AZӘRBAYCAN DÖVRİ MӘTBUATININ QISA
İCMALI
Otuz il bundan әvvәl Bakıda türk
dilinin Azәrbaycan lәhcәsindә nәşr
olunmağa başlayan "Әkinçi" birinci
müsәlman qәzeti idi. Bu qәzetin banisi
keçmiş müsәlman pedaqoqu vә hazırda
mәşhur ictimai xadim olan Hәsәnbәy Mәlikov
idi. Qayğısız vә heç şeyin fikrini
çәkmәyәn, "xoş keçmişin"
әnәnәlәri әsasında tәrbiyә alan,
hәr cür yeniliyә qarşı fanatik münasibәt
bәslәyәn Zaqafqaziyada yaşayan
azәrbaycanlıların o zamankı geri vәziyyәtini
nәzәrә alaraq, әlbәttә,
"Әkinçi" qәzetinin böyük
müvәffәqiyyәt qazanacağını
gözlәmәk olmazdı. Hәqiqәtәn,
qәzet ilk nömrәlәrindәn soyuq vә
qeyri-sәmimi qarşılandı. Cәmiyyәtin bәzi
tәbәqәlәri isә qәzetә güclü
düşmәn müqavimәti göstәrdi. Redaktorun
işgüzar vә mәzmunlu mәqalәlәri,
istedadlı şair Hacı Seyid Әzim Şirvaninin
müsәlmanları fәal vә mәnalı hәyata
sәslәyәn gözәl şerlәri
ucsuz-bucaqsız sәhrada yüksәlәn fәryadı
xatırladırdı, cavabsız qalan bir
çağırış idi. Bundan әlavә, cәnab
Mәlikov ehtiyatsızlıq edәrәk öz
qәzetindә vaxtsız olaraq dini şәbehlәr
(şaxsey-vaxsey) mәsәlәsinә toxundu vә
bununla da şiәlik tәrәfdarlarının
qızğın hiddәtinә sәbәb oldu. Hәr
tәrәfdәn redaktorun üstünә
mәzәmmәt vә biabırçı
hәcvlәr yazılmağa başlandı. Şuşa
şairlәri hәcvlәr yazan başqa şairlәri bu
cәhәtdәn xeyli geridә qoydular.
Hadiyül-Müzәllin adlı birisi Qarabağdan redaksiyaya
redaktorun adına biabırçı söyüşlәr
göndәrdi. Cәnab Mәlikov bir qәdәr ixtisarla
bu hәcvi "Әkinçi"dә dәrc
etdirәrәk ona diqqәti cәlb edәn
aşağıdakı qeydi verir: "Cәnab
Hadiyül-Müzәllin Qarabağinin aşağıda zikr
olunan hәcvini onların xahişinә müvafiq tamam
çap elәtmәyә izn olmadı.... Amma o cәnab
vә onu fitlәyәn әşxaslar mәyus olmasınlar
ki, belә kamallı söz pünhan qalacaq. Fikrim budur ki,
bizim Zәrdab kәndindә, Qarabağın
sәrhәddindә bir daş qoydurub, onun üstә zikr
olan hәcvi tamam qazdıram ki, gәlәcәkdә
bizim evladlar o yadigara baxıb bilsinlәr ki, mәn bu
zәhmәt ilә millәti-islamı qәflәtdәn
ayıltmaq istәyәn vaxtda necә nadanlara rast
gәlmişәm".
Üç il әrzindә qәzetdә
dәrc edilmiş mühüm materiallardan görünür
ki, onun әsas mәqsәdi faydalı kәnd
tәsәrrüfatı biliklәrini hәm
nәzәri, hәm dә әmәli
cәhәtdәn ölkәnin әhalisi arasında
yaymaqdan ibarәt olmuşdur. Aqronomiya sahәsindә
yaxşı mütәxәssis olan vә sadә
xalqın dilini bilәn Hәsәnbәy Mәlikov
qәzetin hәr nüsxәsindә kәnd
tәsәrrüfatının müxtәlif
sahәlәrinә dair çox maraqlı vә faydalı
mәqalәlәr dәrc etdirirdi. O, eyni zamanda, elmi mәlumatları
asan bir şәkildә, sadә vә anlaşıqlı
bir dildә oxuculara çatdırmaqda yüksәk
mәharәt göstәrirdi. Bizim fikrimizә
görә, bu mәqalәlәr indi dә öz
әhәmiyyәtini itirmәmişdir. Әgәr onlar
müәyyәn bir sistem halına salınıb,
Azәrbaycan dilindә nәşr edilәn dövri
jurnallarda çap olunarsa, kәndlilәrә fayda verә
bilәr.
