ŞӘNGÜLÜM, ŞÜNGÜLÜM, MӘNGÜLÜM

  

 

 

 

Biri var imiş, biri yox imiş, allahdan başqa heç kәs yox imiş. Bircә keçi var imiş, bu keçinin dә üçcә balası. Birinin adı Şәngülüm, birinin adı Şüngülüm, birinin dә adı Mәngülüm.

 

Bu keçi hәr gün gedib meşәdә vә çöldә otlarmış. Balaları da qapıları bağlayıb evdә oturarlarmış. Keçi otlamaqdan qayıdanda qapının dalından çağırarmış:

 

Şәngülüm, Şüngülüm, Mәngülüm!

Açın qapını, mәn gәlim!

Ağzımda su gәtirmişәm,

Döşümdә süd gәtirmişәm,

Buynuzumda ot gәtirmişәm.

  

Bunu eşidәn kimi balaları sevinib tez qapını açarlarmış vә anaları onları doyuzdurub yenә gedәrmiş çölә-bayıra otlamağa.

 

Bir gün keçi getcәk qurd gәlib durur qapının dalında vә başlayır çağırmağa:

 

Şәngülüm, Şüngülüm, Mәngülüm!

Açın qapını mәn gәlim!

Ağzımda su gәtirmişәm,

Döşümdә süd gәtirmişәm,

Buynuzumda ot gәtirmişәm.

 

Balaları elә bildi ki, bunları çağıran analarıdır. Cәld qapını açdılar.

  

Qurd içәri girib Şәngülüm ilә Şüngülümü tutub yedi, amma Mәngülüm qaçıb evin küncündә gizlәndi. Qurd onu görmәdi.

  

Keçi düzü, çәmәni otlayıb qayıtdı evinә vә hәmin sözlәr ilә başladı uşaqlarını çağırmağa. Amma içәridәn bir kәs ona cavab vermәdi. Neçә dәfә Şәngülüm, Şüngülüm deyib çağırdısa da ona cavab verәn olmadı vә qapı açılmadı. Axırda özü qapını sındırıb girdi evә. O yana, bu yana baxdı, balalarının heç birini görmәdi. Axırda qaranlıq küncün birindә Mәngülümü gördü.

  

Başlarına gәlәni Mәngülüm anasına nağıl elәdi. Onda keçi çıxdı dovşan damının üstünә vә ayaqları ilә damı döydü.

 

Dovşan içәridәn çığırdı:

 

“O kimdir?”

 

Keçi cavab verdi ki, mәnәm, balalarımı sәnmi yemisәn?

 

Dovşan cavab verdi ki, yox, mәn yemәmişәm, get tülküdәn xәbәr al.

 

Keçi getdi, çıxdı tülkünün damının üstünә vә başladı ayaqları ilә döymәyә. Tülkü içәridәn çığırdı:

 

“O kimdir, mәnim damımın üstә çıxıb?!”

 

Keçi dedi:

 

“Mәnim balalarımı sәnmi yemisәn?”

 

Tülkü cavab verdi:

 

“Yox, mәn yemәmişәm, get qurddan soruş.”

 

Keçi getdi çıxdı qurdun damının üstünә. Bu vaxt qurd da bir qazan aş asmışdı, ocağın üstә bişirirdi. Keçi damı döyәndә bunun aşının içinә torpaq töküldü. Onda qurd çığırdı:

 

O kimdir damım üstә,

Toz tökәr şamım üstә?

Aşımı şor eylәdi,

Gözümü kor eylәdi?

 

Keçi cavab verdi:

 

Mәnәm, mәnәm, mәn paşa,

Buynuzum qoşa-qoşa.

Çıx eşiyә, savaşa!

 

Qurd çölә çıxdı ki, görsün nә var.

 

Keçi dedi:

 

“Sәn mәnim balalarımı yemisәn, gәlmişәm sәninlә savaşam.”

 

Qurd istәdi ki, boynundan atsın, amma ata bilmәdi vә keçi ilә şәrt qoydular ki, hәr ikisi bir yerdә gedib qazıya şikayәt elәsinlәr.

 

Keçi getdi evinә, bir kasa qatıq çaldı vә bir dәstәrxan yağlı çörәk bişirdi ki, qazıya sovqat aparsın.

  

Qurd da bir dağarcığın içinә üç-dörd noxud dәnәsi saldı, üfürüb içini yel ilә doldurdu vә sonra ağzını bәrk bağlayıb özü ilә gәtirdi. Gәldilәr qazının hüzuruna.

  

Qazı keçinin sovqatına açıb baxdı vә çox xoşhal oldu. Sonra qurdun dağarcığını açdı. Noxudun biri sıçrayıb qazının bir gözünü çıxartdı. Qazı işi belә kәsdi ki, keçi ilә qurd gәrәk savaşsınlar vә qurda da bir buynuz qayrılsın. Qazı keçinin buynuzunu daha da iti elәdi. Amma qurda da çürük ağacdan bir buynuz qayırdı. Keçi ilә qurd başladı dalaşmağa. Bir-iki dәfә vuruşandan sonra qurdun buynuzu sındı vә keçi vurub onun qarnını yırtdı.

 

Qurd bağırdı:

 

“Vay bağırsağım, vay.”

 

Keçi cavabında dedi:

 

Şәngülümü, Şüngülümü yemәyәydin!

Vay bağırsağım demәyәydin!

 

 

M ә s ә l l ә r:

 

Keçi suyu bağıra-bağıra keçәr.

 

Qurd tutduğu yerdәn qanıq olur.

 

Qurdun adı bәdnamdır, yesә dә, yemәsә dә.

 

Qurd yuvasından sümük әskik olmaz.

 

Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar.

 

 

Tapmacalar:

 

Bizim evdә bir kişi var, aşın içindәn noxudun seçәr.

  

 

Bizim evdә bir kişi var.

Köndәlәn yatışı var.

 

Bizim evdә bir kişi var,

Nәnәm ilә işi var.