YARIM GÜNLÜK SӘYAHӘTİM VӘ YAXUD ÜSULİ-CӘDİD TӘLİMİ HƏYƏ DEMӘZLӘR!

  

 

 

 

Әgәr bir müәllim klasın içindә bozbaş yeyә vә qabağında diz üstә oturub yırğalanan uşağa deyә ki, "Lam, әlif, layi, püş, yufi, zәn yuf, layi-lam, zәbәrli, layifli, huhu, layәflәhu, nun zәbәr nә, layәflәhunә" vә eyni zamanda o biri uşağa deyә, "Bәr danayani-rәmuzi-agahi" vә bozbaşdan iki qaşıq vurub davam edә: "Vә dәqiqә şünasani-hikmәthayi-ilahi vazeh vә mübarәhәn әst" vә bunun dalınca bir yoğun papiros qayırıb uşağın üzünә fısqırda! -- buna üsuli-cәdid tәlimi demәzlәr.

 

Ağlım kәsir ki,  bunu müәllimlәrin hamısı bilirlәr.

  

Vә yenә, әgәr bir müәllim uşaqları iki-üç saat klasda saxlaya vә tәnәffüsә qoymaya vә uşaqlar yorula vә yorulub yata vә müәllim uşaqları yuxudan durquzub deyә ki, gedin, çörәk yeyin, sonra gәlin, yenә dәrs deyәcәyәm -- ona da üsuli-cәdid üzrә tәlim demәzlәr.

  

Belә zәnn edirәm ki, müәllimlәrin bir çoxu da bunu bilirlәr.

  

Vә әgәr bir mәktәb ola vә o mәktәbdә bir müәllim ola vә o müәllimin yanına bir ayrı müәllim dә gәlә vә әvvәlki müәllim görә ki, bu tәzә müәllim ondan çox bilir, ona görә xayınlığı tutub bu müәllimin quyruğunu döymәk istәyә vә onun üçün bәhanәlәr axtara, amma yaxşı bәhanә tapa bilmәyә, onun üçün ona sataşa vә bu tövrlә bir skandal çıxarda vә uşaqların atalarına söylәyә ki, bu tәzә müәllim dinsizdir, özü dә şәrab içir vә mәktәbin işinә şuluqluq sala buna da heç vaxt usuli-cәdid tәlimi demәzlәr, bәlkә üsuli-şeytan rәftarı deyәrlәr.

  

Mәncә, klasda bozbaş yeyәn müәllim bu usuli-şeytan rәftarlı müәllimdәn xatasızdır vә bir dә o ki, deyirlәr mәsәlәn, "Qafqazda cәhalәt" elә haman cәhalәtin ürәyi, bax, haman bu cürә rәftardır.

 

Burada mәnim sәyahәtnamәm tamam olur.