ARANLA YAYLAĞIN BӘHSİ

 

 

 

 

Aran deyәr, yaylaq, çox da saxlama,

Göndәr gәlsin, ağır ellәr mәnimdir.

Yerin göbәyiyәm, dizin dirәyi,

Malü mülkü Süleymanlar mәnimdir.

 

Yaylaq deyәr, çıxma dindәn, imandan,

Süsәndәn, sünbüldәn, hәr gülüşәndәn;

Hәkimlik, loğmanlıq qalıbdı mәndәn,

Hәzaran[1] dәrdlәrә dәrman mәnimdir.

 

[1] H ә z a r -- min.

 

Aran deyәr, bağça mәnim, bağ mәnim,

Gecә-gündüz qulluq eylәr bağbanım.

Geymәk üçün yaşıl mәnim, al mәnim,

Süsәn, sünbül, gülşәnliklәr mәnimdir.

 

Yaylaq deyәr, mәnәm çeşmәlәr başı,

Axar, heç qurumaz didәmin yaşı,

Pәlәnglәr yatağı, ovçu sirdaşı,

Köksü ala, qarlı dağlar mәnimdir.

 

Aran deyәr, qaldım dar arasında,

Piltәtәk qurudum yağ arasında,

Qıvrım-qıvrım olmuş tağ arasında,

Tutma ala qarpız, tağlar mәnimdir,

 

Yaylaq deyәr, mәnәm xalqın göyçәyi.

Mәndә yatar aranların qaçağı,

Lalә-sәmәn, dürlü-dürlü çiçәyi,

Pәtәkdә kәsilәn ballar mәnimdir,

 

Aran deyәr, mәndә bulunar maya,

İnsini, cinsini götürrәm vaya,

Payızın fәslindә qurulan taya,

Xirmәndә çevrilәn vәllәr mәnimdir.

 

(Aşıq Әmrah)

 

 

M ә s ә l l ә r:

 

Aranda tutdan olduq, dağda qurutdan.

 

Şahbudağın bağı var,

Heyvası yox, narı yox!

İstәmirәm heyvasını, narını

Qoy desinlәr: Şahbudağın bağı var.