Lakin "Әkinçi" öz
oxucularını bu cür gözәl materiallarla tәmin etmәsinә
vә ümumiyyәtlә, ayıq vә mәnalı
istiqamәtinә baxmayaraq o, uzun müddәt davam edә
bilmәdi vә әhatә olunduğu nadan, qaranlıq mühitlә
ağır mübarizәdә öz fәaliyyәtini
dayandırdı.
"Әkinçi"dәn sonra
Tiflisdә bir-birinin ardınca "Ziyayül- Qafqaz"
vә "Kәşkül" adlı iki Azәrbaycan
qәzeti nәşr edilmәyә başladı. Bu
qәzetlәrin müәssislәri Ünsizadә
qardaşları -- Hacı Seyid әfәndi vә Cәlal
әfәndi idi. Onlar çox bacarıqlı vә
Şәrq dillәrini yaxşı bilәn adamlar olsalar da,
qәzet nәşr etmәk kimi çәtin vә
mürәkkәb işi aparmağa hәlә qәti
hazır deyildilәr. Bunun nәticәsindә tez bir
zamanda "Ziyayül-Qafqaz"ın nәşri
dayandırıldı vә onun әvәzindә Cәlal
әfәndinin "Kәşkül"ü
çıxmağa başladı. "Kәşkül"
dә "Ziyayül-Qafqaz" kimi hazırlıqsız
adamların әlindә idi vә o, çox
sәliqәsiz vә müәyyәn istiqamәti
olmadan nәşr edilirdi.
"Kәşkül"dә,
mәsәlәn, M.F.Axundovun tәrcümeyi-halı
ilә bir sırada müxtәlif zarafatlar,
lәtifәlәr vә ağla sığmayan gülmәli
mәlumatlar dәrc edilirdi. Bәzәn qәzetin bir
neçә nömrәsindә dalbadal Dağıstan
vә Çeçen xarabalıqlarından redaksiyaya
göndәrilәn әrәb dilindә
yazılmış uzun, heç bir ciddi әhәmiyyәti
olmayan mәqalәlәr çap olunurdu. Dini-әxlaqi
mәsәlәlәrin müxtәlif
sahәlәrindәn bәhs edәn vә dil
cәhәtdәn anlaşılmaz olan bu
mәqalәlәrin әksәriyyәti, yәqin ki,
yalnız onların müәlliflәri üçün
çap edilirdi. Bu cür hikmәtlәri anlamağa
hazır olmayan oxucuların әksәriyyәtinә
isә fikir verilmirdi. Öz-özlüyündәn
mәlumdur ki, xalqın ehtiyac vә tәlәblәrini
inkar edәn vә zamananın ruhuna cavab vermәyәn
"Kәşkül" kimi mәtbuat orqanı geniş
yayıla bilmәzdi vә o, keçәn әsrin 90-cı
illәrinә qәdәr güç-bәla ilә
öz acınacaqlı fәaliyyәtini davam
etdirәrәk nәşrini dayandırdı.
