LEYLİ VƏ MƏCNUN

 

 

 

 

4 PƏRDƏ 6 ŞƏKİLLİ OPERA

 

 

İŞTİRAK EDİRLӘR

 

M ә c n u n (Q e y s)--mәşhur cavan әrәb.

Ә b ü l-Q e y s--Mәcnunun atası.

Ü m m ü l-Q e y s--Mәcnunun anası.

L e y l i--Mәcnunun sevgilisi.

F ә t t a h--Leylinin atası.

Ü m m ü l-Leyli--Leylinin anası.

İ b n-S ә l a m--dövlәtli әrәb.

N o f ә l--sәrkәrdә.

Z e y d--Mәcnunun dostu.

B i r i n c i   ә r ә b.

İ k i n c i  ә r ә b.

Ü ç ü n c ü  ә r ә b.

D ö r d ü n  c ü ә r ә b.

B e ş i n c i  ә r ә b.

A l t ı n c ı  ә r ә b.

Y e d d i n c i  ә r ә b.

Ә r ә b l ә r, d ö y ü ş ç ü l ә r, u ş a q l a r.

 

           

 

 

BİRİNCİ PӘRDӘ

 

 

Vaqe olur mәktәbdәn kәnarә bir ç ә m ә n d ә. M ә c n u n bir kәnarda durub, L e y l i n i n yolunu gözlәyir. Pәrdәdәn qabaq musiqi çalınır, xor vә cәmi әhli-mәclis "Şәbi-hicran" havası oxuyurlar.

 

(M u s i q i)

 

H a m ı (xor)--

 

Şәbi-hicran yanar canım,(2 dәfә)

Tökәr qan çeşmi-giryanım, (2 dәfә)

Oyadar xalqı әfqanım, (1 dәfә)

Qara bәxtim oyanmazmı?! (2 dәfә)

 

(M u s i q i)

 

Güli-rüxsarına qarşu (2 dәfә)

Gözümdәn qanlı axar su, (2 dәfә)

Hәbibim, fәsli-güldür bu, (1 dәfә)

Axar sular bulanmazmı?! (2 dәfә)

 

PӘRDӘ

 

 

(Hamı dağılır, Mәcnun qalır)

 

M u s i q i: mahur-hindi.

 

M ә c n u n--

 

Yandı canım hicr ilә, vәsli-rüxi-yar istәrәm,

Dәrdmәndi-firqәtәm, dәrmani-didar istәrәm.

Bülbüli-zarәm, deyil bihudә әfqan etdiyim,

Qalmışam nalan qәfәs qeydindә, gülzar istәrәm.

 

L e y l i (gәlir, mahur-hindi üstә)--

 

Eşq daminә giriftar olalı zar olubam,

Nә bәladır ki, ona böylә giriftar olubam.

Qüdrәtim yox ki, qılam kimsәyә şәrhi-qәmi-dil,

Öylә kim, arizeyi-hicr ilә bimar olubam.

 

(Musiqi şikәsteyi-fars çalır, M ә c n u n  L e y l i y ә yavuqlaşıb oxuyur).

 

M ә c n u n--

 

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,

Sayә tәk bir yerdә durmağa qәrarım qalmadı.

Rahi-eşq içrә mәnә ancaq fәna mәqsud idi,

Şükr kim, mәqsudә yetdim, intizarım qalmadı.

 

L e y l i--

 

Dili-zarimdә nә kim, var bilirsәn, bilirәm,

Yar, hali-dilimi zar bilirsәn, bilirәm,

Mәn, nә hacәt ki, qılım şәrh sәnә hali-dilim,

Dili-zarimdә nә kim, var bilirsәn, bilirәm,

 

(M u s i q i: tәsnif)

 

L e y l i  v ә  M ә c n u n (bir yerdә)--

 

Ah eylәdiyim sәrvi-xuramanın üçündür, (2 dәfә)

Qan ağladığım qönçeyi-xәndanın üçündür. (2 dәfә)

Sәrgәştәliyim kakili-mücganın ucundan, (1 dәfә)

Aşüftәliyim zülfi-pәrişanın üçündür. (1 dәfә)

 

(M u s i q i: segah)

 

M ә c n u n--

 

Payibәnd oldum sәri-zülfi-pәrişanın görüb,

Nitqdәn düşdüm lәbi-lәli-dirәxşanın görüb.

Oda yandım şәmvәş canım baxıb rüxsarına,

Çәrxә çәkdim dudi-dil sәrvi-xuramanın görüb.

 

L e y l i--

 

Könlüm açılır zülfi-pәrişanını görcәk,

Nitqim tutulur qönçeyi-xәndanını görcәk.

Baxdıqca sәnә qan saçılır didәlәrimdәn,

Bağrım dәlinir navәki-mücganını görcәk.

 

(M u s i q i: segah)

 

M ә c n u n--

 

Qәddin hәlakiyәm, düşә bilmәm әyaqinә,

Bir eşqә düşmüşәm ki, bulunmaz nәhayәti.

Bildim tәriqi-eşq xәtәrnakdır, vәli

Mәn dönmәzәm bu yoldan, ölüm olsa qayәti.

