MOİZӘ

 

 

 

 

A x u n d. Ay camaat, indi ittifaq vә ittihad vaxtıdır. Bundan sonra biz gәrәk hәr bir işimizdә ittihad vә ittifaqı әldәn buraxmayaq. Amma onu da bilin ki, ittihad vә ittifaqın әmәlә gәlmәsi üçün bir neçә şәrtlәr vardır ki, o şәrtlәri gözlәmәsәn, ittifaq vә ittihad әmәlә gәlmәz. Ay camaat, haman şәrtlәrdәn biri budur ki, siz gәrәk әn әvvәl adam öldürmәyi vә qətl işlәrini mövquf elәyib, bir-birinizlә mehriban olasınız.

 

Camaatdan biri. Axund, bağışla sözüvü kәsirәm, yerdә qalan şәrtlәrin hamısını qәbul elәyirәm, amma әvvәlki şәrtә, sözün doğrusu, mәn qol qoya bilmәyәcәyәm. Ona görә gedirәm, ancaq daldakı şәrtlәrdәn arxayın olun! (Gedir).

 

A x u n d. Ay camaat, ikinci şәrt budur ki, siz gәrәk ittifaq vә ittihad naminә hәr bir oğurluq vә sirqәti bundan belә aradan götürәsiniz.

 

C a m a a t d a n  b i r i. Axund sözünün qabağında oğlun dursun әvvәlki şәrtini dә vә yerdә qalan şәrtlәrini yerinә yetirmәk mәnә borcdur, amma bu şәrtlә ki, indi bu saat buyurduğun mәnә vec verә bilmәyәcәkdir. Ona görә mәndәn incimә, çünki bir bölük külfәtim var, özüm dә kasıbam, xudahafiz! (gedir).

 

A x u n d. Ay camaat, ittihad vә ittifaq üçün lazımdır ki, bir-birinizә tәrәfdar çıxıb, mәrd-mәrdanә iş görәsiniz vә bir-birinizin yanını heç vaxt vermәyәsiniz vә bir-biriniz üçün quyu qazıb tәlә qurmayasınız.

 

Camaatdan biri. Axund, qoy, bircә sözüm var, onu deyim.

 

Mәn nә adam öldürәnәm, nә dә oğruyam, amma sözün doğrusu, açıq-açığına burada deyirәm ki, mәn namәrdәm. Mәnim atam da namәrd idi. Deyirlәr babam da çox namәrd imiş. Ancaq bunu mәn dürüst bilmirәm, amma özüm namәrdәm. Hәrgah bu sözlәrindә sәn namәrdliyi pislәyirsәnsә, onda mәn "vur nağara, çıx qırağa." Salamat qal, çünki sәnәtimdәn әl çәkә bilmәyәcәyәm.

 

A x u n d. Ay camaat....

 

C a m a a t d a n  b i r i. Axund, sәn allah, әvvәl mәni başa sal görüm, o әvvәlki sözlәrindә danosbazlığa işarә olan bir şey yoxdur ki? Çünki bilirsәn, mәn bir az danos zad yazıram. Amma bainhәmә adımı altına yazmıram, demәli, mәn öz adımla heç kәsә zәrәr yetirmirәm. Hәlә ki, xudahafiz! Yerdә qalan şәrtlәrin göz üstә qәbuldur.

 

A x u n d. Bunların hamısından sonra siz cәhd edin ki, ziyankarlıq vә düruyәlikdәn bәri olasınız....

 

C a m a a t d a n  b i r i. Axund, xudahafiz, mәnimki dә tutmadı.

 

A x u n d. Bunu da sizә deyim ki, dünyada mәrdümәzarlıqdan pis şey yoxdur.

 

C a m a a t d a n  b i r i. Axund, bax, hamını qaçırtdın, yerdә mәn qaldım. Gör bir tәhәr elәyә bilәrsәnmi ki, aramızda razılıq olsun, çünki bu bir belә dediyin şәrtlәrdәn hamısını qәbul elәmişәm.

 

A x u n d. Balam, daha sözüm qurtardı, bir onu deyәcәkdim ki, hiylә vә tәzviri....

 

Yerdә qalan. Axund, demә! Demә! Canım sәnә qurban, yoxsa mәn dә qaçaram, xarab olar. Qoy barı eşidib bilәn desin ki, bizim içimizdә bircә dürüst adam var ki, o da mәnәm.