SÖHBӘT

 

 

 

 

Keçәn sәfәr rәfiqlәrimiz ilә mübahisә edirdik. Onlardan biri oxumamış bir cavan idi, amma çox hüşyar vә böyük qabiliyyәt sahibi görünürdü. Mәn çox heyifsilәndim vә dedim:

 

-- Әgәr sәn oxumuş olsaydın, çox ola bilsin ki, sәndәn böyük bir alim çıxardı.

 

Cavan atasından şikayәt etdi vә әzccümlә bunu dedi:

 

-- Siz ki, qәzetdә camaatı elm kәsbinә çağırırsınız vә elmin yaxşıdığından o cür danışırsınız ki, insan sözlәrinizә  inanmaya  bilmir. Çünki  dәlillәriniz  o qәdәr

möhkәmdir ki, onun qabağına heç bir söz demәk olmur. Mәsәlәn, sair tayfalar bizdәn xoşbәxt vә xoşvәxt ömür sürürlәr, çünki elm sahibidirlәr, amma biz müsәlmanların mәişәt vә güzәranı hәr bir barәdә ağır keçir, başımıza min

fәlakәtlәr gәlir, çünki elimiz yoxdur. Amma  bәzi  vaxt mәn şәkk vә şübhә arasında qalıram. Çünki görürәm ki, bizim bir çox oxumuşlarımız, kurs qurtarmışlarımız elә pis-pis işlәr görürlәr ki, mәn bu elmsizliklә onu özümә rәva görmürәm. Vә bundan başqa; mәsәlәn, sәn elm sahibisәn, amma mәn elmsizәm, halbuki mәn sәndәn varlıyam vә çox ola bilsin ki, güzәranım da sәndәn rahatdır. Bunlara sözün nәdir?

 

Dedim, sәnin ikinci sualının cavabı çox asandır. Әvvәlinci sualına da bir qәdәr uzun cavab lazımdır. İkinci sualının cavabı: "Әgәr bu cüzi elmi dә mәn qazanmasaydım, onda acından ölәnin biri idim. Çünki әvvәldәn sәnin

kimi heç bir dövlәtә malik deyildim. Amma bu cüzi elm mәnә bir ruzi qapısı açdı.

 

Keçәk әvvәlki suala: "Pәs, deyirsәn ki, madam ki, elm insanı insan elәr, bәs nә üçün bizim bir çox oxumuşdarımızdan insana layiq olmayan hәrәkәtlәr baş verir? Belәdirmi?

 

-- Belәdir. Buna tәәccüb edirәm ki, bir  işkolda, bir müәllimin әlindәn çıxmış olan rus, ermәni, doğrudan da, siz dediyiniz kimi, insan olur, amma onlarla bir yerdә

çıxmış müsәlman haman әvvәlki xasiyyәtindә baqi qalır. Pәs, görünür, onda bizim qanımız xarabdır? Nәdir?

 

-- Nә qanımız xarabdır, nә әtimiz!

 

-- Bәs nәdir?

 

-- Qulaq as!  Ermәni ya rus yeddi yaşına qәdәr işkola getmir,  qalır  öz evlәrindә.  Müsәlman  uşağı dәxi yeddi, sәkkiz, hәtta doqquz vә on yaşına qәdәr işkola getmәyib evdә qalır. İndi görәk ermәni, rus uşağı evdә nә qayırır, müsәlman uşağı nә qayırır. Ermәni, rus uşağını evdә oxumuş, elmli anası tәrbiyә edir, vaxtında yatdırır, tәmiz havalarda gәzmәyә aparır. Ruha vә cana qüvvәt verәn oyuncaqlar alıb, uşağı mәşğul edir. O uşarın qulağı bircә dәnә dә pis lәfz eşitmir. Eşitdiyi nәdir? Ruh vә bәdәni tәrbiyә edәn gözәl musiqi, böyük pedaqoqlar tәrәfindәn

uşaqlar üçün tәrbiyә mülahizәsi ilә yazılmış şirin hekayәtlәr, atası ilә anasının dostanә söhbәtlәri, әdәbli qonaqların әziz danışığı. Uşağın gözü tәrbiyәni pozan bir pis şey görmür. Nә görür? Divarlarda ruhәfza şәkillәr, gözәl şәkilli curnallar, yaxşı güllәr, çiçәklәr, dörd әtrafında tәmizlik vә sairә. Çox vaxt anaları  uşaqlarını sinematoqraflara aparıb, göstәrilәn şәkilәri onlara qandırırlar.

 

Neçә gün bundan әvvәl sinematoqrafda Osmanlı inqilabına dair şәkillәr göstәrilirdi. Mәn tamaşa edәrkәn eşitdim ki, arxa tәrәfdә bir xanım iki nәfәr uşağını yanına  alıb,  şәkillәr göründükcә Osmanlı  inqilabını başdan-başa onlara nağıl edir.

 

Heç bulvara çıxırsanmı? Görürsәnmi әcnәbi balaları necә oynayırlar, gülürlәr. Hәm ruhları lәzzәt çәkir, hәm dә bәdәnlәri qüvvәt tapır.

  

Amma bizim uşaqlar? Allah göstәrmәsin. Eşitdiklәri söz söyüş, qarğış, murdar sözlәr, gördüklәri pis-pis işlәr, әtrafı natәmiz, oynadığı yer tozlu-torpaqlı küçә; oyuncaqları da pişik boğmaq, it döymәk, siçan neftlәyib od vurmaq.... Belә ki, uşaq işkola, ya mәktәbә girincә evi yıxılır, kökündәn tәrbiyәsi pis olduğuna görә dә sonradan pis-pis әmәlә sahib olur....

 

Budur bizim bәdbәxtliyimizin ümdә sәbәbi, yoxsa nә qanımız xarabdır, nә sümüyümüz....

 

Müsahibim razı oldu vә şübhәdәn azad olduğuna görә, çox sevindi.