DURNALARA XİTAB

 

 

 

 

Bir saat havada qanad saxlayın,

Nizam ilә gedәn qoşa durnalar!

Qatarlanıb nә diyardan gәlirsiz

Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

 

Mәn sevmişәm onun ala gözünü,

Nәsib ola bir dәm görәm üzünü;

Yoxsa danışırsız dilbәr sözünü;

Veribsiniz nә baş-başa, durnalar?!

 

Diyari-ğürbәtdә müddәtdi varam,

Gecә-gündüz canan deyib ağlaram;

Mәn dә sizin kimi qәribü zaram,

Eylәmәyin mәndәn haşa, durnalar!

 

Laçın yatağıdı bizim mәkanlar,

Yavaş-yavaş gedin, sәsiniz anlar,

Qorxuram toxuna ötәn zamanlar

Sürbәniz[1] dağılıb çaşa, durnalar!

 

Zakirәm, od tutub, alışıb cigәr,

Var isә canandan sizdә bir xәbәr,

Tәğafül[2] etmәyin allahı sevәr

Dönmәsin bağrınız daşa, durnalar!

 

[1] Sürbәniz -- dәstәniz, sürünüz.

[2] Tәğafül -- qәflәt göstәrmә, özünü bilmәmәzliyә vurma.