SALARIN CİLOVUNU ÇӘKİN

 

 

 

 

Bir zaman var idi ki, biz qәzetimizdә yazırdıq: Türkiyә hökuməti müstәbidә ilә dolanır, ondan millәtә bir mәnfәәt yoxdur. Allah o istibdadı yox elәsin!

  

Bizim bu sözlәrimiz bir çox adamların xoşuna gәlmirdi. O adamlar bizdәn küsürdülәr vә deyirdilәr: Әşi, ayıb deyilmi, Türkiyә haqqında belә nalayiq sözlәr deyirsiniz.

  

Amma ... indi bu gün, o bizdәn küsüb bizi mәzәmmәt edәn adamlardan heç bir sәs-sәmir çıxmır. Görünür ki, bizdәn xәcalәt çәkirlәr. Çünki bizә etdiklәri töhmәtlәr geri qayıdıbdır. 

 

İndi bu gün Türkiyәdә heç bir hakimin ixtiyarı yoxdur ki, әhalidәn birinә bilamәhkmә bir çırtma vursun.

  

Amma İranda, Salar adında bir hökumәt qulduru camaatı qoyun sürüsünә döndәrib, özü dә qәssab olubdur. Onu orda parçalayır, bunu burda boğazlayır. Kişi olsun, arvad olsun, uşaq olsun, hamısını qırdırır vә heç kәs dә buna bir söz demir. Çünki o quldur qeyri-mәsuldur, yәni heç kәsin qabağında cavabdәhәndә deyildir. Amma әgәr İranda mәşrutә olsaydı, Salar kimi quldurları camaat içinә buraxmazdılar.

  

İtaliyanın Kalabriya adlı vilayәtindә zәlzәlә oldu, minlәrcә adamlar qırıldı. O әhvalat bütün mәdәni alәmi mәyus vә mükәddәr etdi. Zәrәrdidәlәr üçün hәr yerdә ianәlәr yığılmağa başladı.

  

İranda da Salar kimi quldurlar minlәrcә adamları qırdılar, qırırlar vә daha qıracaqlar, amma bu әhvalat heç kәsin qulağına girmir, halbuki italiyanlar da adamdılar, iranlılar da ... hәlә bundan әlavә, zәlzәlәnin qabağını kәsmәk mümkün deyildir, amma salarların ağzına bir şapalaq vurub, cilovunu çәkmәk çox asandır!...