar ikәn o kәnddәn bu kәndә,

Ahu kimi düşüb qalıb kәmәnddә,

Söylәr idim: Kәrәm, Kәrәm, Kәrәm, gәl!

                    

(M u s i q i)

 

K ә r ә m--

 

Şah oğluyam, dönmüşәm mәn gәdayә,

Çıx gәl bәri, verәk sәda-sәdayә,

Dәrdli Kәrәm desin şükür xudayә,

Axır gәlib sәnә yetişdim, Әsli!

 

(M u s i q i)

 

Ә s l i--

 

Keşiş babam bağlayıbdır hәr yanı,

Yanmaz imiş onun mәnә heç canı.

Gözüm görmür bu işıqlı dünyanı,

Çıx gәl bәri, Kәrәm, Kәrәm, Kәrәm, gәl!

 

--deyib, ipәk nәrdivanı aşağı atır, K ә r ә m nәrdivana çıxıb, Ә s l i dәxi balkondan bәdәnini aşağı sallayıb, ikisi bir-biri ilә görüşmәkdә ikәn k e ş i ş bazardan qayıdır vә әhvalatı bu halda görüb qışqırır.

 

K e s i s--Ay  haray!... Evimә oğru gәlibdir, ay haray!... Yığılın buraya?...

 

Bu  qışqırığa  iki nәfәr z ә b t i y y ә gәlib, K ә r ә m i vә S o f i n i  tuturlar, camaat dәxi evlәrindәn bayıra çıxıb,  әllәrindә fanus olaraq bu әhvalatı görürlәr.

 

B ә z i l ә r i--Nә olub? Nә olub?

O  b i r i l ә r i--Keşişin evinә oğru-quldur gәlibdir.

 

X a l q kamal-tәәccüb ilә K ә rә m ilә S o f i n i n ora burasına tamaşa edir.

 

K e ş i ş (kәnara çәkilib)--Ax-ax-ax.... Tanıdım, odur, padşahın oğlu Әhmәd Mirzәdir.... Yenә gәlib mәni tapd?, ax!...

 

Bu halda Hәlәb p a ş a s ı daxil olur, yanında iki nәfәr z ә b t i y y ә.

 

P a ş a--Bu nә yığıncaqdır burada? Nә olubdur? Geri çәkilin!

 

C a m a a t çәkilir.

  

K e ş i ş--Paşam! Bu iki şәxs mәnim evimi yarmaq istәrkәn gәlib üstә çıxmışam.

P a ş a (acıqla)--Nakәslәr! Bu şәhәri sahibsizmi zәnn etdiniz? Nә cürәt edib quldurluğa gәlirsiniz? Aparın bunları hәbs edin!

K ә r ә m (әcz ilә)--Paşam, izn ver, bir neçә kәlmә sözüm var.

P a ş a--Nә sözdür, de görәk.

 

(M u s i q i)

 

K ә r ә m--

 

Yazıq ömrüm qәrib eldә keçirdim,

Heç әhvalım bildirәn yox, bilәn yox!

Getdi fürsәt, әldә ikәn qaçırdım,

Qәrib qaldım, güldürәn yox, gülәn yox!

 

(M u s i q i)

 

Әlimdәn aldırdım nazlı sonamı,

Tәrk eylәdim atamı, hәm anamı,

Deyә-deyә göm-göy etdim sinәmi,

Xәncәr alıb dәldirәn yox, dәlәn yox!

 

(M u s i q i)

 

Mәn Kәrәmәm, ah çәkәrәm, ağlaram,

Dәrd bilәnin ürәyini dağlaram.

Kimi deyib, kimә ümid bağlaram.

Göz yaşımı sildirәn yox, silәn yox!

 

İndi buyur mәni aparsınlar hәbs etsinlәr.

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ ŞƏKİL

 

 

Hәlәb paşasının i m a r ә t i n d ә vaqe olur. P a ş a bir taxt üzәrindә әylәşib, meypuş qәlyan çәkir. Onun qabağında bir neçә q ı z oynayır. Bir qәdәrdәn sonra n ö k ә r daxil olur, qızlar oyunu kәsib, bir kәnarda dayanırlar.

 

N ö k ә r--Paşam, bir dәstә camaat hüzurunuza izn istәyir.

P a ş a--Burax gәlsinlәr.

 

C a m a a t vә Ş e y x-N u r a n i daxil olurlar.

                          

(M u s i q i)

 

C a m a a t (tәsnif)--

 

Ey paşam, ey paşam,

Kәrәmi et azad.

Ey paşam, ey paşam, Kәrәmi et azad, azad et.

Aşiq olub keşiş qızına,

Aşiq olub keşiş qızına.(2dәfә)

Ol aşiqdir!

 

P a ş a (şur ilә)--Әmr olunsun, gedib dünәnki mәhbusu buraya gәtirsinlәr.

