"NOVOYE VREMYA" NӘ YAZIR?

 

 

 

 

"Novoye vremya" qәzetindә yazdığı beş-altı sәtir şeylәr әvәzindә 12 min manat mәvacib alan Stolıpin (baş vәzirin qardaşıdır) İran barәsindә belә yazır:

 

"Bir rus qulluqçusu Zakaspiyski oblastda iranlı kәndinә gedib mehmannәvaz bir iranlının evindә qalır. Çörәk yedikdәn sonra haman qulluqçu papiros çәkib spiçkanın qutusunu yerә atır. İranlı tez qutunu götürüb, başlayır ora-burasına tamaşa elәmәyә...."

 

(Yәni deyir: iranlı o qәdәr vәhşi idi ki, spiçka qutusu da görmәmişdi).

 

"Qutunun üstündә Pyotr Kәbirin şәkili vardı...."

 

(Mәn 25 ildir ki, papiros çәkib, min cürә spiçka qutusu görmüşәm. Heç birinin üstündә rus padşahı Pyotr Kәbirin şәklini görmәmişәm).

 

"Qulluqçu şәkilin kim olduğunu iranlıya qandırdıqda, iranlı ona ehtiram etmәyә başlayır, öpür vә kamali-tәntәnә vә dәbdәbә ilә spiçka qutusunu yuxarı başa qoyub deyir ki:

 

-- Bunu iki gözüm kimi saxlayacağam".

 

(Bәli! Yәni iranlılar vәhşilikdәn savayı bir dә "çox padşahpәrәstdirlәr" demәk istәyir.)

 

"Mәn İranda olmuşam, amma mәndәn ötrü çox tәәccübdür, nә tәhәr oldu ki, iranlılar birdәn inqilab başladılar?"

 

(Yәni deyir: Necә ola bildi ki, vәhşilikdәn spiçka qutusunu öpüb gözlәrinin üstünә qoyan iranlılar birdәn hürriyyәt vә azadlıqdan dәm vurmağa başladılar? Bunlar haman iranlılar dәyillәrmi ki?)

 

"Dәmir yolunda işlәyәk zaman iki min nәfәrli bir balaca turkmәn dәstәsi qabağından dovşan kimi qaçırdılar?... Bu tayfa cәmi-cümlәtanı bir iyirmi ilin әrzindә bu qәdәr dәyişә bilәrmi? Buna inanmaq çәtindir."

 

(İndi ağzımı açıb burada bir neçә söz deyәrәm ... sonra mәni qınayarlar.) 

"Yox, mәn inanmıram İran inqilabına. Bu nә inqilabdır ki, beş yüz kazakın, rus polkovnikinin sәrkәrdәliyi ilә olan hücumu ilә sakit oldu...."

 

Cәnab yazıçının daldakı sözlәrindәn bu çıxır ki, şah özü "tәzә fikir sahnbi" bir adamdır vә camaat o ağılda ola bilmәz vә iranlılar şahla hüriyyәt davzsı etmәyib, bәlkә cәhalәt davası edirlәr.

 

Şahın tәzә fikir sahibi olduğunu yazıçı cәnabları yәqin kәsilmiş başlardan, cırılmış qarınlardan vә asılmış bәdәnlәrdәn bilir. Doğrudan da, ölülәrin qarnını cırmaq "tәzә fikirdir"! Amma Stolıpin cәnabları isә, bu da İran işlәrindә tәzә cahildir, zira ki, "iranlılar inqilab bacarmazlar, çünki bir İran kәndlisi spiçka qutusunu öpmüşdü vә beş-altı hambal da türkmәnlәrdәn qorxmuşlar". Demәk, mәntiq cәhәtincә böyük bir cәhalәtdir vә Mәlikül-Mütәkәlliminlәri, Cahangir xanları, Tәbatәbai vә s. hüriyyәt qurbanlarını şahdan ağılsız hesab etmәk insaf cәhәtincә böyük bir ağılsızlıqdır!