YARIM GÜNLÜK SӘYAHӘTİM

 

 

 

 

....Qәrәz mindik vaqona. Burada mәndәn savayı iki nәfәr gәncәli ilә iki nәfәr dә bakılı vә bir nәfәr şamaxılı var idi. Başladıq söhbәt elәmәyә. Allah bunlardan razı olsun, çünki bunların söhbәtindәn bir çox bilmәdiyim şeylәri qandım vә öyrәndim. Mәsәlәn, gәncәli dedi ki:

  

-- Keçәn dәfә bizim bir qohumumuza sudda üç il xәsiyyәt kәsmişdilәr....

 

Gәncәli qardaşın bu "xәsiyyәt" sözünü mәn başa düşmәdim vә güman elәdim ki, bu söz tәk bir Gәncә şivәsinә mәxsus bir sözdür ki, onu bakılı qardaş da bilmәyәcәkdir. Amma gördüm xeyr, bakılı qardaş onu çox yaxşıca başa düşüb dedi ki:

 

-- Haman mәn dediyim adama da iki il "xәsiyyәt" kәsiblәr.

  

Yanımda bir şamaxılı qardaş var idi, qәsdәn bundan soruşdum ki, "xәsiyyәt" nә sözdür? O başladı mәnә qandırmağa. Onda bildim ki, xәsiyyәt ümumi vә rәsmi bir sözdür ki, onu bakılı da, gәncәli dә, şamaxılı da vә şübhәsizdir ki, qarabağlı da, şәkili dә, qubalı da, qәrәz bütün Qafqazın müxtәlif yerli müsәlmanlarının çoxu (müsәlmanların da çoxu kimdәn ibarәt olduğu mәlumdur) bilirlәr.

   

Mәn dә bildim vә bilmәyәnlәrә dә әrz elәyim. Mәsәlәn, bir müsәlman karastısını vә ya yarağını götürüb gedir o biri müsәlmanı öldürür. Sonra iş belә düşür ki, bu müsәlman (yәni öldürәn müsәlman, ölәn yox)   hökumәt әlinә keçir. Sonra hökumәt bunu suda verir. Sud da bu müsәlmanı göndәrir Sibirә vә yola salmaqdan qabaq deyir ki, sәnә üç il xәsiyyәt kәsmişәm. Onda müsәlman qardaş anlayır ki, gedib Sibirdә üç il oturub, lakin әlini ağdan qaraya vurmayacaqdır,  ancaq gözlәyәcәkdir  ki, xәsiyyәti, yәni xasiyyәti dәyişsin. Yәni adam öldürmәk kimi heyvan xasiyyәtini dәyişib, onun әvәzindә adam öldürmәmәk kimi insan xasiyyәti olsun (İndi Sibirdә müsәlman qardaşın heyvan xasiyyәti dәyişirmi, dәyişmirmi? -- o ayrı mәsәlәdir).

 

       *       *       *       *       *

 

Müsәlman qardaşların o biri söhbәtlәrindәn dә bunu başa düşdüm ki, Bakıda adam öldürmәk bir qәdәr tәnәzzülә düşübsә dә, amma, allah bәrәkәt versin Gәncәdә çox tәrәqqidәdir. Bundan başqa, Gәncәdә dә, Bakıda da adam öldürmәk şikara çıxmaq kimi bir şeydir. Ancaq Bakıda adamı quş atan kimi atırlar, Gәncәdә isә heyvan öldürәn kimi öldürürlәr.

 

       *       *       *       *       *

 

Vaqonda bizdәn başqa bir-iki nәfәr kәndli müsәlman qardaşlar dәxi var idilәr. Bunların ikinci klasda getmәlәri mәnim diqqәtimi cәlb etdi. Soruşdum ki, nә tövr olub ki, siz bura düşübsüz? Dedilәr: Başına dönüm, allah baisin evini yıxsın! Vә sonra bu әhvalatı nağıl elәdilәr. "Bilet almaqdan qabaq bir nәfәr kanduktor paltarında adam bizi tovladı ki, gәlin mәnә bir-iki manat verin, sizi biletsiz aparım. Bir dә güman elәdik ki, bәli, habelә olsa, bir-iki manat irәli düşәrik, bu da bizdәn bir manat beh aldı. Sonradan-sonraya bir allah bәndәsi bizi başa saldı ki, haman "konduktor" bicin birisi imiş vә bizi axmaq müsәlman deyә әlә salıbdır. Tez yüyürdük ki, bilet alaq. Amma baxdıq gördük ki, üçüncü klasın bileti qurtarıb, naәlәc qalıb ikinci klasın biletini aldıq. Sonra getdik ki, şeyimizi baqaca verәk, bizә dedilәr ki, olmaz. Dedik nә üçün? Dedilәr ki, "zakon ne bazvalayit". Gördük vaxt keçir, qaldıq baxa-baxa. Sonra o, "zakon ne bazvalayit" deyәn adamların birisi bizә göz elәdi. Biz haman dәm bu işarәni başa düşüb, әlimizi cibimizә saldıq vә yarım manat pul düzәltdik. Ondan sonra gördük ki, bu sәfәr "zakon bazvalayit".

 

       *       *       *       *       *

 

Xülasә, gәldim çıxdım getdiyim yerә, amma burada kördüyümü sonra deyәcәyәm.