"Kәşkül" qәzeti
bağlandıqdan sonra Zaqafqaziya müsәlmanları on-on
beş il öz ana dilindә mәtbuat orqanından
mәhrum qaldı. Bir neçә şәxsin
Azәrbaycan dilindә qәzet çıxarmaq
tәşәbbüsü hökumәt
tәrәfindәn rәdd edildi. Hökumәt nә
sәbәbdәn isә azәrbaycanlılar arasında
maarifin yayılması sahәsindә mәhsuldar işi
ilә tanınan vә sәsli metod ilә savad tәlimi
üçün birinci dәfә Azәrbaycan dilindә
dәrslik tәrtib edәn Zaqafqaziya müәllimlәr
seminariyasının müsәlman şöbәsinin
keçmiş inspektoru, әmәkdar müәllim
Çernyayevskinin dә xahişini rәdd etmişdi. Lakin
Qafqazın başqa xalqlarından geridә qalan vә
mәdәniyyәti zәif inkişaf etmiş
azәrbaycanlılar yaxşı bir mәtbuat orqanına
hamıdan çox ehtiyac hiss edirdilәr. Belәliklә,
әgәr "Ziyayül-Qafqaz" ilә
"Kәşkül"ü ictimai mәtbuat orqanı
deyil, müvәffәqiyyәtsizliyә uğramış
şәxsi ticarәt müәssisәsi hesab etsәk,
onda mәlum olur ki, Qafqaz müsәlmanları 25 il
әrzindә mәtbuat vasitәsi ilә öz ehtiyac
vә tәlәblәrini müzakirә etmәk,
mәktәb işini yaxşılaşdırmaq vә
ümumiyyәtlә, öz hәyatlarını irәli
aparmaq imkanından mәhrum edilmişlәr. Bu
müddәtdә rus tәbәәliyindә olan
çoxmilyonlu müsәlman әhalisi üçün
yalnız Bağçasarayda "Tәrcüman" ("Perevodçik")
adlı hәftәlik bir qәzet nәşr olunmuşdur.
Baş senzor vә şәrqşünas cәnab Smirnovun
ciddi nәzarәti ilә nәşr edilәn vә
kiçik formatda rus dilinә tәrcümәsi ilә
birlikdә çıxan bu qәzet dә Rusiya
müsәlmanlarının bütün
tәlәblәrinә cavab vermәk imkanına malik
deyildi. Bundan әlavә, Krım tatarlarının
dilindә çıxan "Tәrcüman",
xüsusәn, әvvәllәr hamı
tәrәfindәn başa düşülmәdiyi üçün
Zaqafqaziyada geniş yayıla bilmәdi. Hazırda
"Tәrcüman" hәftәdә üç
dәfә çıxır. Onun mәzmunu xeyli
yaxşılaşmış vә dili Azәrbaycan
dilinә uyğunlaşdırılmışdır. Belә
ki, indi qәzet az-çox savadı olan azәrbaycanlılar
tәrәfindәn asanlıqla oxunur. Әdalәt
tәlәb edir ki, "Tәrcüman"ın redaktoru
cәnab Qaspirinskinin xidmәti xüsusilә qeyd edilsin.
Hәyatının ağır şәraitdә
keçmәsinә baxmayaraq o, 25 il әrzindә rus
müsәlmanlarının maariflәnmәsi
sahәsindә qızğın enerji ilә
işlәmiş vә indi dә
işlәmәkdәdir.
1903-cü ildә bizim möhtәrәm
publisistimiz Mәmmәdağa Şahtaxtinski uzun
әzab-әziyyәtdәn sonra Tiflisdә Azәrbaycan
dilindә "Şәrqi-Rus" adlı qәzet
nәşr etmәyә icazә alır. Bu qәzetin
meydana gәlmәsi nәinki yalnız Zaqafqaziyadakı
azәrbaycanlıları, hәtta bütün Rusiya
müsәlmanlarını sevindirdi. Hәr tәrәfdәn
redaksiyaya tәbrik mәktubları gәldi. 25 il
әvvәl çox sәylә "Әkinçi"
qәzetinin redaktorunun adına deyilәn mәnasız
vә tәhqiramiz hәcvlәr indi gәnc
"Şәrqi-Rus" vә onun redaktoru M.Şahtaxtinskinin
adına yazılan tәrifli himnlәrlә әvәz
edildi. "Allah bәndәsi" adlı birisi
"Şәrqi-Rus"un 17-ci nömrәsindә ondan
әvvәl çıxan Azәrbaycan qәzetlәrinin
ötәri icmalını verib, müsәlmanları yeni
qәzeti müdafiә etmәyә
çağırmışdı. O, azәrbaycanlılar
arasında nәşriyyat işinin çәtinliyini,
yeniliyini, nә yaxşı mәtbәәlәrin,
nә mürәttiblәrin, nә dә iş bilәn
әmәkdaşların olmadığını
nәzәrә alaraq ilk vaxtlar "Şәrqi-Rus"
oxucularını qәzetә iltifatla baxmağa vә
әlbir olaraq onu möhkәmlәtmәyә
çağırmışdı. Hәqiqәtәn
dә, qәzetin işi ilk әvvәllәr elә bil
yaxşı getdi, onun yalnız Zaqafqaziyanın müxtәlif
yerlәrindә deyil, bütün imperiyanın Kazan, Orenburq,
Ufa, Peterburq, Moskva, Zakaspi vilayәti, Türküstan,
Vladivostok vә başqa yerlәrindә dә
abunәçilәri var idi.
