QIZLAR BAĞÇASI

 

 

 

 

İştә bir aliheyi-hüsnü cәmal,

İştә bir malikeyi-fәzlü kәmal.

 

İştә bir düxtәri-pakizәxisal,

Şәmsi-rәәndeyi-afaqi-cәlal.

 

Hәr sәhәr çantası dәrdәsti-әdәb

Nöqtәyi-mәqsәdidir darülәdәb.

 

Әmәli, fikri bütün kәsbi-kәmal,

Nә müqәddәs әmәlü fikrü xәyal!

 

Anlamış, elmdir әsbabi-nicat,

Elmdir baisi-neyli-dәrәcat.

 

İşbu mәsumeyi-fәrxәndәxisal

Çalışır ki, edә ehrazi-kәmal.

 

Qoşiyor mәktәbә bir nur kimi,

Gediyor cәnnәtә bir hur kimi.

 

Zahiri zivәrә yoxdur hәvәsi,

Zivәri-batinә çoxdur hәvәsi.

 

Elmdir hilyeyi-insaniyyәt,

Elmdir zinәti-islamiyyәt.

 

Elmdir adәmә әn şanlı şәrәf,

Millәti-cahilә olmazmı tәlәf?

 

Elmdir mәsәdәtәfzayi-hәyat,

Sәn dә qıl elmlә tәzyini-sifat.

 

A çocuq! Ey şәrәfәnduzi-kәmal!

Ey mәlәksiyrәt, a lahutxisal!

 

Oxu, ey bülbüli-növxani-çәmәn!

Sәnin ilә edәcәk fәxr vәtәn.

 

Şimdidәn tәrbiyә qıl baği-dili,

Bitsin ol bağçada ürfan güli.

 

Nә gözәl söylәyib ol "mәzhәri-elm":

Tәrbiyәtbәxşi-maarif "dəri-elm":

 

"Zinәti-zahirәni sanma cәmal,

Zinәti-batinәdir әsl cәmal".

 

Zinәti-candır әdәb, fәzl, kamal,

Adamın zivәridir yaxşı xisal.

 

Qәlb mirati-mücәlla kimidir,

Fikr bir abi-müsәffa kimidir.

 

Lәkәdar olsa әgәr lövhi-xәyal,

Saflәndirmәk onu әmri-mәhal.

 

Seyqәli-ruhdur, adabu fünun,

Edәlim tәsfiyeyi-lövhi-dәrun.