ӘMİR BAHADIR CӘNG VӘ ŞEYX FӘZLULLAH

 

 

 

 

(İran iğtişaşına dair)

 

 

Şah pәncәrәnin qabağında oturub fikir edirdi vә bığını bururdu. Әmir Bahadır Cәng dә aşağıda әylәşmişdi.

 

Bu haman o zaman idi ki, mәclisin dağılmağına vә cahangirxanların, Mәlikülmütәkәliminlәrin dә boğulmağına bir-iki gün qalmışdı.

 

Şah soruşdu:

 

-- Bәs, nә tövr edәk ki, istibdadı saxlayaq?

 

Әmir Bahadır Cәng cavab verdi:

 

-- Müctәhidlәri görmәk lazımdır.

 

Şah yenә soruşdu:

 

-- Müctәhidlәr nә qayıra bilәrlәr?

 

Әmir cavab verdi:

 

-- Hәrgah müctәhidlәr bir dәfә desәlәr ki, mәşrutә şәriәtә görә haramdır, bütün İran mәşrutәdәn әl çәkәr.

 

Şah dedi:

 

-- Bәs nә tövr müctәhidlәri bu işә vadar etmәk olar?

 

Bu halda Әmir Bahadır Cәng "Faust" operasından Mefistofelin, yәni İblisin bu sözlәrini oxudu:

 

Dünyada butün bәni növi-bәşәr

Müqәddәs büt olan pul üçün әllәşәr.

 

Şah qandı ki, vәzir nәyә işarә edir. Tez onun cibini qızılla doldurub, dedi ki, di durma, tez ol!

 

Әmir Bahadır qızılları cibinә doldurub, otaqdan çıxdı vә düz Şeyx Fәzlullahın yanına getdi.

 

Tehran müctәhidi Şeyx Fәzlullah fisincanplovunu yeyib vә çayını içib qәlyan çәkmәyә mәşğul idi.

 

Xәbәr verdilәr ki, Әmir Bahadır Cәng onun görüşünә gәlibdir. Müctәhid ayağa durdu vә dedi:

 

-- Buyursun.

 

Әmir Bahadır Cәng içәri daxil oldu. Әvvәlcә salamlaşıb, sonra bir qәdәr durdular. Sonra şeyx oturmağı tәklif etdi. Әmir Bahadır oturdu. Şeyx onu gözlәyib, özü dә oturdu. Bu surәtdә Әmir Bahadır tәzim üçün yerindәn qalxdı, sonra oturdu. O halda şeyx dә tәzim üçün bir qәdәr durdu, sonra oturdu. İndi Әmir Bahadır durdu, sonra oturdu. Ona müqabil şeyx durdu, sonra oturdu. Qәrәz, bunlar tәrәzinin gözlәri kimi biri qalxıb biri enib, axırda müsavi oldular.

 

Әmir soruşdu:

 

-- Ağanın әhvalı necәdir?

 

Şeyx baş әyib әrәbcә beş-altı söz söylәdi vә o da Әmirin әhvalını soruşdu.

 

Әmir cavab verdi ki, "lillahül hәmd, yaxşıyam, ancaq dövlәtin dәrdi mәnim canımı bәrk sıxır. Camaat şahı tovlayıb, hökumәti әlinә alıbdır. Şah da gendәn baxa-baxa qalıb."

 

Şeyx başa düşmәdi ki, әmir nә deyir, amma yenә ona bir cavab vermәk üçün söylәdi ki, bәli, madam ki, insan anadan tәvәllüd elәdi, onun başı olar şah vә qalan әzaları da rәiyyәt. Mәgәrin ki, gözlәr vә ruh, yәni gözlәr olar vәzir, ruh isә ruhanilәrdәn ibarәtdir. Vә әrәbcә bir neçә söz söylәdi.

 

Әmir soruşdu:

 

-- Ağa, siz ki, bütün alәmi-islamın böyüyü, rәisi-ruhanisisiniz vә bütün alәmi-islam istәr Hindistanda olsun; istәr Әfqanıstanda olsun, sizin sözlәrinizә gәrәk müti olsunlar (bu yerdә şeyx әlini saqqalına aparıb, bir dәfә sığal çәkdi), aya siz mәşrutәyә nә nәzәrlә baxırsınız?

 

Şeyx әmr etdi ki, çay gәtirsinlәr vә qәlyanı tәzәlәsinlәr. Ondan sonra üzünü Әmirә tutub dedi:

 

-- Mәşrutә әslәn әrәb sözüdür. Özü dә mәful babından gәlir. Mәsәlәn, şәrәtә, şәrәtu, şәrәtun vә hüvә, şaritun vә lәm mәşrutun!!

 

Zәmani ki, bir mәmlәkәtdә mәşrutә elan olundu, haman saat o yerin adamları bir mәclisdә tәcәmmöün edәrlәr vә tәcәmmöün dә bir neçә qaydası vardır ki, әvvәl ruhanilәr, bәd әyan, sonra büzürgan vә bilaxirә tüccarlar cәrgә-cәrgә düzülüb dövlәt işlәrindәn söhbәt edәrlәr vә çox gözәl sözlәr danışarlar vә deyәrlәr ki, heç bir kafirin ixtiyarı yoxdur ki, bila mәşrutә İran torpağında bir işә iqdam etsin.

 

Әmir Cәng yenә soruşdu:

 

-- Aya mәşrutә dini-islama müğayirdir, ya nә?

 

Şeyx cavab verdi:

 

-- Xeyr, müğayir deyildir.

 

Әmir  Bahadır başını aşağı saldı vә әlini cibinә uzadıb dedi:

           

Aya padşah әmr versә ki, mәşrutә olmasın, o surәtdә ona nә deyәrlәr?

 

Şeyx cavab verdi:

 

-- O surәtdә şah xilafi-şәriәt iş görmüş olar.

 

Әmir  Bahadır  şeyxin üzünә baxdı vә dәsmal çıxartmaq bәhanәsi ilә cibindә olan pulları çıxartdı....

 

Zәr vә simin sәdayi-mübarәki şeyxin sәmi-müqәddәslarinә әksәndaz olan kimi üzü tәğyir tapıb dedi:

 

-- Әmma!...