 

L e y l i--

 

Ey hәr tәkәllümüm xәti-sәbzin hekayәti,

Virdim hәmişә mәshәfi-rüxsarın ayәti,

Mәn kim, sәni görәndә gedir әldәn ixtiyar,

Gәlmәz bәyanә möhnәti-eşqin şikayәti,

 

(Bu halda q ı z l a r  L e y l i y ә tәrәf gәlib oxuyurlar).

 

(M u s i q i)

 

Q ı z l a r--

 

Nagah olur, Leyli, atan agah (2 dәfә)

Kim, qeyrilә aşina olubsan, ay Leyli! (2 dәfә)

 

(M u s i q i)

 

Layiq deyil, Leyli, sәnә bu üslub, (2 dәfә)

Yaxşı nәzәr eylәsәn yamandır, Leyli! (2 dәfә)

 

(M u s i q i)

 

(L e y l i n i aparırlar, M ә c n u n tәk qalıb, bikef oturur. Bu halda M ә c n u n u n  a t a s ı gәlir).

 

M ә c n u n u n  a t a s ı (çahargah üstә)--

 

Ey bülbüli-bustani-bidad!

Hali-dilini mәnә bәyan et,

Әsrari-nәhanini әyan et.

Kim aldı әlindәn ixtiyarın?

Kim eylәdi tirә ruzigarın?

Nә seyrdәsәn, sәnә tәlәb nә?

Bu naleyi-zarinә sәbәb nә?

Dәryadә isә sәnә düri-kam,

Sәn söylә, mәn eylәyim sәrәncam.

 

(M u s i q i: çahargah)

 

M ә c n u n--

 

Ey piri-şikәstә hali-naşad,

Tanrıyçün әlimdәn eylәmə dad.

Demә ki, nәdir bu macәralar,

Sәndәn mәnә yetdi bu bәlalar.

Mәn bilmәz idim qәmi-cahanı,

Tәşvişi-zәminü asimanı.

Bilmәzlik ilә xoş idi halım,

Nә hüsnü, nә eşq idi xәyalım.

 

(M ә c n u n u n  a n a s ı gәlir vә müxalif üstә oxuyur)

 

M ә c n u n u n  a n a s ı--

 

Ey rahәti-canü nuri-didә!

Fәrzәndi-yeganeyi-güzidә!

Sәn sәrvsәn, olmagil giranbar!

Azad ola gör, nә kim giriftar!

Sәn lәlsәn, olmagil sәbüksәng,

Döndәrmә günәş görüb rәvan rәng!

Bizdәn bu nәsihәti qәbul et!

Hәr lәhzә bizi, yetәr, mәlul et!

 

M ә c n u n--

 

Ey ruhi-rәvanım ata, ana!

Kami-dilü canım ata, ana!

Bildim bu işi özümә layiq,

Leyli sәnәmә mәn oldum aşiq.

Sonra olubam bu işdәn agah,

Amma nә deyim, nә söylәyim?

Ah! Yoxdur bu işimdә ixtiyarım,

 

(Çahargaha enir)

 

Әql oldu zәifü, eşq ğalib,

Xatir nigәran, nigari cazib.

 

A t a s ı (çahargah üstә)--

 

Can vermә ğәmi-eşqә ki, eşq afәti-candır.

Eşq afәti-can olduğu mәşhuri-cahandır.

Yaxşı görünür surәti mәhvәşlәrin, әmma

Yaxşı nәzәr etdikdә sәrәncamı yamandır.

Eşq içrә әzab olduğun ondan bilirәm kim,

Hәr kimsә ki, aşiqdir işi ahü fәğandır.

 

(M u s i q i: tәsnif)

 

A t a s ı--

 

Durun gedәk evimizә! (2 dәfә)

 

A n a s ı--

          

Qeysim, Qeysim!... (1 dәfә)

 

M ә c n u n--

 

Ata, ana, eşqin hәvası

Mәni mәcnun edәcәkdir,

Mәni mәcnun edәcәkdir!...

 

(M u s i q i)

 

A t a s ı--

 

Mәn sәnә Leylini gedib, alıb istәrәm, (2 dәfә)

 

A n a s ı--

 

Oglum, oglum!... (1 dәfә)

 

M ә c n u n--

 

Ata, ana, eşqin hәvası

Mәni mәcnun edәcәkdir,

Mәni mәcnun edәcәkdir.

 

(M u s i q i)

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ PӘRDӘ

 

 

Vaqe olur L e y l i n i n evindә. L e y l i  v ә  a n a s ı oturubdurlar. Pәrdә qalxmazdan qabaq musiqi (sәmayi-şәms) çalınır; pәrdә qalxır, Leylinin anası oxuyur.

 

L e y l i n i n  a n a s ı--

 

Ey şux! Nәdir bu göftügülәr?

Qılmaq sәnә tәnә eybculәr?

Nәyçün özünә ziyan edirsәn?

Yaxşı adını yaman edirsәn?

 

(M u s i q i)

 

Derlәr sәni eşqә mübtәlasәn,

Biganәlәr ilә aşinasәn.

 

L e y l i--

 

Ey munisi-ruzigarım, ana!

Dürgi-düri-şahvarım ana!

