QARI PİŞİK

 

 

 

 

Bir gün bir qarı inәyini apardı suvarmağa. İnәyin ayağı buzun üstündәn sürüşüb yıxıldı qıçı sındı. Onda qarı buza dedi:

 

“A buz, sәn güclüsәn?”

 

Buz cavabında dedi:

 

Әgәr mәn güclü olsaydım, gün mәni әritmәzdi.”

 

Qarı dedi:

 

“A gün, sәn güclüsәn?”

 

Gün cavabında dedi:

 

Әgәr mәn güclü olsaydım, bulud qabağımı kәsmәzdi.”

 

Qarı dedi:

 

“A bulud, sәn nә güclüsәn?”

 

Bulud dedi:

 

“Mәn güclü olsaydım, yağış mәndәn yağmazdı!”

 

Qarı dedi:

 

“A yağış, sәn nә güclüsәn?”

 

Yağış dedi:

 

Әgәr mәn güclü olsaydım, ot mәndәn bitmәzdi.”

 

Qarı dedi:

 

“A ot, sәn nә güclüsәn?”

 

Ot dedi:

 

“Mәn güclü olsaydım, qoyun mәni yemәzdi!”

 

Qarı dedi:

 

“A qoyun, sәn nә güclüsәn?”

 

Qoyun dedi:

 

Әgәr mәn güclü olsaydım, qurd mәni yemәzdi!”

 

Qarı dedi:

 

“A qurd, sәn nә güclüsәn?”

 

Qurd dedi:

 

“Mәn güclü olsaydım, it mәni boğmazdı.”

 

Qarı dedi:

 

“A it, sәn nә güclüsәn?”

 

İt dedi:

 

“Mәn güclü olsaydım, çoban mәni döymәzdi.”

 

Qarı dedi:

 

“A çoban, sәn nә güclüsәn?”

 

Çoban dedi:

  

“Mәn güclü olsaydım, xanım mәni söymәzdi.”

 

Qarı dedi:

 

“A xanım, sәn nә güclüsәn?”

 

Xanım dedi:

   

Әgәr mәn güclü olsaydım, siçan torbalarımı kәsmәzdi.”

 

Qarı dedi:

 

“A siçan, sәn nә güclüsәn?”

 

Siçan dedi:

 

Әgәr mәn güclü olsaydım, pişik mәni yemәzdi!”

 

Qarı dedi:

 

“A pişik, sәn nә güclüsәn?”

  

Pişik iki әllәrini qabağa, iki ayaqlarını dala qoyub, gәrdәnini çәkib, quyruğunu qalxızıb, gözlәrini bәrәldib, dilini çıxarıb, qarıya dedi:

 

Güclüyәm ha, güclüyәm,

Dәmir daraq dişliyәm.

Yük üstü yaylağımdır,

Yük altı qışlağımdır.

Kürsü üstә duraram,

Bığlarımı buraram....

 

 

M ә s ә l:

 

Siçan görәndә pәlәngә oxşayan pişik, pәlәng görәndә siçana dönәr.

 

 

T a p m a c a:

 

Taxçadan düşdü tap elәdi,

Gülsәnәm onu hap elәdi.