XATA ÇIXAR
Әgәr keçәn sәnә
mәn İstambula getsәydim, Rusiyada
danışdığım kimi orada da danışmağa
şüru elәrdim. Deyәrdim ki, mәsәlәn,
filankәs, keyfin yaxşıdırmı, nә
qayırırsan, nә var, nә yox tәzә
xәbәrlәrdәn?... i. a. O halda osmanlılardan birisi
mәnim sözümü kәsib deyәrdi ki,
"Әfәndim! Allah xatirәsi üçün bur ada
belә sözlәr söylәmә, yoxsa
içindәn xata çıxır".
Mәn deyәrdim ki, әfәndim, mәn
nә söz deyirәm ki, onun içindәn vә ya
çölündәn xata çıxsın?
Osmanlı mәnә yavaşcadan
qandırardı ki, "Nә var, nә yox tәzә
xәbәrlәrdәn" kimi sözlәri bir
xәfiyyә eşitsә, sәni dә, mәni dә
curnal edәr, yәni yazıb hökumәtә
bildirәr ki, Rusiyadan buraya tәzә xәbәr
bilmәk üçün adam gәlibdir vә filan ilә
dә danışırdı....
O halda mәnim bu sözlәrә bәrk
acığım tutub, qışqıra-qışqıra
deyәrdim: "Әfәndim! Mәn mәşrutәli
(dumalı) olan azad Rusiyanın azad tәbәәsiyәm.
Buna görә dә azad danışmağa öyrәnmişәm.
Başqa cürә danışa bilmәrәm!!"--deyib
küsәrdim, haman saat paraxoda minib azad vәtәnimә
qayıdardım.
Amma yaxşı ki, keçәn il mәn
İstambula getmәmişәm vә yaxşı ki, bu
cürә ağzıma güclә sığışan
sözlәri demәmişәm, yoxsa,
xudanәgәrdә, sonra çox utanardım. Belә ki,
haman Osmanlı ola bilsin ki, hürriyyәtdәn sonra bu
günlәrdә Bakıya gәlib mәnimlә
görüşәrdi vә mәni bazarda yaxalayıb
deyәrdi: "Filan-filanşüdә, bәs sәn
çığıra-çığıra deyirdin ki, Rusiya
mәşrutәli vә azad dövlәtdir?! "Onda
mәn bir az utanıb deyәrdim: "Necә
mәgәr?
Onda Osmanlı deyәrdi: "Sizin bu Bakı
böyük bir şәhәrdir vә hәlә
dә hürriyyәtinizdәn qabaq sizin bu
şәhәrә ixtiyar verilmişdi ki,
öz-özünü dolandırsın, yәni
şәhәr idarәsi adında bir mәclis qurulsun
vә onun da vasitәsilә şәhәriniz abad
olsun!... Tәbiidir ki, hürriyyәtdәn sonra bu
şәhәr idarәsinin ixtiyar vә hüququ,
gәrәk daha artıq olaydı vә şәhәr
bilmәrrә hökumәt әhlinin qәyyumluğu
altından çıxa idi. Halbuki (burada mәn
utandığımdan qırmızı olaram) bu saat sizin
şәhәriniz bizim keçәn ilki Makedoniyadan
bәdtәrdir: qәtl, qarәt, oğurluq, adam
oğurluğu vә bununla belә (--Burada mәn lap
qıpqırmızı olaram vә bir tәrәfdәn
dә qorxaram ki, qaradavoy mәni habelә qırmızı
görüb, revolyusioner zәnn edәr vә gәlib
tutanda bu osmanlının yanında lap biabır olaram) vә
bununla belә sizin şәhәr idarәnizin ixtiyarı
yoxdur ki, bu şuluqluğa bir çarә çәksin,
çünki hökumәt qoymur!
Osmanlı bu sözlәri deyib,
kamali-müzәffәriyyәt ilә baxar vә
istәr ki, "azad" vәtәnimin bir çox sair
"hürriyyәt" nümunәlәrinә dә
işarә edib, mәnә bir neçә zәrbә
dә vursun. Amma üzümdәn axan utanmaqlıq tәrini
görüb, yazığı gәlәr, mәn dә
dәsmalı çıxarıb tәrimi silәrәm
vә xәcalәtimdәn az qalaram ki, yerә girәm.
Amma heyf ki, yer yarılmaz, ona görә dә ayaq
üstә durub qalaram....
Doğrudan, hökumәt, nә deyim, nә
üçün qoymur ki, şәhәr idarәsi
özünә bir çarә axtarsın? Yoxsa, sakitlik
xoşuna gәlmir! Deyir, qoy camaat bir-birini qırsın?!
Yaxşı, qoy "hәrçi bad-bad"--olsun vә
hәr halda, görünür ki, sakitlik hökumәt
әhlinә mәnfәәt deyildir!...
Amma qlasnılarımız da qlasnıdırlar
ha! Hәlә ki, bunlara sataşan yoxdur;
dinmәz-söylәmәz oturub heç quluqlarına da
gәlmәk istәmirlәrdi. Biri deyirdi: "Anamı
gözlәyirәm", biri deyirdi: "Anam mәni
gözlәyir", biri deyirdi: "Başım
ağrıyır", biri deyirdi: "Dişim
ağrıyır" vә heç veclәrinә deyildi
ki, şәhәr qәtl-qarәt oduna yanıb
tәlәf olmaqdadır. Onlardan ötrü bu qәdәr
ölәn, itәn adamlarla saman çuvalı arasında
heç bir tәfavüt yoxdur, necә ki, Nuxa müxbirimiz
nida cәnablarından ötrü tәbirnamә,
falnamә, ulduznamә cәhdnamә, tilsimnamә ilә
türk әdibi-şәhiri Füzuli Bağdadinin
әsәri-nafisi olan "Leyli vә Mәcnun" vә
yenә türk әdәbiyyatı-millisindәn bir
nümunә olan "Aşıq Qәrib" kimi
kitabların arasında heç bir tәfavüt yoxdur.
O sәbәbdәndir ki, insanda
mәhәbbәt hüququ kimi әn ali bir hiss oyadıb
tәrbiyә edәn Füzuli kimi şairin
tәbi-mövzusunu andırıb da müәllifin şöhrәtini
әbәdi edәn "Leyli vә Mәcnun"u vә
türk millәtinin tәmayülati-şairanә vә
hissiyyati-nәcibanәlәrinә şahid olan
"Aşıq Qәrib"i xürafat, sәfalәt
vә әxlaqsızlığa daldıran cәfәngiyat
kitablar adlandırıb, iftixari-milli hissiyyatımızı
tәhqir edir.
Çox tәәssüflәr olsun bu işlәrin hamısına!