 

(M u s i q i)

 

Sözlәr dersәn ki, bilmәzәm mәn,

Mәzmununu fәhm qılmazam mәn.

 

L e y l i n i n  a n a s ı--

 

Sәn hardanü eşq zövqü hardan?

Sәn hardanü dust zövqü hardan?

 

(M u s i q i)

 

Oğlan әcәb olmaz olsa aşiq,

Aşiqlik işi qıza nә layiq?

 

L e y l i--

 

Dersәn mәşuqü eşqü aşiq,

Mәn sadә ürәk tifli-sadiq;

Bilmәm nәdir ol hәdisә mәzmun?

Söylә! Necә olmayım digәrgun?

 

L e y l i n i n  a n a s ı--

 

Neylәrsәn әgәr atan eşitsә,

Qәhr ilә sәnә siyasәt etsә?

 

(M u s i q i)

 

Minbәd gәl eylә tәrki-mәktәb.

Bil әbcәdini hәmin cәdü әb.

 

(M u s i q i)

 

Gәrçi adın oda dildә mәzkur,

Görmәk sәni ola ğeyri-mәqdur.

 

L e y l i--

 

Mәn mәktәbә rәyim ilә getmәm,

Bir şüğli xilafi-rәyin etmәm.

Billah, mәnә hәm bu idi mәqsud,

Mәktәbdә olurmu tifl xoşnud?

Artıq bu sözü mükәrrәr etmә,

Lütf eylә, mәni mükәddәr etmә!

 

(M u s i q i)

 

(Şur çalınır. Qapı döyülür.  L e y l i  a n a s ı i l ә durub o biri qapıdan çıxırlar.  L e y l i n i n  a t a s ı  gәlib qapını açır. M ә c n u n u n  a t a s ı  vә bir neçә әrәb gәlirlәr. L e y l i n i n  a t a s ı  onlara oturmağı tәklif edir. M ә c n u n u n  a t a s ı onlara müraciәt edib oxuyur).

 

M ә c n u n u n  a t a s ı (şur üstә) --

 

Ey qәdrlә qibleyi-qәbait!

Әslü nәsәbim sәnә әyandır,

Hökmüm neçә min evә rәvandır.

Mәşhuri-qәbailәm sәxadә,

Mәrufi-tәvaifam әtadә.

Nәxli-әmәlim sәmәr veribdir,

İyzәd mәnә bir gühәr veribdir.

Hala dilәrәm bu türfә lölu,

Bir lәl ilә ola hәmtәrazu.

Lütf eylә, inayәtü kәrәm qıl!

Ol lәl ilә dürrü möhtәrәm qıl!

 

L e y l i n i n  a t a s ı (şur üstә)--

 

Ey qovm içindә bir xirәdmәnd!

Mәn kimi әsiri-dami-fәrzәnd!

Müşgülcә xitabdır xitabın,

Bilmәm necә verәyim cavabın.

Qürbün, bilirәm, mәnә şәrәfdir,

Әmma xәlәfin әcәb xәlәfdir.

"Mәcnun"--deyә tәn edir xәlayiq,

Mәcnuna mәnim qızım nә layiq?!

 

(M u s i q i)

 

X o r--Әrәblәr (tәsnif üstә)

 

Ey әrәb, bizlәri mәyus etmә!

Vergilәn Leylini Qeysә getsin.

 

Q e y s--

 

Maldan da, candan da, puldan da,

Maldan da, candan da, puldan da,

Hamıdan artıqdır, bil bunu, ərəb

Bil bunu, әrәb!

 

(M u s i q i)

 

L e y l i n i n  a t a s ı--

 

Xeyr, vermәrәm, vermәrәm, vermәrәm!

Vermәrәm, vermәrәm, vermәrәm!

Leyliyә yaraşmaz divana oğlan,

Divanә oğlan!

 

(M u s i q i:  kurd-şahnaz)

 

Әrәblәr әl ilә, göz ilә L e y l i n i n  a t a s ı n ı rağib etmәk istәyirlәr.

 

M ә c n u n--

 

Ya rәbb! Bәlayi-eşq ilә qıl mübtәla mәni,

Bir dәm bәlayi-eşqdәn etmә cida mәni.

Az eylәmә inayәtini әhli-dәrddәn,

Yəni ki, çox bәlalara qıl mübtәla mәni.

 

(Qonaqlar gedirlәr, musiqi yenә şur çalır.)

 

L e y l i n i n  a t a s ı (tәkcә)--

 

Nәsl ilә olur bәqayi-insan,

Nәzmi-bәşәrü nizami-dövran.

Can cövhәrinә bәdәldir övlad;

Övlad qoyan, qoyur hәmin ad.

Xoş ol ki, xәlәfdәn ola xoşdil,

Dünyada bir oğlu ola qabil.

Ah, olsa әgәr sәfihü sәrkәş,

Әtvari kәrihü xülqi naxoş,

Tәşni oxuna olub nişanә,

Bizar ola ondan ata-anә.

 

(Qapı döyülür, L e y l i n i n  a t a s ı qapını açır. İ b n-S ә l a m  ilә  bir neçә әrәb daxil olub oxuyurlar).

