GÖYÇӘK FATMANIN NAĞILI

 

 

 

1

 

 

Biri var imiş, biri yox imiş, bircә kişi var imiş, bu kişinin bir arvadı vә bu arvaddan Fatma adında bir qızı var imiş. Fatma çox ağıllı vә gözәl qız imiş. Bir gün Fatmanın anası naxoşlayır vә qızına deyir ki, mәn ölәndәn sonra dәdәn tәzә arvad alacaq, o arvad da sәni çox incidәcәkdir. Amma qara inәyimizdәn müqәyyəd ol, onu özün otar.

Qızın anası ölür vә dәdәsi gedib özgә bir arvad alır. Bu arvadın da irәliki әrindәn bir çirkin qızı vardı.

Arvad göyçәk Fatmanı çox döyüb incidirmiş. Fatma sәbir edib, hәr gün qara inәyi apararmış otarmağa. Fatmanın analığı ona yun, daraq verәrmiş ki, çöldә darayıb әyirsin. Fatma yunu verәrmiş inәyin ağzına. Qara inәk yunu udar, sonra hazır ipi ağzından çıxarıb verәrmiş Fatmaya.

Bir gün Fatma yun daradığı yerdә külәk onun әlçiminin birini götürüb qalxızdı havaya. Fatma bunun dalınca yüyürüb dedi:

Qanadına qurban, yel baba, әlçimimi sal, baba!

 

Yel onun әlçimini götürüb bir bacadan saldı. Fatma evә girib gördü ki, burada bir heybәtli qarı oturub, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı qabağına bir qurbağa qoyub onu sığallayır. Bu, div anası idi.

 

Fatma qarıya baş әyib dedi ki, mәnim әlçimimi ver.

 

Qarı dedi:

 

Gәl başıma bax, sonra verim.

Fatma onun başına baxanda gördü ki, ilan-qurbağa ilә doludur.

 

Qarı soruşdu:

 

Mәnim başım yaxşıdı, ya ananın başı?

 

Fatma cavab verdi ki, sәninki yaxşıdır.

 

Qarı soruşdu:

 

Bu qurbağa göyçәkdir, yoxsa insan?

 

Fatma dedi:

 

Könül sevәn göyçәkdir.

 

Fatmanın sözlәri qarıya xoş gәldi. Qarı onun әlçimini verib dedi:

 

Gedәrsәn, qabağına bir ağ su, bir qara su vә sonra bir qırmızı su çıxacaq. Ağ suda çimәrsәn, qara su ilә saçını yuyarsan, qırmızı sudan yanaqlarına sürtәrsәn.

Bir dә qarı öz tükündәn verdi vә dedi ki, mәn sәnә lazım olsam, yandırarsan, yanında hazır olaram.

Fatma tükü götürüb, necә ki, qarı demişdi, elә dә elәdi. Qabaqca ağ suda çimdi, sonra qara suda saçlarını yudu vә qırmızı sudan götürüb dodağına, yanaqlarına çәkdi. Elә göyçәk oldu, misli vә bәrabәri tapılmadı.

Analığı Fatmanın gec gәldiyini görüb qızına dedi:

 

Çıx, gör Fatma necә oldu.

 

Qızı çıxıb gördü ki, Fatma gәlir, amma elә gözәllәşib ki, adam baxanda gözü qamaşır.

 

 

 

 

2

 

 

Fatma evә gәlәndә analığı onu danladı. Qızın gözәlliyini görüb soruşdu:

 

Haradan sәn belә gözәl oldun?!

Fatma başına gәlәni analığına söylәdi, o da sabahısı günü Fatmaya dedi ki, indi sәn evdә otur, qoy bu gün mәnim qızım getsin inәyi otarmağa. Ana öz qızına yun, daraq verdi. Yel bunun da әlçimini götürüb qaçırdı vә gәtirdi hәmin damın bacasından saldı. Qız әlçimin dalınca yüyürüb içәri girdi vә qarıya dedi:

Әlçimimi ver.

 

Qarı dedi:

 

Başıma bax, sonra verim.

 

Qız onun başına baxanda qarı soruşdu:

 

Mәnim başım yaxşıdır, yoxsa nәnәnin başı?

 

Qız dedi:

 

Sәnin başın pisdir, nәnәmin başı yaxşıdır.

