HARA QAÇACAQLAR?

 

 

 

 

Ravi belә rәvayәt elәyir ki, Eynüddövlә, Şüca Nizam Rәhim xan, Mir Haşım, Mirzә Hәsәn, Mirzә Kәrim vә qeyrilәri -- bunlar hamısı Tәbrizdәn çıxıb qaçarkәn şaha belә bir mәktub yazıblar:

 

"Salam-duadan sonra yazıb mәlum edirik ki, "ma sәd nәfәr budim tәnha, onha, yek nәfәr budәnd cәm", ona binaәn Tәbrizdәn qaçdıq, vәssalam."

 

İndi  mәn öz-özümә fikir edirәm: yaxşı, bunlar hara qaçacaqdırlar?

 

Tehrana?

 

Xeyr! İndi bu saat Mәhәmmәdәli şahın onlara elә acığı tutub ki, hәrgah o, "sәd nәfәr tәnhadan birini görsә, elә vurar ki, başı süpәhsalar mәscidi kimi darmadağın olar.

 

Bәs hara? İranın sair şәhәrlәrinә?

 

Xeyr! Hәrçәnd İranın sair şәhәrlәri Tәbriz әhlini aldatdılar vә yalandan dedilәr ki, ay budur kömәyә gәlirik, ay on min adam göndәrdik, ay bu gün çatar, ay sabah ça-çatar, ha budur gәldilәr, ha atlıların başı çıxdı, qәrәz çox sәs-küy elәdilәr, amma axırından bir şey çıxmadı. Atların nә başı göründü, nә quyruğu, yazıq tәbrizlilәr gözlәdilәr, gözlәdilәr, axırda qәti-ümid olub, dedilәr: özünә bağla ümidini, özgәyә bağlama.

 

Amma yenә dә....

 

Heç ağlım kәsmir ki, bu şәhәrin adamları Tәbrizdәn qaçan "qәhrәmanlara" ağuşlarını açıb üzlәrindәn öpsünlәr vә desinlәr: "Uxay, nә yaxşı ki, sağ-sәlamәt gәlib çıxdınız". Çünki әgәr bu şәhәrlәrin birindә namus olmasa, barı insaf olar. O birindә insaf da olmasa, barı bir parça qeyrәt olar! Bir ayrısında namus, insaf vә bir parça qeyrәt olmasa, bir qәdәr hәmiyyәt olar; bir ayrısında, namus, insaf vә bir parça qeyrәt vә bir qәdәr hәmiyyәt olmasa, bir dıtdaq mürüvvәt olar. Bir özgәsindә namus, insaf, bir parça qeyrәt, bir qәdәr hәmiyyәt bir dıtdaq mürüvvәt olmasa, barı bir barmaq ağıl olar. Yenә bir başqasında namus, insaf, bir parça qeyrәt, bir qәdәr hәmiyyәt, bir dıtdaq mürüvvәt, bir barmaq ağıl olmasa da, barı bir anbar qorxaqlıq olar.

 

Amma qorxaqlıq olar, çünki qorxaqlıq oldu ki, Tәbrizә kömәyә getmәdilәr vә indi qorxaqlıq olar ki, Tәbrizә kömәk edәrlәr, çünki daha Sәttarxanın gücü mәlum oldu. Kişi padşahla padşahlıq etdi. Halbuki bütün İran vә bizim Bakıda bütün Quba meydanının adamları deyirdilәr ki, padcahnan padcahlıq elәmәk olmaz. Amma görünür ki, olar vә necә ki, oldu! Hә, bәs indi bu adamlar hara qaçacaqdırlar?

 

Rusiyaya?...

 

Xeyr, Rusiyada mәşrutә var. Mәşrutәli yer onları qәbul etmәz.

 

Bәs hara?

 

Elә mәn bu fikirdә idim ki, gördüm idarәmizin qabağında iki nәfәr adam acıqlı danışır. Biri deyir:

 

-- Adә, boynu sınmış Sәfәr necә oldu?

 

O biri deyir:

 

-- Getdi.

 

-- Hara?

 

-- Әşi, cәhәnnәmә, gora! Mәn nә bilim!

 

İndi ağlım kәsir ki, mәnim sualıma da bu cürә cavab vermәkdәn başqa bir çarә yoxdur.