 

(M u s i q i)

 

Ә r ә b l ә r--

 

Ali-cahani bilib, gәlmişik ziyarәtә,

Bir әmri edib izhar, әncamın alaq sәndәn,

Әncamın alaq sәndәn.

 

(M u s i q i)

 

L e y l i n i n  a t a s ı--

 

Xoş gәldiz, sәfa gәldiz, mәni siz uca etdiz,

Hәr әmrә varam hazır, mümkündürsә әlaci,

Mümkündürsә әlaci.

 

(M u s i q i)

 

Ә r ә b l ә r--

 

Bu oğlan İbn-Sәlam, hәr cahi-cәlali çox.

Әmma ki, onun, heyfa, hәmdәrdi-hәmsirri yox,

Hәmdәrdi-hәmsirri yox.

 

(M u s i q i)

 

Ә r ә b l ә r--

 

Bilmişdir sәnin vardır ismәtli gözәl qızın,

İstәr kim, ola sәnlә hәm qom, hәm dost, hәm aşina.

Hәm qom, hәm dost, hәm aşina.

 

(M u s i q i)

 

L e y l i n i n  a t a s ı--

 

Ey tayifeyi-nәcib, mәn bu tәklifә şadam.

Xudavәndin әmrilә verdim Leylini getsin,

İbn-Sәlamın olsun.

 

Ә r ә b l ә r (İbn-Sәlama)--

 

İbn-Sәlam, ilahi

Sәni xoşbәxt eylәsin!

 

(M u s i q i)

 

İ b n-S ә l a m--

 

İmdi sәn mәnә oldun ata-anadan әziz,

Allah qoysa, mәn dә ollam sәnә oğul yerindә,

Sәnә oğul yerindә.

 

Ә r ә b l ә r--

 

İndi biz gedәk toy üçün tәdarükә başlayaq,

Tәdarükә başlayaq.

 

(H a m ı gedir. L e y l i çıxıb qatar oxuyur.)

 

L e y l i--

 

Xilafi-rәyim ilә, ey fәlәk, mәdar etdin,

Mәni gül istәr ikәn mübtәlayi-xar etdin....

 

PӘRDӘ

 

 

 

 

ÜÇÜNCÜ PӘRDӘ

 

 

Vaqe olur bir m e ş ә d ә , sübh açılmağa yavuqdur; sәhnәdә әvvәl heç kәs yoxdur; әtrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qәdәr sonra  M ә c n u n  dәli sifәtindә çıxır, başıaçıq, ayaqyalın vә s.

 

(oxuyur).

 

(M u s i q i)

 

M ә c n u n--

 

Fәzayi-eşqi ta gördüm, sәlahi-әqldәn durәm,

Mәni rüsva görüb, eyb etmә, ey naseh ki, mәzurәm.

Әgәr çaki-giriban eylәsәm, mәn etmәyin, çün mәn

Mәtai-nәngdәn arәm, libasi-ardәn urәm.

Mәnu sәhrayi-vәhşәt mәnzil etmәm afiyәt güncün,

Әsiri-dami-zülmәt olmazam, çün talibi-nurәm.

Bәlayi-eşqü dәrdi-dust tәrkin qılmazam, zahid,

Mәni rәyimlә sanmın, eşq sultaninә mәmurәm.

 

(M ә c n u n oxuduqca dağ tәrәfindәn әks-sәda gәlir.)

 

(M u s i q i: bayatı-kürd)   

 

(M ә c n u n dağa üz tutub oxuyur.)

 

Ey guşәnişini-pakdamәn!

Suzi-cikәrimdәn oldun agah,

Әhsәn-tü әhsәn-tü, barәkallah!

Sәnsәn mәnә hәmdәmü müvafiq,

Birdәm qoşalım sәda sәdayә,

Gәl ağlayalım bu macәrayә.

 

(M u s i q i)

 

Q ı z l a r (pәrdә dalından)--

 

Bu gәlәn yara bәnzәr,

Tellәri qara bәnzәr.

Oğlan, oğlan, bir bәri bax, bәri bax, bәri bax!...

Qoşa xal var üzündә....

Allana-sallana tellәri var,

Xırdaca-xırdaca gözlәri var,

Gәl, Leyli, bala, gәl, Leyli!

Gedәk gәzәk bu bağda.

Gül açılıb, bülbül oxur,

Gül açılıb, bülbül oxur,

Gul acılıb, bulbul oxur!...

 

(M ә c n u n  L e y l i n i vә  L e y l i  M ә c n u n u görüb, bir-birinin üstünә yüyürüb bәrk qucaqlaşırlar. Bir-iki saniyә sonra işıq keçir, qaranlıqda q i z l a r  L e y l i n i aparırlar, M ә c n u n tәk qalır).

 

(M u s i q i: rast)

 

(M ә c n u n u n  a t a s ı n ı n sәsi gәlir vә sonra özü dә sәhnәyә çıxır vә M ә c n u n u tapır).

 

M ә c n u n u n  a t a s ı--

 

Ey cövhәri-canımın hәvası,

Ey dideyi-bәxtimin ziyası!

Sәndәn nә rәva bu macәralәr,

Sәrmayeyi-eyb olan sәdalәr.

Derdim olasan mәnim pәnahım,

Fәxrim, şәrәfim, ümidgahım.

