POLİTİKA KOMEDİYASI

 

 

 

 

Әvvәlinci mәclis

 

Әhli-mәclis: İngilis, Rusiya, Fransa, Almaniya, Avstriya, Osmanlı,

İran vә Yapon.

 

Bunlar hamısı sağ vә salamat ayaq üstә durubdular. Ancaq İran yerә yıxılıb, bәrk qızdırmanın içindә әl-ayaq çalır, Osmanlı da zәif halda yorğan döşәkdә üzüquylu uzanıb, hәrdәn bir başını qaldırır vә ayaq üstә duranlara baxıb, yenә tez yorğanı çәkir başına.

 

A l m a n (İrana). İndi necәsәn, dadaş?! Qızdırman tәfavüt elәyirmi?

 

İ r a n (naümid bir halda). Ölürәm, başına dönüm! Bütün cәmdәyim od tutub yanır....

  

A v s t  r i y a (başını bulayıb). Axı, sәnә kim deyirdi ki, kal qarpız yeyәsәn? Sәnin mәdәn dәymәmiş meyvәlәri hәzm edәrmi?

  

O s m a n l ı (Yorğanı qalxızıb, İrana tәrәf) -- Öl, a, canın çıxsın! Böyük sözünә baxmayan belә olar! Çәk әzabını!

 

A l m a n (İrana). Yaxşı, bәs mәn verdiyim bank davasını yemirsәnmi?

 

İ r a n. Axı, qorxuram qusam!

  

A l m a n. Qorxma, qorxma, qusmazsan. Mәnim davam rus vә ingilis davası kimi deyil, tez ye, rahat olarsan.

Bu halda rus, ingilis vg Fransa alman vә İran tәrәfә baxıb pıçıldaşırlar.

  

İ n g i l i s. Mәn imanım, İranın nә qızdırması var, nә üşütmәsi. Bunlar hamısı Almaniyanın kәlәyidir ki, İranın cibini bizdәn uzaq etmәk istәyir. Vә ola bilsin ki, onu bizim üstümüzә qalxızsın da!

 

R u s i y a. Mәn dә elә qanıram.

 

F r a n s a. Ondan hәr nә desәn çıxar, görmәdin necә bizi Osmanlının kisәsindәn mәhrum elәdi?!

  

İ n gi l i s. Demәli, daha biz pәs! Alman bu iki müsürmanı tovluyub cibini soysun, biz dә yad pişik kimi gendәn tamaşa elәyәk?!

  

İ r a n. (Ahu-zar ilә) -- Ay allahı sevәn, mәnә bir әlac, ölürәm!

  

O s m a n l ı. (İrana bir tәpik vurur). Әşi, öl dә, bu nә can çәkmәdik ki çәkirsәn!

İran bәrk çapalalayır, qәflәtәn әli Rusnyanın ayağına dәyir:

  

İ n g i l i s  v ә  F r a n s a. (Rusiyaya). Bax, Alman Osmanlıya nә öyrәtdisә, Osmanlı da İrana işarә elәdi ki, sәni vursun, o da vurdu.

 

R u s i y a. (İrana). Sataşma, bala! Yoxsa, sәni tapdalaram!

 

İ n g i l i s  v ә  F r a n s a. Yerinә olsam, pul istәrәm.

 

R u s i y a. (İrana). Ayağımı әzdin, bir az pul ver, dәrman alım, qoyum.

 

İ r a n. (Güclә bir abbası çıxardır.) Gözümün ağı-qarası budu p.... Baj!...

 

İ n g i l is  v ә  F r a n s a. Amma vermәsәydi, qapazlamaq vacib idi, ha! Әşi, gәlin bir iş edәk!

 

R u s i y a. Nә iş?

 

İ n g i l i s. Gәlin, biz әl-әlә verib, bir-birimizә dayaq duraq, görәk bunda Alman nә qayıracaqdır! Yoxsa, belә qalsaq, bu başımıza min kәlәk açar!

Hamı әl-әlә verirlәr. Alman ortada qalıb tәәccüb ilә baxır.

 

A l m a n.  Yaxşı, mәni ortaya salmaqdan qәsdiniz nәdir?!

  

O n l a r (bir qәdәr qorxub). Heç nә! Bizim sәninlә nә işimiz var?

  

A l m a n. Zәrәr yoxdur, hәr nә bilsәniz edin. Bir, belә dә qorxan deyilәm!

 

 

İ n g i l i s. Axı kim sәni qorxudur?

 

R u s i y a. Bizim sәninlә nә düşmәnçiliyimiz?!

 

F r a n s a. Guya, buna deyirik ki, bizdәn qorx!

 

A l m a n. Bәs, nә üçün mәni araya salırsınız?

 

O n l a r. Biz әl-әlә vermәyәk ki, sәn araya düşürsәn?

 

A v s t r i y a (Almana). Qorxma, әdә, biz dә burada varıq.

 

A l m a n (Osmanlıya göz elәyir). Lap yüz adam yığılsın, mәn qorxan deyilәm! Qoy, әl-әlә versinlәr, bizim dә әlimiz vardır.

 

R u s i y a. İşә düşmәdik?!..

 

F r a n s a. Bu, lari xoruzu görürsәnmi?

   

İ n g i l i s (dinmәyib-dinmәyib  birdәn). Bәs, sәn niyә İranı bizim üstümüzә qalxızırsan?

 

A l m a n. İranı sizin üstünüzә qalxızıram?

 

O n l a r. Bәli!

 

A v s t r i y a. İran da qalxmaq halında olsaydı, yıxılıb çapalamazdı.

  

O n l a r. Xeyr, onlar hamısı kәlәkdir. Osmanlı da sizin sözünüzә görә naxoşdur, amma, biz bilirik ki, bunlar hamısı nә biclikdir!

  

A l m a n. Aha! Demәli, bu hiylә ilә siz mәni tәklәmәk fikrindәsiniz, amma siz ölәsiniz qorxmayacağam.

  

F r a n s a. Әşi, çox da belә xoruzlanma! Sәninlә xoş danışdıqca ayağın yer alır, görünür.

 

A l m a n. Bәli, mәn igidәm, boş danışma! Lap elә çığır ki, boğazın yırtılslın.

 

Sәs-küy  artmağa başlayır. Әhvalat özgә cür olmağa üz qoyur. Bu әsnada Yapon gendәn başını çıxardıb bunlara baxır vә bir qәdәr gülümsünür vә fikir edir.

 

Ancaq allah bilir ki, nә fikir edir....

 

Pәrdә düşür

 

Hәlә mәlum deyil ki, ikinci mәclis nә vaxt vaqe olacaq!