"TӘRCÜMAN"I OXUYANDA
Bundan sonra, әzizim oxucu, bundan sonra
fikrimdә var ki, bir müddәt ağzımı
açıb daha danışmayam. Bilirәm
ürәyindә deyәcәksәn ki, çox da
yaxşı olar.
Elә mәn özüm dә deyirәm
ki, çox da yaxşı olar, çünki özünüz
arif adamsınız, çox yaxşı bilirsiniz ki, bu
dünya elә bir dünyadır ki, görürsәn,
hәr sözün üstә adam adamdan inciyir, adam adama
lәc düşür vә bir-birini görәndә
dәvә nalbәndә baxan kimi baxır. Sözün
doğrusu, mәn nә nalbәnd olmaq istәyirәm,
nә dә dәvә. Ona görә dә elә bu
gündәn belә daha danışmayacağam.
Bәs nә qayıracağam?
Adam danışmayanda nә qayırar?
Qulaq asar. Mәn dә qulaq
asacağam.
İndi
bu saat mәn qulaq
asıram. Bu tövr qulaq asıram ki, "Tәrcüman" qәzetini әlimә alıb, 27-ci nömrәsini oxuyuram vә görürәm ki, bu cürә sözlәr yazılıbdır:
"....Bu
üsuli-idareyi-qәbihәnin mәğdudiyyәti arasında Sarbonda
öldürülәn dilmanc Rüşi paşayı, Taifdә boğdurulan Midhәt paşayı, Losbos cәzirәsindә zәhәrlәnәn Sadiq paşayı zikr etmәkdәn keçәlim...."
Birdәn elә bilәrsiniz ki, bu sözlәri mәn deyirәm, ha! Әsrәğfürullah. Nә borcuma qalıbdır?!
Hә, görәk ta nә yazır:
"Bunların
üçü dә әvvәllәrdә sәdri-әzәm idi. Sәfvәt paşa, Arif paşa zәrurәt vә hәqarәt içindә can verdi. Bunlar da sәdri-әzәmlik etmişdilәr. Sәdulla paşa cәbr ilә Vyana elçiliyindә olduğu zaman irtәhal etdi. Dedilәr ki, o
özü-özünü öldürdü...."
Bax, әzizim oxucu! Fikir elәmә ki, bu sözlәr mәnimdir, Ha! Mәn danışmıram.
Danışmaram, ayrı sözlәr danışaram. Mәsәlәn, deyirәm ki, bu gün hava mötәdildir. Bazarda armudun girvәnkәsi çox bahadır. Allah elәsin, sabah yağış
yağmasın. Murtuza Vәli oğlunun iti bizim pişiyi boğdu. Qәrәz, bu cürә.... Hә, görәk ta nә yazılıb:
Muzrus
paşa iyirmi sәnәlik Londra sәfarәtindәn sonra Yeni türklәri kafi dәrәcәdә axtarmayıb deyә Mәçhura qovuldu. O әsgәri olan Hüseyn paşa bir gecә birdәn-birә öldü. Sәbәbi--vәfatının tәhqiqi üçün heç
bir hәkim
çağırılmadı. Türkeyi-cәdidәnin әn böyük şairi Kamal bәy Midillidә sürgündә vәrәmdәn vәfat elәdi...."
Pah atannan
yeri! Nәdәndirsә, adam qәzet oxuyanda, görürsәn ki, yuxusu gәlir. Mәnim ağlıma görә, bir adamın yuxusu
qaçanda xabgәr әvәzinә qәzet oxusun, lap tez yatar. Bәli, görәk "Tәrcüman" ta nә yazır:
"Nәsrәn yazı yazmaqda әn sahibi-şöhrәt adamlardan Sәit bәy bu gün Yәmәndә çürüyor. Әrkani-hәrb vә dövlәtin әn ali zabitlәrindәn--sәrәsgәrlәrdәn böyük Ali paşa, damadı
Nazim paşa Әrzurum
zindanlarında, Fuat paşa Şamda müstәhkәm bir qәlә içindә sürünüyor.... Türk-rus
müharibәsindә әn ziyad iqtidar göstәrәn ümәradan Süleyman paşa Bağdada
sürüldü vә sonra orada iradeyi-şahanә ilә öldürüldü...."
Möhtәrәm oxucu, bәzi vaxt mәnim ağlıma bu cür şeylәr gәlir: Birdәn dünyada nә ki ölü var, hamısı dirilә, onda bәs dirilәr nә qayırar? Mәnim ağlım kәsir ki, onda aralığa
çox bәrk
bir dava düşәr. Amma allah göstәrmәsin,
yoxsa arvad-uşaq ayaq altında itәr-gedәr!
Әşi,
çox fikir adamı dәli elәr. Qoy
"Tәrcüman"ımızı
oxuyaq, görәk
ta nә var:
"Polonya
qәhrәmanı Qazi Osman paşa
Yıldızdakı altun qәfәsdә illәti-qәlbiyyәdәn vәfat elәdi...."
Sözün doğrusu, ta dalını oxuya bilmirәm, çünki bir qәdәr xasiyyәtim pisdir, qoy qalsın....