Vәhşilәr ilә nәdir bu birlik?

İnsan ilә xoş deyilmi dirlik.

Rәhm et mәni-zarü namuradә,

Qoyma bu mәşәqqәtü bәladә.

 

M ә c n u n--

 

Söylә görüm, ey mәnә verәn pәnd,

Danayi-süxәn vә ru xirәdmәnd.

Kimsәn vә nәdir bu küftükulәr?

Bifaidә batil arizulәr.

Get! Dәrdimә sәn dәva deyilsәn,

Biganәsәn, aşina deyilsәn.

Mәn böylә kәlamә tutmazam guş,

Leyli sözü söylә, yoxsa xamuş!

 

(Bu halda bir neçә әrәb gәlib keçәrkәn bu macәranı görüb, M ә c n u n u n  a t a s ı n d a n soruşurlar).

 

(M u s i q i; tәsnif)

 

Ә r ә b l ә r--

 

Söylә bir görәk, әrәb, bu cavan nәdәn xәstә, (2 dәfә)

Bәlkә bizdә bu dәrdin davası tapıla kaş....

Davası tapıla kaş, davası tapıla kaş....

Ey, biz dә dünya görmüş adamız, (2 dәfә)

Xәstәlәrә dava edәriz.

İnsan başına әlәni bilmәk gәrәk. (2 dәfә)

 

(M u s i q i)

 

M ә c n u n u n  a t a s ı--

 

Allahın bәndәlәri, bu mәnim fәrzәndimdir, (2 dәfә)

Eşqdir bunun dәrdi, olub bir qıza aşiq,

Leyliyә budur aşiq! (2 dәfә)

Ey, hәr tәbibә getdim, söylәdim,

Dәrdi-eşqә әlac istәdim.

Min cürә dәva verdilәr, kar etmәdi.... (2 dәfә)

 

(M u s i q i)

 

Ә r ә b l ә r--

 

Ey pir, bunun dәrdinә әlac bircә şey var, (2 dәfә)

Kәbәyә aparasan, hәcәri görә bәlkә.

Hәcәri görә bәlkә,

Dәrdindәn ola azad,

Ey, sәcdә qılsın Kәbәyә oğlan, (2 dәfә)

Sәn dә üz tut dәrgahi-ilahә,

Qılgilәn münacat, dilә bir әlac. (2 dәfә)

 

(M u s i q i: әraq)

 

M ә c n u n--

 

Eşq dәrdi, ey  müalic, qabili-dәrman deyil!

Cövhәrindәn eylәmәk cismi cida asan deyil!

Dövr cövründәn şikayәt edәnә aşiq demә,

Eşq  mәsti  vaqifi-keyfiyyәti-dövran  deyil!

Canı canan ittihadi fariq eylәr cismdәn,

Cismdәn agah olan can vasili-canan deyil!

 

(M u s i q i: heyratı; N o f ә l qoşunu ilә gәlir; bunları görüb oxuyur.)

 

N o f ә l--

 

Ey xәstә, nәdir bu çәkdiyin zәhmәtü rәnc,

Viranәdә zaye etdiyin dürü gәnc?!

Vәhşi nә bilir sәnin mәqamın? (2 dәfә)

Hal әhlisәn, istә, әhli-hali etsin әlac,

Hal әhlisәn, istә, tapasan şәfa.

 

Ә r ә b l ә r  h a m ı s ı--

 

Bu oğlan aşiqdir

 

(M u s i q i)

 

Leyli adlı bir gözәlә.

Әmma bәxti yar olmaz;

Atası qızı vermәz.

Bu da qızın eşqindәn olmuş divanә, (2 dәfә)

Әl çәkib dünyadan, ata-anadan qaçıbdır.

Әl çәkib dünyadan, mәcnun olubdur.

 

(M u s i q i)

 

N o f ә l--

 

Ey cavan, bildim dәrdini sәnin, bәladır,

Әmma ümidini kәsmә, allah kәrimdir.  

Mәn cәhd eylәrәm, Leylini sәnә alaram,

Qızıl istәsәlәr, qızıl bәxş eylәrәm.

Yoxsa qılıncımın zoru ilә alaram.

 

(M u s i q i)

 

(N o f ә l kağız yazıb göndәrir.)

 

M ә c n u n (Kabili üstә)--

 

Şükr eylәrәm, ey yeganeyi-әhd!

Tәdbirimә çoxlar etdilәr cәhd.

Sәndә, bilirәm ki, lütf çoxdur,

Nә sud ki, mәndә bәxt yoxdur.

Bәxtim, bilirәm, mәnim yamandır,

Sud istәdiyin mәnә ziyandır.

 

Ә r ә b l ә r--

 

Ey Nofәl, mәlumdur, sәndә şücaәt çoxdur,

Әmma ki, Mәcnunun bәxti, taleyi yoxdur.

 

M ә c n u n--

 

Bәxtim, taleyim yoxdur, bәxtim, taleyim yoxdur,

 

Mәn ki, mәcnunәm.

 

Ә r ә b l ә r--

 

Mәcnunin dә allahdan başqa bir әlacı yox,

Ona әlac olsa allahdan olar.