 

Qarının buna acığı tutub dedi:

Gedәrsәn, qabağına bir ağ su çıxar, bir qara su. Qara suda çimәrsәn, ağ suda başını yuyarsan.

Qız ağ suda başını yuyub qara suda çimdi, daha da çirkin vә kifir oldu. Anası bunu görüb Fatmaya bәrk acığı tutdu vә hirsindәn az qaldı çatlasın. Fatmanın acığına istәdi onun inәyini öldürsün. Çünki işlәrin başı inәk idi.

Bir gün arvad dalına bir-iki lavaş bağlayıb, üzünә zәfәran çәkib girdi yorğan-döşәyә. Әri evә gәlәndә arvad bir o yana, bir bu yana döndü, lavaşı dalında qırdı. Әri soruşdu:

Arvad, sәnә nә olub sümüklәrin elә şaqqıldayır vә rәngin belә saralıbdır?

 

Arvad dedi:

Bәrk naxoşam, ölürәm, qara inәyi gәrәk kәsәsәn. Mәn onun әtindәn yesәm, bәlkә dirilәm.

Kişi istәmәdi Fatmanın inәyini öldürsün. Amma әlacı kәsilib dedi:

 

Qoy Fatma evdәn bir yana getsin, inәyi kәsim.

 

İnәk bunların fikrini qanıb Fatmaya dedi:

 

Mәni kәsәcәklәr. Amma sәn mәnim әtimdәn yemә vә sümüklәrimi yığıb bir yerdә basdır. Hәr vaxt istәsәn gәl o yerә, üstünü aç, orada bir dәst paltar vә bir cüt qızıl başmaq taparsan.

Fatma inәk ilә evә qayıdanda atası onu iş dalınca göndәrib inәyi kәsdi. Fatma qayıdıb inәyini ölmüş görüb çox ağladı. Haray hara çatacaqdı? İnәyin әtindәn heç yemәdi vә sümüklәrini yığıb bir yerdә quyuladı.

 

 

 

 

3

 

Sabahdan xәbәr çıxdı ki, padşahın oğluna toy olur. Fatmanın analığı yerә bir çanaq darı sәpib dedi ki, bunları bir-bir yığarsan çanağa. Yanında bir küp dә qoyub dedi: bunu da ağlayıb gözünün yaşı ilә doldurarsan. Öz qızını da geyindirib-kecindirib apardı toya.

Yazıq Fatma qәmgin oturub başladı ağlamağa. Birdәn qarı yadına düşdü. O verdiyi tükü yandırdı. Hәmin saat qarı hazır oldu. Fatma başına gәlәni ona söylәdi. Qarı dedi:

 

Qәm yemә, tezlik ilә hamısı başa gәlәr.

Qarı ayağını vurdu yerә. O dәqiqә yerdәn bir toyuq yanının cücәlәri ilә çıxdı, darını tәmiz dәnlәdilәr, çanağı qarının gәtirdiyi başqa darı ilә doldurdular.

 

Qarı Fatmaya dedi:

Küpü dә tәmiz su ilә doldurub içinә bir ovuc duz tök, o da olsun göz yaşı.

Sonra Fatma ilә qarı getdilәr inәyin sümüyü basdırılan yerә. Buranı qazıb gördülәr ki, bir dәst zәrif ipәk parçadan libas vә bir cüt qızıl başmaq çıxdı. Burada çoxlu qızıl da vardı. Qarı libası, başmağı geyindirdi Fatmaya vә bir az qızıl, bir az da torpaq götürüb Fatma ilә getdilәr toya. Burda qarı dedi:

Bu qız mәnim nәvәmdir, qoyun bu da oynasın.

 

O, Fatmanın bir ovcuna qızıl, bir ovcuna da torpaq qoyub tapşırdı ki, analığının tәrәfinә oynayanda onların üzünә torpaq sәp, özgәlәrin tәrәfinә oynayanda qızıl.

Fatma da çox gözәl oynayırdı. Hamı onun oynamağına aşiq oldu. Amma analığı tәrәfә oynayanda torpaq sәpdi, özgәlәri tәrәfә oynayanda qızıl. Oynayandan sonra Fatma tәlәsik qayıtdı evә. Çox tәlәsdiyinә görә körpüdәn keçәndә başmağının bir tayını saldı suya.

