DӘVӘ, İLAN VӘ TISBAĞA

 

 

 

 

Bir dәvә, bir ilan, bir dә tısbağa

Yoldaş olmuşdular mundan sabiqa.

 

Xanәyek müttәfiq, yekdil, yekcәhәt,

Yox idi arada bir sirri-xәlvәt.

 

İkisinin әkli[1] rig[2] idә torpaq,

Dәvәnin tömәsi giyahü yarpaq

 

[1] Ә k l i -- yemәyi.

[2] R i g -- toz, qum.

 

Gәzәrkәn tapdılar bir girdә çörәk,

Dedilәr: aparıb mәnzildә yeyәk.

 

Nәhayәt, bunların kini var idi,

Muzi[3] idi çünki hiylәgәr idi.

 

[3] M u z i -- qorxaq fikirli.

 

Bir-birinә dedi: ""bizә nә lazım

Kim, belә axmağa olaq mülazim

 

Hәmi yerdәn yeyir, hәmi hәvadәn,

Yalvarıb bir çörәk alaq xudadәn.

 

Aparıb onunla üç yerә bölәk,

Aldadarıq, qalar özmüzә әppәk".

 

Muzilәr qoydular binayi-möhkәm,

Dәvәyә dedilәr: "Ey yarü hәmdәm.

 

Hәqqi bu kim, üç gündü binaharıq,

Görürsәn nә gunә olmuşuq arıq.

 

Tapdığımız hәmin bir girdә nandı,

Gәr üç yerә bölәk, haman hamandı.

 

Mәsәldir: bir paydan bir kişi doyar,

Gәr bölünә--ikisin dә ac qoyar.

 

Yaxşı odur--bunu yesin birimiz,

Dost-düşmәnә faş olmasın sirrimiz,

 

Olsun şol yeyәnin tabü tәvanı,

Ara yerdә nahәq çıxmasın canı.

 

Әlbәttә yetirir qasimül-әrzaq,

Qoymaz bizi acu susuz qırılaq".

 

Dedi: "Nә desәniz mәnim sözüm yox,

Hәqq bilir ki, özgә payda gözüm yox.

 

Püşk atsanız әgәr, raziyәk püşkә,

Qoy düşsün düşәcәk hәr kimә kişgә".

 

Dedilәr: "Nә lazım püşk alaq әlә,

Şükr olsun xudayә, münsifik hәlә.

 

Hәr kәs öz yaşını eylәsin izhar,

Gördük birimizin artıq sinni var--

 

Cahıllar әl çәksin binәvadәn,

Nәsibin istәsin bari-xudadәn.

 

Şol qocaya olsun ta inki qüvvәt,

Bәlkә yol bacara bir neçә müddәt".

 

Dәvә qaldı labüd laәlac, naçar,

Dedi: "Özüz bilin, ixtiyarız var".

 

İlan tısbağaya dedi: "Ey rәfiq,

Әvvәl de, sәnindir hәm yol, hәm tәriq".

 

Dedi: "Daş başıma, küllәr gözümә,

Bavәr edәn olsa mәnim sözümә.

 

Ol xaliqi-yekta hәyyü-lәmyәzәl[4]

İcadi-adәmә qoyan vәqt әl,

 

[4] H ә y y ü-l ә m y ә z ә l -- hәmişә canlı, diri, yәni allah.

 

On-on beş yaşında hazır idim mәn,

Bir әcәb mәkanda tutmuşdum vәtәn.

 

Gördüm ki, Adәmә can verdi allah,

Mәn dedim qurtardım, indi bismillah!"

 

Hәqdi, dil-dodağın çeynәdi üştür,

Saribani-qәza dedi ki, diş[5] dur!

 

[5] D i ş -- dinc.

 

Ondan sonra növbәt yetdi ilanә,

Gәtirdi sinnini şәrhü bәyanә.

 

Dedi: "Ey biçarә, uşaq imişsәn,

Bәs neçün olubsan ha böylә gühәn?

 

Ol zaman ki, hәyyü qadiri-muxtar

İstәdi ki, yer-göy ola bәrqәrar.

 

Adәm harda idi, hәvva kim idi?

Mәlaiki-әrşi-әla kim idi?

 

Bir xaliqin özü, bir mәn var idim,

İndi belә görmә, bir minar idim.

 

Müruri-zәmanın evi yıxılsın.

Mәnim kimi xanimanı dağılsın.

 

İndi mari-çubә hәmtasiyәm mәn.

Hәq bilir ki, mütlәq tanımaz görәn".

 

Dәvә zahir edib bir nimxәndә,

Dedi: "Öz yaşımı deyәrәm mәn dә".

 

Götürüb ağzına yerdәn çörәyi,

Başladı ahәstә tәr göyşәmәyi.

 

Dedi: "Ey mәdәni-hәdyanü kәzaf!

Bu söz ilә dәvә uşaq imiş saf".

 

Lazımdır şol yerdә bu növ misal,

Nәsihәt eylәsin xәlqә әhli-hal.

 

Özündәn böyüyә etsә xәyanәt,

Ac qalır, etmәsin әlbәt, sәd әlbәt.

 

Bir adam ki, qoya hiylә binası,

Aqibәt özünә dәyәr xәtası.

 

Yoldaş yoldaş ilә xәdәng nisbәt,

Düz gәrәk ta ruzi-hәşrü qiyamәt.

 

Әgәr әyri ola dәruni, çün yay,

Kirişi qırılıb axır olur zay.

 

Müşküldü nәzm etmәk hәr belә nәsri,

Әfv eylәsin arif gәr olsa kәsri.