 

(M u s i q i)

 

N o f ә l--       

 

Qәm çәkmә ki, mәn olunca sәnә qәmxar,

Yarın, bil ki, әnqәrib olur sana yar.

Ümidvar ol!

Sәn cәhd elә ki, yar ola sәnә mayil,

Çün yar olsa mayil, kar olur asan.

 

(M u s i q i)

 

(Bu vaxt L e y l i n i n  a t a s ı  on nәfәr yaraqlı әrәblә gәlir. N o f ә l onlara deyir:)

 

N o f ә l--

 

Ey qom bülәndpayә,

Biganә olmuş aşinayә.

Leylini verin Mәcnunә,

Bu işә siz razı olsanız,

Sizi eylәrәm dövlәtmәnd.

Simüzәr verәrәm,

Әgәr sözlәrimi yerә salsanız, eylәrәm

Sizi şәmşirin zәrbinә qurban.

 

(M u s i q i)

 

L e y l i n i n  a t a s ı--

 

Ey hünәrvәr, bu cünundur,

Bizdә cünunә qız yoxdur.

Lazım deyil bizә zәrin,

Әl çәkirik zәrindәn.

Qorxmuruq şәmşirindәn.

Hәr nә bilsәn et!

Laf ilә qılıncdan gәl urma qıl dәm

Kim, vardır qılınclar bizlәrdә dә hәm.

 

(M u s i q i)

 

(Qılınclarını çәkib davaya başlayırlar. M ә c n u n  әlinә bir xәncәr alıb N o f ә l i n qoşunlarını qırmağa başlayır. N o f ә l onu kәnara çәkib deyir:)

 

N o f ә l--

 

Nә iş görürsәn, divanә!

Düşmәnә kömәk edirsәn.

Biz ölürük sәnin üçün,

Sәn qırırsan bizi neçün?

Xәncәri tulla,

Mәn cәhd edirәm ki, düşmәni mәğlub eylәyim

Kim, Leylini alıb sәnә verdirim.

 

(M u s i q i)

 

M ә c n u n (Kabili üstә)--

 

Ey Nofәl, mәn fәdayi-yarәm,

Vәslinә onun  ümidvarәm,

Yarım tәrәfindә ola nüsrәt,

Bәlkә ki, bulam vüsalә fürsәt.

Canım ola dust dilpәziri,

Ya köştәsi ola, ya әsiri.

 

(Bu vaxt L e y l i n i n  a t a s ı ilә İ b n-S ә l a m  gәlir; qılınclarını salıb, N o f ә l ә müraciәtlә oxuyurlar:)

 

L e y l i n i n  a t a s ı--

 

Ey hünәrvәr, sәndә zәfәr.

Bizә aman ver, nahaq bu xәlqi

Qırma, qırma, qırma, qırma!

Leylini vermişәm özgә әrә,

Leyli verilib İbn-Sәlamә.

İndi razı olma iki әri olsun yarın,

Namusa toxunan iş deyilmi bu?!

 

(M u s i q i)

 

N o f ә l (әl verir)--

 

Doğrudur, doğrudur, doğrudur,

 

(Qoşuna)

 

Ey lәşkәr! Çәkilin davadan,

Dәxi bәsdir cәng;

Әvvәldәn bilsәydim tökmәzdim bu qәdәr qan,

Mәcnunә allahdan әql istәrdim.

 

(M u s i q i)

 

(H a m ı bir yerdә әllәrini yuxarı qaldırır).

 

H a m ı--

 

Bar, ilahi, әfv et

Bu günahı biz bәndәdәn.

Bu Mәcnuni eylә

Aşiqlikdәn xilas.

 

(M u s i q i)

 

PӘRDӘ

 

 

 

 

DÖRDÜNCÜ PӘRDӘ

 

 

Baqe olur İ b n-S ә l a m ı n evindә. Evin bir tәrәfi küçәdir; M ә c n u n  Z e y d ilә küçәdә durublar. Otaqda toy mәclisidir.

 

Musiqidәn sonra pәrdә qalxır.

 

Z e y d (rast üstә)--

 

Dün әxtәri-bәxtin oldu tirә,      

Leyli sitәm etdi sәn fәqirә.

O, İbn-Sәlamә ruzi oldu,

Ruzi sәnә dәrdi-süzi oldu.

Yar özgәyә oldu şәmi mәhfil,

Qaldı sәnә tabi-atәşi-dil.

 

Q o n a q l a r (otaqda)--

 

Xoşbәxt ol, İbn-Sәlam!

Alasan kamü mәram.

Keçirәsәn xoş günlәr,

Bar verә muradın.

Ola bir övladın.

Mübarәk olsun toyun.

 

(Oyundan sonra durub gedirlәr, bu halda M ә c n u n şuştәr oxuyur.)

 

M ә c n u n--

 

Qeyr ilә, yara, nәdir seyri-gülüstan etdiyin?

Bәzm urub, xәlvәt qılıb, yüz lütfü ehsan  etdiyin?

Әhd bünyadın mürüvvәtdirmi viran etdiyin?!

Hanı, ey zalım, bizimlә әhdü peyman etdiyin?!

