DӘVӘ EŞŞӘK

 

 

 

 

(Nәsihәt qәbul etmәyәn yoldaşların barәsindә)

 

 

Görmüşәm nüsxәdә bir şәhrü bәyan.

Yük tutub sabiqәn tüccari-İran.

Ticarәt әzmilә hindә gedәrdi,

Gecә-gündüz dincәlmәyib sürәrdi.

Karvanda bir dәvә, bir dә bir eşşәk,

Arıq düşmüş idi mәnim yabım tәk

Necә ki, qüdrәti var idi getdi,

Aqibәt işlәri bir yerә yetdi.

Sağrısına әgәr vursan yüz şallaq.

Götürmәzdi ayağı üstündәn ayaq.

Sahiblәri çulun, alığın soydu,

Apara bilmәyib, yol üstә qoydu.

Ahәstә-ahәstә üftanü xizan,

Çәkilib bir sәmtә tutdular mәkan.

Basәfa yer idi, әlәfzar idi,

Türfә-türfә ot, әlәfi var idi.

Yedilәr, içdilәr bir neçә müddәt,

Apardılar lәzzәt, sürdülәr vәhdәt.

Xilas olub rәnci-bәnnadәmdәn,

Zülmi-peydәr-peydәn, cövrü sitәmdәn.

O qәdәr kökәldi hәr iki heyvan,

Guya ki, hәr biri kuhi-Bağrıqan.

Sağrısında, yәlpiyindә әt qat-qat,

Dönübәn qaşına bilmәzdi, heyhat!

Bir gün eşşәk dedi: "Ey dәvә qardaş,

İstәrsәn savaşma, istәrsәn savaş.

Xatirimә düşüb ahәngi-tazә,

Meylim var ki, qalxam şuri-şahnazә.

Hәvayi-zövq ilә bir neçә әfrad,

Oxuyam sövt ilә hәrçi badә-bad".

Dәvә dedi: "Bu nә sözdür, ay әhmәq,

Müsәmma imişsәn, isminә әlhәq!

Güclәn qurtarmışıq rәncü tәәbdәn,

Növi-bәşәr eylәdiyi qәzәbdәn.

Ötüb keçәn әgәr eşidә sәsin,

Ol qәdәr yük çatar, çatlar nәfәsin.

Әmanәt, әmanәt, keç bu sevdadan,

Bihudә fikirdәn, әbәs binadan".

Etmәyib dәvәnin öydün qәbul,

Qulağın şәklәyib xәri-biüsul,

Bir növ anqırmaq qoydu ki, bara,

Sәs düşdü sәhralara, dağlara.

İttifaq, yol ilә keçirdi karvan,

Eşidib çarvadar dağıldı hәr yan.

O kolu, bu kolu basıb tapdılar,

Sevinә-sevinә minib çapdılar.

Hәr birinә bir ağır yük çatdılar,

Bizlәyә-bizlәyә köçә qatdılar.

Yeddi-sәkkiz ayda xamlamışdı xәr,

Qolları çәng olub qaldı, müxtәsәr.

Yükünü dәvәnin üstә yıxdılar,

Yavaş-yavaş yol yuxarı çıxdılar.

Yoxuşun başına qalmışdı әndәk,

Yeriyә bilmәyib lap durdu eşşәk.

Dedilәr: qoymarıq burda qalsın xәr,

Aparsaq bir böyük mәblәğә dәyәr.

Onu da qoydular dәvә üstünә,

Uçurumaşağı sürdülәr yenә.

Qatlayıb boynunu dedi: "Ey hәmdәm!

Mәnә sәndәn yetdi bu zülmü sitәm.

Nәsihәt eylәdim, annadın qәrәz,

Dedi: tәrkü-adәt mucibi-mәrәz[1],

 

[1] Adәti tәrgitmәk mәrәz törәdәr.

 

Dedim ki, anqırma, qalxdın havayә,

Nahaq yerә saldın bizi bәlayә,

Әlavә, yükünü aparmadın sәn,

Barkeş deyildim sәnә, qoduq, mәn!

O da hәlә qalsın, quru boş özün

Yol ilә getmәyә nә idi sözün?

İndi ki, quyruğun basdın ilanın,

Canı çıxsın gәrәk altda qalanın,

Mәnim dә könlümә düşübdü tazә

Tәrәnnümә gәlib duram canbazә,

Bir zaman tәvәkkül tәala deyim,

Qulağımı qırpıb bir az löklәyim".

Dedi:"Ey sәrxeyli-külli-heyvanat!

Eylәmә bu işi heyhat, heyhat!

Mәsәli-mәşhurdur--kiçikdәn xәta

Baş verib hәmişә, böyükdәn әta".

Dolmuşdu dәvәnin qәlbi kin ilә.

Var idi kәdәri ol bidin ilә

Löklәmәyin binasını qoyan tәk,

İp, imlıq, qırılıb, uçqundu eşşәk,

Dәyib dağa, daşa dağıldı dәr-dәm,

Gәrәk ibrәt edә bu işdәn adәm.

Böyüklәr pәndinә baxmaya hәr kәs,

O kәsdәn bilmәrrә әlaqәni kәs.

Guş etmәsәn, nasehlәrin sözünә,

Toxunur aqibәt bәla özünә.

Bir dәxi danışsa hәr kim  bihәngam

Başı qilü-qaldan qurtarmaz müdam.

Var isә kәmalın, söylәmә әfzun,

Bu sәbәblә yarar tökülsә dәva".

Kәklik sәsin çıxarmasa, mәn zamın,

Onu tuta bilmәz dağlarda laçın".

 

 

M ә s ә l:

 

Bablı babın tapmasa, işi ah-vay ilә keçәr.