TӘZӘ XӘBӘR

 

 

 

 

Eşitdiyimizә görә şәhәr idarәsi belә qәrar qoyubdur ki, daha indәn belә müәllimlәrlә alış-veriş elәsin. Mәsәlәn, elә müәllim var ki, iyirmi dәrsi әlli manata deyir, elә müәllim dә var ki, haman iyirmi dәrsi qırxca manata deyir. İş belә olan surәtdә daha şәhәr idarәsinә nә düşübdür ki, 40 manat yerinә 50 manat versin? 10 manat tәfavüt elәyir, zarafat deyil! O ki, qaldı dәrs yaxşımı olacaq, pismi, onun şәhәr idarәsinә dәxli yoxdur.

  

Mәlum olduğu üzrә, müsәlmanlar içindә әn әvvәl danos yazanlar bәylәr oldular. Sonra bu adәt kәnd yüzbaşılarına keçdi, sonra hacılarımız vә qara vә qırmızı vә ağsaqqallarımız dәxi bu işi çox bәyәnib, adәtkardә oldular.

  

Әhvalat bu üzrә ikәn müәllimlәrimiz gördülәr ki, adә, rusca bilәn bunlar, zakona bәlәd olan bunlar, amma danos yazan özgәlәr!...

  

"Yox, belә olmaz" -- deyib, müәllimlәrimiz dәxi bir-birlәrindәn danos yazmağa şüru edibdilәr. Ümmidvar olmalıdır ki, bu "gözәl" adәt әhalimizin sair siniflәri arasında da intişar tapıb, bir qәdәrdәn sonra bütün Rusiya müsәlmanlarının hamısı danos yazan olacaqlar.

  

Gәncә müxbirimiz yazır: "İrandan buraya bir adam gәlibdir, hәm molladır, hәm seyiddir, hәm kәrbәlayı, hәm dә mәşәdi. Mәzkur "müqәddәs" şәxs Gәncәyә varid olan kimi, әhalinin orucluq günü qәzet oxumaq kimi böyük mәsiyәtlәrә mürtәkib olduğunu görüb, çox acığı tutubdur vә moizә әsnasında şeytan barәsindә camaata bir mәlumat veribdir ki, eyni budur:

  

-- Dünyada iki cür şeytan vardır. Onların biri dәli vә o biri dә ağıllıdır.

  

Zәmani ki, dәli şeytan insanın qәlbinә girir, insan haman dәm dәli olur vә zәmani ki, ağıllı şeytan insanın qәlbinә daxil olur, insan haman dәm....

  

Cәnab "müqәddәs" istәyib desin ki, ağıllı olur, amma onun әvәzindә camaata üç salavat çevirdib, özü dә fikrә gedibdir vә sonradan sonraya deyibdir; "dünyada nә ki maşın, piraxot var, hamısını icad edәn ağıllı şeytandır. Qәzet yazanlar dәxi haman ağıllı şeytan cümlәsindәndir.

 

Ona görә onlara yaxın durmaqdan ictinab etmәlidir".

  

İ d a r ә d ә n: Piraxot mәsәlәsindәn mәlum olur ki, axund Arazdan keçib gәlәnlәrdәndir.