 

(L e y l i  içәri daxil olur, M ә c n u n u n sәsini eşidir; İ b n-S ә l a m  gәlib tәәccüblә L e y l i y ә baxır vә oxuyur.)

 

(M u s i q i)

 

İ b n-S ә l a m--

 

Leyli, Leyli, bu odlu sәs Mәcnunundur,

Mәn tanıyıram onu.

Mәgәr, Leyli, bәs bu cünun әl çәkmәyibdirmi sәndәn indi dә?

Leyli, söylә, doğrusun söylә,

Sәndәmi ona aşiqsәn?

İstәrsәnmi Mәcnunun ola aşiqin?

 

(M u s i q i)

 

L e y l i--

 

İbn-Sәlam, qoy doğrusun mәn söylәyim, mәn Mәcnuna aşiqәm.

Uşaqlıqdan bir-birimizi sevmәyә söz vermişik әhd ilә.

İndi söylә, sәn özün söylә, sındıra billәm әhdimi mәn?

Mәhәbbәtin odunu mәn söndürә billәmmi, qәlbimi yandırar.

 

(M u s i q i)

 

L e y l i--

 

Bir neçә vaxt sәn sәbr elә, qoy soyusun eşqin odu.

 

İ b n-S ә l a m (kәnara)--

 

Yәqin Leyli mәni sınamaq istәyir,

Mәn fikrini duymuşam.

 

L e y l i--

 

İbn-Sәlam, sәn sәbr elә, qoy bәlkә Mәcnun da әl çәkә.

 

İ b n-S ә l a m--

 

Leyli, mәn sәbrә hazıram.

Sәnin cәfanı mәn çәkmәyә hazıram,

 

(Gedir.)

 

(M u s i q i)

 

M ә c n u n--

 

Cürmümüz noldu ki, bizdәn eylәdin bizarlıq?

Biz qәmin çәkdik, sәn etdin özgәyә qәmxarlıq.

Sizdә adәt bumudur?  Böylә olurmu yarlıq?

Hanı, ey zalım, bizimlә әhdü peyman etdiyin?!

 

(Bu halda L e y l i taxt üstә ağlayır. Z e y d vә bir neçә nәfәr әrәb gәlib M ә c n u n a deyirlәr:)

 

Z e y d vә ә r ә b l ә r--

 

Mәcnun, Mәcnun, dur gedәk,

Bu rәqibin evidir.

Sәnә tәnә eylәrlәr.

Bәdnam etmә özünü.

 

L e y l i--

 

Allah, bu nә sitәm, bu nә zülm?!

Bu nә sitәm, bu nә zülm?!

Eşqin oduna yandım,

Hicran sitәmin qandım.

 

M ә c n u n--

 

Bәs sәnin vәfan bu imiş, Leyli; bu imiş, Leyli?

Bivәfa da yar olarmı?!(2 dәfә)

 

Z e y d vә ә r ә b l ә r--

 

Mәcnun, dur gedәk evinә,

Yazığın gәlsin atana.

Rәhm eylә bir dәm anana.

Leylini sәndәn ayırdı mürüvvәtsiz fәlәk,

Sәn dә eşqin havasını başından eylә cida.

 

(M ә c n u n әrәblәrlә gedir).

 

PӘRDӘ

 

 

 

 

BEŞİNCİ  PӘRDӘ

 

 

Vaqe olur İ b n-S ә l a m ı n evinin qabağında. İ b n-S ә l a m qapı ağzında oturur. Musiqi "osmanlı" havasını çalır. Pәrdә qalxdıqda L e y l i içәridәn çıxıb gәlir vә İ b n-S ә l a m ı n qabağında oturur. L e y l i xәstәdir.

 

İ b n-S ә l a m (osmanlı üstә)--

 

Pәrişan-halın oldum, sormadın hali-pәrişanım,

Qәmindәn dәrdә düşdüm, qılmadın tәdbiri-dәrmanım.

Nә dersәn, ruzigarım böylәmi keçsin, gözәl yarım!

Gözüm, canım, әfәndim, sevdiyim, dövlәtli sultanım!

 

(M u s i q i)

 

Әsiri-dami-eşqin olalı sәndәn vәfa görmәm,

Sәni hәr anda görsәm, әhli-dәrdә aşina görmәm.

Vәfayi-aşinalıq rәsmini sәnә rәva görmәm,

Gözüm, canım, әfәndim, sevdiyim, dövlәtli sultanım!

 

L e y l i (tәsnif üstә)--

 

Ey mәnә qәmxar olan, görmürsәnmi әhvalımı?

Dәrdә düşmüş cismimi, oda alışmış  canımı?

Daim pәrişan halımı.

 

(M u s i q i)

 

İ b n-S ә l a m--

 

Ey gözüm, guş etmәdin pәndü nәsihәtimi sәn,

Bir cünunә mehrini saldın, etdin özünü sәn,

Xәstәvü naçar olmusan.

 

L e y l i--

 

Söylә bir, İbn-Sәlam, gәr aşiqi hәqiqisәn,

Eşq odu düşsә әgәr, dәfi onun qabildirmi?

Söndürmәsi mümkündürmi?

 

(L e y l i vә İ b n-S ә l a m evә daxil olurlar. Z e y d  M ә c n u n u zәncirә bağlı L e y l i n i n qapısına gәtirir.)

