O, HEÇ!

 

 

 

 

Deyirlәr ki, "Müsadimeyi-әfkardan bariqeyi-hәqiqәt doğar." Yәni göydә buludların bir-birinә toqquşmasından ildırım әmәlә gәlәn kimi, yerdә dә fikirlәrin bir-birinә toqquşmasından hәqiqәt ildırımı doğar.

 

Doğrudan da, belәdir ki, var.

 

Mәsәlәn, iki nәfәr әdib bir şer üstündә mübahisә edirlәr. Fikirlәr bir-birinә toqquşur, müsadimә olur. Bir dә görürsәn ki, "bariqeyi-hәqiqәt" doğdu, mәlum oldu ki, әdibin birisinin "altı atası varmış". O ki, qaldı şerin yaxşılığına, ya pisliyinә--o heç!

  

Bәli, müsadimeyi-әfkardan bariqeyi-hәqiqәt doğarmış.... Әlbәttә, mәsәlәn, cәmiyyәt işlәrindә iki nәfәr başbilәnin fikirlәri bir-birinә toqquşur, mübahisә millәtin irәli getmәyi üstündә düşüb müsadimә olur vә axırda "bariqeyi-hәqiqәt" doğub mәlum olur ki, başbilәnin birinin atası  ... imiş, o birinin dә atası ... imiş. O ki, qaldı millәtin irәli getmәyi--o heç!

  

Doğru deyirlәr ki, müsadimeyi-әfkardan bariqeyi-hәqiqәt doğarmış. Bu cürә sözә şübhә edәnin imanı kamil deyildir. Әlbәttә, mәsәlәn, iki nәfәr artist oyun xüsusunda mübahisә edirlәr. Biri deyir ki, bu oyunda bu cürә hәrәkәt lazımdır, o biri deyir ki, yox, o cürә hәrәkәt lazımdır. Fikirlәr toqquşur, müsadimә olur vә "bariqeyi-hәqiqәt" yerә tökülür. Yox, sәhv elәdim, artistin birinin qanı yerә tökülür.

 

O ki, qaldı hәrәkәt mәsәlәsi--o heç!