HӘMSÖHBӘTİM

 

 

 

 

Oxucularımızdan birisi ilә söhbәt edirik. Dedi ki, qәzetinizdә bir çox sözlәr olur ki, adam oxuyanda başa düşmür.

 

Dedim: Lüğәtә bax, mәnasını öyrәn.

 

Dedi: Hanı lüğәt?

 

Dedim: Qәzet oxucuları üçün bir lüğәt nәşr olunub, qәzetlәrin "Ay lüğәt alan" deyib çığırmaqdan boğazı yırtılıbdır. Amma sәn deyirsәn ki, hanı lüğәt? Görünür ki, siz çәtin sözlәrdәn şikayәt edirsiniz, amma o çәtin sözlәri öyrәnmәk istәmirsiniz!

 

Hәmsöhbәtim mәhcub oldu, dedi: Xeyr! ... sözlәrdәn başqa, bir dә qәzetinizdә elә şeylәr olur ki, adam ha fikir edir, başa düşmür.

 

Soruşdum ki, mәsәlәn?

 

Dedi: mәsәlәn, Serbiya ilә Avstriya әhvalatı. Mәn oxuyub anlamışam ki, bәli, Avstriya Osmanlının Bosniya Herseqovina adlı bir yerini tutubdur. Yaxşı, bәs Serbiyaya nә düşübdür ki, çığır-bağır elәyir, Avstriyaya acığı tutur?

 

Dedim: Tarix oxumusan?

 

Dedi: Oxumuşam.

 

Dedim: Orada Serbiya haqqında nә yazılıbdır?

 

Rәfiqim bir az fikir elәdi vә dedi:

 

-- Tarixi-Nadirdә  Serbiya haqqında bir söz yoxdur. Amma Әfqәnistan barәsindә çox şeylәr yazılıbdır.

 

Dedim: Tarixi-Nadir demirәm. Tarixi-ümumi deyirәm.

 

Dedi: Onu oxumamışam.

 

Dedim: Coğrafiya oxumusan?

 

Dedi: Oxumuşam.

 

Dedim: Orada Serbiya vә Avstriya haqqında nә yazılıbdır?

 

Rәfiqim çox fikir elәdi vә dedi ki, Cameyi-Abbasda Serbiya vә Avstriya barәsindә bir söz yoxdur.

 

Dedim:  "Cameyi-Abbas demirәm. Coğrafiya deyirәm.

 

Dedi: Onu oxumamışam.

 

Dedim: Elә olanda, әlbәttә, bilmәzsәn ki, neyçün Serbiyanın Avstriyaya acığı tutur!

Rәfiqim razı oldu vә özünә dә çox acığı tutdu.