 

(M u s i q i)

 

M ә c n u n--

 

Leyli, ey bivәfa Leyli!

Özgәyә saldın sәn meyli!

Elәdin mәni divanә,

Sözümü saldın hәr yanә, ey zalım! (2 dәfә)

 

(M u s i q i)

 

Yaxıldı canım eşqindәn,

Titrәdi dağlar ahimdәn.

Niyә sәn bәs, ey bivәfa!

Belә üz döndәrdin mәndәn, ey zalım! (2 dәfә)

 

(M u s i q i)

 

Nә qәdәr tәndә var canım,

Yanaram atәşi-eşqә,

Çәkәrәm fәqan-ahim,

Yandıraram dağı, daşı, ey zalım (2 dәfә)

 

(Bu halda L e y l i evdәn çıxıb,oxuya-oxuya yüyürür M ә c n u n u n üstә)

 

L e y l i--

 

Gәl, ey Mәcnun, Leylinәm, al canımı!

Vәfasız olmuşam, billah, tök qanımı!

 

(M ә c n u n L e y l i n i görcәk zәncirini qırıb, geri çәkilib oxuyur.)

 

M ә c n u n--

 

Sәn Leyli deyilsәn, ey pәrizad!

Qaç, qәlbimi xunla etmә bәrbad.

Aldatma mәni, cünun deyib qaç,

Qaç, eylәmә gül üzünlә Leylini yad.

 

(Qaçır. Z e y d dә onun dalınca gedir, L e y l i tәk qalıb oxuyur.)

 

L e y l I (segah üstә)--

 

Xoşdur nә qәdr eylәsә yarım cәfa mәnә,

Ta kim, rәqib söylәmәsin bivәfa mәnә.

Sәnsiz diyari-hicrdә sәrgәştә qalmışam,

Vәslin ümidi, billah, olur rәhnüma mәnә.

Rәna qәsәd  qalıbdı belә xürdi-xabidәn

Xuni-dilim olubdur, әzizim, qәza mәnә.

Qan  bәstәrindә qoyma  mәni zar-mübtәla,

Ver şәrbәti-vüsaldәn, ey meh, şәfa mәnә.

 

(L e y l i yerә yıxılıb ölür. Bu halda xor daxil olub oxuyur.)

 

(M u s i q i)

 

Xor--

 

Rәhmәt olsun sәnә, Leyli! (2 dәfә)

Bu dünyada kam almadın,

O dünyada kam alarsan, ey aşiq! (2 dәfә)

 

PӘRDӘ

 

 

 

 

ALTINCI PӘRDӘ

 

 

Vaqe olur q ә b r i s t a n d a.  Bir tәrәfdә L e y l i n i n qәbri görünür.

 

(M u s i q i)

 

M ә c n u n (bayatı-kürd üstә)--

 

Sındırdı çәrx zülm ilә balu pәrim, haray!

Döndәrdi tez xәzanә fәlәk güllәrim, haray!

Ey ruzigar, nә eylәmişәm bilmәm sәnә,

Ümmanә döndü qan ilә çeşmü tәrim, haray!

 

(Bu halda Z e y d bir әrәblә daxil olur.)

 

Z e y d--

 

Ey şifteyi-şikәstәtale!

Әfsus ki, sәyin oldu zaye!

Leyli sәnә verdi zindәgani,

Sәn ol baqi, ol oldu fani!

Sәn sәdqәsi olduğun pәrivәş

Sәdqә sәnә oldu, ey bәlakәş!

Әzmi-rәhi-cәnnәt etdi ol hur,

Firdovs mәqamın etdi mәmur.

 

M ә c n u n--

 

Netdim sәnә, qәsdi-canım etdin?!

Qәsdi-dili-natәvanım etdin?!

Eylәt mәni yar olan diyarә,

Şәm eylә mәni mәzari-yarә!

 

(M ә c n u n u  L e y l i n i n qәbri üstünә aparırlar. M ә c n u n qәbri qucaqlayıb oxuyur).

 

M ә c n u n (bayatı-qacar üstә)--

 

Aşiq oldur kim, qılır canın fәda cananına,

Meyli-canan etmәsin hәr kim ki, qıymaz canına.

Canını canana  vermәkdir kәmali aşiqin,

Vermәyәn can etiraf etmәk gәrәk nöqsanına.

 

(Deyir, ölür. Bu halda ә r ә b l ә r yığılıb oxuyurlar.)

 

(M u s i q i)

 

X o r vә  ә r ә b l ә r--

 

Ey bikәs, biçarә qalan aşiq, sadiq Mәcnun!(2 dәfә)

Sәd heyf ki, ahu qәmin oldu belә zaye!

Axı eşq, eşq, eşq bәladır, bәladır,

Aşiqlik edәn dәrdә mübtәladır!(2 dәfә)

 

(M u s i q i)

 

Olmadın nail Leyliyә sәn bәs bu dünyada, Mәcnun! (2 dәfә)

Bari o dünyada olasan vәslinә nail.

Axı eşq, eşq, eşq bәladır, bәladır,

Aşiqlik edәn dәrdә mübtәladır! (2 dәfә)

 

PӘRDӘ