Ç O B A N

 

 

 

 

Biri yoxmuş, biri varmış, bir çoban varmış. Bu çoban bir dәfә qoyun otardığı yerdә azan sәsi eşidir. Rәvayәt edirlәr ki, çoban azan nә olduğunu bilmirmiş, ona görә yoldan keçәn kişidәn tәlaşla soruşur ki, bu nә oxumaqdır ki, sәsi eşidilir?

 

Kişi cavab verir ki, bu azandır. Çoban tәkrar soruşur ki, bu azan oxumağının qoyunlara bir zәrәri yoxdur ki? Kişi deyir ki, yoxdur."Onda qoy nә qәdәr keyfi istәyir oxusun" -- deyә çoban arxayın olur.

 

Bizim yazıçılarımız dәxi tәlaş etmәkdә bu çobana oxşayırlar. Qәzet çap olunub meydana çıxan kimi hirsli yazıçılarımız qәzetin üstünә atılıb, gözlәrini bәrәldib iti bir nәzәrlә qәzeti başdan-ayağa gözdәn keçirirlәr. Әgәr qәzetdә öz şәxslәrinә toxunan bir şey görürlәrsә, hәman dәm qәlәmi әlә alıb, dişlәrini qıçayıb, qızara-qızara, bozara-bozara götürüb, bir "cavab" yazırlar. Vә yazıb da gözlәyirlәr ki, әgәr "müddәi" dәxi "cavab" versә, haman dәm ikinci "cavabı" şarpalasınlar; yox, әgәr qәzetdә onların nәfsinә toxunan bir şey yoxdursa, sakit olub, mәqalәlәri arxayın-arxayın oxuyurlar vә özlәri dә mәhz bunun üçün oxuyurlar ki, görәk filan adam nә tövr yazır, filanın qәlәmi nә tövrdür. Amma bunu unudurlar ki, görәk filan adam nә demәk istәyir, dediyi sözlәr camaatdan ötrü nәfdir vә ya zәrәrdir; xalqı haqqa hidayәt elәyir vә ya zәlalәtә çağırır?! Әgәr haqqa hidayәt edirsә, yazdığı camaatın xeyrinә, nәfinәdirsә, onu haqlamaq vә sözünә qüvvәt vermәk lazımdır vә yox, dediyi söz mәnafeyi-ümumiyә zidd vә xilafdırsa, o surәtdә doğru cavablar yazıb onu müzürr әqidәsindәn, ziyanlı fikrindәn daşındırmalıdır vә qoymamalıdır ki, xalq o müzürr әqidәyә vә ziyanlı fikrә uysun. Bir kәlmә, intiqad lazımdır. Yoxsa, intiqadsız yazılar ucundan yazıq oxucular qarıxıb, başlarını itirirlәr vә axırda da "çort znaet çto takoye" -- deyib ah çәkirlәr vә yainki әsnәyirlәr.

 

       *       *       *       *       *

 

İntiqad (kritika) lazımdır, amma daha dalaşmaq lazım deyil. Bizim binәva camaat lap ondan elә pis öyrәnibdir ki, indi intiqad ilә dalaşmaqda heç bir fәrq vә tafavüt qoymurlar. Çünki yazıçılarımızı hәmişә şәxsiyyәt üstündә dalaşar görübdülәr. Bu günlәrdә oxuculardan birisi yazıb deyir ki, eyb deyilmiş ki, bәzi vaxt görürәm ki, qәzet sütunlarında dalaşırsınız, mәgәr bilmirsiniz ki, sizlәr dalaşanda, bizlәr gәrәk bir-birimizi qırıb tәlәf edәk vә sairә. Deyirәm, әfәndim, qorxma, dalaşmırıq, bu bizim bir-birimizi tәnqid etmәyimizdir, hәqiqәt axtarmağımızdır, yoxsa, allah elәmәsin ki, biz dalaşaq. Biz dalaşmırıq. (....)