Ş e y x-N u r a n i (Osmanlı üstә)

 

Aşiqә etmә әziyyәt, ey paşam,

Aşiqin üftadәdir, üftadәdir, üftadәdir.

İstәsә aşiq әgәr öz canını,

Yar üçün qurban edә amadәdir.

 

C a m a a t--

 

Aşiq olub keşiş qızına,

Aşiq olub keşiş qızına. (2dәfә)

Ol aşiqdir.

 

Ş e y x (yenә tәkrar haman sözlәr başqa tәrkib musiqi ilә)--

 

Kuhkәm nәqşin çәkib, Şirinә vermiş bir fәrib,

Gör nә cahildir, yonar daşdan özünә bir rәqib.

 

C a m a a t--

 

Aşiq olub keşiş qızına,

Aşiq olub keşiş qızına. (2dәfә)

Ol aşiqdir.

 

Oxuyub gedir. K ә r ә m i gәtirirlәr, әllәrindә zәncir vardır.

 

P a ş a (söz ilә)--Ey şәxs, sәn kimsәn vә nәçisәn, söylә!

                          

(M u s i q i)

 

K ә r ә m--

 

Mәn Kәrәmәm, İsfahandır elimiz,

Ördәk uçdu, viran qaldı gölümüz.

Qoy olsun, necә olur halımız,

Qurban olsun yar yolunda canımız.

 

(M u s i q i)

 

Ayrı düşdüm vәtәnimdәn, elimdәn,

Gör kim, nәlәr çәkdim eşqin әlindәn.

Hәr şәhәrdә xәbәr aldım gәlәndәn,

Hәlәbdәdir Әsli,--mәnә dedilәr,

 

(M u s i q i)

 

Dәrdimi duyanlar cümlә ağladı,

Bәylәr tutdu qollarımı bağladı,

Ürәyimi eşq oduna dağladı,

Burda mәnә quldur adı verdilәr.

 

(M u s i q i)

 

Yandı ciyәrciyim döndü büryana,

Axdı çeşmim yaşı döndü ümmana.

Gәtirdilәr mәni ulu divana,

Bağladılar ayağımı, әlimi.

 

(M u s i q i)

 

Dәrdli Kәrәm qoydu başın qәzaya,

Yar ilә getmәdi xәlvәt odaya.

Çox şükürlәr olsun bari-xudaya,

Kәsmәdilәr ağzımdakı dilimi.

 

P a ş a--Ey oğlan, sәn keşişin qızına aşiqsәn vә adın Aşiq Kәrәmdir. Özün dә İsfahan padşahının oğlusan, öylәdirmi?

K ә r ә m--Öylәdir, paşam.

P a ş a--Әmr olunsun, keşiş vә qızı buraya gәlsinlәr. (Nökәr gedir). Açın Kәrәmin әlin. (Açırlar). Aşiq Kәrәm, sәn gәl keşiş qızından әl çәk, mәn sәnә bu şәhәrdә hansı gözәli desәn alaram.

K ә r ә m--Paşam, bizim öz vilayәtimizdә gözәllәr çox idi, lakin mәn ürәk sevәni istirәm, başqa mәramım yoxdur.

P a ş a--Ya istәrsәn gәl sәni vәtәnә göndәrim get.

K ә r ә m--Vәtәn mәnә Әslidәn әziz olsaydı, onu buraxıb bunun dalınca düşmәzdim.

 

Bu halda k e ş i ş vә Ә s l i daxil olurlar. Ә s l i vә K ә r ә m  bir-birini görcәk bihuş olurlar.

  

P a ş a--Keşiş, bu oğlan quldur deyilmiş, bu sәnin qızına aşiqdir. Sәn gәl qızı ver ona, rәhm elә! Mәn sәnә nә qәdәr desәn dövlәt verәrәm.

K e ş i ş--Paşam, әgәr mәn dövlәt sevәn olsaydım İsfahan padşahının sözünü rәdd etmәz idim. Mәn öz qızımı, qızımın milliyyәtini hәr şeydәn әziz tuturam.

P a ş a--Sәn bilirsәn ki, bu oğlan sәnin qızının aşiqidir.

K e ş i ş--Bilirәm.

P a ş a--Vә bilirsәn ki, qızın buna aşiqdir.

K e ş i ş--Bilirәm.

P a ş a--Vә bilirsәn ki, iki aşiqi mәrama çatdırmaq savabdır.

K e ş i ş--Bilirәm.

P a ş a--Bәs nә üçün mane olursan?

K e ş i ş--O mәnim atalıq haqqımdır.

Pa ş a--Keşiş, sәn gәl bu işә razı ol, yoxsa....

K e ş i ş--Paşam, İran vilayәtindә mәnim hörmәtim padşah hörmәtinә bәrabәr idi, amma mәn yenә dә oradan qaçıb, sәnin şәhәrinә gәldim vә sәnin kölgәnә qısıldım, hәrgah sәn dә mәni incitmәk istәsәn, özgә bir şәhәr hakiminә pәnah apararam.

