SOKRAT TӘRİQİ İLӘ SİYASİ SÖHBӘT

  

 

 

 

B -- Әşi, bilmirәm bu mәşrutә nә idi ki, bu yazıq İranı bu günә saldı! İndi bu nә ömürdür ki, o yazıqlar sürürlәr?!

  

C -- Lap doğuru buyurursunuz, İranın bugünkü halәti çox yamandır!

  

B -- Vә bunun hamısına da sәbәb haman mәşrutәdir, bilirsinizmi?

 

C -- Necә ki, bilmirәm, doğurdan da, sәbәbi mәşrutәdir.

 

B -- Bax, әgәr mәşrutә olmasaydı, Mәlikülmütәkәllimin, Çahangir xan kimi adamlar da ölmәzdi!

 

C -- Doğrudur, Tәbrizdә dә bir bu qәdәr adam qırılmazdı!

   

B -- Bәli, çox heyiflәr olsun ki, mәşrutә araya düşüb, işi bu gunә pәrişan etdi.

  

C -- Sәhih buyurursunuz, bir bu qәdәr zülmә mәşrutә sәbәb oldu.

 

B -- Odur ki, deyirәm, qoy iranlılar bu mәşrutә әhvalatını bilmәrrә büküb palazın altına qoysunlar.

 

C -- Yәni lap aradan götürsünlәr?

 

B -- Bәli, bәli!

 

C -- Çox sәhih, çox sәhih!

 

B -- Mәncә, bilirsiniz, İran üçün mәşrutә lazım deyildir, müğәnnәnә lazımdır.

 

C -- Bağışlayın, müğәnnәnә sözünü mәn  başa düşmürәm.

 

B -- Müğәnnәnә, qanun sözündәn çıxır. Dövlәtli-müğәnnәnә, yәni qanuni olan dövlәt. Ancaq o qanunlar gәrәk yazılmış olsun.

  

C -- Aha! Başa düşdüm! Sağ olun! Ancaq bu sözü mәn birinci dәfәdir ki, eşidirәm, görünür ki, tәzә sözdür.

  

B -- Bәli, bәli! Bu sözü biz özümüz İranda çıxartdıq vә çox adam da bizim bu sözümüzü haqlayır. Mәsәlәn, Şapşal vә sairә.

 

C -- Mәn özüm dә sizin bu sözünüzü haqlayıram, mәhz doğru buyurursunuz!

  

Sizin bu sözlәrinizә mәn iki әllәrimlә, hәtta mümkün olsa, iki ayaqlarımla da qol qoyub sizlә bәrabәr deyәrәm ki, İran üçün yazılmış qanunlar lazımdır.

 

B -- Sağ olun; mәn çox mәsrur oldum ki, siz dә mәnim fikrimә şәrik oldunuz.

  

C -- Heç şübhә etmәyin ki, mәn hәmişә yaxşı fikirlәrә şәrikәm.

 

B -- Sağ olun!

 

C -- Siz dә sağ olun vә allah sizdәn razı olsun!

  

B -- Әgәr İran dövlәti müqәnnәnә olub vә bütün işlәr o qanun üzrә getsәydi, әhvalı çox yaxşı olardı.

  

C -- Әlbәttә, әlbәttә, heç şübhә yoxdur! Әlbәttә, әlbәttә ancaq söz yoxdur ki, o qanunlar gәrәk camaatın mәәtinә, diriliyinә müvafiq olsun! Yәni iranlıların ehtiyaclarını rәfi elәyә bilәn olsun, elәdirmi?

  

B -- Bәli, düzdür, doğru buyurursuz, o qanunlar gәrәk rәfi hacәt edә bilsin.

  

C -- Amma bir az o qanunları tapıb qayırmaq çәtindir. Onun üçün gәrәk bütün İran әhlinin hәr bir ehtiyacatını bilәsәn! Doğrudurmu?

 

B -- Bәli, әlbәttә, bütün ehtiyacatı bilmәk lazımdır.

 

C -- Görәsәn, İran vәzirlәri camaatın hәr bir ehtiyacatını bilirlәrmi? Onu siz yaxşı bilәrsiniz.

  

B -- Yox, ağlım kәsmir ki, bilsinlәr.... Doğrusunu axtarsan heç bilmirlәr....

 

C-- Bәs onu kim yaxşı bilir?

 

B -- Nә deyim, vallah!

  

C -- Mәn belә güman edirәm ki, camaatın içindә bir çox adamlar tapılar ki, onlar camaat ehtiyacatını vәzirlәrdәn yaxşı bilirlәr. Siz nә fikir edirsiniz?

 

B -- Doğrudur, söz yoxdur ki, belәdir. Çünki vәzir ehtiyac görmәmiş bir adamdır.

   

C -- Onda nә yaxşı olardı ki, o adamlar yığılıb qanun qayırmaqda hökumәtә, yәni şaha, vәzirlәrә kömәk edәydilәr, elәdirmi?

 

B -- Doğrudur, çox yaxşı olardı. Çünki onların qayırdıqları qanunlar camaat ehtiyacatına müvafiq olardı.

 

C -- Yaxşı olardı ki, camaat o adamları seçib, göndәrәydi şahın yanına vә onlar da gәlib orada yığılıb haman siz dediyiniz qanunları qayıraydılar vә İran qanunlu bir dövlәt olaydı. Buna nә deyirsiniz?

 

B -- Nә deyәcәyәm, çox gözәl olardı, çox yaxşı olardı.

  

C-- Bәs, filan-filan şüdә, nә üçün deyirsiniz ki, İran üçün mәşrutә lazım deyildir.

 

B -- Boy! Mәgәr elә olsa mәşrutә olar?!

 

C-- Bәs mәşrutә nәdir? Mәşrutә budur ki, var.

 

 B-- Mәn ölüm!?

 

C-- Sәn öl, özüm ölüm ki!

  

B-- Balam, onda bağışla, biz elә bilirdik ki, mәşrutә, yәni camaatın hökumәtlә davası vә şuluqluq.

 

C-- Xeyr, mәşrutә, yәni camaat başbilәnlәrinin yığılıb camaatın ehtiyacatına müvafiq qanun qayırmağı, vәssәlam.

  

B-- Balam, allah sәndәn razı olsun, amma çox bicliklә mәni başa saldın!

  

C-- Bәli, politika işindә bir qәdәr biclik lazımdır, bunu da yadında saxla!