SӘNLӘ DӘ DANIŞARAM
Odunsatan Aslanov dumada odunsatanlara vaqon paylamaq
işinә baxan komissiyanın sәdri olan Serebryakovdan
upravaya şikayәt edibdir ki, vaqonları düz paylamır;
kefi istәyәnlәrә çox vaqon verir,
istәmәyәnlәrә az verir.
"Kaspi" qәzeti
yazıçılarından İqla adında birisi,
görünür ki, Serebryakovun xasiyyәtinә
bәlәd deyilmiş ki, Aslanovun şikayәtindәn
dolayı cürәt edib Serebryakova sataşıbdır.
Serebryakov haman dәm cәld tәrpәnib
bir tәrәfdәn Aslanovu suda veribdir, bir tәrәfdәn
dә İqlanı hәdәlәyib deyibdir ki,
"vaxtında sәninlә dә danışaram!"
"Kaspi" qәzeti başa
düşmür ki, Serebryakov bu "danışaram"
sözü ilә nә demәk istәyir. Amma mәn
yaxşıca başa düşürәm.
İlqa cәnablarına mәxfi qalsın ki,
bu әyyam qoçuluq әyyamıdır, doğrudur, bu
qoçuluq "vәhşi" müsәlmanlardan qalma bir
şeydir, amma, bu saat qoçuluq sifәti
"kulturnı" adamlara da o dәrәcәdә
sirayәt elәyib ki, "kulturnı" adamların
әn böyüyü hesab olunan Vilhelm bu gün әn
böyük qoçulardan biridir.
"Sәninlә dә danışaram!"
Bu sözlәrin mәnasını başa
düşmәk çәtin bir şey deyildir:
"Sәninlә dә danışaram"ın
mәnası, әlbәttә, bu deyil ki, sәni tutub
üzündәn öpәrәm, ya qonaq
çağırıb, toyuq-plov verәrәm.
"Sәninlә dә
danışaram"ın üç mәnası ola
bilәr:
Ya bu ki, sәni söyәrәm, ya budur ki,
sәni döyәrәm, ya budur ki, sәni
öldürәrәm.
İndi, bax gör, cәnab İqla, sәn
özünü nә sayaq xatalı işә salıbsan.
Sәn ki, bir adama sataşmaq
istәyirsәn, әvvәlcә bir fikir elә gör
adam dost-aşnalı adamdır, yoxsa yox?! Bax,
görünür ki, Serebryakov sataşmalı adam deyilmiş.
İkinciyә qalan yerdә, sәn ki,
Serebryakova sataşırsan, yәqin ki, Aslanovun
şikayәtinә görә sataşırsan, halbuki
Aslanov müsәlmandır vә bu da hәr yerdә
qaydadır ki, zamani ki, müsәlman şikayәt
elәdi, ona qәhmәr durmaq olmaz. Müsәlman
nәdir ki, onun şikayәtinә kömәk dә
durasan?
Kadetlәr firqәsi sәndәn min
kәrә ağıllı ola-ola, heç otuz milyon
müsәlman milәtinin şikayәtinә
kömәk durmur ki, müsәlmansınız. Sәn bir
nәfәr odunsatla müsәlmanın
şikayәtinә kömәk durub, nahaq yerә
özünü xataya salırsan.
İndi nә olsun?
Әllәrini qoynuna qoyub, qara fikirlәr
edirsәn ki, görәsәn, Serebryakov sәninlә
nә sayaq "danışacaq"dır?!
Özgә әlacın yoxdur: ya get
şarlatan oğluna fala baxdır ki, görәk, sәnin
ölümün kimin әlindәdir, hәr gah fala
inanmırsansa, get, şam yandır vә nәzir elә ki,
Serebryakov sәni söysün, döysün, ancaq
öldürmәsin. Nәzirә etiqad
elәmirsәnsә, get paradnı paltarını gey,
hәr nә nişan vә medalın varsa tax, altı
manatdan keçib, bir avtomobil tut, min vә sürdür
Serebryakovun qapısına. İçәri girәn kimi
әlayağına düş, yalvar, yaxar, tövbә
elә, deyinәn ki, "Atam belә, anam belә, bir
dә mәn sәnә sataşmağa cürәt
elәsәm, hәr nә bilsәn elә, ancaq bu
sәfәr mәni bağışla.
Bilmәmişәm, sәni tanımamışam,
tәqsirim var, keç!" -- deyib
hönkürә-hönkürә ağla.
Belә güman edirәm ki, bu cürә elәsәn Serebryakov nә qәdәr qatı ürәkli adam olsa da, sәnin tәqsirindәn keçәr. Ondan sonra qayıt evә, bir dә sәn ol, tanımadığın adamlara sataş vә ya müsәlman şikayәtinә kömәkdur, vay sәnin halına.