Lakin yaxşı nәzәriyyәçi
olan cәnab Şahtaxtinski tәcrübәdә
özünü doğrulda bilmәdi. O, qәzet
işindә tam tәcrübәsiz olduğunu
göstәrdi. Әn başlıcası isә, cәnab
Şahtaxtinski xalqının mәnәvi
inkişafını nәzәrә almadığı
üçün ciddi sәhvә yol verdi vә öz
qәzeti vasitәsilә tәrtib etdiyi yeni
әlifbanı yaymağa çalışdı. O, bununla
özünә vә qәzetinә qarşı ümumi
narazılıq oyatdı. Düzdür, bütün
müsәlmanlar tәrәfindәn qәbul edilmiş
әrәb әlifbası müsәlman dünyasında tәrәqqiyә
ciddi surәtdә maneçilik törәdir vә
әsaslı dәyişiklikliyә ehtiyacı vardır.
Lakin bütün mәsәlә köhnә, әsrlәrlә
işlәnәn әlifbanı lәğv edib, onun
әvәzinә daha әlverişli vә daha
mükәmmәl әlifba tәqdim etmәkdәdir.
Cәnab Şahtaxtinskinin әlifbası isә heç bir
xüsusi mәziyyәti ilә fәrqlәnmirdi vә
o, başdan ayağa yöndәmsiz vә
mürәkkәb hәrflәrdәn ibarәt idi.
Hamı tәrәfindәn әn әlverişli hesab
edilәn әrәb rәqәm işarәlәri
cәnab Şahtaxtinskinin әlifbasında sait rolunu
oynayırdı. Bu әlifbanın nöqsanları vә yaramazlığı
barәdә mәn elә o zaman, 1902-ci ildә Tiflis
qәzetlәrinin birindә çox müfәssәl
danışmışam. Cәnab Qaspirinski dә öz
"Tәrcüman"ında bu әlifbaya qarşı
çıxmışdı. Göründüyü kimi,
sonralar cәnab Şahtaxtinski özü dә
әlifbasının tәlәb olunan
vәzifәlәrә cavab vermәdiyini anladı vә
yavaş-yavaş qәzetindәn bu mәsәlәni
çıxartdı. Lakin o bu qәnaәtә çox gec,
"Şәrqi-Rus" öz әvvәlki nüfuzunu
itirdikdәn sonra gәldi.
Lakin bununla bәrabәr qәzetin
bağlanmasına başqa sәbәblәr dә
olmuşdu. Mәsәlәn, bizim fikrimizcә, gәnc
"Şәrqi-Rus"a "Kaspi" qәzetinin o
zamankı әmәkdaşlarının hücumları
vә "Tәrcüman"ın arasıkәsilmәz
iradları әsassız idi. Bizә mәlum olduğu kimi,
bütün bunların nәticәsindә, cәnab
Şahtaxtinskiyә böyük pula, әmәyә
vә mәnәvi әzablara oturan "Şәrqi-Rus",
nәşrinin ikinci ilindә öz fәaliyyәtini
dayandırmağa mәcbur oldu.