Fatmanın analığı toydan qızı ilә qayıdıb gördü ki, Fatma evdә oturub, öz tapşırdığı işlәri dә yerinә yetirib. O çox qәzәbli idi.

 

Fatma soruşdu:

 

Ay ana, toyda nә gördünüz?

 

Analığı acıqlı dedi ki, heç zad görmәdik, bir günü qara gәlmiş qız çıxdı, oynadı, özü dә sәnә oxşayırdı. Biz tәrәfә oynayanda torpaq sәpirdi, özgәlәri tәrәfә oynayanda qızıl-gümüş sәpirdi. Fatma dedi:

 

Mәn evdәn çölә çıxmamışam, sәn buyurduğun işlәrin dalınca olmuşam.

 

 

 

 

4

 

 

Bir gün padşahın oğlu ova çıxdı. Körpünün yanından keçәndә istәdi ki, atına su versin. At suya yaxınlaşanda xorruyub su içmәdi. Padşahın oğlu adam saldırıb çayı axtartdı. Onun içindәn bir qızıl başmaq tapdılar. Başmaq çox zәrif idi. Padşahın oğluna çox xoş gәldi. İstәdi ki, nә tövr olsa, axtardıb onun yiyәsini tapsın vә özünә alsın.

Çox gәzdilәr, tapmadılar. Carçılar car çәkәndә Fatmanın analığı eşitdi, onun әl-ayağını bağlayıb saldı tәndirә vә öz qızının ayaqlarını yuyub qazıdı.

Padşahın oğlunun adamları axtara-axtara gәlib çıxdılar Fatmagilin evinә. Çirkin qızın ayağına başmağı geydirdilәr, olmadı. Soruşdular ki, sizin evdә özgә qız yoxdurmu? Fatmanın analığı cavab verdi ki, yoxdur. Amma Fatmanın bir xoruzu var idi, bu xoruz başladı banlamağa:

 

Fatma bacım tәndirdә,

Ayaqları kәndirdә!

Arvad nә qәdәr istәdi xoruzu qovsun, olmadı. Xoruz sıçradı damın üstә, uca sәs ilә banladı:

 

Fatma bacım tәndirdә,

Ayaqları kәndirdә!

Padşahın adamları bunu eşidib, tәndirә baxdılar: gördülәr ki, bunun içindә bir gözәl qız әl-ayağı kәndir ilә bağlanmış yıxılıbdır. Qızı çıxardıb başmağı onun ayağına geydirdilәr. Gördülәr ki, başmaq elә bil onun ayağına biçilibdir. Apardılar padşahın oğluna. Padşahın oğlu bunu görәn kimi cani-dildәn aşiq oldu vә yeddi gün-yeddi gecә toy elәyib Fatmanı özünә arvad aldı. Yedilәr, içdilәr, yerә keçdilәr, siz dә yeyin, için, muradınıza yetişin!

 

M ә s ә l l ә r:

 

Könül sevәn göyçәk olar dünyada.

 

Yetim qızsan, qıvrıl yat!

 

 

M e ş ә a ğ a c l a r ı: palıd, qarağac, fıstıq, vәlәs, dәmirqara, göyrüş, ağcaqayın, cökә, şamağacı, ardıc, tus, söyüd, bәdmüşk, qızılağac, qovaq, çinar.

 

K o l l a r: qarağat, qaragilә, böyürtkәn, moruq, әzgil, zirişk, zoğal, mәrdәşә, qoyungözü, itburnu, yasәmәn, nәstәrәn, qızılgül, tobuluğu, göyәm, qora, qızılçax.

 

O t l a r: әvәlik, qoyunqulağı, quzuqulağı, qantәpәr, qırxbuğum, sığırquyruğu, xatınbarmağı, qara ot, ayıdöşәyi, dәvәdabanı, qıcı, xımı, pişikcırnağı, baldırğan, unnuca, südlü pencәr, kiğ, cacığ, gicitkәn, naşır, qazayağı, cincilim, şomu, boyana, qanqal, yarpız.

 

 

Ç i ç ә k l ә r: külxәtmi, sarıçiçәk, göyçiçәk, arşınçiçәk, qaymaqçiçәyi, lalә, zanbaq, nәrgizgülü, nilufәr, birәotu, kәklikotu, sumrux çiçәyi, huy çiçәyi, bәnövşә, qәrәnfil.