P a ş a (Kәrәmә)--Ey oğlan, sәn müsәlmansan, bu ermәni qızı, sәn gәl bundan әl çәk, get özünә özgә bir qismәt axtar.

                       

(M u s i q i)

 

K ә r ә m--

 

Hey ağalar, necә edәyim,

Mәn dönәrәm, könül dönmәz.

Bir gözәlә düşdü könlüm,

Mәn dönәrәm, könül dönmәz.

 

(M u s i q i)

 

Kәklik kimi sәkişindәn,

Köküs әlvan naxışından,

Bir hәrami baxışından,

Mәn dönәrәm, könül dönmәz.

 

(M u s i q i)

 

İstәmirәm başqa özündәn,

Mәnә söylə Әsli sözündәn.

Әsli kimi keşiş qızından,

Kәrәm sevdi Әsli xanı.

Mәn dönәrәm, könül dönmәz.

 

(M u s i q i)

 

Yoluna qoymuşam canı,

Gözümdәn axıtdı qanı,

Mәn dönәrәm, könül dönmәz.

 

(M u s i q i)

 

P a ş a--Ax!... Qoy indi bir qızdan soruşum, hәrgah qız sәnin yanında oğlana getmәk istәsә o halda, keşiş, gәrәk heç bir sözün olmasın. Olsa da sәnә cәza elәtdirәrәm. Ey qız, söylә görüm, sәn Kәrәmә aşiqsәnmi vә Kәrәmә getmәk istәyirsәnmi?

 

(M u s i q i)

 

Ә s l i--

 

Kәrәm mәnә, mәn Kәrәmә aşiqik,

Ver Kәrәmә mәni, paşam, rәhm elә.

Hәr ikimiz aşiqliyә layiqik,

Ver Kәrәmә mәni, paşam, rәhm elә.

 

(M u s i q i)

 

İllәr ilә hәsrәtini çәkirdim,

Gizli-gizli qan-yaşımı tökürdüm,

İki әlli bir başıma döyürdüm,

Ver Kәrәmә mәni, paşam, rәhm elә.

 

(M u s i q i)

 

Qorxum yoxdur keşiş babamdan mәnim,

Dözә bilmәm, tәngә gәlibdir canım.

Mәnim yarım ancaq Kәrәmdir, Kәrәm,

Ver Kәrәmә mәni, paşam, rәhm elә.

 

(M u s i q i)

 

H a m ı (musiqi: tәsnif)--        

Keşiş, razı ol bu işә!

 

K e ş i ş--Olmam, olmam.

C a m a a t--Keşiş, razı ol bu işә.

P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirmәk istәyir).

C a m a a t--Әslini ver Kәrәmә.

K e ş i ş--Vermәm, vermәm.

C a m a a t--Әslini ver Kәrәmә.

P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirir vә keşişin üstünә qalxır.)

K e ş i ş--Olmam, olmam, olmam!... (Söz ilә birdәn). Ver, ver, ver Әslini Kәrәmә! Әmma hәrgah bunlar hәqiqi aşiqdirlәrsә, gәrәk bu dünyada kam almasınlar! Almasınlar! Almasınlar! (Deyib, çıxıb gedir).

P a ş a (Kәrәmә)--Al oğlan, öz yarını apar!

 

Ә s l i ağlayır, K ә r ә m hövlnak bir haldadır ki, guya canı odlanır. Әsliyә tәrәf әllәrini uzadıb oxuyur.

 

(M u s i q i)

 

K ә r ә m--

 

Gәl, gәl, Әslim, yetәr, ağlama,

Yanaram, Әslim, yanaram!

Ciyәrim artıq dağlama,

Yanaram, Әslim, yanaram, hey!...

 

Rәhm elә bir gәl halıma,

Atәş düşübdür canıma,

Ölәndә gәl mәzarıma,

Yanaram, Әslim, yanaram, hey!...

 

Mәn Kәrәmәm, haqq aşiqiyәm,

Aşiqliyә mәn layiqәm.

Rәhm eylә tez, mәn yazığam,

Yanaram, Әslim, yanaram!

 

Kәrәm söylәmәz adım,

Әrşә dayandı fәryadım.

Әldәn getdi muradım,

Yanaram, Әslim, yanaram!

Yanaram, yanaram, Әslim, yanaram, yanaram, hey!...

                      

(M u s i q i)

 

--deyirkәn hәr tәrәfdәn alov çıxıb, odlanıb yanır. Әsli dә әlindәki xәncәrini çıxarıb sinәsinә çaxır  vә yıxılıb ölür. Bütün mәclis әhli  mat vә mәәttәl qalıb, kamali-heyrәtdә

 ikәn pәrdә yavaş-yavaş enir.

 

P Ә R D Ә