Keçәn 1905-ci ilin payızında,
tәxminәn 17 oktyabr manifesti әrәfәsindә
Bakıda hәftәlik "Hәyat" qәzeti
çıxmağa başladı. Deyәsәn,
"Hәyat" ona qәdәr nәşr edilmiş
Azәrbaycan qәzetlәrinin hamısından әn
mötәbәri idi. Onu müsәlmanların әn
yaxşı әdәbi qüvvәlәri --
Әlibәy Hüseynzadә ilә Әhmәdbәy
Ağayev birlikdә redaktә edirdilәr. Qәzetin
böyük formatı, yaxşı kağızı,
gözәl vә aydın çapı, әn
başlıcası isә әmәli vә dәrin
mәzmunlu mәqalәlәri oxuculara yaxşı
tәsir bağışlayırdı. Lakin qәzet 3-4 ay
çıxdıqdan sonra Әhmәdbәy Ağayev ondan
ayrıldı vә Bakıda öz "İrşad"
qәzetini tәsis etdi. Әhmәdbәyin getmәsi
ilә "Hәyat"da işlәr
zәiflәmәyә başladı. Qәzet
yavaş-yavaş canlı vә maraqlı orqandan
darıxdırıcı vә qeyri-hәyati sxolastik
gündәliyә çevrilmәyә başladı,
әn vacib mәsәlәlәrә isә diqqәt
yetirilmәdi.... Qәzet dil cәhәtdәn dә
getdikcә yerli azәrbaycanlılar üçün
çәtin vә anlaşılmaz oldu.
"Hәyat"da әmәkdaşlıq edәn
şәxslәr öz yazılarında İstambulda
tәhsil almış qәzetin redaktoru Әlibәy
Hüseynzadәnin üslubuna sәylә tәqlid
etmәyә başladılar. Lakin bu tәqlid çox
gülünc nәticәlәr verdi. "Hәyat"
qәzetinin bağlanmasının sәbәblәri
haqqında biz öz mülahizәlәrimizi "Znaniye"
qәzetinin 6-cı nömrәsindә ayrıca
danışmışıq.
Hazırda bütün Qafqazda Azәrbaycan
dilindә yalnız bircә "İrşad" qәzeti
nәşr edilir vә o da maddi cәhәtdәn
çox böyük ehtiyac vә kәsir içindәdir.
Kәdәrlә bu qәmli faktı qeyd
etmәk lazımdır ki, hәlә xalq
kütlәlәrindә qәzet oxumaq ehtiyacı
yaranmamış vә onlarda ictimai mәsәlәlәrә
qarşı bir laqeydlik vә etinasızlıq hiss
olunmaqdadır. Bizim yuxarıda göstәrdiyimiz
sәbәblәrdәn başqa, bu axırıncı
mәsәlә dә, şübhәsiz,
"Әkinçi", "Kәşkül",
"Şәrqi-Rus" vә "Hәyat"
qәzetlәrinin bağlanmasına mühüm tәsir
göstәrmişdi.
"İrşad" qәzetinin fәaliyyәtini
davam etdirmәk üçün onun redaktoru vә naşiri
Ağayev lazımi miqdarda abunәçi toplamaq
üçün Qafqazı sәyahәt etmişdir. Bu yolla
abunәçi toplamaq, әlbәttә, çox adama
qәribә vә qeyri-adi şey kimi
görünәcәk, lakin başqa xalqlardan tәhsil
vә mәdәniyyәtcә geridә qalmış
müsәlmanlar arasında isә çap işinә
yardım etmәk üçün bu әn düzgün
vә bәlkә dә, yeganә vasitәdir. Yaxşı
әmәkdaşlar heyәti vә Ağayev kimi
tәcrübәli publisistin rәhbәrliyi altında
nәşr edilәn "İrşad" әn canlı,
mәzmunlu vә gözәl mәtbuat orqanıdır. Bu
qәzet ictimai hәyatın inkişafını
açıq gözlә izlәyir vә onun
sәhifәlәrindә Rusiya
müsәlmanlarının hәyatında az-çox әhәmiyyәti
olan mәsәlәlәr diqqәtlә vә
hәrtәrәfli müzakirә edilir. Odur ki,
bütün vasitәlәrlә bu qәzetә yardım
etmәk mәdәni müsәlmanların üzәrinә
düşür. Әgәr bu qәzet dә işin
әvvәlindә öz fәaliyyәtini
dayandırmağa mәcbur olsa vә qol-budaq atmadan solub
mәhv olsa, onda çәtin ki, bundan sonra bir kimsә
Azәrbaycan dilindә qәzet nәşr etmәyә
cәsarәt edә....
Simaları hәlә tam
müәyyәnlәşmәmiş gәnc Azәrbaycan
jurnalları -- "Dәbistan", "Rәhbәr"
vә "Füyuzat" haqqında rәyi xüsusi
mәqalәmizdә verәcәyik.
1906.